beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı dondurmalarda bağırsaq çöpləri aşkarlandı?

Nazirlik: “AER” şirkətinin istehsal etdiyi keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli dondurmaları almaqdan çəkinin!

Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “AER” şirkətinin istehsalı olan “Belıye noçi” qaymaqlı, “Nağıl” südlü və plastmas qablaşdırmada olan 500 qramlıq plombir dondurmaların təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olmaması ilə əlaqədar müəssisənin anbarında satışı dayandırılmış digər məhsullardan da nümunələr götürülərək, laborator müayinəyə göndərilmişdir.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən “Maqnulya”, “Miss Sevil” və “Gold AER” adlı dondurmalarda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, “Kaspiy”, “Bir cənub şəhərində” və “Nyu-York” adlı dondurmalarda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizimlərin sayının normadan çox və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformalar), “Mitya”, “Perezaqruzka” və “Çudo” adlı dondurmaların tərkibində isə bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformalar) olduğu müəyyən edilmişdir.

Bundan başqa, “Perezaqruzka” və “Çudo” adlı dondurmalarda yağın kütlə payı normadan, “Miss Sevil” adlı dondurmada məhsulun etiketində olan göstəricidən az, “Bir cənub şəhərində” adlı dondurmada isə quru maddələrin ümumi kütlə payının normadan az olduğu aşkar olunmuşdur.

Eyni zamanda, müəssisənin anbarında satışı dayandırılmış və üzərində saxlama müddəti artıq göstərilmiş 1,3 ton dondurmanın normativ sənədlərə uyğun saxlama müddətinin ötdüyü müəyyən edilmişdir.

Qeyd olunanlarla əlaqədar olaraq, Dövlət Xidməti tərəfindən “AER” şirkətinə təhlükəsizlik göstəriciləri normativ sənədlərə uyğun olmayan 9,9 ton və normativ sənədlərlə müəyyən edilmiş saxlama müddəti ötmüş 1,3 ton dondurmanın məhv edilməsi, istehsal olunan məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi üçün icrası məcburi göstəriş verilmişdir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “AER” şirkətində istehsal edilən keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli dondurmaları almamağı tövsiyə edir.


Tarix: 08.01.2015 / 14:18 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Saglamliq