Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Narkomaniya-uçuruma aparan yol

Fransua Moriak qeyd edir ki, narkomaniya öz ölümündən həzz almaqdan başqa bir şey deyildir. QİÇS-ə yoluxanların 70%-i venadaxili narkotiklərdən istifadə edənlərdir. Burun vastəsi ilə narkotiklərdən hətta bir dəfə istifadə olunması ildırım sürətli ölümlə nəticələnə bilər, boğulma və ürəyin dayanması kimi halları qeyd etmək olar.

Narkotiklərdən venadaxili istifadə edənlərin çoxu Hepatit C virusu ilə yoluxurlar. Bu çox təhlükəli və qorxulu xəstəlikdir, onun klinik simptomları axırıncı mərhələdə özünü büruzə verdiyindən müalicənin effekti olmur və ölüm ilə nəticələnir. Narkotik əldə etmək üçün narkoman istənilən kriminal hadisə törətməyə hazırdır. Narkotiklər asılılıq yaratdığından, onlardan yaxa qurtarmaq çox çətindir.

NARKOTİKLƏR - UÇURUMA APARAN YOL
Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər - narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Abstinensiya halı ("lomkalar") çox əziyyətli olduğuna görə narkotikdən istifadə edən gənc yeni doza əldə etmək üçün əlindən gələni edir. Narkotikdən istifadə edənlərin əksəriyyəti gənc ikən ölür - onlar cinsi yolla yoluxan infeksiyalara, o cümlədən HİV-lə və ya hepatit C-yə yoluxur, bəziləri isə uzun müddət müalicə alaraq ailəsi və cəmiyyət üçün bir yükə çevrilir.

NARKOTİK ABSTİNENSİYA ("LOMKA")
Hər bir zərərli maddənin olduğu kimi narkotiklərin təsiri qurtardıqdan sonra da abstinensiya halı olur. Tütünə və alkoqola nisbətən narkotiklərin abstinensiyası çox ağır keçir, və bu da dönə-dönə narkotiklərin qəbuluna məcbur edir. Narkotiklərdən olan abstinensiya sindromunu bəzən "lomka" adlandırırlar. "Lomka" rus dilində "qırılma" mənasını verir. Narkotik aclığı zamanı orqanizmdə baş verən dəyişikliklər bəzən əzələlərin gərilməsi ilə müşahidə olunur, bu gərginlik sümük ağrıları ilə müşayiət olunur. Bu zaman sanki "sümüklərin qırılmasından" şikayət edirlər. Müxtəlif narkotiklərin abstinensiya sindromları fərqlidir. "Lomkanın" qayıtma tezliyi asılılığın ağırlıq dərəcəsindən asılıdır. Növbəti bölümdə ayrı-ayrı narkotik qruplarının abstinensiya müxtəlifliyindən danışılacaqdır.

NARKOTIKLƏRiN TARİXÇƏİ
Narkotiklərin tarixçəsini nəzərdən keçirsək , bir ümumilik görə bilərik. Onların bəziləri qədimdən məlum idi. Qədim insanlar onlardan xəstəliklərdən və ağrılardan qurtulmaq və bəzən əhvalı qaldırmaq üçün istifadə edirdilər. Nisbətən yeni narkotiklərin tarixçəsi isə kimya və farmakologiyanın inkişafı ilə başlayır. Onların da bir çoxu xəstəliklərlə mübarizə yolunda sintez edilmişdir. Bir müddət sonra onların beynə xüsusi təsiri narkodilerləri maraqlandırmış və onlardan təbabətdən çox digər sahələrdə istifadə etməyə başlamışlar. Narkotik vasitələr insan orqanizminə müxtəlif yollarla daxil edilir: bəziləri tütün və qəlyan kimi çəkilir, bəziləri daxilə qəbul edilir, çeylənilir, burunun selikli qişasından qana sorulur, ən təsirliləri isə birbaşa vena daxilinə yeridilir. İndiki zamanda narkotiklərin siyahısına 128 növ maddə aiddir. Burada ən çox yayılmış narkotik vasitələrin və onların təsirinin təsviri göstərilmişdır.

OPİATLAR (MORFİN VƏ HEROİN) - TiRYƏK LALƏSiNDƏN ALINAN NARKOTiKLƏR
Ondan 20-yə qədər alkaloid alınır. Morfindən təbabətdə çox güclü ağrıkəsici kimi istifadə edilir. Heroin isə sintetik üsulla morfindən alınır. Heroin təsirinə və asılılıq yaratma qüvvəsinə görə ən güclü narkotik vasitə hesab edilir. Opiatları həm tütünə qarışdırıb çəkmə, həm qoxulama, həm də vena daxilinə yeritməklə qəbul edirlər. Əksər hallarda ilk əvvəl bütün ağrılar yox olur, yuxulu durum başlayır, əhval dəyişir. Sonradan ətraflar ağırlaşır, ağızda quruluq yaranır, bütün orqanizmə sanki istilik yayılır. Daha sonra isə ürəkbulanma və qusma başlayır. Abstinensiya zamanı əzələlərdə ağrılar, gözlərin yaşarması, burundan ifrazat, tərləmə, ishal, arasıkəsilməyən əsnəmə, hərarət və yuxusuzluq və ən əsası, nəyin bahasına olursa olsun, yenidən opiat qəbul etmək istəyi olur. Tiryəkdən istifadə edən şəxslər adətən tənəffüsün dayanmasından dünyasını dəyişirlər.

AMFETAMİNLƏR
Amfetaminlər psixiatriyada geniş istifadə edilir. Məsələn, ekstazi - qeyri-rəsmi şəkildə istehsal edilən amfetamindir. Daxilə həblər şəklində qəbul edilir. Qəbuldan sonra insanda ruh yüksəkliyi, oyanıqlıq, fiziki qüvvənin artması müşahidə olunur. Ekstazi həblərini qeyri-qanuni olaraq diskotekalarda satırlar - bir həb ekstazi 6-8 saat müddətində rəqs etməyə imkan verir. Abstinensiya başladıqda isə narahatlıq və həyəcan, əhvalın pozulması, aqressiya, fikirlərin qarışması və sayıqlamalar olur.

HALLUSİNOGENLƏR
LCD - ən çox tanınan hallüsinogendir. Adından bilindiyi kimi preparat hallüsinasiyalar (qarabasmalar) yaradır. Qədim Cənubi amerikalılar onlardan dini mərasimlərdə istifadə edərək ruhları çağırırdılar. Preparat şəklində LCD ilk dəfə psixiatriyada istifadə etmək üçün işlənilmişdir. LCD və digər hallüsinogenlər müvəqqəti olaraq şüuru dəyişməyə qadir preparatlar olduğuna görə onlardan alkoqolizmi müalicə etmək üçün istifadə edirdilər. Preparatı qəbul etdikdən bir neçə dəqiqə sonra ətraf başqa cür qəbul edilir, təfəkkür prosesləri dəyişir və uyğun olaraq davranış dəyişir. LCD-dən də ekstazidən olduğu kimi rəqs yığıncaqlarında istifadə edirdilər. Bundan əlavə bəzi idmançıların və uzun məsafə getməli olan sürücülərin də bu narkotikdən asılılığı müşahidə olunmuşdur. Abstinensiya zamanı ruh düşkünlüyü, depressiya baş verir.

KOKAİN
Cənubi Amerikada yetişən Eritroksilon Koka adlanan kolun yarpaqlarından alınır.
İlk əvvəl ondan da yalnız təbabətdə ağrıkəsici və damardaraldıcı kimi istifadə edirdilər. Kokaini burundan, venadaxili və dərialtı inyeksiyalar şəklində daxil edirlər. Orqanizmə daxil olduqdan 1 saat sonra onun təsiri azalır və tükənir. Lakin bu müddətdə qəbul edən insanda bir çox hallar baş verir: əhval ruhiyyə çox yüksəlir, özünə inam və özünüqiymətləndirmə artır, əqli və fiziki göstəricilər yüksəlir, cinsi fəallıq yüksəlir. Bir saatdan sonra isə əksinə, əhval korlanır, özünütənqid daha da pozulur, seksual aqressiya halları baş verir. Abstinensiya dövründə qüvvədən düşmə, depressiya, yuxusuzluq və ya əksinə, yuxululuq, davranış dəyişiklikləri baş verir. Kokain digər narkotiklərə nisbətən daha bahalı olur.

ÇƏTƏNƏ (KANNABIS, KONOPLYA, HƏŞIŞ, MARİXUANA)
Bu bitkidən alınan preparatların əslində çox yaxşı təsirləri vardır - bəd xassəli şişləri dağıdır, mikrobları məhv edir, göz daxili təzyiqi azaldır, ürəkbulanmanın qarşısını alır, ağrıları kəsir, qıcolmaların qarşısını alır. Amma təəssüf ki, onu digər təsirinə - əhvalı yüksəltməsinə görə daha çox istifadə edirlər. Çətənədən hazırlanan maddələri həm qida ilə, həm də tütünə qarışdırıb çəkirlər. Xoş əhvaldan başqa çətənə yuxulu vəziyyət də yaradır. Abstinensiya dövründə isə ("lomkalar" zamanı) yuxu pozğunluğu, ətrafların əsməsi və tərləmə qeydə alınır. Hind çətənəsindən hazırlanan narkotik maddələr digər qrupdan olan maddələrə nisbətən daha az asılılıq yaradır, onları qəbul edən insanlar uzun müddət digər narkotik istifadə edənlərdən seçilir - onlarda şüuri və davranış pozğunluqları gec qeydə alınır. Lakin uzun müddət çətənədən istifadə edən insanlarda (daima narkotik istifadə edənlərdə) nəyi isə etmək həvəsi ölür (amotivasiya inkişaf edir), onlar oxumur, işləmək istəmir, həyatda heç bir məqsədə xidmət etmirlər. Getdikcə bu insanlarda debilizm inkişaf edir. Çox hallarda gözlərin konyuktivasında qansızmalar olur - bu əlamətə görə onların məhz çətənədən istifadə etməsi bəlli olur.

NARKOMANİYA - ƏN AĞIR ZƏRƏRLİ VƏRDİŞ
Narkotiklərlə tanışlığın səbəbləri tütünçəkmə və alkoqolla tanışlığın səbəblərinə çox bənzəyir. Bunlara:
Narkotiklərin dadına baxan dostların təzyiqi
Hər şeyi bilmək, dadına baxmaq, təcrübədən keçirmək həvəsi
Özünəhörmət və inam qazandırmaq üsulu
Problemlərdən qaçmaq məqsədi
Təhlükəli vəziyyətdə olmaq arzusu
Qanundan kənar olan hər şey həvəsləndirir (avantyurizm)
Bekarçılıq, boş vaxt bolluğu, darıxma və digərləri aiddir.

Adətən insanlar öz yaxınlarının narkotik qəbul etməsini istəmirlər. Bu, onlara olan qayğıdan irəli gəlir. Digər tərəfdən isə bəziləri fikirləşir ki, narkotiklərin qəbulu - hər kəsin şəxsi işidir və insan özü qərara gəlməlidir - narkotiklərdən istifadə etsin, yoxsa yox.

SƏNİN DOSTUN NARKOMANİYAYA MEYL EDİRSƏ, ONDA NECƏ?
Bu zaman çətin seçim qarşısında qalırsan - kənarda durub, susmaq (və onunla yaxşı münasibəti saxlamaq), və ya onu təhlükələrdən qorumaq üçün əlindən gələni etmək. Ümidvarıq ki, sən ikinci variantı seçəcəksən. Onu da nəzərə al ki, narkotiklər çox güclü və amansız düşmənlərdir, və durumun sənin xeyrinə çevrilməsi üçün sən var gücünlə mübarizə aparmalı olacaqsan. Nə etməli?

Birinci növbədə yadda saxla: narkomaniyadan ən yaxşı vasitə sənin şəxsi nümunəndir. Əgər sən narkotiklərdən istifadə etmirsənsə, sənin dostların və ailənlə münasibətin əladırsa, onda bir çoxları sənin kimi olmaq istəyəcəklər. Əgər hər şey əla deyilsə, narahat olma, ideal insanlar olmur, indi o qədər də yaxşı olmayan vəziyyət sonradan dəyişəcəkdir.

Danışıqlara necə başlamaq olar?

Ən əvvəl bir neçə yoldaşınla dostuna təsir etməyə planın olduğu barədə bölüşsən yaxşı olar. Birlikdə təsir daha güclü ola bilər. Lakin danışıqlar zamanı çalışın ki, o, sizdən aralanmasın, yoxsa, o, dost olaraq sizi yox, narkomanları sayacaqdır.

"narkotiklərdən asılı olsan gələcəyin təhlükə qarşısında olacaq"

"asılı, zəif və xəstə olacaqsan"

"dostların, yaxınların, sevgilin səndən üz döndərəcəklər"

" onu buraxmasan ana-atanla danışacağam" və s.

Əgər sənin arqumentlərin onun üçün əsassız sayılacaqdırsa, onda sözdən əmələ keçmək lazımdır. Narkotiklərdən istifadə edənlər ilk vaxtlar sudan quru çıxmağı bacarırlar, heç vaxt asılı olduqlarını boyunlarına almırlar. Onlar çox vaxt narkotiklərdən imtina edəcəklərinə söz verirlər, lakin bunu heç vaxt etmirlər. Buna görə də sənin üçün verdiyin sözü yerinə yetirmək vacibdir - əgər sən onun valideynləri ilə danışacağına söz vermisən, və ya bununla hədələmisənsə, onda bunu et.

Narkotiklərdən asılılıq qısa müddət ərzində keçmir, buna görə səbirli olmaq lazımdır-mübarizə üçün bir neçə ay lazım olacaqdır. Bir də nəzərə al ki, yaxşılıq etmək istəyirsənsə də, dostun səni anlamaya bilər, səni satqın saya bilər. Buna görə də bir qərara gəlməzdən əvvəl fikirləş, buna hazırsanmı? Əgər yox, onda bunu öz valideynlərinlə müzakirə et. Sənin dostuna kimsə yardım etməlidir, sonra gec ola bilər.

Əgər sənin dostun sənə onunla bir yerdə narkotiklərdən istifadə etməyi təklif edirsə, və ya buna bütün kompaniyanız qoşulursa - mütləq etiraz et. Yadında saxla ki, heç kəs əvvəlcədən asılılığa düşüb-düşməyəcəyini bilmir. Dostundan da bunu etməməyi xahiş et, ola bilsin ki, bir vaxtdan sonra dostun sənə buna görə "sağ ol" deyəcək. Əgər sənə gülürlərsə, narahat olma. Kompaniyada narkotiklərdən imtina etməyə böyük cəsurluq və səbr tələb olunur, narkotikləri qəbul edənlərdə məzh bu keyfiyyətlər çatmır. Bil ki, narkotiklərə etirazetmə, onların qəbulundan kimi isə xilasetmə böyük kişilik tələb edir.

Əgər heç bir təsir kömək etmirsə və sənin dostun narkotik qəbul etdisə, onu nəzərdən buraxma. Çalış ki, onu tezliklə təhlükəsiz yerə çatdırasan - elə bir yerə ki, orada o, savaşa düşməsin, maşın altına düşməsin, onu polisə aparmasınlar və s. Ən yaxşı variant - onu evə gətirməkdir. Hər bir halda, onu tək buraxma, çünki elə moment ola bilər ki, sənin yardımın ona lazım olar. İlk dəfə narkotik qəbul edənlərdə çox vaxt: Başgicəllənmə, qusma və ürəkkeçmə ola bilər. Dozanın artıq olmasından tənəffüsü dayana bilər.


Tarix: 10.01.2013 / 13:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 702 Bölmə: Saglamliq
loading...