beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ziyad Abbasov

Abbasov Ziyad Mehralı oğlu — Kənd Təsərrüfatı Nazirliyi, Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi, Respublikanın "Əməkdar ixtiraçısı", "Əməkdar kənd təsərrüfatı işçisi", Rusiya Aqrar Elm və Təhsil Akademiyasının müxbir üzvü.
Həyatı
Ziyad Abbasov 1939-cu ilin oktyabr ayının 10-da Göyçə mahalının Kəsəmən kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1957-ci ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunda oxumuş, 1958-1963-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirmə fakültəsində təhsil almışdır.

18 dekabr 1965–ci ildən 2007-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirməsi və Elektrikləşdirilməsi İnstitutunda (indiki "Aqromexanika" EİM) kiçik elmi işçi, aspirant, baş elmi işçi, laboratoriya və şöbə rəhbəri, elmi işlər üzrə direktorun müavini, direktor vəzifələrində, 2007-2011-ci illərdə Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində işləyib, hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Kənd təsərrüfatı maşınqayırması, standartlaşdırma və sertifikasiya kafedrasının professorudur.

1974-cü ildə namizədlik və 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edib, 1976-cı ildə Z.Abbasovun namizədlik dissertasiyası SSRİ hökuməti tərəfindən keçmiş Almaniya Demokratik Respublikasına kontrakt əsasında satılmışdır.

Z.Abbasovun bilavasitə rəhbərliyi altında 1974-1994-cü illərdə ixtira və patent səviyyəsində orijinal enerji qoruyucu texnologiya və maşınlar kompleksi yaradılmışdır. Dövlət sınağından müvəffəqiyyətlə çıxmış 8 ədəd yeni maşın və tərtibatlar Çexoslovakiya, Macarıstan, Vyetnam, Monqolustan, Rumıniya və İranda keçirilmiş beynəlxalq sərgilərdə, keçmiş SSRİ xalq təsərrüfatı namizədləri sərgisində dəfələrlə nümayiş etdirilmiş, sərgilərin iki qızıl, iki bürünc medallarına, birinci dərəcə diplomlarına layiq görülmüşdür.

Nailiyyətləri
Z.M.Abbasov 160-dan çox elmi əsərlərin, iki monoqrafiyanın, 30-dan çox ixtira və patentin müəllifidir.

Onun yaratdığı enerji resurs və torpaqqoruyucu texnologiya və maşınlar kompleksi SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının qərarı ilə 1986-1995-ci illər üzrə SSRİ miqyasında perspektiv maşınlar sisteminə daxil edilərək, Rusiya Federasiyasının Həştərxan və Volqoqrad vilayətlərində tətbiq edilmiş və tərəvəz-bostançılığın mexanikləşməsində Azərbaycan texnologiyası adı ilə keçmiş SSRİ miqyasında tanınmışdır.

Onun elmi-pedaqoji fəaliyyəti dəfələrlə dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Ona ümumittifaq müsabiqənin laureatı, Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının qərarı ilə 7 dəfə zərbəçi əməyə görə döş nişanı və SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Əməkdə fərqlənməyə görə" medalı verilmiş, işlərinin tətbiqinə görə 3 dəfə SSRİ Elmi-Texniki Cəmiyyətinin sədri, akademik A.Y.İşlinski tərəfindən fəxri diploma layiq görülmüşdür.

1989-cu ildə Z.Abbasova "Azərbaycan Respublikasının Əməkdar İxtiraçısı" fəxri adı verilmiş, həmin il C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında müəllifin ssenarisi əsasında "Azərbaycan texnologiyası üzrə" adlı qısametrajlı film çəkilmişdir. Eyni zamanda Respublika Dövlət Təbiəti Mühafizə Komitəsinin keçirdiyi müsabiqəyə görə ən yaxşı texniki təkliflər üçün ona pul mükafatı verilmişdir.

Z.Abbasov müxtəlif vaxtlarda Gəncə şəhər sovetinin deputatı, şəhər İcra Hakimiyyətinin elm və təhsil komissiyasının üzvü, Gənc Alimlər Şurasının sədri, institut ictimai təşkilatlarının rəhbəri, ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyası Zaqafqaziya şöbəsinin üzvü olmuşdur.

Z.Abbasov 1992-2008-ci illərdə aqrar sektorunun elm, kadr hazırlığı, kənd təsərrüfatı maşınqayırma sənayesi və kolxoz-sovxozların struktur islahatları mövzusunda seriya məqalələrlə, mərkəzi mətbuat və jurnallarda çıxış etmişdir. 1990-cı il 20 Yanvar faciəsində Gəncə şəhərində ilk şəhidlər bağının salınması təşəbbüsü ilə çıxış edərək, kollektivin və özünün şəxsi vəsaiti hesabına müxtəlif təzyiqlərə və maneələrə baxmayaraq, həmin 20 Yanvar şəhidlər bağın salınmasına nail olmuşdur.

Z.Abbasovun şəxsi təşəbbüsü ilə 1997-ci ilin may ayında Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi institutunun statusu dəyişdirilərək maddi-texniki bazasının möhkəmləndirilməsinə nail olunmuş və onun bazasında "Aqromexanika" Elm-İstehsalat Mərkəzi yaradılmış, Gəncə bölgəsində çalışan yüksək ixtisaslı mütəxəssislər elmi-tədqiqat işlərinə cəlb olunmuşlar.

Az vaxt içərisində Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin sədri, akademik Azad Mirzəcanzadə ilə müqavilələr əsasında böyük dövlət əhəmiyyətli tətbiqi xarakterli, praktiki elmi işlər aparılmağa başlanmışdır.

Onun rəhbərliyi altında 12 nəfər elmlər namizədi hazırlanmışdır.

Z.Abbasov 10 dekabr 1998-ci ildə Rusiya Aqrar Elm və Təhsil Akademiyasının müxbir üzvü seçilmişdir. O, dəfələrlə Beynəlxalq Simpoziumlarda və Konqreslərdə məruzə ilə Azərbaycan aqrar elmini təmsil etmiş və onun məqalələri simpozium və konqreslərin materiallarında müxtəlif dillərdə dərc edilmişdir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı əməkdaşlarına "Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2008-ci il tarixli sərəncamı ilə Abbasov Ziyad Mehralı oğluna "Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi" fəxri adı verilmişdir.

Elmi məqalələri
"Колебательное движение вибрационного аппарата в горизонтальном и вертикальном плоскости", “Azərbaycan aqrar elmi” jurnalı, №1-6, 2002-ci il. səh.178-181. (Lətif Əsədovla ortaqlı)
Filmoqrafiya
Bitməyən ömür (film, 2013)


Tarix: 06.02.2015 / 17:38 Müəllif: Feriska Baxılıb: 321 Bölmə: Qərbi Azərbaycan