beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Asif Ata

Əfəndiyev Asif Qasım oğlu (Asif Ata - İnam Ata) — filosof, Mütləqə İnam dünyabaxışının, təliminin yaradıcısı, ruhaniyyatçı.

Həyatı
Asif Ata (İnam Ata) 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində, müəllim ailəsində anadan olmuşdur. Əslən Qaraqoyunlu soyundandır. Babaları ruhanı olmuşlar. İlk təhsilini doğulduğu kənddə almış, orta təhsilini Gəncə şəhərində davam etdirmiş, 1951-ci ildə Ağstafa şəhərində başa vurmuşdur.

Mətbuatda ilk dəfə 1952-ci ildə "Azərbaycan pioneri" jurnalında dərc olunan "Məktəb xatirələri" şeiri ilə çıxış etmişdir. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. Təhsil illərində müstəqil olaraq dünya tarixini, ədəbiyyatını, fəlsəfəsini, dinlərini, musiqisini, incəsənət tarixini – bir sözlə, özünəcən insanlığın yaradıb ortaya qoyduğu bütün dəyərli bilikləri mənimsəyib.

M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda, Dillər Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, fəlsəfə, incəsənət tarixi fənlərindən mühazirələr oxuyub. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir (1969-1975.

1975-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetində “Etik və Estetik Tərbiyə Klubu”nu yaradıb və iki ildən artıq fəaliyyət göstərən klubun toplantılarında minlərlə insana Azərbaycan və onun mahiyyəti, ruhani dəyərləri, oçağkı və gələcək taleyi ilə bağlı uca sözlər deyib. Klub tez bir zamanda Azərbaycanın hər yerində səs-soraq salıb, onun toplantılarına bölgələrdən də qatılanlar çoxalıb. Bundan qorxan universitet rəhbərliyi klubun fəaliyyətini yasaqlayır. Ata məcbur olub toplantılarını “Bilik” cəmiyyətində davam etdirir.

1978-ci ilin noyabrından klub Ocağa çevrilir, onun sədri Asif Əfəndiyev isə ardıcılları tərəfindən Asif Ata adlanır. Ocaq tarixi isə 1979-cu il mart ayının 1-dən hesablanır. 1982-ci ildə İnam Atanın Mütləqə İnam Ocağı dəhşətli basqılara uğrayır və qapadılır. Ata özü işdən və məcburən üzv olduğu Kommunist Partiyasından çıxarılır, ailəsi dağıdılır, yörəsindəkilərin çoxu pərən salınır. Həmin ildən başlayaraq Ocaq bir neçə il gizli fəaliyyət göstərir.

İnam Ata ən dəhşətli təqib illərində kitablarını yazır, yaratdığı Mütləqə İnam Dünyabaxışını sistemləşdirir, xalq içərisində olur, saysız görüşlər keçirirdi. Onun yalnız dünyabaxışını əhatə edən əsərləri 44 kitabdan ibarətdir ki, Mütləqə İnam Ocağı indi onu “On Kutsal Bitiq”də bir araya gətirib.

Asif Atanın yaratdığı Mütləqə İnam Dünyabaxışının ideyalarını gerçəkləşdirən ruhani qurum olan Ocaq 1979-cu ildən Yurdumuzda alovlanmaqdadır.

Asif Ata 1997-ci ildə aramızdan gedib. Sonevi Ağstafadadır.

Əsərləri
Müdriklik səlahiyyəti. Bakı. Azərnəşr, 1976, 192 səh.
İnam və şübhə. Bakı. Yazıçı, 1988, 172 səh.
Mütləqə inam. Bakı. Yazıçı, 1999, 300 səh.
Yol. Ata sözü. Bakı. Örnək, 1994, 87 səh.
Siyasətdən üstün. Bakı. Nərgiz, 1999, 26 səh.
Təməl. Bakı. Örnək, 1999, 43 səh.
Həqiqət azadlığı - Cəfəngiyyat əsarəti. Bakı. Örnək, 2000, 23 səh.
İnsanilik imkanı. Bakı. Örnək, 2000, 28 səh.
Mahiyyət. Bakı. Örnək, 2000, 23 səh.
Mütləqilik. Bakı. Örnək, 1999, 78 səh.
Bədiiyyat. Bakı. Adiloğlu, 2006, 52 səh
Uluyurd aqibəti – Bütöv Azərbaycan. Bakı. Adiloğlu, 2007, 295 səh.
Kutsal Öyrəti. Bakı. Adiloğlu, 2010, 112 səh.
On Kutsal Bitiq – I cild. Bakı. Qanun, 2010, 322 səh.
On Kutsal Bitiq – II cild. Bakı. Qanun, 2010, 182 səh.
On Kutsal Bitiq – III cild. Bakı. Qanun, 2011, 360 səh.
On Kutsal Bitiq – IV cild. Bakı. Qanun, 2012, 232 səh.
On Kutsal Bitiq – V cild. Bakı. Qanun, 2013, 472 səh.
On Kutsal Bitiq – VI cild. Bakı. Qanun, 2014, 128 səh.
"İnam və Şübhə" Bakı. Gənclik, 2014, 160 səh.


Tarix: 06.02.2015 / 15:44 Müəllif: Feriska Baxılıb: 289 Bölmə: Qərbi Azərbaycan