Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elyaz Babayev

Haqqında
Elyaz Babayev 1947-ci ildə Qərbi Azərbaycanın Qafan şəhərində anadan olmuşdur. 1964-cü ildə Qafan şəhərindəki 1 saylı orta məktəbi qızıl medalla başa vurmuş, elə həmin il Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitetə) daxil olmuşdur. 1969-cu ildə bu ali məktəbin qaynaq istehsalının texnologiyası və avadanlığı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, bu ali məktəbdə əvvəlcə assissent, baş müəllim, sonra dosent və professor vəzifələrində çalışmışdır. 1972-ci ildə Moskva N.Bauman adına Ali Texniki məktəbin aspiranturasına qəbul olunmuşdur. 1975-ci ildə "Canlı bioloji toxumaların ultrasəslə qaynağı, kəsilməsi, emalı və biotexnologiyası" mövzusunda dissertasiya müdafiə edib, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1976-cı ildən keçmiş SSRİ-nin İxtiralar və Kəşflər Komitəsi tərəfindən qeydiyyatdan keçmiş və xüsusi diploma layiq görülmüş, “İnsan və heyvanın canlı sümük toxumalarında daxili gərginliklərin mövcudluğu" adlı elmi kəşfin müəllifidir.

Professor Elyaz Babayevin bu elmi kəşfi əsasən 1970-ci illərdə ultrasəslə sümüklərə təsir göstərmək istiqamətində apardığı araşdırmalar və eksperimentlər zamanı baş vermiş mürəkkəb dəyişikliklərin öyrənilməsi vaxtı müəyyən edilmişdir. Həmin kəşfin mərkəzində insan və heyvan sümüklərində, eləcə də yaşla bağlı dəyişən sümük toxumalarında dinamik qüvvəyə malik çoxsahəli gərginliyin ilk dəfə aşkarlanması durur. Bu istiqamətdə intensiv tədqiqatlar aparan dünyanın məşhur alimlərinin fikrincə, həmin kəşfin biotexnika və ortapediya üçün çox böyük elmi əhəmiyyəti olmuşdur. Çünki bu kəşfə qədər sümüklərə, sadəcə olaraq, dayaq-istinad funksiyası daşıyan orqan kimi baxılırdı. Amma bu elmi kəşf aydınlaşdırdı ki, insan və heyvanların hər hansı bir sümüyü öz quruluş və formasından asılı olaraq müxtəlif dinamik gərginliyə malikdir və daxili gərginlik qüvvələrinin mövcudluğu bu orqana biotexniki və fizioloji baxımdan daha canlı və aktiv bir sistem kimi yanaşmağı tələb edir.

Professor Elyaz Babayevin həmin kəşfi tibb aləmində ona qədər qaranlıq qalan bəzi problemlərə da aydınlıq gətirmişdir. O, apardığı tədqiqatlar zamanı müəyyən etmişdir ki, daxili gərginlik müəyyən ölçüyə malik olub (100-250 kq.sm) 21-71 yaş arasında dinamik surətdə azalmağa başlayır. Bununla yanaşı, alim tədqiqatlar apardığı onlarla sümüklərdə səthində sıxılma, daxilində isə genişlənmə gərginliyin mövcudluğunu da aşkar etmişdir. Sözsüz ki, bütün bu sadalamaların və bioloji hadisələrin travmotologiya-ortopediya və biomexanika elmində, xüsusən də sınıqların və bir çox sümük sistemi xəstəliklərinin müalicəsində çox böyük elmi-praktik əhəmiyyəti vardır. Məhz elə bunun nəticəsidir ki, indi bu elmi kəşfin praktik nəticələri ABŞ, [[]]Rusiya və inkişaf etmiş bir sıra Avropa ölkələrinin ortopediya və travmotologiyasında öz geniş tətbiqini tapmışdır.

Elyaz Babayev 1991-ci ildə Riqa şəhərində “Ultrasəslə canlı bioloji toxumaların emal edilməsi sistemi və texnologiyası” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.

O, 1994-cü ildə ailəsi ilə birlikdə Amerikanın Minisota ştatının Minyapols şəhərinə köçmüşdür. Professor Elyaz Babayev hazırda ABŞ-da Amerika, İngiltərə, Kanada alimləri ilə birlikdə geniş miqyaslı “Molekulyar hüceyrədə mövcud olan müxtəlif enerji amillərinin öyrənilməsi” mövzusunda elmi araşdırmalar aparır. Bünövrəsi Azərbaycanda qoyulmuş bu araşdırmada əsas məqsəd ayrı-ayrı xəstəliklərin yeri və səmərəli müalicə üsullarını axtarıb tapmaqdır. Bu üsulla dağılmış hüceyrələrin bərpasını, şəkər xəstəliklərinin tez və düzgün müəyyənləşdirilməsini, eləcə də dərmanların qan dövranına ağrısız və tez ötürülməsini təmin etməkdir.Dünyanın bu sahədə çalışan görkəmli alimlərinin fikrincə həmin tədqiqatlar geniş perspekivlərə malikdir.


Tarix: 06.02.2015 / 17:00 Müəllif: Feriska Baxılıb: 265 Bölmə: Qərbi Azərbaycan
loading...