Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fazil Sadıqov

Fazil Sadıqov - Fizika-riyaziyyat elmləri namizədi, “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi”, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nəsimi RŞ-nin sədri

Həyatı
Sadıqov Fazil İslam oğlu 10 sentyabr 1949-cu ildə Qərbi Azərbaycanın Sisyan rayonunun Ərəfsə kəndində anadan olmuşdur.

Kənd 8 illik məktəbini bitirdikdən sonra təhsilini Culfa şəhər 1 saylı, Naxçıvan şəhər internat məktəbində davam etdirmiş, orta məktəbi medalla başa vurmuşdur.

1966-cı ildə bir imtahan verərək Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin I kursuna daxil olmuş, 1971-ci ildə universiteti bitirmişdir.

Fazil Sadıqov 1971-73-cü illərdə Sovet ordusu sıralarında İrəvan şəhərində leytenant rütbəsi ilə vzvod və rota komandiri vəzifələrində qulluq etmişdir.

1973-1991-ci illərdə SSRİ Müdafiəsi Nazirliyinin Moskva Tətbiqi fizika institutunun Bakı filialında (sonralar müstəqil fəaliyyət göstərən, tərkibində “Alunit” zavodu olan fotoelektronika institutu) baş laborant, mühəndis, böyük mühəndis, aparıcı mühəndis, raykom hüquqlu həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində çalışmışdır. SSRİ Müdafiə Sənayesi işçiləri Mərkəzi Komitəsinin, Azərbaycan Həmkarlar İttifaqı Şurasının üzvü olmuş, həmin təşkilatların qurultaylarının nümayəndəsi olmuşdur.

Fizika-riyaziyyat elmləri namizədidir. 27 elmi məqalənin, 2 müəlliflik şəhadətnaməsinin və 13 təkmilləşmə təklifinin müəllifidir.

İnstitutdakı işləri Varşava paktı ölkələrinin silahlı qüvvələri üçün kütləvi istehsal olunmuş, SSRİ Müdafiə Sənayesi Nazirliyinin SSRİ Müdafiə sənayesi işçiləri həmkarlar ittifaqı Mərkəzi Komitəsinin birgə qərarı ilə “Jiquli VAZ 2106” minik maşını ilə mükafatlandırılmışıdır.

1991-2000-ci illərdə Bakı Ali hərbi məktəbində dosent vəzifəsində çalışmış. Müstəqil Azərbaycanın Milli Ordusu üçün zabitlərin yetişdirilməsində fəal iştirak etmişdir.

2000-ci ilin dekabrından 2002-ci ilin oktyabrınadək Nəsimi rayon təhsil şöbəsində müfəttiş işləmişdir. 2002-ci ilin oktyabrından bu günədək Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nəsimi RŞ-nin sədri vəzifəsində çalışır.

Fazil Sadıqov “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi”dir. Rusiya, Türkiyə, Kosovo ölkələrindəki forumlarda Respublika Həmkarlar İttifaqı təşkilatını təmsil etmişdir.

Ailəlidir. Bir övladı var.


Tarix: 06.02.2015 / 17:03 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Qərbi Azərbaycan
loading...