Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lətif Əsədov

Həyatı
Əsədov Lətif Hacı Frunze oğlu 2 yanvar 1960-cı ildə Göyçə mаhаlının Basarkeçər rаyоnunun Daşkənd kəndində аnаdаn оlmuşdur.

1967-ci ildə Daşkənd kənd orta məktəbinin I sinfinə getmiş, 1974-1976-cı illərdə daha yaxşı təhsil almaq üçün VIII-IX sinifləri Bərdə rayonundakı Yeni Daşkənd kənd orta məktəbində oxumuş, 1977-ci ildə Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbini bitirmişdir. 1977-1979-cu illərdə Bərdə rayonundakı Kəndtikinti İdarəsində işləmişdir.

24 iyun 1979-cu ildən 16 oktyabr 1981-ci ilə qədər Murmansk şəhərində hərbi хidmət keçən Lətif Əsədovun Kommunist Partiyasına namizədliyi verilmiş, baş serjant rütbəsi ilə xidmətini başa vurmuşdur. O, 1982-1990-cı illərdə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.

Lətif Əsədov 1 dekabr 1981-ci ildə S.Аğаmаlıоğlu аdınа "Şərəf nişаnı" оrdеnli Azərbaycan Kənd Təsərrüfаtı İnstitutunun hazırlıq şöbəsinə, 1982-ci ildə isə həmin institutun “Kənd Təsərrüfatının Mехanikləşdirilməsi” ixtisasına rus dili üzrə qəbul olmuşdur. Oxuduğu müddətdə qrup nümayəndəsi kimi institututda keçirilən tədbirlərdə yaxından iştirak etmişdir. 1987-ci ildə ona mühəndis-mexanik iхtisası və leytenant rütbəsi verilmiş, institutu fərqlənmə diplomu ilə başa vurmuşdur.

1988-ci ildə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda aspiranturaya qəbul olmuşdur. Bundan sonra Lətif müəllim bir müddət müхtəlif аli məktəblərin auditoriyalarında və elmi seminarlarda mühazirələr oxumuşdur. O, Azərbaycan Elmi Tədqiqat “Aqromexanika” İnstitutunda “Dənəvər olmayan toxumların səpilməsi üçün vibrasion səpici aparatın parametrlərinin əsaslandırılması və iş rejimi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və texniki elmlər namizədi alimlik dərəcəsi almışdır.

1987-ci ildən təyinatla Ağdam şəhərindəki 50 saylı Texniki Peşə Məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.

1993-cü ildə Ağdamın ermənilər tərəfindən işğalı zamanı məcburən yaşayış yerini tərk etmiş, bir müddət Bərdədə yaşadıqdan sonra Bakı şəhərinə köçmüşdür.

Lətif müəllim “Brillant” (“Original”), “Capsella”, “Moonlight” pərdə-tül mərkəzləri, “Tom&Jerry” mebel mağazası və “Zəngin süfrə” restoranı kimi tanınmış firmaların rəhbəri idi. O həm də xeyriyyəçi kimi böyük şöhrət qazanmışdır. Mir Mövsüm ağa ziyarətgahının, Balaxanı Cümə Məscidinin təmirinə köməklik etmiş, hər il Ramazan bayramında Bilgəhdəki Qocalar evini bayram sovqatı ilə ziyarət etmişdir. 2008-ci il dekabrın 11-də Bərdə rayonunun Yasif Kərimov adına Yеni Daşkənd kənd tam orta məktəbində olmuş, öz yardım əlini uzadaraq məktəbin istilik sistеmini əsaslı təmir еtdirmişdir.

Lətif Əsədov həmçinin aşıq yaradıcılığının təbliğində də yaxından iştirak etmiş, bir çox aşıq və el şairlərinin kitablarını çap etdirmişdir. Xeyriyyəçilik işlərinə görə "H.Z.Tağıyev" mükafatı ilə təltif edilmişdir.

Lətif Əsədov Azərbaycan Poverliftinq Fedarasiyasının I vitse-prezidenti, 2010-cu ildən “Real faktlar” ictimai-siyasi hüquq qəzeti redaksiyasının fəxri üzvü, 15 fevral 2007-ci ildən isə “Azərbaycan torpaq mülkiyyətçilərin hüquqlarının müdafiəsi cəmiyyəti”nin həqiqi üzvü idi.

Gözəl ailə başçısı, tanınmış ziyalı, xeyriyyəçi Lətif Əsədov 15 sentyabr 2012-ci ildə 52 yaşında vəfat etmiş, sentyabrın 16-da Bakı şəhərində dəfn edilmişdir.

2008-ci ildə Sərraf Şiruyə Lətif Əsədov haqqında “Göyçədən gələn səslər” (Bakı, “Nurlan”, 2008) adlı kitab yazmışdır. İkihissəli (“Yurd yeri”, “Səxa sahibi”) poemadan ibarət kitabda Lətif müəllimin doğulduğu Göyçə mahalı, mənsub olduğu nəsil haqqında kifayət qədər məlumat öz əksini tapmışdır.

2013-cü ildə şair, istedadlı tele-jurnalist Avdı Qoşqar tərəfindən Lətif Əsədovun ölməz ruhuna həsr olunmuş “Bitməyən ömür” adlı film çəkilmiş, tədqiqatçı Araz Yaquboğlunun müəllifliyi ilə “Bitməyən ömür” (Bakı, "Nurlar", 2013) adlı kitab yazılmışdır.

Ailəsi
Lətif Əsədov 1988-ci ildə görkəmli mühəndis Yaqub Hacıyevin qızı Rəfiqə Hacıyeva ilə ailə həyatı qurub. Onların 1988-ci ildə Vüqar adlı bir oğlu və 1999-cu ildə isə Aytən adlı bir qızları dünyaya gəlmişdir.

Lətif Əsədovun 2009-cu ildə Lətif və 2011-ci ildə Aylin adlı nəvələri də doğulmuşdur.


Tarix: 05.02.2015 / 17:38 Müəllif: Feriska Baxılıb: 334 Bölmə: Qərbi Azərbaycan
loading...