Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Musa

Həyatı
Aşıq Musa Səfər oğlu XIX əsr Azərbaycan aşıqlarındandır. Bəzi mənbələrdə Göyçənin Ağkilsə, bəzi mənbələrdə isə Qaraqoyunlu kəndində dünyaya gəldiyi güman olunur. Həyat və fəaliyyəti haqqında məlumat azdır. Saf məhəbbətin tərənnümünə aid şeirləri ilə yanaşı fırıldaqçı və yalançı din xadimlərini ifşa edən əsərlər də yazmışdır. Şeirlərindən məlum olur ki, Aşıq Musa yaxşı təhsil görmüş, xüsusilə də divan şeriylə yaxından maraqlanmışdır. Əlimizə gəlib çatan az saylı şeirləri qoşma, gəraylı, müxəmməs və divan janrındadır. XIX əsrin digər aşıqları kimi Aşıq Musa da öz şeirlərində əsasən sosial məsələlərə, xalqın problemlərinə, insanların qarşılaşdıqları çətinliklərə, saz və sözün önəmi kimi məsələlərə toxunmuşdur. Şeirlərindən bəlli olur ki, o, sazlı-sözlü məclislərdə iştirak etmişdir. Onun Dağıstana, Rusiyaya, Gürcüstana, Orta Asiyaya və Türkiyəyə səfərlərə çıxdığı da güman olunur.

Yaradıcılığı
Aşıq Musanın hələlik məlum olan tam yaradıcılığı Hüseyn İsmayılovun "Göyçə aşıqları və el şairləri" (I cild, Səda-2006, səh.442-468.) kitabında bütünlüklə çap olunmuşdur. Belə ki, kitabda Aşıq Musanın 2 gəraylısı, 10 qoşması, 2 təcnisi, 2 divanisi, 2 müxəmməsi və 6 deyişməsi olmaqla cəmi 24 şeiri çap olunub.

Aşıq Musanın 2013-cü ildə ayrıca olaraq "Elm və təhsil" nəşriyyatında Folklor İnstitutu tərəfindən 148 səhifədən ibarət "Əsərləri" adlı kitabı (tərtib edəni:İslam Ələsgər) çap olunmuşdur. Kitabda aşığın 50-dən artıq şeiri vardır. Bunların əksəri qoşma, 8-i gəraylı, 5-i divani, 4-ü təcnis və 4-ü müxəmməsdir.

Şəcərəsi
Mustafa
Səfər
Musa


Tarix: 05.02.2015 / 16:52 Müəllif: Feriska Baxılıb: 169 Bölmə: Qərbi Azərbaycan
loading...