beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allaha Şükür Etmək

İslamın möminə nemət verənə şükür etməyi və Onun verdiyini etiraf etməyi, yaxşılıq edənlərlə xoş rəftarı öyrətməsi bu şəriətin gözəlliyindəndir. Bu, həqiqətən gözəl əxlaq nümunələrindən və sifətlərdəndir. Bunun əksi olaraq, verilmiş neməti inkar etmək, yaxşılıq edənlərə kobudluq və ya pislik etmək pis sifətlərdəndir. Belə əməl sahibi özünü heyvanlardan da aşağı səviyyəyə endirir. Çünki əksər heyvanlar edilən yaxşılığı itirmirlər.
İslam, yaxşılığı qorumaq və ona şükür etmək qaydalarını müsəlmana öyrətmişdir. Allah taala buyurur:
"Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!" (ər-Rəhman: 60).

Kim yaxşılıq edirsə ona da yaxşılıq edilir. Ona görə Allah taala dünyada yaxşı əməl edənə axirətdə ona yaxşılıq olaraq cənnətə daxil ediləcəyini vəd etmişdir. Allah taala buyurur:
"Mömin olub yaxşı işlər görən kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafatlarını verəcəyik!)" (ən-Nəhl: 97).
Bu böyük əxlaq nümunəsini həyata keçirmək üçün Allah taala Öz bəndələrinə Ona şükür etməyi əmr etmişdir. Çünki onlara ruzi verən və lütfündən bəxş edən Odur. Allah taala buyurur:
"Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!" (əl-Bəqərə: 172).
İnsana öz valideynlərinə şükür etmək əmr edilmişdir. Çünki onlar onun həyata gəlməsinə səbəbdirlər. Onlar onun çox əziyyətini çəkmiş və ona yaxşılıqlar etmişlər. Məsələn, anası onu hamilə olan zaman gəzdirmiş, hər ikisi onu tərbiyələndirmiş, xərcini çəkmiş və s. yaxşılıqlar etmişlər.
Allah taala buyurur:
"Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!" (Loğman: 14).
Ümumilikdə bütün insanlara bir-birlərinə təşəkkür etmək, yaxşılığın əvəzini yaxşılıq edən üçün dua etmək, ona yaxşılıq etmək və sairə gözəl üslubda qaytarmaq əmr olunmuşdur. Peyğəmbər (sav) buyurmuşdur:
"Kim insanlara təşəkkür etməzsə, Allaha da şükür etməz"(Əbu Davud: 5\ 157-158\ ? 4811. Tirmizi: 4\ 298-299\ ? 1954. Hədis səhihdir.)
Peyğəmbər (sav) digər hədisdə isə belə buyurmuşdur:
"Sizə yaxşılıq edən adamın yaxşılıq əvəzini qaytarın. Əgər yaxşılığın əvəzini verməyə bir şey tapmasanız onun üçün yaxşılığın əvəzi qədər dua edin"(Əbu Davud: 2\ 310\ ? 1672. Nəsai: 5\ 87\ ? 2567. Hədis səhihdir.)
İslam dininin qanunlarına əməl edən müsəlman cəmiyyət xoşbəxt və gözəl cəmiyyətdir. Çünki onlar yaxşılıq edənə təşəkkür edər, pislik edənin pisliyinə səbir edər və onu bağışlayarlar. Bu, insanların daima bir-birlərinə yaxşılıq etməsinə əsas verir. Edilən yaxşılıqların əvəzinə pislik və kobudluq etmək isə həmin yaxşılıqların qarşısını kəsir.
Mömin kimsə başqalarının bilmədikləri bir sevinc yaşayır. Çünki mömin bəndəyə nemət verildikdə nemət sahibi Allaha şükür edər. Beləliklə, ona verilən nemət daha da artar. Ona müsibət baş verdikdə isə səbir edər və onun əvəzində savab diləyər. Belə halda müsibət ona təsir etməz və heç bir zərər verməz. Peyğəmbər (sav) buyurmuşdur:
"Möminin işi necə də qəribədir. Onun bütün işləri xeyirdir və bu yalnız möminə məxsusdur. Onu bir iş sevindirdikdə Allaha şükür edər və bu onun üçün xeyirli olar. Ona bir pislik baş verdikdə səbirli olar və bu onun üçün xeyirə çevrilər"(Müslim: 4\ 2295\ ? 2999.)


Tarix: 09.05.2013 / 12:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 132 Bölmə: Maraqlı melumatlar