Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sədəqə verməzdən öncə dua etmək olar?

Sual:

Sədəqə verməzdən əvvəl istədiyi bir şey barədə dua edib sonra sədəqə vermək olar?
Bu əməli davamlı surətdə etmək barədə hökm nədir? Təşəkkür edirəm.

Cavab:

Həmd Allaha məxsusdur.

Peyğəmbərin Sünnəsində Allahın Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) dua edib sonra sədəqə verdiyinə və yaxud ümmətinə bunu etməyi tövsiyə etdiyinə dair bir şey olduğu bizə məlum deyil. Sədəqənin qəbul edilməsi və yaxud daha çox sədəqə verməsi üçün Allaha dua etmək bundan istisnadır.

Müəyyən bir şey üçün duaya ehtiyacı varsa dua etmək üçün müsəlman sədəqə verə bilər və bu əməl saleh əməllər ilə Allaha yaxınlaşmaq (təvəssül etmək) başlığına aiddir. Necə ki, hədisdə rəvayət olunur ki, kor bir kişi peyğəmbərdən xahiş etdi ki, görmə qabiliyyətinin ona qaytarılması üçün Allaha dua etsin. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ona Allaha dua etməsini, eləcə də Allaha dua etməzdən öncə dəstəmaz alıb namaz qılmasını əmr etdi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) də öz növbəsində onun üçün dua etdi. Bu saleh əməllər ilə Allaha yaxınlaşmaq başlığına daxildir.

Hənbəlilərin “Kəşşəf əl-Qina (1/368)” kitabında deyilir:

Dua etməzdən əvvəl sədəqədən başlaya bilər. Sitatın sonu.

Həmçinin ola bilsin ki, yağış yağması üçün dua etməzdən öncə sədəqə verməyin müstəhəb olduğunu söyləyən bir çox alimlərin söylədikləri bu başlığa daxildir.
Bundan məqsəd ola bilsin budur ki,sədəqə İlahi rəhməti cəlb edir və yaxud yağış yağması üçün dua etməzdən öncə saleh əməllər ilə Allaha yaxınlaşmaq üçün bir vasitədir.

Məvsuəh əl-Fiqhiyyə (3/310) əsərində deyilir:

Yağış yağması üçün dua etməzdən öncə sədəqə verməyin müstəhəb olduğu rəyi barədə məzhəblər arasında ittifaq (yekdil rəy) var. Lakin imamın sədəqə verməyi əmr edəcəyi barədə ixtilaf etmişdirlər. Şafilər, Hənbəlilər və Hənəfilərə görə, eləcə də Malikilərdə mötəbər rəyə görə imam hər kəsə imkanı daxilində sədəqə verməsini əmr edə bilər. Malikilərdən bəziləri deyirlər ki, imam onlara bunu əmr edə bilməz, əksinə əmr etmədən bunu onların öhdəsinə buraxmalıdır. Çünki bu halda daha böyük əcr qazanmaq üçün ümid var. Belə ki, onların sədəqəsi özlərinin şəxsi təşəbbüsü ilə olacaq, imamın əmrinə görə olmayacaq.

Sitatın sonu.

Şeyx Muhəmməd ibn Saleh əl-Üseymin Allah ona rəhmət etsin demişdir:

Sədəqə-yəni,yağış yağması üçün dua etməzdən öncə sədəqə verməyi əmr etməyin-münasib olduğunu söyləmək olar. Çünki sədəqə vermək digərlərinə yaxşılıq, ehsan etməkdir və yaxşılıq etmək isə rəhmət üçün səbəbdir. Allah təala buyurur:

“Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır.” [əl-Əraf 7:56]

Yağış rəhmətdir. Çünki Allah təala buyurur:

“(İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini (hər yana) yayan Odur. O, Himayəçidir, Tərifəlayiqdir.” [əl-Şura 42:28]

Burada sədəqədən nəzərdə tutulan vacib deyil, müstəhəb olan sədəqədir. Vacib sədəqəyə gəldikdə bunu verməmək səmadan yağışın kəsilməsi üçün bir səbəb təşkil edir. Necə ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Hansı xalq, qövm mallarının zəkatını verməzsə səmadan yağış kəsilməsinə səbəb olarlar.”

əl-Şərh əl-Mumti (5/209)

Müsəlman bir kəs sıxıntılardan azad olmaq və yaxud işlərinin asanlaşmasını istəyirsə və yaxud yağış yağması kimi ümumi məsləhətə xidmət edən bir məsələ isə bu halda dua etməzdən öncə sədəqə vermək, saleh əməllər ilə Allaha yaxınlaşmağı niyyət etmək başlığına daxildir. Lakin hər dəfə sədəqə verdikdə bu davamlı surətdə edilirsə məsələnin təfsilatına getmək lazımdır. Çünki bizə bu cür etmək əmr edilməyib və peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) bu cür etməyə bizi təşviq etməmişdir. Bu dəlalət edir ki, bu cür etmək məşru deyil.

Qardaşımızın etdiyinə gəldikdə-Allah onu müvəffəq etsin-yəni sədəqə verməzdən öncə dua etmək- bu barədə bizə hər hansı bir əsas məlum deyil. Sədəqənin qəbul edilməsi və daha çox sədəqə verməyə müvəffəq etməsi üçün dua ilə sədəqə arasında əlaqə qurulması barədə söylədiklərimiz bundan istisnadır.

Şeyx Muhəmməd ibn Saleh əl-Üseymin (Allah ona rəhmət etsin) demişdir:

Zəkat vermək istəyən dua barədə rəvayət olunan bu duaları edə bilər. Məsələn:

Allahummə taqabbəl minni, innəkə əntə əl-səmi əl-alim (Ey Allahım məndən qəbul et, həqiqətən də Sən Eşidən və Bilənsən).

Allahummə əcğəlhə məğnamən və lə təcğəlhə məğramən (Ey Allahım bunu mənim üçün qazanc et, xüsran üçün səbəb etmə).

əl-Şərh əl-mumti (6/270)

Ən doğrusunu Allah bilir.


Tarix: 03.04.2013 / 22:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 273 Bölmə: Maraqlı melumatlar
loading...