Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BAL (ARI SÜDÜ)

ARI SÜDÜ
Arı südü ağ rəngli maye olub qatı südə və ya qaymağa bənzəyir. Arı südü inkişaf edən ana arı(Ana arı, şah arı – arı ailəsində cinsiyyət orqanları tam inkişaf etmiş, nəsil verən yeganə dişi arı. Uzunluğu 20-25 mm olur. Bir gündə 1500-2000, bütün ömrü boyu isə 2 mln-a qədər yumurta qoyur. 5-6 il yaşayır. Ən məhsuldar dövrü 1-2-ci illərdir.) sürfəsini yemləmək üçün işçi arıların baş və döş vəzilərindən ifraz olunan südəbənzər maddədir.

Məhz arı südü dişi sürfələrin gələcəyini müəyyənləşdirir. Əgər ana arı beş gün bununla qidalansa, onda onun yumurtalıqlarında da mayalanma üçün münbit şərait yaranar. Yox, əgər üç gün qidalansa, onda qidaya olan ehtiyacını bal məcunlu tozcuq dənələri ilə ödəyir, bununla da nəsilvermə qabiliyyətini və yumurtalıqlarının məhsuldarlığını itirmiş olur.
Arı südünün əhəmiyyəti yalnız onun məməlilərin südündən daha qiymətli olması ilə məhdudlaşmır, o həm də həzm prosesinə daxil olmadan qana qarışa bilir.
Tərkibi: arı südünün tərkibi, əsasən, arının qidalandığı tozcuqlardan asılıdır. Tərkibində bəzi aminturşular, hormon, 40-58% zülal, 5-18% piy, 26%-ədək şəkər, bir sıra mineral duzlar, həmçinin vitaminlər və başqa bioloci aktiv maddələr var.
Müalicəvi xüsusiyyətləri: artıq sübuta yetirilmişdir ki, arı südü orqanların fəaliyyətinə kömək edir, qida dəyişməsinin sürətini artırır, vəziləri aktivləşdirir, istər yaşdan doğan, istər sə də başqa səbəblərdən irəli gələn cinsi zəifliyin cinsi fəallıqla əvəz edilməsini qismən də olsa təmin edir, ürək döyüntülərini tənzimləyir, mədə-bağırsaq xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir, yara və sıyrıntıların bitişməsini tezləşdirir, klimakteri dövründə(Qocalığın yaxınlaşması ilə əlaqədar qadın cinsiyyət vəzilərinin fəəaliyyətdən düşməsi dövrü) olan qadınlarda doğma qabiliyyətini müvəqqəti olaraq yenidən bərpa edir, tərkibində qan damarlarını genişləndirən maddələr olduğu üçün qan təzyiqinin yüksəldiyi hallarda bir dərman preparatı kimi istifadə olunur, qanda xolesterinin səviyyəsini aşağı salır və sidiyi qovur. Arı südü körpə və kiçikyaşlı uşaqlarda hipotrofiya(Bədən orqanı həcminin azalması)və anoreksiya,(İştahanın olmaması) doğumdan sonra laktasiyanın (Döşdə süd əmələ gəlməsi və onun ifrazı) pozulması və qanitirmə hallarında hipotoniya və klimakterik hipertoniyada, yaşla əlaqədar olan ateroskleroz əlamətləri aşkara çıxanda, stenokardiya(Döş anginası) və miokard (Ürəyin əzələ qişası) infarktından sonrakı bərpa dövründə simptomatik müalicədə və üz dərisi seboreyasının müalicəsində işlədilir. Arı südündən tibdə və ətriyyatda işlədilən apilak adlı preparat hazırlanır.

ARI ZƏHƏRİ

Arı zəhəri arı sancan zaman neştərindən axan acı, zəhərli və şəffaf maddədir. Arı zəhərinin tərkibində bioloci aktiv melittin zülalı, sərbəst aminturşular, müxtəlif fermentlər, ortofosfat, histamin, nuklein, formiat və xlorid turşuları, piylər, uçucu yağlar və s. var. Arı zəhəri güclü bakterisid təsirlidir. Zəhər arterial qan təzyiqini aşağı salır. Arı zəhərindən hazırlanan dərmanlar oynaq xəstəliklərində elektroforez yolu ilə, miozit, radikulit, nevralgiya, övrə, miqren, trofik xora, bronxial astma və s. xəstəliklərin müalicəsində məhlul və məlhəm şəklində işlədilir. Lakin bu xəstəliklərdən fərqli olaraq arı zəhərini böyrək, qaraciyər, mədəaltı vəzi, qan, diabet, ürək-damar və s. İstifadə etmək olmaz. Arı sancdıqda 0,2–0,3 mq zəhər ifraz edir. Zəhərin ağrısını kəsmək üçün yaraya naşatır spirti məhlulu ilə isladılmış sarğı qoyulur, ağır hallarda isə ürək fəaliyyətini tənzimləyən dərmanlara müraciət olunur. Beş yüzdən çox arının sancması isə bəzən ölümlə nəticələnir.


Tarix: 14.04.2013 / 14:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 260 Bölmə: Maraqlı melumatlar
loading...