Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlmanın həyatında əhəmiyyət kəsb edən mühüm suallar

1.Müsəlman öz etiqadını haradan öyrənməlidir? Allah bizimlədirmi? Allah göz ilə görsənirmi? Allahın ad və sifətlərini bilməyin nə faydası var? Allahın ad və sifətləri arasında nə fərq vardır? Qiyamət günü hansı növ şəfaət olacaqdır? Təvəssülün neçə növü var? Cənnət və Cəhənnəm hal-hazırda mövcuddurmu? Qədərə iman gətirmək nə deməkdir? və sairə mühüm suallar və cavabları.

1.Müsəlman öz etiqadını haradan öyrənməlidir? Müsəlman öz etiqadını Allahın kitabından və boş-boşuna danışmayan Peyğəmbərinin (s.a.v)səhih hədislərindən öyrənməlidir. O, havadan danışmır.(Nəcm: 3) Bütün bunlar səhabələrin və saleh sələflərin anlayışına uyğun olmalıdır.

2.İslam dininin neçə mərhələsi var? Dinin üç mərhələsi var: İslam, iman və ihsan.

3.İslam nədir və neçə əsası vardır? İslam, tövhid ilə Allaha təslim olmaq, itaət ilə Ona baş əymək, şirkdən və şirk edənlərdən uzaq olmaq. İslam özü beş əsas üzərində qurulmuşdur. Peyğəmbər (s.a.v) emişdir: “İslam beş əsas üzərində qurulmuşdur: Lə iləhə illəllah və Muhəmmədən rəsuləllah kəlməsinə (Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna) şahadət gətirmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və oruc tutmaq” Buxari və Müslim.

4.İman nədir və neçə əsası var? İman, qəlbi ilə etiqad etmək, dil ilə tələffüz etmək, əzalar ilə yerinə yetirməkdir. İman itaətlə çoxalır, asiliklə azalır. Uca Allah buyurur: {Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq göndərən Odur...} (əl-Fəth: 4). Peyğəmbər (s.a.v) demişdir: “İman yetmiş və bir neçə dərəcədən ibarətdir. Ən üstün dərəcəsi “Lə iləhə illəllah” kəlməsini deməkdir. Ən aşağı dərəcəsi isə, insanlara əziyyət verən bir şeyi yoldan götürməkdir. Həya isə, imanın dərəcələrindən biridir”. Müslim. Xeyir mövsimlərində itaətinin çoxalmasını, günah etdikdə isə, ibadətinin zəifləməsini görən hər bir müsəlman buna şahiddir. Uca Allah buyurur: {Həqiqətən yaxşı əməllər pis işləri yuyub aparar...} (Hud: 114). İmanın altı əsası vardır: Peyğəmbər (s.a.v) hədisində deyir: “İman Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərin xeyir-şərinə iman gətirməkdir”. Buxari və Müslim.

5.“Lə iləhə illəllah” kəlməsinin mənası nədir? Bu kəlmənin mənası ibadətin Allahdan başqasına aid olmasını inkar etmək, ibadətin yalnız Allaha məxsus olmasını təsdiqləməkdir.

6.Qiyamət günü nicat tapacaq firqə hansıdır? Peyğəmbər (s.a.v) demişdir: “Ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Birindən başqa, hamısı cəhənnəmə daxil olacaqdır". Orada olanlar: "Ey Allahın elçisi onlar kimlərdir?" – deyə soruşdular. Peyğəmbər (s.a.v) dedi: "Onlar, mənim və səhabələrimin tutduqları yolu tutanlardır” Əhməd və Tirmizi. Haqq yol Peyğəmbərin (s.a.v) və səhabələrinin getdikləri yoldur. Əziz qardaşım, əgər nicat tapmaq və əməllərinin qəbul olmasını istəyirsənsə, sən də bu yola itaət edənlərdən ol. Dinə yenilik gətirənlərdən olma.

7.Allah bizimlədirmi? Bəli, uca və nöqsansız Allah Öz elmi, eşitməyi, görməyi, qorumağı, əhatəyə almağı, qüdrəti və istəyi ilə bizimlədir. Onun zatı isə, məxluqatın özlərinə qarışmır və heç bir məxluq da Onu əhatə etmir.

8.Allah göz ilə görsənirmi? Qiblə əhli yekdil olaraq demişlər ki, Allahı dünyada heç kəs görən deyil. Möminlər isə, qiyamət günü Məhşər meydanında və Cənnətdə Allahı görəcəklər. Uca Allah buyurur: {O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!} (əl-Qiyamə: 22-23).

9.Allahın ad və sifətlərini bilməyin nə faydası var? Allahın Öz məxluqatına əmr etdiyi ilk vacib Onu tanımalarıdır. Əgər insanlar Onu tanısalar, Ona layiqincə ibadət edərlər. Uca Allah buyurur: {Bil ki, Allahdan başqa ibadətə layiq heç bir tanrı yoxdur.} (Muhəmməd: 19). Allahı geniş mərhəmət ilə xatırlamaq insana ümid verir. Onu şiddətli intiqam ilə yada salmaq adama qorxu hissi verir. Onun yeganə nemət verən olduğunu dərk etmək insanı şükr etməyə vadar edir. Allahın ad və sifətləri ilə Ona ibadət etməyin mənası, bu haqda dəqiq elmə yiyələnib mənasını bilmək və müvafiq əməl etməkdir. Allahın ad və sifətlərindən elələri vardır ki, onlarla vəsf olunan insan təqdir edilər. Məsələn elm, mərhəmət, ədalət və s. Elələri də vardır ki, onlarla vəsf olunan bəndə məzəmmət olunar. Məsələn ilahlıq, təkəbbürlülük və s. Həmçinin bəndəyə yaraşan və təqdir edilən elə sifətlər vardır ki, onların Allaha aid edilməsi qadağandır. Məsələn, qulluq, ehtiyac, təvazökarlıq, dua etmək və s. Allah üçün ən sevimli məxluq Onun sevdiyi sifətlərə yiyələnən kimsədir. Ən iyrənc məxluq isə, Onun sevmədiyi səfətlərə sahib olan kimsədir.
Uca Allah buyurur: {Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin...} (Əraf: 180). Səhih hədisdə Peyğəmbərin ق belə dediyi rəvayət olunur: “Allahın doxsan doqquz adı vardır. Kim onları sadalayarsa cənnətə daxil olar”. Bu adları "sadalamaq" dedikdə onların əhatə etdiyi mənalara əməl emtək nəzərdə tutulur. Məsələn "əl-Həkim" (Hikmətli) adını deyən insan bütün işlərində Allaha təslim olmalıdır. Çünki nə baş verirsə hamısı Onun hikməti ilə olur. "əl-Quddus" dedikdə Allahın hər bir nöqsandan pak olmasını düşünmək, Allahı təzim etmək və bu adla Ona dua etmək "əl-Quddus" adına əməl etmək sayılır.
Qurana və səhih hədislərə nəzər salan insan bu adları sadalaya bilər. Həmin adlar aşağıdakılardır: O, özündən başqa haqq ilah olmayan Allah, ər-Rəhman (Mərhəmətli), ər-Rəhim (Rəhmli), əl-Məlik (Hökmran), əl-Quddus (Müqəddəs), əs-Səlam (Pak), əl-Mumin (haqqı təsdiq edən), əl-Muhəymin (hər şeyi müşahidə edən), əl-Əziz (Qüdrətli), əl-Cəbbar (acizlərə, zəiflərə kömək edən), əl-Mutəkəbbir (Qürurlu), əl-Xaliq (Yaradan), əl-Bəri (Yoxdan var edən), əl-Musavvir (Surət verən), əl-Əvval (Əvvəl), əl-Əxir (Axır), əz-Zahir (Zahir), əl-Batin (Batin), əs-Səmii (eşidən), əl-Basir (görən), əl-Movlə (havadar), ən-Nasir (imdada çatan), əl-Afuvv (çox bağışlayan), əl-Qadir (güc-qüvvət sahibi), əl-Latif (hər şeyi incəliyinə qədər bilən, idarə edən), əl-Xəbir (hər şeydən xəbəri olan), əl-Vitr (tək olan), əl-Cəmil (gözəl), əl-Həyy (diri), əs-Sittir (eyibləri və günahları örtən), əl-Kəbir (əzəmətli), əl-Mutəal (hər şeydən uca), əl-Vahid (vahid), əl-Qəhhar (hər şeyi özünə tabe elətdirən), əl-Həqq (haqq olan), əl-Mubin (açıq-aşkar haqq olan), əl-Qaviyy (qüvvətli), əl-Mətin (yenilməz), əl-Həyy (həmişə diri), əl-Qəyyum (həmişə oyaq), əl-Aliyy (ən uca), əl-Azim (ən-Əzəmətli), əş-Şəkur (çox şükr edən), əl-Həlim (mülayim, rəhmli), əl-Vasi (hər şeydə əhatəli olan), əl-Aliim (hər şeyi bilən, xəbərdar olan), ət-Təvvab (tövbələri qəbul edən), əl-Həkim (hikmətli), əl-Ğaniyy (varlı, heç kəsə möhtacı olmayan), əl-Kərim (səxavətli, əliaçıq), əl-Əhəd (tək olan), əs-Saməd (heç kəsə möhtacı olmayan), əl-Qarib (hər kəsə yaxın), əl-Mucib (duaları, istəkləri qəbul edən), əl-Ğafur (çox bağışlayan), əl-Vadud (çox sevən, nəvaziş göstərən), əl-Valiyy (dost), əl-Həmid (çox təriflənən), əl-Hafiz (qoruyan), əl-Məcid (ən əzəmətli sifətlərin sahibi), əl-Fəttah (ən gözəl və insaflı hökm edən), əş-Şəhid (hər şeydən agah olan), əl-Muqaddim (istədiyi bəndəsini önə çəkən), əl-Muaxxir (geridə qoyan), əl-Məliik (mülk əlində olan), əl-Muqtədir (qüdrətli), əl-Musəiir (alovlandıran), əl-Qabid (ruhları alan, yaxud ruzini azaldan), əl-Basit (bol ruzi verən, asanlaşdıran), ər-Raziq (ruzi verən), əl-Qahir (hakim olan), əd-Dəyyan (haqq-hesaba çəkən), əş-Şə~kir (şükr edən), əl-Mənnan (nemət bəxş edən), əl-Qadir (qadir olan), əl-Xalləq (yoxdan yaradan), əl-Malik (mülk sahibi), ər-Rəzzaq (bol ruzi verən), əl-Vakil (bəndələrinin işlərini ram edən), ər-Raqib (bəndələrin nə etdiklərini müşahidə edən), əl-Muhsin (sonsuz yaxşılıq edən), əl-Həsib (təvəkkül edənlərə sahib çıxan), əş-Şafi (şəfa verən), ər-Rafiq (mülayim), əl-Mu`ti (əta edən), əl-Muqit (hər kəsin ruzisini verən), əs-Səyyid (ağa), ət-Tayyib (pak, müqəddəs), əl-Həkəm (ədalətli hakim), əl-Əkram (çox səxavətli), əl-Bərr (qarşılıqsız əta edən), əl-Ğəffar (çox bağışlayan), ər-Rauf (çox mülayim), əl-Vahhab (verdiyinin qarşılığını tələb etməyən), əl-Cavad (səxavətli), əs-Subbuh (heç bir məxluquna tay olmayan), əl-Varis (daim yaşayan), ər-Rabb (rəbb, sahib), əl-Ə`la (ən uca), əl-İlah (məbud, ilah).

10.Allahın ad və sifətləri arasında nə fərq vardır? Allahın ad və sifətlərinə and içmək və sığınmaq olar. Bu baxımından onlar müştərək sayılırlar. Lakin bunlar arasında fərqlər var və ən önəmli fərqlər aşağıdakılardır. Birinci: Allahın adları ilə dua etmək və bu adların əvvəlinə “Abd” sözünü əlavə edib, insana ad qoymaq icazəlidir. Amma sifətlər ilə bunu etmək olmaz. Məsələn, “əl-Kərim” adından “Əbdül-Kərim” adı qoymaq olar, amma “əl-Kərəm” sifətindən “Əbdül-Kərəm” adı düzəltmək olmaz. Həmçinin “əl-Kərim” adını “Ey Kərim olan Allah” deyərək, dua etmək olar. Amma “əl-Kərəm” sifətini “Ey Allahın kərəmi” deyib, dua etmək olmaz. İkinci: Allahın adlarından sifət düzəltmək olar. Məsələn “ər-Rəhman” adından rəhmət sifəti düzəltmək olar. Lakin Allahın sifətlərindən şəriətin demədiyi adları düzəltmək olmaz. Məsələn, istiva sifətindən “əl-Mustəvi” adı düzəltmək olmaz. Üçüncü: Allahın fellərindən şəriətin demədiyi adları düzəltmək olmaz. Allahın fellərindən biri qəzəblənmək felidir. Amma bu feldən “əl-Ğadib”, yəni qəzəblənən adı düzəltmək olmaz. Allahın sifətlərini isə, fellərindən düzəltmək olar. Qəzəblənmək sifətini Allaha nisbət edirik. Çünki qəzəblənmək Onun fellərindən biridir.


11.Mələklərə iman gətirmək nə deməkdir? Mələklərə iman gətirmək onların mövcudluğunu, Allahın onları Özünə ibadət etmələri və əmrlərini icra etmələri üçün yaratdığını qəti olaraq təsdiq etmək. {(Mələklər) möhtərəm qullardır. Ondan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər} əl-Ənbiya: 26-27. Mələklərə iman gətirmək bir neçə məsələyə şamil olunur: 1. Onların varlığına iman gətirmək. 2. Adlarını bildiyimiz mələklərə iman gətirmək. Məsələn, Cəbrail. 3. Bizə bəlli olan sifətrlərinə iman gətirmək. Məsələn, onların əzəmətli yaradılışlarına. 4. Onlara xas olan bildiyimiz vəzifələrinə iman gətirmək. Məsələn, ölüm mələyi kimi.

12.Quran nədir? Quran oxunması ibadət sayılan Allah kəlamıdır. Bu kəlam ondan başlamış, Ona da qayıdacaqdır. O, bu kəlamı həqiqi olaraq hərflər və səslə danışmış, Cəbrail Ondan eşitmiş, sonra gəlib Peyğəmbərimiz Muhammədə ق çatdırmışdır. Eləcə də səmavi kitabların hamısı Allahın kəlamıdır.

13.Təkcə Quranla kifayətlənib, Peyğəmbərin (s.a.v) hədislərinə ehtiyac duymamaq olarmı? Belə etmək olmaz. Uca Allah bu ayədə Peyğəmbərin (s.a.v) hədislərinə əməl etməyi əmr edərək buyurur: {...Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin...} Hədislər Quranın mənasını açıqlamaq üçün nazil olmuşdur. Hədislərsiz dini tam təfsilatı ilə bilmək mümkün deyildir. Məsələn, namaz məsələləri kimi. Peyğəmbər (s.a.v) demişdir: “Həqiqətən mənə Quran və onun misli (hədislər) verilmişdir. Yaxın zamanlarda qarnı tox kimsə mütəkkəyə dirsəklənib (hədisləri inkar edərək), belə deyəcəkdir: Siz, yalnız bu Quranla kifayətlənin. Yalnız orada deyilən halalı halal, haramı isə, haram kimi qəbul edin” Əhməd və Əbu Davud.

14.Peyğəmbərlərə iman gətirmək nə deməkdir? Peyğəmbərlərə iman gətirmək Allah tərəfindən hər ümmətə yalnız Ona ibadət etməyə çağıran, Ondan başqa ibadət olunanlara küfr etməyə səsləyən Peyğəmbərlər göndərdiyinə iman gətirməkdir. Həmçinin onların sözlərində düz olan, təsdiqlənən, doğru yol tutan, hörmətli, günahsız, təqvalı, əmin-aman, düzgün, haqq yolun yolçusu olub, öz şəriətlərini tam olaraq təbliğ edən, məxluqatın ən üstünü və doğulduqları gündən ölənə qədər Allaha şərik qoşmaqdan qorunan peyğəmbərlər olduqlarını qəti təsdiqləməkdir.

15.Axirət gününə iman gətirmək nə deməkdir? Axirət gününə iman gətirmək bu günün mütləq baş verəcəyini qəti təsdiq etməkdir. Bu növ imana ölüm, ölümdən sonra gələn qəbr imtahanına, əzabına və rahatlığına iman gətirmək daxildir. Həmçinin Sura üfürüləcəyinə, insanların Allahın hüzuruna qalxacaqlarına, əməl dəftərlərinin sərgilənəcəyinə, tərəzi¬nin qoyulacağına, Sırat körpüsünün qurulacağına, hovuza, şəfaətə, sonda isə, insanın cənnətə və ya cəhənnəmə düşəcəyinə iman gətirməkdir.

16.Qiyamət günü hansı növ şəfaət olacaqdır? Bunun bir neçə növü var və ən önəmlisi budur: 1. Böyük şəfaət: Qiyamət günü insanlar haqq-hesabın başlanmasını əlli min il gözlədikdən sonra Peyğəmbər (s.a.v) Rəbbinin hüzurunda insanların haqq-hesabının başladılmasına dair şəfaətçi olacaqdır. Bu, Peyğəmbərimiz Muhəmmədə (s.a.v) xas olan şəfaətdir. Bu, ona vəd edilən “həmd olunan məqam”dır (Məqamul Məhmud). 2. Cənnətin qapılarının açılması üçün şəfaətçi olmaq: Qapıların açılmasını tələb edən birinci insan Peyğəmbərimiz Muhəmməd (s.a.v), oraya daxil olan birinci ümmət isə, onun ümməti olacaqdır. 3. Cəhənnəmə düşmələri hökm olunan bir qrup insanların oraya düşməməsi üçün şəfaətçi olmaq. 4. Böyük günah edib, cəhənnəmə düşən tövhid əhlinin oradan çıxardılmaları üçün şəfaətçi olmaq. 5. Cənnət əhlindən bəzi insanların dərəcələrinin yüksəldilməsi üçün şəfaətçi olmaq. Axırıncı üç növ şəfaət Peyğəmbərimizə (s.a.v) xas deyil, amma bu işlərdə o, birinci olacaqdır. Ondan sonra digər peyğəmbərlər, mələklər, salehlər və şəhidlər olacaqlar. 6. Bir dəstə insanın haqq-hesabsız cənnətə daxil olmaları üçün şəfaətçi olmaq. 7. Bəzi kafirlərin əzabının yüngülləşdirilməsi üçün şəfaətçi olmaq. Bu, Peyğəmbərimizin ق əmisi Əbu Talibin əzabının yüngülləşdirilməsi üçün etdiyi xüsusi şəfaətdir. Bu şəfaətlərdən əlavə, uca Allah öz rəhməti ilə heç kəsin şəfaəti olmadan tövhid etiqadı ilə ölmüş sayını yalnız Özünün bildiyi qədər insanları cəhənnəmdən çıxarıb, rəhməti ilə cənnətə salacaqdır.

17.Dirilərdən kömək diləmək və ya şəfaət istəmək olarmı? Bəli, olar. Şəriət başqalarına kömək etməyə rəğbətləndirmişdir. Uca Allah buyurur: {Yaxşılıq etməkdə əlbir olun...}. Peyğəmbər (s.a.v) buyurur: “Bir bəndə öz qardaşının köməyində olduqca Allah da onun köməyində olar” Müslim. Şəfaət etməyin isə böyük savabı var. Bu vasitəçi olmaq mənasına da gəlir. Uca Allah buyurur: {Yaxşı işə vasitəçi olana (onun savabından), bir pay düşür...} ən-Nisa: 85. Peyğəmbər (s.a.v) demişdir: “Şəfaətçi (vasitəçi) olub savab qazanın” Buxari. Bütün bunlar aşağıdakı şərtlər əsasında olmalıdır: 1. Bu müraciət sağ adama ünvanlanmalıdır. Axı, ölü özünə fayda verə bilmədiyi halda, başqasına necə xeyir verə bilər! 2. Kömək istənilən kimsə, danışılanı başa düşməlidir. 3. Kömək istədiyi kimsə yanında olmalıdır. 4. İstənilən kömək onun iqtidarında olmalıdır. 5. İstək və kömək dünyəvi işlərdə olmalıdır. 6. Bu, zərəri olmayan icazəli iş üçün olmalıdır.

18.Təvəssülün neçə növü var? Təvəssül iki növdür; Birinci: İcazəli. Bunun üç növü var: 1. Allahın ad və sifətləri ilə Ona təvəssül etmək. 2. Bəzi yaxşı əməllərlə Allaha təvəssül etmək. Mağaraya düşmüş üç nəfərin hadisəsi buna misaldır. 3. Duasının qəbul olunması ehtimal olunan yanındakı əməlisaleh sağ müsəlmanın duası ilə təvəssül etmək. İkinci: Haram. Bunun da iki növü var: 1. Peyğəmbərin (s.a.v) və ya övliyanın hörməti ilə Allahdan istəmək. Məsələn, Allahım Peyğəmbərinin, yaxud İmam Hüseynin xətrinə Səndən istəyirəm. Düzdür, Peyğəmbərin (s.a.v) və əməlisaleh bəndələrin Allah yanında xətirləri böyükdür. Amma xeyirli işlərə bizdən daha çox həris olan səhabələr quraqlıq baş verdikdə Peyğəmbərin (s.a.v) qəbri onlara yaxın olduğu halda, yenə də onun xətri ilə təvəssül etmədilər. Onlar Peyğəmbərin (s.a.v) əmisi Abbasın (r.a) duası ilə təvəssül etdilər. 2. Peyğəmbərə, yaxud övliyaya and içərək bəndənin Rəbbindən istəməsi. Məsələn, Allahım Sənin övliyan filankəsə, yaxud filan peyğəmbərinin haqqını Sənə and verərək, filan şeyi istəyirəm. Çünki məxluqu məxluqa and vermək qadağandır. Məxluqu Allaha and vermək isə, daha pisdir. Bəndə Allaha itaət etməklə Onun üzərində haqq qazanmır.

19.Ölülərdən və qeybdə olanlardan dua edib diləmək nə dərəcədə doğrudur? Ölülərdən və ya qeybdə olanlardan dua edib diləmək şirkdir. Çünki dua bir ibadətdir. Buna yalnız Allah layiqdir. Uca Allah buyurur: {...Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu danacaqlar...} Fatir: 13-14. Peyğəmbər (s.a.v) demişdir: “Kim Allahdan başqasına dua edib ölərsə, cəhənnəmə daxil olar” Buxari. Ölü insan dirilərin duasına möhtac olduğu halda, ondan necə dua edib istəmək olar? Sağ insan yaxşı işlər görüb, savab qazana bilir, amma ölmüş insanın bu dünyadan əməli kəsilib. Ona çatan yalnız duanın və sairənin savabıdır. Ölü onun üçün dua etdikdə sevinir. Əgər ölü özü duaya möhtacdırsa, ona dua edib diləmək nə dərəcədə doğru olar? Qeybdə olan özündən uzaqda olanı eşitmirsə, onun duasını necə qəbul edə bilər?!

20.Cənnət və Cəhənnəm hal-hazırda mövcuddurmu? Bəli. Uca Allah onları insanlardan öncə yaratmışdır. Onlar heç vaxt yox olmurlar. Allah Öz lütfü ilə cənnət, ədaləti ilə cəhənnəm əhalisi yaratmışdır. Hər bir məxluq isə, yaradıldığı qayə üçün müyəssər edilmişdir.

21.Qədərə iman gətirmək nə deməkdir? Bu, baş verən xeyir və şərin Allahın qəza və qədəri ilə olduğunu qəti olaraq təsdiqləmək, Allahın istədiyini etdiyinə tam yəqin olmaqdır. Peyğəmbər (s.a.v) demişdir: “Əgər Allah göylərinin və yerinin əhalisinə əzab versə, onlara zülm etmiş sayılmaz. Əgər onlara rəhm etsə, Onun rəhməti onlar üçün öz əməllərindən daha xeyirli olar. Qədərə, başına gələcək işin səndən yan keçməyəcəyinə, yan keçən işin isə, başına gəlməyəcəyinə iman gətirmədikcə Allah yolunda Uhud dağı ağırlığında qızıl sədəqə etsən belə, səndən qəbul olunmaz. Bundan qeyri etiqad üzərində ölsən, cəhənnəmə daxil olacaqsan” Əhməd və Əbu Davud. Qədərə iman gətirmək dörd məsələni əhatə edir: 1. Uca Allahın hər şeyi təfsilatlı və təfsilatsız bildiyinə iman gətirmək. 2. Uca Allahın bütün bunları “Lövhü-Məhfuzda” (qorunan kitabda) yazdığına iman gətirmək. Peyğəmbər (s.a.v) demişdir: “Allah məxluqatı yaratmamışdan əlli min il öncə onların qədərini yazmışdır” Müslim. 3. Allahın həyata keçən və heç bir şeyin mane ola bilmədiyi istəyinə, heç nəyin qarşısında aciz olmayan qüdrətinə iman gətirmək. O nə istəyirsə, olur, nəyi istəmirsə, o da olmur. 4. Allahın hər şeyin yaradanı olduğuna, Ondan başqa nə varsa, hamısının yaradılmış olduğuna iman gətirmək.

22.Yaradılmışların həqiqi qüdrəti, istəyi və iradəsi varmı? Bəli, insanın istəyi, iradəsi və seçimi vardır. Lakin bununla belə, Allahın istəyindən kənara çıxmır. Uca Allah buyurur: {Allah istəməsə, siz istəyə bilməzsiniz!} Təkvir: 29. Peyğəmbər (s.a.v) demişdir: “Siz əməl edin. Hər kəs yaradıldığını etməyə müyəssər edilmişdir” Buxari və Müslim. Allah bizə doğru ilə səhvi ayırd etmək üçün ağıl, eşitmə və görmə qabiliyyəti vermişdir. Heç ağıllı insan da oğurluq edib sonra: “bunu Allah mənim qədərimə yazıb” – deyərmi?! Əgər o belə desə, insanlar yenə də onu üzürlü hesab etməz, əksinə, cəzalandırılar və deyilər ki, elə bu cəzanı da Allah sənin qədərinə yazmışdır. Qədəri dəlil götürmək, yaxud onunla üzrxahlıq etmək olmaz. Bu bir uydurmadır. Uca Allah buyurur: {Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər...} əl-Ənam: 148.

23.İhsan nədir? Peyğəmbər (s.a.v) bu haqda soruşan kimsəyə belə cavab vermişdir: “İhsan, Allaha Onu görürmüş kimi ibadət etməkdir. Sən Onu görməsən də, O səni görür” Buxari və Müslim. Mətn Müslimindir. İhsan, dinin üç mərhələsinin ən yüksəyidir.

24.Saleh əməllərin qəbul olunması üçün hansı şərtlər vardır? Şərtlər bunlardır: 1. Allaha iman gətirmək və Onu tək tutmaq. Belə ki, müşrikin əməli qəbul olunmur. 2. İxlas. Edilən əməldə Allahın rizasını güdmək. 3. Əməli Peyğəmbərin (s.a.v) dediyinə uyğun etmək. Allaha yalnız onun şəriəti ilə ibadət etmək. Əgər bu şərtlərdən biri olmazsa, əməl də rədd olunar. Uca Allah buyurur: {Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik!} əl-Furqan:23.

25.Aramızda ixtilaf baş verərsə, nəyə müraciət etməliyik? Bu halda pak şəriətə müraciət etməliyik. Məsələnin həlli Allahın kitabı və Peyğəmbərinin (s.a.v) sünnəsidir (hədisləridir). Uca Allah buyurur: {Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!} ən-Nisa: 59. Peyğəmbər (s.a.v) demişdir: “Mən sizə iki şeyi: Allahın kitabını və Peyğəmbərinin sünnəsini – qoyub gedirəm. Siz onlardan tutunduqca yolunuzu azmazsınız.” Əhməd.

26.Tövhidin neçə qismi var? Tövhidin üç qismi var: 1. Rübubiyyə tövhidi; Mənası, Allahı yaratmaq, ruzi vermək, diriltmək və sairə bu kimi felləri ilə tək tutmaq. Peyğəmbərimiz (s.a.v) göndərilmədən öncə kafirlər bu qism tövhidi qəbul edirdilər. 2. Uluhiyyə tövhidi; Mənası, Allahı namaz, nəzir, sədəqə və sairə bu kimi ibadətlərlə tək tutmaq deməkdir. Allahı ibadətdə tək tutmaqdan ötrü peyğəmbərlər göndərilmiş, kitablar nazil olmuşdur. 3. Ad və sifətlər tövhidi; Mənası, Allah və rəsulunun isbat etdikləri gözəl adları və uca sifətləri heç bir təhrifə, inkara, keyfiyyətə və oxşatmaya varmadan olduğu kimi Allaha aid etməkdir.

27.Övliya (dost) kimdir? Övliya, əməlisaleh və təqva sahibi olan mömin bəndədir. Uca Allah buyurur: {Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər} Yunus: 62 – 63. Peyğəmbər (s.a.v) demişdir: “Həqiqətən mənim dostum Allah və əməlisaleh möminlərdir” Buxari və Müslim.

28.Peyğəmbərin (s.a.v) səhabələrinə münasibətimiz necə olmalıdır? Biz, onları sevməli, onlar üçün Allahdan razılıq diləməli, onlara qarşı qəlbimizi və dilimizi salamat tutmalı, onların məziyyətlərini yaymalı, etdikləri mənfi işlərə və aralarında baş verən söz-söhbətə qarışmamalıyıq. Onlar günahlardan sığortalanmayıblar (məsum deyillər). Onlar ictihad ediblər. Düzgün qərar verənlər iki, səhv qərar verənlər isə, ictihadlarına görə bir savab qazanıblar. Onlar etdikləri səhv bağışlanandır. Əgər onlar hər hansı pis iş görüblərsə, əldə etdikləri məziyyətlər bunu örtür, təmizləyir. Peyğəmbər (s.a.v) demişdir: “Mənim səhabələrimi söyməyin. Nəfsim əlində olana and olsun, əgər sizlərdən biriniz Uhud dağı qədər qızıl sədəqə edərsə, bu, onların xərclədikləri bir və ya yarım ovuca çatmaz” Buxari və Müslim. Allah bütün səhabələrdən razı olsun.

29.Peyğəmbəri (s.a.v) Allahın bəxş etdiyi məqamdan uca tutaraq onu tərifləməkdə mübaliğə etmək olarmı? Heç şübhə yoxdur ki, Peyğəmbərimiz Muhəmməd (s.a.v) Allahın yaratdıqları arasında ən şərəfli və ən ləyaqətli olanıdır. Nəsranilər Məryəm oğlu İsanı ؛ tərifləməkdə ifrata vardıqları kimi, biz də, onu tərifləməkdə ifrata varmamalıyıq. Çünki Peyğəmbərimiz ؛ bunu qadağan edərək demişdir: “Nəsranilər Məryəm oğlunu mədh etdikləri kimi, məni mədh etməyin. Mən, sadəcə olaraq, Onun quluyam. Siz də mənə Allahın qulu və elçisi deyin” Buxari.

30.Qorxunun neçə növü var? Qorxunun dörd növü var: 1. Vacib qorxu. Buraya Allah qorxusu daxildir. Çünki iman iki əsas: məhəbbət və qorxu kamilliyi – üzərində dayanır. 2. Şirk olan qorxu. Bu, müşriklərin ilahlarının ziyan verəcəyindən qorxmaqdır. 3. Haram qorxu. Bu, insanlardan qorxaraq, vacib əməli tərk etmək, yaxud haram işi görməkdir. 4. İcazəli qorxu. Buraya təbii qorxu daxildir. Məsələn, canavardan və sairədən qorxmaq.


Tarix: 11.04.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1175 Bölmə: Maraqlı melumatlar
loading...