beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əshabələr barəsində yayılmış şübhələr və cavabı (6-11)

Altincı şübhə:
«Müaviyənin (r.a) Həcər ibn Ədiyni qətlə yetirməsi»

Deyirlər ki, Müaviyə Həcər ibn Ədiy adlı əshabəni zalımcasına öldürmüşdür.
Onun əshabə yoxsa tabiin olması barədə fikir ayrılığı mövcuddur. Cumhur (əksər) alimlər onun əshabə yox, tabiin olduğu qənaətindədirlər. Bu, Buxari, Əbu Hatim ər-Razi, İbn Hibban, İbn Səəd, Xəlifə ibn Xəyyat və digər alimlərin rəyidir. Onlar deyirlər ki, Həcər ibn Ədiy əshabələrdən deyil, tabiinlərdən idi. ( əl-İsabə: 1, 313.)

Müaviyə, Həcər ibn Ədini nə üçün öldürmüşdür?
Həcər ibn Ədiy, Əli ibn Əbu Talibin tərəfdarlarından biri idi. Siffin döyüşündə də onunla bərabər döyüşmüşdü. Həsən (r.a) xilafəti Müaviyəyə (r.a) təhvil verəndən sonra vəziyyət sakitləşmişdi. Həmin il camaat ili olaraq adlanırdı. Xilafət təmamilə Müaviyədə olandan sonra, Kufə şəhərinə Ziyad ibn Əbihi, yaxud Ziyad ibn Əbu Sufyanı vali təyin etdi. Kufə camaatının necəliyi göz qabağındadır. Əlini öldürən, oğlu Həsənə xəyanət edən, Hüseyni aldadan onlar olublar. Həmçinin Ömərin vaxtında Səədin valiliyinə etiraz etmişdilər. Eləcə də əl-Valid ibn Uqbənin və Əbu Musa əl-Əşarinin valiliyinə də etiraz etməkdən yan keçməmişdilər. Ümumiyyətlə tarix boyu heç kəs onları qılıncdan başqa bir üsulla razı sala bilməmişdir.
Ziyad Bəsrə şəhərinin, Əli  tərəfindən təyin edilmiş valisi idi. O, Əli ibn Əbu Talibin valilərindən sayılırdı. ( Tarix, Xəlifə in Xəyyat: 201-202.)
Müaviyə xilafətə tam şəkildə sahib olanda onu Bəsrənin valiliyində saxladı və Kufəni də onun ixtiyarına verdi.
Deyilənlərə görə, bir dəfə Ziyad cümə xütbəsi verərkən, xütbəni uzadır. Bu zaman Həcər ibn Ədiyy qalxıb deyir: "Namaz, namaz".
Ziyad isə xütbə deməkdə davam edirdi. Bunu görən Həcər ibn Ədiy qalxıb onu daşa basdı. Həcər ibn Ədinin tərəfdarları da qalxıb xütbə verən yerdə Ziyadı daşladılar. Ziyad baş verənlər haqqında Müaviyəyə xəbər göndərdi. Müaviyə Həcər ibn Ədinin yanına gətirilməsi, sonra onun öldürülməsi əmrini verdi. Çünki o, fitnə törətmək istəyirdi.
(əl-İsabə: 1, 313. Siyəru Əlam ən-Nubəla: 3, 463-466. Məsələnin təfsilatını bilmək üçün əl-Bidayə vən Nihayə əsərinə (8, 52) baxın.)

Müaviyə (r.a) isə fitnənin qarşısını kökündən almaq istəyirdi. Ona görə də onun öldürülməsini əmr etmişdi. Aişə (r.anha) Müaviyəyə (r.a) Həcər ibn Ədini nə üçün öldürmüsən? - deyəndə, cavabı belə olmuşdu: "Qiyamət günü Allah qarşısında qarşılaşanadək mən və Həcərlə işin olmasın". ( əl-Bidayə vən Nihayə: 8, 55. əl-Əvasim Minəl Qəvasim: səh, 220.)

Əsrlər öncə baş vermiş ixtilaflı məsələyə müsəlman – “doğrusunu Allah bilir!” deməlidir.

Yeddinci şübhə:
«Ömərin Əbu Bəkrə edilən beyəti "təsadüfi" adlandırması»

Deyirlər ki, Ömər Əbu Bəkr əs-Siddiqin beyətinin, təsadüfən olduğunu demişdir. Biz isə deyirik: Bəli, Ömərin Əbu Bəkr əs-Siddiqin beyətinin təsadüfən olduğunu deməsi doğrudur. Lakin gəlin Buxarinin Səhih əsərində nəql edilmiş bir rəvayətə nəzər salaq, sonra məsələyə hökm verək.
İbn Abbas deyir ki, "Ömər ibn əl-Xəttab bəzi insanların belə dediyini eşidir: "Əgər Ömər ölərsə mən filankəsə beyət edəcəyəm. Doğrudan da, Əbu Bəkrin beyəti bir səhv idi".
Ömər ibn Xəttab bu sözləri eşidərkən deyir: "Mən sizin bu sözlərinizi, "əgər Ömər ölərsə mən filankəsə beyət edəcəyəm" – eşitmişəm. Lakin heç kəs Əbu Bəkrin beyətinin təsadüfən olduğunu deməyə cürət etməsin. Bəli, hətta bu belə olsa da, həmin vaxt Allah, xoşagəlməz hadisələrin baş verməsinə izn vermədi. Sizin aranızda Əbu Bəkr kimi, uzun yol qət edilib ziyarət ediləcək ikinci kimsə yoxdur".
Sonra Ömər Əbu Bəkrlə birlikdə Ənsarları görmək üçün Bənu Saidə çardağına getməsi haqqında danışdı və orada bu sözləri dediyini qeyd etdi: "Allaha and olsun ki, mən o zaman çox xoşuma gələn gözəl sözlər fikirləşmişdim və birinci özüm danışmaq istəyirdim. Mən buna görə çox hirslənir, Əbu Bəkr əs-Siddiqin yerinə özüm danışmaq istəyirdim. Mən danışmaq istəyəndə Əbu Bəkr tələsməməyimi dedi. Mən də onu qəzəbləndirmək istəmədim. O məndən daha mərhəmətli və daha qürurlu idi. Allaha and olsun o, mənim fikirləşdiyim sözlərin hamısını və ondan da gözəlini qeyd etdi. Belə olan təqdirdə mən artıq susdum. Sonra Əbu Bəkr sözünə davam edərək dedi: "Siz dediyiniz xeyirli işlərə layiqlisiniz. Lakin bu iş (xəlifəlik) Qureyşlilərə məxsus olaraq qalacaqdır. Onlar ərəblər arasında ən gözəl nəsəbə və məkana (Kəbəyə) sahibdirlər. Mən sizin üçün bu iki nəfərdən birini (yəni, Əbu Ubeydəni və Öməri) təklif edirəm. Siz hansını istəyirsiniz ona da beyət edin". Ömər deyir: "O bizim ikimizin arasında oturmuşdu. Birdən mənim və Əbu Ubeydənin əlindən tutdu. Onun dediyi sözlər arasında yalnız sonuncu sözlər mənə ağır gəldi. Allaha and olsun, aralarında Əbu Bəkr olan bir camaata başçılıq edib günaha batmaqdansa, öz istəyimlə başımın vurulması mənə daha xoşdur". Daha sonra Ömər dedi: "Allaha and olsun, orada olanlar Əbu Bəkrə beyət etməkdən daha üstün bir nəticəyə gələ bilmədilər. Öz aramızdan bir nəfərə beyət etməmiş oradan ayrılmağa ehtiyatlandıq. Qorxduq ki, insanlar kiməsə beyət olunmadığını görüb bizdən sonra öz aralarından kiməsə beyət edərlər. Belə olan təqdirdə biz ya onlarla bərabər istəmədiyimiz adama beyət etməli, yaxud onlara müxalif olub fitnə-fəsada qapı açmalıydıq. Kim müsəlmanlarla məsləhətləşmədən bir insana beyət edərsə, onları döyüşə cürətləndirməmək üçün ona və ona beyət edənə itaət edilməz".
( Səhih əl-Buxari: Kitab əl-Hudud; Bab, Rəcmul hublə minəz zina izə əhsanət, ? 3930.)

Bu, beyət hadisəsi haqqında olan rəvayətdir. Bəli, bu təsadüfən baş vermişdi, lakin bunun da öz tarixçəsi vardır. Biz bu barədə Bənu Saidə evi haqqında danışarkən geniş məlumat vermişdik. Demək bu, heç də Ömərə qarşı tənə deyildir.

Səkkizinci şübhə:
«"Allahın elçisi sayıqlayır." – sözlərinin Ömərin adından uydurulan böhtan olması»

İbn Abbas (r.a) deyir ki, Peyğəmbər (s.a.v) ölüm ayağında olarkən evdə bir çox insanlar var idi. Ömər də onların arasında idi. Peyğəmbər (s.a.v) dedi: "Gəlin sizin üçün bir yazı yazım ki, bundan sonra yolunuzu azmayasınız". Ömər dedi: "Peyğəmbərin ağrıları çoxalıb. Quran mövcuddur. Allahın kitabı bizə yetərlidir".
Evdə olanlar bu məsələdə fikir ayrılığına düşdülər və mübahisə etdilər. Bəziləri deyir gətirin qoy Allahın elçisi sizin üçün bir yazı yazsın ki, bundan sonra yolunuzu azmayasınız. Bəziləri isə Ömərin dediyini deyirdilər. Onlar Peyğəmbərin (s.a.v) hüzurunda çox ixtilaf və boşboğazlıq etdikdə Peyğəmbər (s.a.v) dedi: "Çıxın bayıra". Buxari və Muslim.
(Səhih əl-Buxari. Kitabətul Elm. Bab, Kitabul Elm, 114. Səhihi Müslim. Kitabul Vəsiyyət, 1627.)

Onlar bu hədislə Peyğəmbərin (s.a.v) əshabələrinə tənə etmək üçün yalandan deyirlər ki, guya Ömər deyib ki, "Allahın elçisi sayıqlayır."
(Fəsəlu Əhləz Zikr, səh, 144 və 179. Bu sözlərin müəllifi Ticani, bunları yalan və iftira olaraq Buxarinin adına ünvanlamışdır.)

Bu isə Ömərin adından uydurulmuş ağ yalandır. Ömər, Peyğəmbərin (s.a.v) sayıqladığını deməmişdir. İki səhih və digər kitablarda nəql olunan rəvayətlərə əsasən Ömər belə demişdir: "Peyğəmbərin (s.a.v) ağrıları çoxalmışdır". Həmin zaman Peyğəmbərin (s.a.v) ölüm qabağı ağrıları şiddətlənmişdi. Aişənin hədisi deyilənləri daha da açıqlayır. Belə ki, Peyğəmbər (s.a.v) huşunu itirəndən sonra özünə gəldikdə demişdi: "Camaat namazı qıldımı?"
Aişə dedi: "Ey Allahın elçisi, onlar səni gözləyirlər". Sonra Peyğəmbərə (s.a.v) yuyunmaq üçün su təqdim etdilər. Peyğəmbər (s.a.v) yuyunduqdan sonra ayağa durub namaza getmək istədikdə huşunu itirib yerə yıxıldı. Ona və ailəsinə Allahın salavatı və salamı olsun! Daha sonra özünə gəldikdə dedi: "Camaat, namazı qıldımı?"
Dedilər: "Ey Allahın elçisi, onlar səni gözləyirlər". Peyğəmbər (s.a.v) dedi: "Mənə su gətirin". Suyu gətirdilər və o yuyundu. Sonra ayağa durub namaza getmək istədikdə huşunu itirib yerə yıxıldı. Ona və ailəsinə Allahın salavatı və salamı olsun! Atam anam ona fəda olsun.
Üçüncü dəfə huşunu itirib ayıldıqda dedi: "Camaat, namazı qıldımı?"
Dedilər: "Onlar səni gözləyirlər".
Peyğəmbər (s.a.v) dedi: "Əbu Bəkrə deyin, qoy camaata namaz qıldırsın".
(Səhih əl-Buxari. Kitabətul əzan. Bab, İnnəmə cuiləl imam liyutəmmə bihi, 687. Səhihi Müslim. Kitabus salat, 418.)

Abdullah ibn Məsud (r.a) Peyğəmbərin (s.a.v) şiddətli ağrı keçirtdiyini gördükdə ona qarşı şəfqətlənib dedi: "Ey Allahın elçisi, sən çox ağrı hissi keçirirsən". Peyğəmbər (s.a.v) dedi: "Mən, sizlərdən iki nəfərin ağrısı kimi ağrı çəkirəm". İbn Məsud dedi: "Ey Allahın elçisi, bu sənin ikiqat savab qazandığına görədir?" Peyğəmbər (s.a.v) dedi: "Bəli".
(Səhih əl-Buxari. Kitabətul mərda. Bab, şəddunnəsi bələan, 5648. Səhihi Müslim. Kitabul birr vəs silə, 3571.)

Peyğəmbər (s.a.v) şiddətli ağrı hissləri keçirirdi. Ömər Peyğəmbərin (s.a.v) "Gəlin sizin üçün bir yazı yazım ki, bundan sonra yolunuzu azmayasınız" – bu sözlərini eşitdikdə ona şəfqət göstərib dedi: "Peyğəmbərin (s.a.v) ağrıları çoxalıb, Allahın kitabı bizə yetərlidir".
Biz, Ömərin bu sözünün Allahın bu ayəsinə müvafiq olduğunu deyirik. Allah təala buyurur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim".
(əl-Maidə: 3.)

Peyğəmbər (s.a.v) demişdir: "Allaha and olsun, Allaha və cənnətə yaxınlaşdıran elə bir əməl yoxdur ki, onun haqqında sizə məlumat verməyim. Allahın əmr etdiyi elə bir şey qalmamışdır ki, sizə onu əmr etməyim. Allahın qadağan etdiyi elə bir şey də qalmamışdır ki, sizi ondan çəkindirməyim".
(Silsilətul Əhadis əs-Səhihə: 4, 417, 1890-cı hədisin şərhi əsnasında qeyd edilmişdir.)

Peyğəmbərin (s.a.v) din barəsində bizə çatdırmadığı bir şey qalmamışdı. Bəs Peyğəmbərin  yazmaq istədiyi nə idi?
İmam Əhməd "Musnəd" kitabında Əlinin belə dediyini rəvayət edir: “Biz Peyğəmbərin (s.a.v) yanındaydıq. Birdən o, mənə ümmətinin özündən sonra yolunu azmaması üçün yazı yazmağa bir şey gətirməyi əmr etdi. Əli deyir: "Mən onun (həmin vaxt ərzində) vəfat edəcəyindən qorxub dedim: "Ey Allahın elçisi, mən yaxşı əzbərləyir və başa düşürəm". Peyğəmbər (s.a.v) dedi: "Mən sizə, namaz və zəkata dəvamiyyətli olmağı, itaətinizdə olan kölələrə qarşı xoş davranmağınızı tövsiyə edirəm".
(Müsnədi Əhməd: 2, 161, 655.)

Peyğəmbərin (s.a.v) yazmaq üçün qələm və kağız gətirmək tələbini yerinə yetirməmək, bir neçə səbəbə görə heç bir səhabə üçün eyib sayılmır:

Birinci səbəb: Elə həmin hədisdə Əli deyir: "Mən onun (həmin vaxt ərzində) vəfat edəcəyindən qorxub dedim: Ey Allahın elçisi, mən yaxşı əzbərləyir və başa düşürəm". Peyğəmbər  dedi: "Mən sizə, namaz və zəkata dəvamiyyətli olmağı, itaətinizdə olan kölələrə qarşı xoş davranmağınızı tövsiyə edirəm". Demək, Peyğəmbər (s.a.v) bu hədisdə özünün nə yazmaq istədiyini dili ilə demişdir.

İkinci səbəb: Peyğəmbərin (s.a.v) yazmaq istədiyi onun üçün vacib, yaxud müstəhəb idi? Əgər yazılacaq sözlərin vacib olmasını, şəriətdə təbliğ edilməsi zəruri sayılan məsələlərdən olduğunu desələr bu zaman Peyğəmbərin  şəriəti tam şəkildə çatdırmadığını demiş olurlar. Bu isə Peyğəmbərə  böyük bir ləkədir. Bu sözləri deyən eyni vaxtda Allaha iftira atır. Belə ki, Allah təala buyurur: "Bu gün dininizi sizin üçün kamil etdim...".
Əgər yazılacaq şeylər müstəhəbdirsə, o zaman bu bizim hamımızın məqbul rəyi sayılar.

Üçüncü səbəb: Əshabələrin etirazları Peyğəmbərə (s.a.v) göstərilən asilikdən deyil, ona olan şəfqətdən irəli gəlirdi.

Doqquzuncu şübhə:
«Ömər ibn əl-Xəttab (r.a) təməttu həccini və siğə etməyi qadağan etmişdir. Hər iki məsələ şəriətdə halaldırsa, Ömər Allahın halal buyurduğunu nə üçün haram edir!»

Birinci, təməttü həccindən danışaq.
Elə fərz edək ki, Ömər təməttü həccini qadağan etməklə səhvə yol vermişdir. Bununla nə olur ki? Biz Ömərin məsum olmasını iddia etmirik. O da, digər əshabələr kimi səhv edir.
Əs-Subəyy ibn Məbəd deyir ki, mən Ömərə belə dedim: "Mən həcc və ümrəyə birlikdə niyyət etmişəm (yəni, təməttü həccinə niyət etmişəm)". Ömər dedi: "Sən, Peyğəmbərinin sünnəsinə müvəffəq olunmusan".
(Sünən ən-Nəsai: Kitabul Həcc, Bab əl-Quran, 2719. Hədisin sənədi səhihdir.)

Bu da Ömər. O, belə həccin sünnədən olmasını qeyd edir və hətta o adamı buna görə tərifləyərək deyir: "Sən, Peyğəmbərinin sünnəsinə müvəffəq olunmusan". Demək Ömər, bu həcci qadağan etmirdi.

Səlim deyir ki, İbn Ömər təməttü həcci haqqında soruşulduqda o, bu həccin edilməsini əmr etdi. Ona dedilər ki, sən atana müxalif olursan. İbn Ömər dedi: "Atam sizin dediyiniz kimi deməmişdir! O demişdir ki, "ümrəni həccdən ayrı edin." Bunu siz, haram edib, müxalif olanları cəzalandırırsınız. Allah təala bunu halal buyurmuş, Peyğəmbəri (s.a.v) də buna əməl etmişdir. Onlar bu haqda İbn Öməri yorduqda, dedi: "İtaət olunmağa hansı daha layiqdir, Allahın kitabı, yoxsa Ömər?!"
(Beyhəqi: 5, 17.)

Yaxşı, bəs Ömərin məqsədi nə idi?
Ömər istəyirdi ki, Allahın evi Kəbə ilin heç bir günündə ümrədən təcrid olunmasın. O zaman insanlar həccə gəldikdə, həcc ilə birlikdə ümrə də edirdilər. Bu da onlar üçün təməttü həcci sayılırdı. Bundan sonra həmin il bir daha Allahın evi Kəbəyə gəlmirdilər. Ömər isə istəyirdi ki, insanlar İfrad həcci (yəni, ümrəsiz həcc) etsinlər sonra isə Allahın evinə ayrıca ümrə etmək üçün gəlsinlər. Belə olan təqdirdə Allahın evi ziyarətsiz qalmaz.
Ömərin qoyduğu qadağa haramlıq məqsədi daşımırdı. Bu sadəcə olaraq bir rəy idi. O bunun daha yaxşı olmasını düşünürdü. Buna görə Ömərə eyb tutmaq düzgün deyildir. Əvvəldə də qeyd etdiyimiz kimi, əs-Subəyy ibn Məbəd təməttü həccinə niyyət edərkən Ömər ona demişdi: "Sən, Peyğəmbərinin sünnəsinə müvəffəq olunmusan".

İkinci: Qadınların siğə edilməsi haqqında:
Siğənin qadağan edilməsi iki səhih kitabda Əlinin Peyğəmbərdən (s.a.v) nəql etdiyi rəvayətdə təsdiq olunmuşdur. Belə ki, Əli (r.a) , İbn Abbasın (r.a) siğənin halal olduğunu deməsi haqqında xəbərini eşitdikdə ona deyir: "Sən nə etdiyini bilməyən bir insansan. Həqiqətən Peyğəmbər (s.a.v) Xeybərin fəthində siğəni və ev eşşəklərinin ətini haram etmişdir". (Səhih əl-Buxari; Kitabun Nikah. Bab, ən-Nəhyu an Nikahil Mutə, 5115. Səhihi Müslim. Kitabun Nikah. 1407.)

Bu hədis onların mötəbər kitablarında da mövcuddur.
(Vəsailuş Şiyə: 21, 12.)

Həmçinin Sələmə ibn əl-Əkvanın, Muslimin "əs-Səhih" kitabında rəvayət olunan hədisində Peyğəmbərin (s.a.v) fəth ilində siğəni haram etməsi haqqında rəvayət nəql olunur.
(Səhihi Müslim: Kitabun Nikah, 1406.)
Yenə də eyni mənbədə Səbura əl-Cuhəninin, Peyğəmbərin (s.a.v) siğəni haram etməsi haqqında rəvayəti nəql olunur.
(Səhihi Müslim: Kitabun Nikah, 1406. Siğənin haram olmasına dəlalət edən hədislər çoxdur.)

Ömərin siğəni qadağan etməsi ilə nə oldu?! O da, Peyğəmbərin (s.a.v) qadağan etdiyini qadağan etmişdir. O, uca və pak olan əzəmətli rəbbinin qadağan etdiyini qadağan etmişdir. Belə ki, Allah təala buyurur: O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır). (əl-Muminun: 5-7.)
Göründüyü kimi uca Allah onları həddini aşanlar adlandırmışdır.

Onlar siğənin halal olmasına Quranın bu ayəsini dəlil gətirirlər: "(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" ( ən-Nisa: 24.)

Onlar ayənin başqa qiraətini dəlil gətirirlər. Həmin qiraətdə deyilir:
}...فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ إلى أجل مُسَمًّى فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُم بِهِ مِن بَعْدِ الْفَرِيضَة...{
"... Təyin edilmiş bir vaxtda istifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz..."
İlk olaraq onu demək olar ki, bu qiraət mütəvatir (mötəbər) qiraət deyil. Bu, nə yeddi nə də on qiraətdən sayılmır. Bu qiraət şazdır (mötəbər rəvayətlərə müxalifdir).
Bu qiraət Əlinin, Sələmə ibn əl-Əkvanın, Səburə əl-Cuhəninin və ya digər əshabələrin rəvayətlərinə əsasən Peyğəmbərin (s.a.v) sözü ilə nəsx (hökmü ləğv) olunmuş sayılır.

Onuncu şübhə:
«Aişəni və Həfsanı küfr etməkdə ittiham etmək»

"Ey Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən? Allah bağışlayandır, rəhm edəndir! Həqiqətən, Allah (halal bir şeyi özünüzə haram etmək barəsində içdiyiniz) andlarınızı (kəffarə verməklə) geri götürməyi vacib (qanuni) etmişdir. Allah sizin ixtiyar sahibinizdir. O (hər şeyi) biləndir, hikmət sahibidir! Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz (bir daha Zeynəb bint Cəhşin, yaxud Mariyeyi-Qibtiyyənin yanına getməyəcəyini) demişdi. (Həfsə) bu sözü (digər zövcələrdən biri olan Aişəyə) xəbər verdikdə və Allah bunu ona (Peyğəmbərə) əyan etdikdə (Peyğəmbər) bunun bir qismini (Həfsəyə) bildirmiş, (alicənablığı üzündən) bir qismini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər) əhvalatı (Həfsəyə) bildirdikdə o: “Bunu sənə kim xəbər verdi?” – deyə soruşmuş, o da: “Bunu mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah) xəbər verdi!” – deyə cavab vermişdi. (Ey Həfsə, ey Aişə!) Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır)."
( ət-Təhrim: 1-4.)


Onlar Allah təalanın bu ayəsi haqqında deyirlər. "...Çünki qəlbləriniz meyl etdi..." Ayədəki meyl etmək, küfrə meyl etmək anlamındadır. Onlar deyirlər ki, bu ayə Peyğəmbərin (s.a.v) iki zövcəsi, Aişə və Həfsə barəsində nazil olmuşdur.

Bizim cavabımız isə belədir:
Ubeyd ibn Umeyr deyir: Mən Aişənin (r.anha) belə dediyini eşitmişəm. Peyğəmbər (s.a.v) əmisi qızı, həm də həyat yoldaşı Zeynəb bint Cəhşin yanında dayanır və orada bal içirdi. Bunu gördükdə mən və Həfsa sözləşdik ki, Peyğəmbər (s.a.v) hansımızın yanına gəlsə ona deyərik ki, səndən kitrə (Bəzi ağac və kol bitkilərinin gövdələrindən axan yapışqanabənzər yarımşəffaf qatı maye.) iyi gəlir, kitrə yemisən?! Peyğəmbər (s.a.v) həmin zövcələrindən birinin yanına daxil olur və yoldaşı da deyilən kimi edir. Bu zaman Peyğəmbər (s.a.v) deyir: "Eyb etməz, Zeynəb binti Cəhşin yanında bal içmişdim. Bir daha belə etməyəcəyəm".

Peyğəmbər (s.a.v) Həfsə binti Ömərin yanında idi. Peyğəmbər ona deyir ki, bunu heç kəsə demə. Mən bir daha belə etməyəcəyəm. Amma Həfsa gəlib Aişəyə işinin baş tutduğunu, Peyğəmbərin (s.a.v) bal içməkdən imtina etdiyini və bir daha bunu etməyəcəyini deyir. Bu vaxt Allah təala bu ayələri nazil edir: "Ey Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən? Allah bağışlayandır, rəhm edəndir! Həqiqətən, Allah (halal bir şeyi özünüzə haram etmək barəsində içdiyiniz) andlarınızı (kəffarə verməklə) geri götürməyi vacib (qanuni) etmişdir. Allah sizin ixtiyar sahibinizdir. O (hər şeyi) biləndir, hikmət sahibidir! Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz (bir daha Zeynəb bint Cəhşin, yaxud Mariyeyi-Qibtiyyənin yanına getməyəcəyini) demişdi. (Həfsə) bu sözü (digər zövcələrdən biri olan Aişəyə) xəbər verdikdə və Allah bunu ona (Peyğəmbərə) əyan etdikdə (Peyğəmbər) bunun bir qismini (Həfsəyə) bildirmiş, (alicənablığı üzündən) bir qismini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər) əhvalatı (Həfsəyə) bildirdikdə o: “Bunu sənə kim xəbər verdi?” – deyə soruşmuş, o da: “Bunu mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah) xəbər verdi!” – deyə cavab vermişdi. (Ey Həfsə, ey Aişə!) Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır)".
(ət-Təhrim: 1-4.)
(Səhih əl-Buxari: Kitabut Talaq. Bab, Limə tuhərrimu mə əhəlləllahu ləkə, 5267.)


Yəni zövcələr arasında baş verən qeyrət, qısqanclıq və s. bu kimi işlərdən tövbə edin. "Qəlbləriniz meyl etdi" yəni, bu işdə haqdan yayındı. Onların bu hərəkətləri səhv idi. Amma meyl etmək sözü küfr etmək mənasına gəlmir. Peyğəmbərin zövcələri möminlərin anaları və boşanılması Allah tərəfindən qadağan edilən insanlardır. Onlar necə küfr edərlər?! Allah Öz Peyğəmbərinə (s.a.v) onları başqa qadınlarla əvəz etməməyi və üzərlərinə başqa qadın almamağı əmr etmişdir. Bu haqda Allah təala buyurur: "Bundan sonra (bu övrətlərindən əlavə) sənə (başqa) qadınlar halal olmaz. Bunları, gözəllikləri xoşuna gəlsə də, başqa qadınlarla dəyişmək olmaz. Sahib olduğunuz cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir!"
(əl-Əhzab: 52.)
Daha doğru rəyə əsasən sonralar Allah təala ona başqa qadınlarla evlənməyə icazə vermişdir.
Bu onu göstərir ki, qeyrət və qısqanclıq qadınlar arasında baş verən çox təbii bir işdir. Peyğəmbərin (s.a.v) qadınları iki dəstə idilər. Aişə (r.anha) deyir ki, Peyğəmbərin (s.a.v) zəvcələri iki dəstə idilər. Dəstələrin birində Aişə, Həfsa, Səfiyyə və Sövdə idi. Digər dəstədə isə Ummu Sələmə və Peyğəmbərin (s.a.v) digər zövcələri idi. Müsəlmanlar Peyğəmbərin (s.a.v) Aişəyə olan sevgisini bilirdilər. Ona görə də onlar Peyğəmbərə (s.a.v) hədiyyə təqdim etmək istədikdə Aişənin növbəsini gözləyər və Peyğəmbər (s.a.v) onun evində olduqda hədiyyə sahibi öz hədiyyəsini Aişənin evinə göndərərdi. Ummu Sələmənin dəstəsi ona dedilər ki, sən Peyğəmbərlə (s.a.v) danış insanlara desin ki, kim Peyğəmbərə hədiyyə etmək istəsə hansı zövcəsinin evində olmasına baxmadan hədiyyəni təqdim etsin. Ummu Sələmə bu haqda Peyğəmbərlə danışdı, amma Peyğəmbər (s.a.v) ona heç bir söz demədi. Digər qadınlar bu haqda Ummu Sələmədən soruşduqda dedi: "O, mənə heç nə demədi". Qadınlar dedilər: "Onunla yenə də danış". Peyğəmbər (s.a.v) onun yanına gələndə Ummu Sələmə yenə də onunla danışdı. Amma Peyğəmbər (s.a.v) heç bir söz demədi. Digər qadınlar bu haqda Ummu Sələmədən soruşduqda dedi: "O, mənə heç nə demədi". Qadınlar dedilər: "O, səninlə danışana qədər onunla danış". Peyğəmbər (s.a.v) onun yanına gələndə Ummu Sələmə yenə də onunla danışdı. Peyğəmbər (s.a.v) dedi: "Aişə barədə danışıb mənə əziyyət vermə. Vəhy mənə yalnız Aişənin evində olanda gəlir". Ummu Sələmə dedi: "Ey Rəsuləllah, sənə əziyyət verdiyim üçün tövbə edirəm".

Daha sonra Ummu Sələmənin dəstəsi, Peyğəmbərin (s.a.v) qızı Fatiməni çağırıb, zövcələrin Allah xətrinə Əbu Bəkrin qızı ilə münasibətdə ədalətli olmağını istəyirlər – xəbərini çatdırmaq üçün Rəsuləllahın yanına göndərdilər. Fatimə ona bu haqda xəbər verdikdə Peyğəmbər (s.a.v) dedi: "Ey qızım, mənim sevdiyimi sevmirsənmi?" Fatimə dedi: "Əlbəttə sevirəm". Peyğəmbər (s.a.v) dedi: "Bunu da (Aişəni də) sev". Fatimə qadınların yanına qayıdıb bu haqda onlara xəbər verdikdə qadınlar bir daha Peyğəmbərin (s.a.v) yanına qayıtmasını istədilər. Amma Fatimə (r.anha) geri qayıtmağa razı olmadı. (Müslimin rəvayətidir.)

Sonra Zeynəb bint Cəhşi Peyğəmbərin (s.a.v) yanına göndərdilər. O da Peyğəmbərin (s.a.v) yanına gəlib ona qarşı sərt danışıb dedi: "Zövcələrin Allah xətrinə Əbu Quhafənin qızı ilə münasibətdə ədalətli olmağını istəyirlər". O səsini yüksəldib danışır, Peyğəmbərin yanında oturan Aişəni də söhbətə qatıb onu da söydü. Hətta Peyğəmbər (s.a.v) Aişəyənin cavab verib-verməyəcəyini gözləyirdi. Aişə dinib Zeynəbin cavabını verərək onu susdurdu. Peyğəmbər (s.a.v) Aişəyə baxıb dedi: "Bu həqiqətən də Əbu Bəkrin qızıdır".
( Səhih əl-Buxari. Kitabul Hibə. Bab, Mən ihtədə ilə sahibihi, 2581. Səhihi Müslim. Kitab Fədailus Əshabə, 2442.)

Yəni, bunlar Peyğəmbərin (s.a.v) zövcələridir və qadınlar arasında belə hadisələr çox olur. Bəli, biz Aişə və Həfsanın səhv etdiyini deyirik. Lakin onlar bu əməlləri ilə Allaha küfr etməmişlər.

On birinci şübhə:
«Müaviyənin (r.a) Ziyad barədə atasının oğlu olduğunu deməsi»

Deyirlər ki, Müaviyə, Ziyad ibn Əbihi adlı bir nəfəri, atası Əbu Sufyanın oğlu olduğunu demişdir. Amma əslində o adam Ziyad ibn Ubeyd əs-Səqafi idi.
Əslində Ziyad, İbn Ubeyd əs-Səqafinin oğlu deyildi. O adam elə Ziyad ibn Əbihi (atasının oğlu), yaxud anasına nisbət edilib Ziyad ibn Sumeyyə adı ilə tanınırdı. Çünki o, Sumeyyədən zina yolu ilə doğulmuşdur (O adam vələduznadır (yəni, zinadan doğulmuşdur), amma bu işdə onun heç bir günahı yoxdur). Cahiliyyət zamanı Sumeyyənin yanına bir neçə kişi gəlir, onlardan biri də Müaviyənin atası Əbu Sufyan idi (Bu zina İslamda deyil, cahiliyyət dövründə baş verdiyi üçün Əbu Süfyan üçün qınaq sayılmır. O zaman onlar müşrik sayılırdılar. Zina isə şirkdən daha yüngül günahdır). Ziyad, Əlinin (r.a) xilafəti dövründə bölgə valilərindən idi. O, yüksək natiqlik, xatiblik və danışıq qabiliyyətinə sahib idi.
Müaviyənin (r.a) atası ona demişdi ki, Ziyadın Sumeyyədən zina ilə doğulması doğrudur, lakin onun yalnız mənim belimdən gəlməsi şübhəsizdir. Heç kəs Ziyadın öz övladı olduğunu iddia etməmişdir. Həmçinin Sumeyyənin əri də olmayıb. Əgər onun əri olsaydı o zaman uşağın yataqlıq, zinakarın isə daşqalaq edilməsini deyərdik. Amma Sumeyyənin əri yox idi. O, bir kəniz idi. Əbu Sufyan ona yaxınlıq etmiş və o da Ziyada hamilə qalmışdır. Müaviyə də Ziyadın, Əbu Sufyanın oğlu olduğunu demişdir. Müaviyəyə, Ziyadı Əbu Sufyanın oğlu kimi təqdim etdiyinə görə tutulan irad deyiləcək səbəbə görə idi. Məsələ belədir, varis kimisə öz vərəsəliyinə daxil edə bilər yoxsa yox? Bu məsələ, fiqhi, ictihadi məsələdir. Ona görə İmam Malik və başqaları Ziyadı, Ziyad ibn Əbu Sufyan adlandırırdılar. Xülasə, onların Müaviyəyə  tutduqları irad bu idi.

Xülasə
Məsələ haqqında yekun fikir belədir:
Qeyd etdiyimiz və ya söyləmədiyimiz iradların bəzi əshabələr tərəfindən edilən günah olduğunu fərz etsək, onların Allah tərəfindən bağışlanmasına nə maneə vardır?! Bağışlanmaq üçün səbəblər çoxdur. Səbəblərin üçü günah sahibinin, üçü digər insanların, dördü isə Allahın əlindədir.

Günah sahibinin bağışlanma əldə etmək üçün əlində olan səbəblər bunlardır:
1. Tövbə etmək: 70 - Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir! (əl-Furqan: 70).
2. Bağışlanma diləmək: 10 - Və dedim: “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır! (Nuh).
3. Günahları silən yaxşı əməllər: ...Həqiqətən, yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar... (Hud: 114).

İnsanlaırn günah sahibinin bağışlanma əldə etməsi üçün edəcəkləri səbəblər:
4. Möminlərin onun üçün dua etmələri: 10 - Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (əl-Həşr: 10).
5. Yaxşı əməllərin hədiyyə edilməsi: Peyğəmbər (s.a.v) qurban kəsib demişdir: "Ey Allahım, bu qurbanı Muhəmməd, onun ailəsi və ümmətindən qurban kəsməyənlərin əvəzinə kəsirəm". (Əhməd: 3/356. Sənədi həsəndir.)Həmçinin misal olaraq başqasının əvəzinə həcc etməyi misal çəkmək olar. Yaxşı əməllərin hədiyyə edilməsi ixtilaflı məsələdir. Lakin elm adamlarının əksəriyyəti deyirlər ki, ibadətlərin yox, itaətlərin hədiyyə edilməsi müsəlmana fayda verir.
6. Peyğəmbərin və digər möminlərin qiyamət günü şəfaəti:

Allahın günah sahibinin bağışlanma əldə etməsi üçün müyəssər etdiyi səbəblər:
7. Dünyada baş verən müsibətlərin günahları bağışlaması: Peyğəmbər (s.a.v) demişdir: "Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kədər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta ayağına batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah həmin müsəlmanın günahlarını bağışlamasın." (Buxari: ? 5641. )
8. Qəbr əzabı: Bu əzab bəzi günahların bağışlanmasına səbəb ola bilər.
9. Qiyamət meydanında: Həmin gün müsəlmanların bir-birindən qisası alınacaq və onlar bağışlanacaqlar. Uca Allah buyurur: 43 - Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq... (əl-Əraf).
10. Allahın bağışlaması: 48. Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (ən-Nisa).
Misvar ibn Məxrəmə (r.a) Müaviyənin (r.a) yanına daxil olduqda aralarında belə bir söhbət oldu.
Müaviyə dedi: "Mənə nə iradın var?"
Misvar bir neçə məsələni qeyd etdi. Həmin məsələlər ona irad tutulan məsələlər idi.
Müaviyə: "Ey Misvar, sənin heç günahın varmı?"
Misvar: "Bəli, var."
Müaviyə: "İstəyirsənmi Allah onları bağışlasın?"
Misvar: "Əlbəttə."
Müaviyə: "Nəyə görə sən məndən daha çox bağışlanmağını istəyəsən? Sənin söylədiyin iradlarla yanaşı, Allaha and olsun, mən seçim qarşısında qalanda daim Allahı üstün tutmuşam. Allaha and olsun etdiyim cihad, cəzaların tətbiqi, yaxşı işlərin əmri və pis işlərin qadağası sənin etdiklərindən daha üstündür. Mən yaxşı əməlləri qəbul edib günahları bağışlayan bir dinə xidmət edirəm. Nə üçün sən məndən daha çox bağışlanma dilədiyini iddia edirsən?!" Misvar deyir ki, bu mübahisədə o mənə qalib gəldi"".
(ƏbdürRəzzaq: "Musənnəf" ? 20717.)


Tarix: 03.05.2013 / 19:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 705 Bölmə: Maraqlı melumatlar