beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərmanı su ilə için

Kanadalı alimlərin apardığı araşdırmaya görə, bir çox dərmanların meyvə şirələri ilə (portağal, qreypfrut, alma və s.) qəbul edilməsi onların təsirini azaldır, bəzi hallarda isə bu, müəyyən təhlükələr doğura bilər. Belə ki, tədqiqatın nəticələrinə görə, bəzi dərmanların qreypfrut, alma və ya portağal şirəsi ilə içilməsi insanın zəhərlənməsinə gətirib çıxarır.
Kanadalı tədqiqatçıların həyata keçirdikləri təcrübənin nəticələri "Amerika Kimya Dərnəyi"nin Filadelfiyada keçirilmiş konfransında elmi ictimaiyyətin diqqətinə təqdim olundu. Tədqiqat işində meyvə şirələri ilə qəbul edilən xərçəng əleyhinə preparatların, ürək-damar, təzyiq dərmanlarının və bəzi antibiotiklərin təsirinin ciddi şəkildə azaldığı vurğulandı.
Kanadanın Qərbi Ontario Universitetindən David Bailey və həmkarları əvvəlcə meyvə sularının təsirini allergiyaya qarşı dərmanlardan istifadə edən sağlam qrup üzərində araşdırıblar. İştirakçıların bəziləri həmin dərmanlardan birini su ilə, digərləri isə qreypfrut şirəsi ilə qəbul ediblər. Şirə ilə içilən dərman orqanizmə qismən, su ilə qəbul edilən dərman isə tam təsir göstərib.
Aparılan kliniki təcrübələr göstərdi ki, qreypfrutun tərkibində olan bir maddə bir sıra dərmanların bədənə sorulmasını təmin edən CYP3A4 fermentinin təsirini azaldır, hətta bəzən preparatın zəhərli təsir göstərməsinə gətirib çıxarır.
Araşdırmalarının nəticələrini açıqlayan alimlər bildirdilər ki, xərçəng, ürək-damar xəstəlikləri, infeksion xəstəliklər zamanı istifadə olunan, həmçinin orqan köçürülməsi əməliyyatlarından sonra bədənin yeni orqanı rədd etməməsi üçün qəbul edilən dərmanlar meyvə şirələri ilə içilməməlidir.


Tarix: 13.01.2015 / 14:10 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Maraqlı Məlumatlar