Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Övladınıza ad seçəndə diqqətli olun

Ad seçəndə diqqətli olun, bilənlərlə məsləhətləşin, elə olmasın ki, o ad övladınızın üzərində damğa, qüsur kimi görünsün.
Ailədə uşaq doğulur. Ev-eşik toy-bayram ovqatı ilə dolur. Böyük-kiçik hamı ad düşünür, ad seçir. Biri babanın adını məsləhət görür, biri dəbdə olan adlardan birini təklif edir, biri də bu ikisinin arasında bir şey axtarır. Xülasə, fikirlər səslənir, məntiqlər toqquşur. Hamı da öz dediyinə haqq qazandırmağa çalışır.

Valideynin övlad qarşısındakı ilk borcu ona gözəl bir ad verməkdir. Yəni bu işdə məsuliyyət valideynlərin boynuna düşür. Bu haqq onlara aid olsa da, valideynlər bu haqqı könüllü şəkildə babaya, nənəyə də həvalə edə bilərlər.
Ad məsələsi ümumiyyətlə, həssas mövzudur. Qədimdən uşaqlara adlar seçilərdi: Əhməd, Məhəmməd, Mahmud, Mustafa, İsmayıl, Əli, Həsən, Hüseyn, Mehdi, Sahib, Xədicə, Fatimə, Ayişə... Bu adların hamısı dini xarakter daşıyır.

Ümumiyyətlə, oğlan uşaqlarına peyğəmbərlərin, xüsusilə də Peyğəmbərimizin adını vermək ənənə şəklini alıb. Əsrlər boyunca bu ənənə davam edir. Ancaq ötən əsrin ortalarından başlayaraq sovet quruluşu ilə bağlı adlar meydana çıxıb. Uşağa Sovet, Şura, Kommunist, Mühəndis, Təşkilat, İnqilab, Marks kimi adlar verilib. Bu adlar sovet ideologiyasının məhsulları idi. Sonrakı illərdə Rusiya və Avropa mənşəli adlar görünməyə başladı: Elmira, Esmira, Elza, Flora, Ellada, Sveta, Lyudmila, Roza, Tamella, Ruslan, Boris...

Bu gün həmin adların bir hissəsi yenə işlədilməkdədir və onları özümüzünkü hesab edirik. Onu da deyək ki, Avropa mənşəli adların, demək olar ki, hamısı, nəticə etibarilə, dini xarakter daşıyır. Yəni bu adlar həm dini, həm də milli baxımdan bizə ögeydirlər. Onda sual edə bilərsiniz: bizim dədə-baba adlarımız da ərəb mənşəli deyilmi? - Bəli, elədir, ancaq onu da unutmayaq ki, bu adlar ərəb mənşəli olsa da, dini mahiyyət daşıyır və bu baxımdan bizə heç də ögey deyil. Təbii ki, hər bir mömin, övladının Həzrəti Məhəmmədin (s.ə.s.) adını daşımasını və ona bənzəməsini xoşbəxtlik bilər.
Bəziləri milli məsələni əsas tutaraq, türk mənşəli adlara üstünlük verirlər: Tural, Tuncay, Banuçiçək, Selcan...
Yenə xatırlatmağı özümüzə borc bilirik ki, övlada ad vermək valideynin haqqıdır. Ancaq bu mövzuda bəzi gerçəkləri də sizinlə bölüşmək istəyirik. Əvvəlcədən gərək əmin olasınız ki, verdiyiniz adın mütləq o uşağa təsiri var. Adın yaraşıb-yaraşmamasından daha çox o seçimin altında duran niyyət önəmlidir. Əvvəlcə düşünün ki, uşağınız üçün niyə məhz bu adı seçirsiniz? Bu suala cavab verməmiş qərar qəbul etməyin. Elə olmasın ki, uşağınız sonradan adına görə utansın və onu dəyişmək fikrinə düşsün. Çirkin ad görünməyən şikəstlikdir. Bu şikəstliyi övladınıza rəva görməyin.
Bir də xətalı adlar var: məsələn, Şahverdi, Ağaverdi, İmamverdi, Ocaqqulu, Şahqulu, Bəyqulu... Bir şeyi unutmayın ki, övladı verən Allahdır. Siz Allahın haqqını ağaya, şaha, bəyə aid edə bilməzsiniz. Hər bir kəs, ilk növbədə, Allahın quludur. Belə olan halda siz uşağınızın şahın, bəyin qulu, köləsi olması ilə necə razılaşırsınız? Bu da övladınıza qarşı haqsızlıq deyilmi?

Başqa bir xəta: uşağa Allahın adlarını verirsiniz: Xaliq, Səməd, Rəhim... Unutmayın ki, Allahın elə adları var ki, o adların ifadə etdiyi mənalar insanda yoxdur. Xaliq yoxdan var edən deməkdir və bu qabiliyyət yalnız və yalnız Allaha məxsusdur. Səməd heç bir şeyə ehtiyacı olmayan və hər kəsin möhtac olduğu deməkdir. Bu xüsusiyyət də ancaq Allaha aiddir. İnsan aciz məxluqdur. Rəhim Qiyamət günü möminlərə mərhəmət edən Allah mənasındadır. İnsanın isə o gün mərhəmətə, şəfaətə ehtiyacı var. Ümumiyyətlə, çox önəmli bir məqamı xatırladaq ki, övlada Allahın adını verdikdə onun qarşısına “əbd” sözünü qoymaq lazımdır. Məsələn, Əbdülxaliq (Xaliqin qulu), Əbdürrəhman (Rəhmanın qulu), Əbdürrəzzaq (Rəzzaqın, ruzi verənin qulu)...
Bu mövzuda həssas olmaq lazımdır. Bir daha xatırladaq ki, hər bir adın onu daşıyana bu və ya digər dərəcədə təsiri var, sadəcə olaraq ola bilsin ki, biz bunu hiss edə bilmirik. Ad seçəndə diqqətli olun, bilənlərlə məsləhətləşin, elə olmasın ki, o ad övladınızın üzərində damğa, qüsur kimi görünsün...


Tarix: 13.01.2015 / 13:41 Müəllif: Aziza Baxılıb: 231 Bölmə: Maraqlı Məlumatlar
loading...