beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elm...

İctimai şüurun formalarından biri olan elmin inkişafı idrakın uğur qazanmasında yaxından iştirak edir. Əslində müasir həyatı və insanın mədəniyyətini elmsiz təsəvvür etmək olmaz. Elm– biliyin ali forması olub, canlı və cansız təbiətin bütün hadisələrini, adamların maddi və mənəvi fəaliyyətini əhatə edir. Elmin köməyi ilə nəinki tarixin nəticələri qiymətləndirilir, cari hadisələr təhlil edilir və eyni zamanda gələcək proqnozlaşdırılır.
Elm sözü biliksizliyə əks olan biliyi ifadə edir. Biliksizlik isə, məlum olduğu kimi, bu və ya digər hadisə, proses və şeylər haqqında məlumatsızlıq deməkdir. Hər bir elm öz predmet və metoduna malikdir. Predmet dedikdə nəyin tədqiq olunduğu, metod dedikdə isə həmin tədqiqatın hansı üsullarla aparıldığı başa düşülür.
Elm ictimai inkişafın nəticəsidir. Yarandığı gündən insanın fəaiyyəti ilə qırılmaz surətdə əlaqədar olmuşdur. Elm bir tərəfdən, daima insan fəaliyyətinin təsiri altında olmuş, digər tərəfdən isə həmin fəaliyyətə fəal təsir göstərmişdir. Elm dünyagörüşünün yaranıb inkişaf etməsinə hərtərəfli şərait yaratmışdır. Onun əsas vəzifəsi ictimai tələbatın ödənilməsidir.
Elmin meydana gəlməsinin tarixi ən qədim dövrlərə gedib çıxır. Onun tarixinin və inkişaf qanunauyğunluqlarının öyrənilməsi ilə xüsusi elmi fənn olan elmşünaslıq məşğul olur. Ayrı– ayrı elmlərin rüşeymləri bizim dövrə qədər müşahidə olunsa da, özünün müasir formasında bu bizə XVI– XVII əsrlərdən məlum olur. Təsadüfi deyildir ki, N.Kopernikin «Səma cisimlərinin dövr etməsi haqqında» əsəri çapdan çıxdığı (1543) dövrdən İ.Nyutonun «Natur fəlsəfəsinin riyazi başlanğıcı» əsərinin meydana gəldiyi (1687) dövrə qədərki zaman kəsiyini «elmi inqilab» dövrü adlandırırlar. Bu dövrdə güclü intellektual hərəkət başlanıb. Ümumiyyətlə, elmin inkişaf tarixi haqqında F.Engelsin maraqlı fikirlərinə nəzər yetirmək vacibdir.
Qədim zamandan Evklid və Ptolemeyin günəş sistemi, ərəblərdə onluq hesab sistemi, cəbrin əsasları, rəqəmlərin indiki şəkili və əlkimya irs qalmışdı. Orta əsrlərdə dinin hakim mövqe tutduğu bir vəziyyətdə labüd olaraq ən elementar təbiətşünaslıq– yer və səma cisimlərinin mexanikası və bununla birlikdə ona xidmət edən riyazi metodların kəşfi və təkmilləşdirilməsi birinci yer tutdu. Burada böyük işlər görüldü. Həmin dövrün Nyutonun və Linneyin adları ilə bağlı olan son çağında elm sahələri müəyyən mənada başa çatmışdı. Ən mühüm riyazi metodlar: analitik həndəsə başlıca olaraq Dekart tərəfindən, loqarifm Neper tərəfindən, differensial və inteqral hesablar Leybnits və bəlkə Nyuton tərəfindən əsas etibarı ilə müəyyən edilmişdi. Başlıca qanunları həmişəlik olaraq aydınlaşdırılmış bərk cismlərin mexanikası haqqında da eyni sözləri demək olar. Nəhayət, Kepler günəş sistemi astronomiyasında planetlərin hərəkət qanunlarını kəşf etdi, Nyuton isə bu qanunları materiyanın ümumi hərəkət qanunları nöqteyi– nəzərindən ifadə etdi. Təbiətşünaslığın başqa sahələri, hətta ilkin şəkildə belə mükəmməllikdən uzaqda idi. Maye və qaz halında olan cisimlərin mexanikası yalnız göstərilən dövrün sonlarına doğru xeyli əhəmiyyətli dərəcədə işlənmişdi. Astronomiyanın əməli tələbləri sayəsində son dərəcə müvəffəqiyyət qazanmış optika istisna olmaqla, sözün əsl mənasında fizika hələ ən birinci, ilk inkişaf pillələrindən kənara çıxmamışdı. Kimya flogiston nəzəriyyəsi vasitəsilə əlkimyadan yenicə azad olmuşdu. Geologiya hələ mineralogiyanın rüşeym mərhələsindən yüksəyə qalxmamışdı, buna görə də paleontologiya hələ heç mövcud ola bilməzdi. Nəhayət, biologiya sahəsində, başlıca olaraq, həm botanika və zoologiyaya, həm də anatomiyaya və əsl fiziologiyaya aid son dərəcə çoxlu material toplamaq və həmin materialı ilk dəfə sistemə salmaqla yenicə məşğul olurdular. Həyat formalarını bir– birilə müqayisə etməkdən, onarın coğrafi cəhətdən yer üzünə səpələnməsini, varlıqları üçün lazım gələn iqlim şəraitini və başqa bu kimi məsələləri öyrənməkdən hələ heç danışıq da ola bilməzdi. Linneyin sayəsində yalnız botanika və zoologiya da formalaşmış, demək olar başa çatmışdı.
Alimlərin, xüsusilə təbiətşünasların ciddi cəhdləri sayəsində dünyanın siması dəyişir, onun elmi mənzərəsi yaranır. Kainatın sonsuzluğu haqqında təsəvvürlər təsdiq olunur. Yerin digər planetlərlə birlikdə mövcud olması qəbul edilir. Dünyanın surətinin təkamülü ilə insanın obrazı da dəyişir, yeni dünyagörüşü tipləri formalaşır. Lakin elm də yerində saymır. Yeni nəzəriyyələrin yaranması və qanunların kəşfi nəticəsində tədqiqat imkanları genişlənir və təbiətin izahı asanlaşır. Eksperiment– həqiqi biliklərin alınmasının mühüm vasitəsi daha geniş yayılır. Elm çərçivəsidə biliyin prinsipcə yeni tipləri formalaşır ki, onlar da öz növbəsində, alimlərin kollektiv əməkdaşlığına əsaslanır. Alimlər mürəkkəb və çoxşaxəli elmi tədqiqatlar sistemi yaradan xüsusi dildən istifadə edirlər.
Elmin etiqaddan və fəlsəfədən ayrılaraq öz avtonomiyasını əldə etmək üçün çoxsaylı cəhdləri nəzərə çarpacaq dərəcədə uğurlar qazanmaqda idi. Nəzəriyyə və praktikanı, elm və texnikanı birləşdirən daha təsirli yeni idrak üsulu yaranmağa başlamışdır. Alim– eksperimentator ön plana çıxır. Elm özü də monastır və universitet divarları hüdudundan kənara çıxır. Elmin nailiyyətləri və özü intellektual qabiliyyətlərin əlaqəsi kimi daha çox vətəndaşların xidmətinə keçə bilir. İnsan haqqında elmi təsəvvürlərə, elmi axtarışların xüsusiyyətləri və elmin təbiəti haqqında, elm və cəmiyyətin, elm və fəlsəfənin, elmi bilik və etiqadın münasibəti haqqında biliklərə maraq artır. Hazırda elm üzvi formada özünə rasional maddi amilləri daxil edən ictimai fəaliyyətin mürəkkəb və rəngarəng forması olmuşdur. Bütün bunlara axmayaraq, elmə dünya haqqında bilik sistemi kimi baxmaq lazımdır. Bu zaman elmi biliyin obyekti rolunda təbiətdə və cəmiyyətdə baş verən bütün hadisə və proseslər çıxış edir. Deməli, elm praktikanın ən yüksək, bütün gerçəklik hadisələrini əhatə edə bilən ümumiləşdirilməsidir, baş verən hadisələrin, proseslərin, təbiətin, cəmiyyətin və təfəkkür qanunlarının mahiyyəti haqqında abstrakt– məntiqi formada həqiqi bilik verir. Şərti olaraq elmin strukturunu üç hissəyə bölmək olar. Birincisi, elmə empirik biliklər, həm də təkcə təhlil və ümumiləşdirmə məqsədilə adi şüurdan götürülən empirik biliklər deyil, həmçinin elmin xüsusi olaraq təcrübə yolu ilə– müşahidə və eksperiment vasitəsilə əldə etdiyi empirik bilikləri daxildir.
İkincisi, elm nəzəri bilik sahəsidir. Nəzəriyyə bütövlükdə götü­rülən faktları izah etməli, empirik materialda qanunların fəaliyyətini kəşf etməli, bu qanunları vahid sistem halına salmalıdır. Elmin hər bir sahəsində faktların toplanması prosesi gec– tez biliklər siste­mi olaraq nəzəriyyənin yaradılmasına gətirib çıxarır, bu da həmin bilik sahəsinin, sözün əsl mənasında, elmə çevrilməsinin ən düzgün əlamətidir.
Nəzəri sistem olaraq elmin özəyi hadisələrin obyektiv cəhətdən zəruri, mühüm əlaqələrini əks etdirən elm qanunlarıdır. Elmdə fərziyyələr də nəzəriyyə sahəsinə aiddir, fərziyyələr olmadan elm in­kişaf edə bilməz və bu fərziyyələr təcrübədə yoxlanılarkən ya rədd edi­lir, ya da yanılmalardan təmizlənir, böyüyüb nəzəriyyələrə çevrilir.
Nəhayət, üçüncüsü, nəzəriyyənin bilavasitə davam etdirildiyi və başa çatdırıldığı elmi dünyagörüşü xarakterli fəlsəfi əsaslar və nəticələr elmin ayrılmaz komponentidir. Elmi nəzəriyyə müxtəlif dərəcədə ən ümumi ola bilər və bu dərəcə nə qədər yüksək olarsa, həmin nəzəriyyə fəlsəfəyə bir o qədər yaxın olur. Təəccüblü deyildir ki, təbiətşünaslığın ən mühüm sintetik nəzəriyyələri aydın surətdə özünü göstərən fəlsəfi xarakteri ilə fərqlənir.
Elmdə əməli fəaliyyətin başlıca xüsusiyyətləri bundan ibarətdir ki, o, biliklər əldə etmək, nəzəriyyəni inkişaf etdirmək işinə tabedir. Əlbəttə, təkcə elmdə deyil, insan fəaliyyətinin hər bir sahəsində də maddi amillə mənəvi amil bir– biri ilə çulğalaşmışlar, buna görə də həmin amillərdən hər biri nəzərdən keçirilərkən bunların qar­şılıqlı təsir dialektikası hesaba alınmalıdır. Məsələn, mənəvi cəhət olmadan ictimai şüurun heç bir sahəsi mövcud deyildir. Bu, xü­susilə elmə aiddir, elm çox zaman «elmi praktika» adlandırılan tam bir sıra xüsusi əməli fəaliyyət formalarından (eksperiment, müşahidə) istifadə edir. Lakin «elmi praktika»nın mövcud olması elmi hər şeydən əvvəl və başlıca olaraq cəmiyyətin mənəvi həyat hadisəsi, ictimai şüurun xüsusi forması hesab etmək əleyhinə bir dəlil ola bilməz.

b) Praktiki tələbat və elmin inikşafı
Elmin mahiyətinin anlaşılmasında onun yaranmasının zəruri amilərinin bütün tarixi sübut edir ki, müasir dövrə qədər insanın ən mühüm vəzifəsi mövcudluq– yaşamaq uğrunda mübarizədir. Bunu sadələşdirsək deməliyik ki, bunların içərisində insanın ətraf mühitdən istifadə etməsi, xüsusilə yemək, paltar, mənzil və s. tələbatlarının ödənilməsi həmişə ön planda durmuşdur. Buraya daha mükəm­məl əmək alətlərinin yaradılması da daxildir. Bəşəriyyət təbii və sosial hadisələri proqnozlaşdırmaq, öz xeyri üçün onlara təsir göstərmək arzusu ilə böyük işlər görmüşlər. Ona görə də insanlar qarşıya qoyduqları vəzifələri yerinə yetirməkdən ötrü səbəb– nəticə əlaqələrini, yaxud da təbiət və cəmiyyətdə mövcud olan qanunları öyrənmək zərurəti qarşısında qalmışdır. Yalnız bu tələbatlara görə elm yarana bilmişdir. Deməli, elmin mövcud olduğu artıq ilk mərhələdə elm əməli tələbata, hər şeydən əvvəl, istehsalın tələbatına cavab olaraq meydana gəlmişdir. Astronomiyanın, riyaziyyatın və mexanikanın yaranması suvarma, dəniz səyahəti, iri ictimai qurğular, ehramlar, məbədlər və s. inşa edilməsi tələbatından irəli gəlmişdir. Təsadüfi deyildir ki, F.Engels «elmlərin meydana gəlməsi və inkişafı lap əvvəldən istehsalla bağlıdır»– fikrini söyləmişdir.
Ümumiyyətlə, kapitalizmdən əvvəlki cəmiyyətlərdə elmin inkişafı çox ləng getmişdir. Bu da təsadüfi deyildir. İstehsalın durğun vəziyyətdə olması bunun ən böyük səbəbi hesab olunur. Bu, o deməkdir ki, əkinçilikdə, heyvandarlıqda, sənətdə, tikintidə əsas istehsal prosesləri primitiv əmək alətləri olan əl alətlərinin köməyi ilə və əvvəlki nəsillərdən miras qalan ənənəvi empirik biliklər zəminində aparılırdı. cəmiyyətin idarə edilməsində elmdən yenə də çox kiçik miqyasda istifadə olunurdu, hərçənd ki, hesab ticarət və vergi yığmaq üçün lazım idi, adət hüququnun kodifikasiyası ilə birlikdə meydana gələn hüquq elmi Romada çox yüksək dərəcəyə çatmışdı, antik dövrün siyasi və fəlsəfi traktatları isə sosial meyl üçün mühüm vasitə və müxtəlif sosial qüvvələrin siyasi mübarizəsində bir alət idi.
Elmin inkişaf tarixində ikinci mərhələ Avropada müasir təcrübi təbiətşünaslığın meydana gəldiyi və eyni zamanda ictimai– siyasi elmlərin və fəlsəfənin coşğun surətdə yüksəldiyi XV əsrdən başlanır. Marksizm klassiklərinə görə, bu dönüşün əsas səbəbi feo­dalizm içərisində yeni ictimai ukladın burjua ictimai ukladının ya­ran­ması olmuşdur. F.Engels yazırdı: «Orta əsrin qaranlıq gecəsin­dən sonra birdən elmlər gözlənilməz bir qüvvə ilə yenidən yaranıb ecazkar bir sürətlə inkişaf etməyə başladısa,– bu möcüzə ilə biz yenə də istehsala borcluyuq».
Elmin inkişafında və onun ictimai rolunun dəyişməsində üçün­cü mərhələ XX əsrdə başlanmışdır. Bu mərhələ üçün nəinki elmi tərəqqinin daha da sürətlənməsi, həm də elm ilə praktikanın qarşılıqlı nisbətinin əhəmiyyətli dərəcədə dəyişilməsi səciyyəvidir. İndi elmin inkişafı praktikanın inqilabiləşdirilməsi üçün, yeni isteh­sal sahələri yaradılması üçün başlanğıc nöqtəsi olur. Elmin sosial rolunun artması cəmiyyət inkişafının mühüm qanunauyğunluğudur. Bununla bərabər elmin inkişafının öz daxili məntiqi, öz daxili qa­nunauyğunluqları vardır. Bu, o deməkdir ki, elm praktiki tələbata nisbətdə nisbi müstəqilliyə malikdir. Bu, özünü ən çox proqnostik, qabaqgörmə və s. funksiyalarda göstərir. Bir sözlə, elm ən pres­pek­tivli istiqamət olub bəşəriyyətə xidmət edən çox vacib sahələrdən biridir.

c) Elmi bilik və dini etiqad
Məlum olduğu kimi, həm elm, həm də din hər ikisi ictimai şüu­run müstəqil formalarıdır. Uzun müddət elmlə dini qarşı– qarşı­ya qoyaraq zorla «düşmən» obrazı yaratmağa cəhd etmişlər. Əl­bət­tə bu düzgün deyildi.
Ümumiyyətlə, bəşəriyyətin bütün mənəvi tarixi boyu elm və din mühüm yer tutmuş, bir– biri ilə mübarizə aparmaqla yanaşı, həmçinin əməkdaşlıq da etmişlər. Hər bir təhsilli insana məlumdur ki, öz sahəsində ən nəhəng kəşf edən alim, yaxud dahi heç vaxt axıra qədər dindar olaraq qalmamışdır. Lakin, eyni zamanda, ruhanilər arasında alimlərin, böyük kəşflər edən adamların sayı da az olma­mışdır. Nikolay Kopernikin, cordano Brunonun adlarını çəkmək kifayətdir. Bütün bunlara baxmayaraq, həm dinə, həm də elmə bu günkü kriteriyalardan deyil, tarixi mövqelərdən baxmaq lazımdır. Məlumdur ki, yüz və min illər boyu elm bir sistem kimi, demək olar ki, mövcud olmamışdır. Yarım dini, sonra isə dini etiqadlar çox vaxt ümumi dünyagörüşü rolunda çıxış edərək adamların dünyanı qavraması işinə xidmət etmişdir. İnsanlar xristianlıq vasitəsilə onları maraqlandıran suallara cavab axtarmışlar. Bu, onlara həm də mövcudluqlarını dərk etməyə kömək etmişdir. Beləliklə, tarix sübut etmişdir ki, elm və din yarandıqdan sonra yanaşı mövcud olmuş, əməkdaşlıq etmiş, bəzən də bir– birilə ölüm– dirim mübari­zəsinə girmişdir. Hətta orta əsrlərdə hər şey xristianlığın hakimiy­yəti altında olduğu, elmin təqib edildiyi bir dövrdə belə elm inkişaf etməyində davam edirdi. Təsadüfi deyildir ki, yeni fəlsəfənin ba­niləri olan böyük italyanlarla birlikdə təbiəti tədqiq edənlərdə ink­vizisiya tonqalları və zindanlarında öz qurbanlarını verdi. Xarak­terikdir ki, təbiətin sərbəst öyrənilməsini təqib etməkdə protes­tantlar katolikləri ötüb keçmişdilər. Servet qan dövranını kəşf etməyə lap yaxınlaşdığı bir zamanda Kalvin onu yandırtdı, həm də məcbur etdi ki, onu diri– diri iki saat od üstündə qovursunlar; inkivizisiya isə cordano Brunonu heç olmazsa sadəcə tonqalda yandırmaqla kifayətlənmişdi.
Papanın bullasını yandıran Lüterin bu hərəkətini sanki təkrar edən və təbiətin tədqiqinin müstəqilliyini bildirən inqilabi bir hadisə Kopernikin ölməz əsərinin nəşr olunmasından ibarət idi. Kopernik bu əsərində təbiət məsələlərində kilsə nüfuzuna qorxa– qorxa və necə deyərlər, ancaq ölüm yatağında ikən, meydan oxumuşdu. Təbi­ət­şünaslığın teologiyadan azad olması tarixi bu zamandan başlanır, hərçənd bunların bir– birinə qarşı ayrı– ayrı iddiaları bizim günlərə qədər aydınlaşırılmaqda davam edir və bəzi adamların başında hələ indi də aydınlaşdırılıb başa çatdırılmamışdır. Lakin bu zamandan etibarən elmlər də nəhəng addımlarla inkişaf etmiş, belə demək mümkünsə, öz başlanğıcı nöqtəsindən olan məsafənin (zaman daxi­lində) kvadratı nisbətində qüvvətlənmişdir (F.Engels). Bütün bun­lara baxmayaraq elm və din hər ikisi insana yardımçı rolunu oynayır. Nə qədər paradoksal olur– olsun, onların hər ikisi ətraf aləmi dərk etməyə, yerdə mövcudluğunun mənasını anlamağa, ölməzliyə ümid bəsləməyə kömək edir.
Məlum olduğu kimi, xristianlıq yarandığı gündən onun dokt­rinal qaydaları Allahın təbiəti, təcəssüm, mənası, insanın taleyində qəzavü– qədərin rolu, tarixin esxatoloji istiqaməti və s. məsələlərə daha çox diqqət yetirmişdir. Elm özü də bu suallara cavab verməyə çalışmışdır. Lakin o, bu cavabı maddi dünyanın tədqiqatı gedişində, rasional təhlilin gücü çatan faktlara əsaslanaraq tapmağa çalış­mışdır. Elm və din arasında olan ziddiyyətlər onların getdikcə daha çox müstəqil olmasına imkan vermişdi. Nəticədə elm və din öz mahiyyəti etibarilə bir– birinə əks hadisələrə çevrilmişdir. Din gerçəkliyin çox vaxt yanlış, təhrif olunmuş inikasını verdiyi halda, bütövlükdə götürülən elm təbiət və cəmiyyətin həqiqi inikasını verir. Elmin inkişafı prosesində meydana çıxan yalnış fərziyyə və nəzəriy­yələr məsələnin mahiyyətini dəyişdirmir, çünki elmdə yanılmaq həqiqətin yaradıcılıqla axtarılmamasının məhsuludur. Elm insan zəka­sının ən yüksək məhsulu olub, onun qüvvə və qüdrətinin tə­cəssümüdür. Elmə nisbətən din daha əvvəl pratikanın ən aşağı inkişaf səviyyəsində, təbiət və ictimai qüvvələrin insan üzərində hökmran olduğu bir vaxtda meydana gəlmişdir, o zaman insanlar bu qüvvələri dərk edib, özlərinə tabe etmək iqtidarında deyildirlər. Elmin meydana gəlməsi isə, əksinə, insan praktikasının malik olduğu qüdrətin biavasitə artması nəticəsidir. Elmin inkişafı, təbiət və cəmiyyətin kor– koranə qüvvələri üzərində insanların hökmran­lığının artması bir– birilə qarşılıqlı surətdə əlaqədardır. Buna görə də elmlə dinin bir- birinə əks olduğunu nəzərə alaraq elmə belə bir tərif vermək olar: elm praktikanı ümumiləşdirən, ondan alınan və onunla yoxlanılan obyektiv surətdə həqiqi bilik sistemidir.
Bütün bunlara baxmayaraq, dinin bəşər fikri və mənəviyyatı tarixində oynadığı mühüm rolu danmaq qeyri– mümkündür. Din– in­san mənəviyyatının zənginləşməsinə, əxlaq, xeyir və şər, real dünya və axirət ideyasının özünə məxsus şəkildə həll edilməsinə ça­lışmışdır. İnsanın insanlar və Allah qarşısıda məsuliyyətli olmasına çalışmışdır.

ç) Elmin əxlaqi- etik problemləri
Elmi fəaliyyətdə mühüm prinsiplər sırasında zəruri riayət edilməli məsələlərdən biri də etik normaların qorunmasıdır. Bu, elmin cəmiyyətdəki yerinə yetirdiyi xüsusi rolu ilə əlaqədardır. Əl­bəttə, söhbət «aldatma», «yalan danışma», yaxınlarınla məsləhətləş (bölüşdür) tipli məlum fikirlərdən getmir. Prinsipcə bu etik qaydalar universal normalar hesab olunur. Onu yaradanların arzusuna görə adamlar bir– birilə qarşılıqlı münasibətlərində həmin göstərişləri əsas tutmalıdır. Deməli, həmin prinsiplər insan fəaliyyətinin bütün sahələrinə, o cümlədən elm sahəsinə də tətbiq olunmalıdır.
Elmin yarandığı anından müasir dövrə qədər hər bir həqiqi alimin başı üzərində «Damokl qılıncı» kimi onun fəaliyyətinin nəti­cələrindən istifadə edilməsi məsələsi durur. Belə bir təsəvvür yaranır ki, «zərər vurma» adlı məşhur Hippokrat fikri tam şəkildə nəinki hə­kimlərə, həmçinin bütün alimlərə də aid edilməlidir. İnsan fəaliy­yətinin qiymətləndirilməsinin mənəvi aspekti hələ Sokratın zama­nın­dan da qabaq məlum idi (bax: Bilqamıs dastanı, Dədə Qorqud).
Sokrat belə hesab edirdi ki, insan təbiətən xeyir işlər görməyə cəhd edir. O, Xeyiri Şərdən ayırmadığı halda, şər bədxah iş görür. Tarixdə elmə zidd fikir söyləyən alimlər də olmuşdur. Məsələn, J.J.Russo elmi biliklərin sürətlə inkişafı ilə bağlı yaranan ifrat optimizmdən çəkinərək belə bir fikir söyləmişdir ki, elmin inkişafı cəmiyyətdə mənəviyyatın yüksəlişinə aparmır. Elmə özünün kəskin münasibətini fransız yazıçısı Fransua Şatobrian (1768– 1848) da bildirmişdir. O, tam açıq və aydın şəkildə elan etmişdir ki, dağı­dıcılıq ideyası elmin səciyyəvi xüsusiyyətidir.
Elmi tədqiqatların nəticələrindən istifadə edilməsi ilə əlaqədar meydana çıxan narahatçılıq və bu problemlə bağlı alimlərin özlə­rinin etik mövqeləri mühüm rol oynayır. Başqalarına nisbətən alimlərə elmin təkcə yaradıcılıq deyil, həm də dağıdıcılıq qabiliyyəti yaxşı məlumdur. Xüsusilə XX əsrdə elmin nailiyyətlərindən dağıdıcılıq məqsədi üçün istifadə edilməsi insanları birici növbədə humanist alimləri daha çox narahat edir. Məlumdur ki, nüvə reaksiyası nəzəri cəhətdən əsaslandırıldıqdan sonra dünyanın tanınmış alimləri, o cümlədən Albert Eynşteyn (1879– 1955) həmin kəşfin praktiki tətbiqinin faciəvi nəticələrini dərindən başa düşdülər. Lakin bu kəşfin faciəsini başa düşən, prinsipcə həmin fakta qarşı çıxan alimlər eyni zamanda Amerika prezidentinin Atom bombası yaratmasına da xeyir– dua vermişlər. Bəşəriyyət üçün atom– hidrogen silahının nə dərəcədə dəhşətli təhlükə olduğunu xatırlamağa ehtiyac yoxdur. Əslində tarixdə ilk dəfə olaraq elmin köməyi ilə elə bir silah yaradılmışdır ki, onun vasitəsilə nəinki bəşəriyyəti, eləcə də onun məskun olduğu mühiti də məhv etmək mümkündür.
Bununla yanaşı, XX əsrin II yarısında elmdə gen mühən­dis­li­yi, hüceyrə səviyyəsində biotexnologiya sahələrində kəşflər edildi ki, bunun sayəsində insanın gen kodlarının dəyişməsi təhlükəsi, Homo sapiens– ə rsixo– trop təsir perspektivi təhlükəsi yarandı. Əgər sadə dil­də desək, gen və psixikaya yönəldilən təsirin köməyi ilə insanı biorobota çevirərək, onu verilmiş proqram üzrə hərəkət etməyə məc­bur etmək olar. Bəzi alimlərin qeyd etdiyi kimi, elmin köməyi ilə hazırda keçmişdə mövcud olmayan həyat forması və biorobot tipi yaratmaq olar. Bu isə həyatın inkişafının çox milyonlu təkamül mər­hələrinə son qoyar və müasir insanın və onun mövcud olduğu mühitin yox olmasına gətirib çıxara bilər. Bu hadisə baş verərsə, insanı nə göz­lədiyini Amerika «dəhşət»li filmləri aydın şəkildə göstərir. Orada yaradılan vampir və monstrlar cəmiyyətdə hər şeyi «ida­rə edirlər». İnsan haqqında elmin inkişafı bu sahədə edilən kəşflər belə bir məsələni kəskinliklə qarşıya qoyur ki, elmi axtarışlar azaldığı ilə yanaşı, alimlərin öz fəaliyyətlərinə görə məsuliyyət daşıması zəruri olsun. Bu vəzifə özündə çoxlu «X»ləri birləşdirir və olduqca mürəkkəbdir. Onlardan bəzilərini qeyd etməyi vacib hesab edirik.
Hər şeydən əvvəl, çox vaxt müxtəlif səbəblər ucbatından elmi kəşflərin yaradıcı, yaxud dağıdıcı nəticələrini tam şəkildə qiymətləndirmək heç də həmişə mümkün olmur. Bununla yanaşı, həmin kəşf tezliklə mütəxəssislərə məlum olur və onun haqqında susmaq çətinləşir.
İkinci cəhət alimin şəxsi əqidəsi ilə bağlıdır. Elə də olur ki, tədqiqatçı illərlə, hətta on illərlə bu və ya digər problemin tədqiqi ilə məşğul olur. Nəhayət o, lazımi nəticələri əldə edir ki, onun sayəsində həmin alimi digər məşhur alimlər cərgəsinə qoşmaq olar. Lakin O, kəşfin nəticələrindən ehtiyat edərək həmin kəşfi başqalarından gizlətmək, hətta həmin kəşf haqqında informasiyanın yayılmaması üçün «susmağa məcburdur». O da məlumdur ki, digər bir alim ondan gec də olsa, həmin nəticəni əldə edə bilər, hamıya bildirər və elmi prioritetini elan edə bilər.
Nəhayət, alimin yaşayıb, işlədiyi ictimai quruluşu da unutmaq olmaz. Məlum olduğu kimi, başqa dövlətləri özünə tabe etmək istəyən, hətta dünya ağalığı fikrinə düşən dövlətdə etik normalara riayət etmək fövqəladə dərəcədə çətindir.
Lakin problemin mürəkkəbliyinə baxmayaraq etik norma və tələbatların qorunması vacibdir. Burada başlıca cəhət alimlərdə şəxsi məsuliyyət hissinin formalaşdırılmasının vacibliyidir. cəmiyyətdə və hər bir alimdə elmi problematikanın həllinin və alınan nəticələrin bəşəriyyətə ziyan və xeyri baxımdan nə verəcəyinə görə məsuliyyət hissi əsas keyfiyyət hesab olunmalıdır.


Tarix: 09.12.2014 / 13:46 Müəllif: Aziza Baxılıb: 399 Bölmə: Fəlsəfə