Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbadət

İBADƏT
Artıq dönüb dövran, dəyişib
zaman
Gəlmək istəyirəm haqqa səcdəyə,
İmdad istəməkçün indi tanrıdan
Hər gecə əllərim uzanır göyə:
- İlahi, qəlbimi açıram sənə,
Çin eylə sən mənim röyalarımı.
Diz çöküb önündə gəldim
səcdənə,
Qəbul et sən mənim dualarımı.
İbadət! Allahla pünhani söhbət,
İbadət - öz arzum, öz
niyyətimdir.
Amma bacarmadım, yaş ötüb..
fəqət
Mənim dualarım ibadətimdir.
Allaha duama, namaz yerinə
Başqa cür ibadət, başqa yol -
dedim.
Qol, boyun! Bağlıdır biri-birinə .
Boynun öz yüküdür sınmış qol -
dedim.
"Çoxdur günahları ömür
yolunun"
Neylərəm bu sözü mənə el desə?
Mən nəyə gərəyəm sınımış
qolumun
Yükünü, cövrünü boynum
çəkməsə ?
Yaman üstələdi günah tövbəni,
Ruh da nəfsimizdə yox olmuş
bizim.
İlahi , o qədər unutduq səni,
Bəsirət gözümüz tutulmuş bizim,
Durdu üzümüzə günahlarımız,
Bəndəlik etmədi tanrıya bəndə.
Səni yaxşı gündə unutduq, yalnız
Düşdün yadımıza dara düşəndə.
Dünyanın qəribə oyunları var,
Dünən aldananlar aldadır bu
gün.
Dünən səni danıb rütbə alanlar
Səni təbliğ edən molladır bu gün.
Ya Rəbbim, sən özün kömək ol
bizə,
İşıq saç qaranlıq ürəyimizə.
Biz bu var dünyada yaşarkən
yoxuq,
Sən yox ikən varsan, biz varkən
yoxuq.
Bizə bir kəramət bəxş elə
yoxdan,
Tanıyaq yolunu, qılaq səcdəni.
Ey gözə görünməz, ey yeri
pünhan,
Könül gözümüzlə biz görək səni.
Bizim qəlbimizə nur ver, ilahi,
Bizi haqq yoluna döndər, ilahi.
Sənin köməyinə möhtacıq bu
gün,
Eşit fəryadımı, eşit naləmi.
Bizim dərdimizə ortaq et bu gün
Bizim dərdimizə lal-kar aləmi.
Özün görürsən ki, bu gen
dünyada
Haqqımız tapdanır hər addım
başı .
Təkləndik, əl açaq indi biz yada?
axı, göz yaşımız əridir daşı.
Dözdük bu on ili, dözərik yenə,
Başqa bir hikmətdir təntidən
məni:
Məəttəl qalmışam sənin səbrinə,
Sözüm küfdürsə, əfv et sən məni.
Qaldı yad əlində namus, arımız,
Millət unudulmuş, xalq
unudulmuş.
Bir loxma çörəkçün övladlarımız
Özgə qapılarda didərgin olmuş.
Dəyanət, ləyaqət qalmadı bizdə,
Hər gün gəlmələrlə dolur
məmləkət.
Öz doğma, öz halal vətənimizdə
Gəlmə sahibkara əl açır millət.
Fəhlə maaşını alammır nədən?
On qat artıq alır yad oğulları.
Bizim ac fəhlənin göynərtisindən
Göyərir gəlmənin gömgöy
dolları.
Bu millətverilən quru vədəyə,
Yaddan gələn paya şükran
edilmiş.
İçilən bol suya, bomboş mədəyə
Udduğu havaya şükran edilmiş.
Doğma məmləkətdə, doğma
diyarda
Bu xalqı həyansız qoyma,
Allahım,
Cırıq çadırlarda, şaxtada, qarda
Donan körpələrə qıyma, Allahım.
Hamı yalanlardan cəzanə gəlmiş,
Riyalar, boyalar basıb ölkəni.
Bir qarın çörəyə möhtac edilmiş
Bu xalqın üstünə çək öz kölgəni.
Elə hey sabaha baxdıq bu
gündən
İşartı görünmür, qarşı dumandır.
Ən adi, ən kiçik haqqımızla sən
Bizi imtahana çəkmə, amandır.
Gəl bu imtahandan sən qurtar
bizi,
Ya Rəbbim, ağıl ver, kamal ver
bizə.
Çoxdan unutmuşuq
düşmənimizi,
Düşmən kəsilmişik bir-birimizə.
Yol bir olmalıdır, əqidə birsə,
Neçə təriqətə bölünmüşük biz.
Ailədə tirəlik - didişmədirsə,
Millətdə tirəlik - fəlakətimiz!
Vətən bir, millət bir, yollar
cürbəcür,
Əqidə - ağ yalan, məqsəd -
kürsüdür.
Köhnə bayatıya, köhnə səs-küyə
Təzə ad verdilər, ünvan verdilər.
Gözə kül üfürüb uca kürsüyə
Əqidə paltarı geyindirdilər.
Tarix səhnəsindən qorxuram silə
Biri-birimizə bu nifrət bizi.
Əfv et suçumuzu, bizə rəhm elə,
Bu dərin uçrumdan xilas et bizi.
Nə hiylə tanıdı, nə tələ millət,
Sənin anan ölsün, a belə millət.
Bizi endirdilər göylərdən yerə,
Qaytar tariximin qızıl çağını.
İlahi, hökmünlə qaldır göylərə
İslam bayrağını, türk bayrağını.
1-3 yanvar, 1999.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 361 Bölmə: Bextiyar Vahabzadə
loading...