beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qocalar

QOCALAR
Çənə əl üstündə, əl çomaq üstə
Qocalar əyləşir tin başlarında
Sinə bayatılı, könül şikəstə,
Ömür varaqlanır yaddaşlarında.
Yaşıdlar köç edib, cavanlar işdə
Tək-tənha oturmaq son əlacları.
Həyatın amansız yalqızlığında
Tutur əllərindən əl ağacları,
Yumub gözlərini düşünür onlar,
Durur göz önündə ötən
zamanlar.
Yerdə çuxur açır çomağın ucu,
Sonuncu həddinə dirənib ömür.
Dünyadan aldığı, dünyaya borcu
Nəymiş
Düşüncənin sonu görünmür.
Çomağın ucuna dikib gözünü,
Onlar saatlarla oturar belə.
Fikir bir gəmi ki, bilinmir yönü
Çırpınır, çıxammır ancaq sahilə.
Onlar düşündükcə boşalar, dolar,
Fikrin nə sonu var, nə də əvvəli.
Doqqazlar başında bizim qocalar
Düşüncə heykəli, fikir heykəli!
Əvvəllər deyərdim, onlar bu
qədər
Bekarca oturub darıxmır məgər
Kitab oxuyardım darıxmaq üçün
Onların yerinə olsaydım əgər.
Bir qalın kitabmış hər ömür
demə,
Oxumaq istəsən, yum gözlərini.
Bekar deyilmişlər...
Ürəklərində
Onlar oxuyurmuş öz-özlərini


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 148 Bölmə: Bextiyar Vahabzadə