Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anam Oldumu?

ANAM ÖLDÜMÜ?
Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin
sən?
Necə yox olurmuş bir anda
insan,
Elə bil dünyada heç yox imişsən.
Günəş qürub etdi... otaq qaraldı,
Bir anda yox oldun sən xəyal
kimi.
İndi düşünürəm: Səndən nə
qaldı,
Könlümdə xatirən qara xal kimi.
Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman
səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan
səni.
Sən mənə beşikdə laylay
çalmısan
Bu gün laylay çalım sənə
məndəmi?
Sənin şirin-şirin laylalarmı
Mən sənə qaytarım
cənazəndəmi ?
"Yuxun şirin olsun" - deyərdin
mənə,
"Yuxun şirin olsun" - deyimmi
sənə?
Gərək mən başına dönəm-
dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?
Bu necə dünyadır, anlamıram
mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa
dönübdür.
Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır, bu necə
dünya,
Ölümü həqiqət, həyatı röya.
Dərdimin, qəmimin səndin
ortağı, .
Niyə üz döndərdin, bəs niyə
məndən?
"Dərdin mənə gəlsin!" - deyərdin
axı,
Niyə dərd caladın dərdimə bəs
sən ?..
Anam, heç kəs səni
incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən
qədər?
Evin hər küncündə görünür
yerin.
Gözüm axtarcıdır, ana, ay ana,
"Nənəm hanı?" - deyir körpə
Azərin,
Mən nə cavab verim, ona, ay
ana?
Bilmirəm, bilmirəm bu ölüm
nədir, Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa
dönmüsən.
Bu gün yeddin oldu...
anam, yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalnız sənə,
sənə deməkçün
Könlümdə nə qədər mənim
sözüm var.
"Kimləri çağıraq bu gün
yeddiyə?"
Xalalar, bacılar soruşur məndən.
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.
Anam, tapşırıldın ana torpağa,
Bu ölüm, sinəmə çəkdi dağ
mənim.
Sən mənim arxamda bənzərdin
dağa,
Elə bil arxamdan uçdu dağ
mənim.
Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu gün
də.
Son dəfə sən mənə baxıb
ağladın,
Surətim məzara getdi gözündə...
Ömrü başa vurdun altmış
yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır...
Gün olur axşam.
Vaxt keçir, sən məndən
uzaqlaşırsan,
Mən sənə günbəgün
yaxmlaşıram .
Fevral, 1963.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 232 Bölmə: Bextiyar Vahabzadə
loading...