Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Deyilmi ?

Ömür başdan-başa,
beşikdən-qəbrə
Həyat sevinci, qəmi deyilmi ?
Ölüm bir ömürlük
iztirabların-
Ağrının, acının cəmi deyilmi ?
Mənəvi dünyaya qalxıb ucalmaq
Qanadlı duyğuya
qismətdir ancaq.
Beləysə, ömürdən,
gündən kam almaq
Hər kəsin arzusu, kamı deyilmi ?
Keçir məqamlar da gündə yüz əldən
Hansı gizli əldir pozan, düzəldən.
Sənin güvəndiyin dənya əzəldən
Əkilən, biçilən zəmi
deyilmi ?
Ayaqlar altında yer oldu tapdaq,
Sirrini, məğzini bilmədik ancaq.
Tapdıq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı
deyilmi ?
Damımız üstündə gəzər, hey gəzər,
Hərə ürəyincə bir mənzil bəzər.
Torpağı sormaqdan
etmədik həzər,
Bu da ağlımızın kəmi
deyilmi ?
Ötəri mənzildə qədər
hökm edər,
Kimimiz bal içər, kimimiz zəhər:
Əbədi mənzildə hamı - bir nəfər,
Bir nəfər özü də hamı
deyilmi ?
22 fevral, 1986.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 99 Bölmə: Bextiyar Vahabzadə
loading...