beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abdulla xan Ustaclı

Həyatı
Abdulla xan Qara xan oğlu Diyarbəkirdə anadan olmuşdu. Ustaclı elinin Təmişli oymağındandır. Savaş sənətinə yiyələnmişdi. I Şah Təhmasibin əmirülümərası vəzifəsində bütün qızılbaş əmirlərinə başçılıq etmişdi. 1527-ci ildə özbək xanı Ubeydulla xan Qızılbaşlar məmləkətinə qoşun çəkdi. I Şah Təhmasib ordu toplayıb qarşı çıxdı. Ustaclı elindən Abdulla xan 200 nəfər seçmə bahadırla toplantı yerinə gəldi. Elin digər qruplarından isə 16 mindən yuxarı atlı yığılmışdı. Yığılanlar içində Ustaclı eli birinci yeri 17 min atlıyla, ikinci yeri Avşar eli 16 min atlıyla tuturdu. Özbəklər məğlub olub geri çəkildilər.

Abdulla xan 1549-cu ildən 1567-ci ilədək Şirvanın bəylərbəyisi olmuşdu. O, Şirvanda olarkən bir çox xarici səyyah və səfirləri qonaq etmişdi. Xarici müəlliflər onu "Şirvan kralı" adlandırırdılar.

1562-cı ildə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Şirvan bəylərbəyi Abdulla xan Ustaclı tərəfındən qəbul edilmişdi. Əcnəbi qonağı nahar yeməyinin çeşidi heyrətləndirmiş, о hətta yeməklərin sayını hesablamağı qərara almışdı. A.Cenkinson yazır: "Nahar vaxtı gəlib çatdıqda döşəməyə süfrələr salındı və müxtəlif yeməklər gətirildi, yeməklər çeşidinə görə sıra ilə düzülmüşdü. Mən apardığım sayıma görə 140 növ yemək verilmişdi. Onları süfrə ilə yığışdırdıqdan sonra yeni süfrələr salınıb meyvələrdən başqa qonaqlıq yeməklərindən ibarət 150 növ bulud gətirdilər, beləliklə, iki dəfəyə 290 yemək növü verilmişdi".

Abdulla xan hicri 956 (1549-1550)-cı ildə Şirvan bəylərbəyisi vəzifəsinə təyin olunmuş və 974 (1566-1567)cü ildə vəfat edənədək, 17 il ərzində həmin vəzifəni tutmuşdu. O, Şirvan əyanlarının separatçı çıxışlarını (Qurbanəlinin, Mehrabın, Qasım Mirzənin) yatırmağa nail oldu və burada Səfəvilərin hakimiyyətini möhkəmləndirdi. Bundan sonra Abdulla xanın nüfuzu daha da artdı. I Şah Təhmasib həm də bibisi oğlu olan Abdulla xanla çox vaxt hesablaşırdı. Cenkinsonun öz qeydlərində Şirvan canişini Abdulla xanın sarayının şahanə təmtəraqının təsvirinə böyük yer verməsi, onu mədh edərək "Şirvan kralı" adlandırması təsadüfi deyildi.

Abdulla xan 1562-ci ildə rus çarı IV İvanın yanına elçi göndərmişdi.

Abdulla xan Şirvanşahlar soyundan olan Qasım mirzəni məğlub etmişdi. Qasım mirzə qaçıb Tabasaranda gizlənmişdi.

Abdulla xan 1567-ci ildə vəfat edib.

Ailəsi
Abdulla xan Şah İsmayıl Səfəvinin qızı evlənmişdi. Həmzə xan, Şahəli mirzə, Xanməhəmməd bəy adlı oğulları vardı.


Tarix: 13.01.2015 / 19:22 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎