beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağqoyunlu imperiyasının yaranması

Qaraqoyunlular dövləti süqut edir, Teymurilər dövləti isə həddən artıq zəifləyir. Uzun Həsən Azərbaycanın əsasında Qərbi İranın, İraqın, Ermənistanın, Kürdüstanın, Diyarbəkirin, Şərqi Gürcüstanın və digər kiçik dövlətlərin də daxil olduğu möhtəşəm bir dövlət qurur. Həmin dövlətin paytaxtı isə Azərbaycanın paytaxtı Təbriz olur.

Ağqoyunlu dövlətinin tarixində yeni bir dönəm başlayır. Artıq onun bir, lakin çox güclü düşməni qalmışdır,bu, Osmanlı dövlətidir. Onunla mübarizə aparmaqdan ötrü isə köhnə metodlar keçmir. Bunun üçün ölkəni iqtisadi cəhətdən möhkəmləndirmək, ordunu yenidən təşkil etmək və güclü müttəfiqlər tapmaq lazımdır. Uzun Həsən özünəməxsus çeviklik və enerji ilə bu məsələlərin həllinə başlayır. Qeyd etmək lazımdır ki, o, bundan əvvəl də həmin istiqamətdə müəyyən işlər görmüşdü. İlk növbədə ölkə iqtisadiyyatının inkişafına təkan vermək üçün Uzun Həsən bir sıra islahatlar aparır ki, bunlar da öz əksini onun Qanunnaməsində tapmışdır. Sonralar bu toplu "Padşah Həsənin qanunları" adı ilə məşhurlaşır. Həmin qanunların həyata keçirilməsi nəticəsində vergilərin yığılması qanuniləşir və sistem şəklini alır, sənətkarlıq və ticarət inkişaf edir. Uzun Həsənin xəzinəsi dolur və Azərbaycanda möhtəşəm bir mərkəzləşdirilmiş dövlət yaranır.

Ordusunun təkmilləşdirilməsi haqqında çox düşünən Uzun Həsən bu məqsədlə Avropadan mütəxəssislər çağırır və nizami ordu yaratmaq istəyir. Venesiya və başqa ölkələrdən gəlmiş mütəxəssislər odlu silah istehsal etmək üçün ona köməklik göstərirlər. Ölkədə top istehsalına başlanılır, topçu kadrlar hazırlanmasının əsası qoyulur. Lakin lazımi qədər top istehsal etmək Uzun Həsənə müyəssər olmur, topların qərbdən gətirilməsi işi isə müxtəlif səbəblər üzündən tez-tez pozulur.

Uzun Həsən böyük tikinti işləri də aparır. O, Təbrizdə örtülü Qeysəriyyə bazarını, Nəsriyyə universiteti ilə birlikdə möhtəşəm məscid və digər ictimai binalar tikdirir. Uzun Həsənin sarayında alimlər məclisi fəaliyyət göstərir və zəngin kitabxana yaradılır. Kitabxanada çoxlu alim çalışır, onun nəzdindəki emalatxanalarda isə o dövrün ən görkəmli xəttat və rəssam-miniatürçüləri fəaliyyət göstərirdi. Sonralar, Səfəvi şahlarından İsmayıl və Təhmasibin zamanında həmin kitabxana genişlənir və daha da zənginləşdirilir. Sarayda saz çalanlar ansamblı yaradılmışdı ki, buraya da 98 aşıq daxil idi.

Uzun Həsənin parlaq qələbələrindən sonra Ağqoyunlu dövlətinin nüfuzu artır. Uzun Həsən və onun mahir sərkərdələri olan Məhəmməd Bağır Mirzə, Mirzə Yusif xan, Uğurlu Məhəmməd, Zeynal bəy və başqalarının adları Azərbaycanın sərhədlərindən də çox-çox uzaqlarda məşhurlaşır. Uzun Həsənin özünü Əmir Teymur və Makedoniyalı İskəndərlə müqayisə edirlər. Uzun Həsənin müasiri Fəzlullah ibn-Ruzbihan Xunci yazırdı:

"Xaqan əl-afaq, sahib-qıran, muin əl-xilafə vəs-səltənə Əbu-nəsr Həsən Bahadır xan Qaraqoyunluların cahan şahlığına son qoydu. Onlar dünyanın hakimiyyət düzündə alaq otları idi. O, Cahan şahın xəzinə alovundan şam yandırmaq istəyən oğlu Həsən Əliyə ölüm şərbətini daddırdı. Uzaq Otrar və Kaşğar vilayətlərindən yüz min döyüşçü ilə Qarabağ üzərinə hücuma gələn teymuri sultan Əbu Səidin yasəmən bağını qara bağa döndərdi. Beləliklə, cəmisi bir neçə il ərzində o, öz hakimiyyətinin sərhədlərini Fəratdan Amu-Dəryaya və Rumdan Ümman adalarına qədər genişləndirdi. Onun atlarının ayaqları altında gürcülərin torpaqları dəfələrlə tapdandı. O, öz bayrağını Ruma və Suriyaya qədər apardı. O, sərhədyanı torpaqlarını və yolları qoruyub müdafiə etdi və bununla da İslamın rəmzlərinə yeni can verdi. O, çox böyük səxavət göstərib, 400-dən artıq dini xeyriyyə idarəsi (zaviyə və ribat və xanəgah) yaratdı..."


Tarix: 13.01.2015 / 16:07 Müəllif: Feriska Baxılıb: 111 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎