Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlihüseyn Qafarlı

Aktyor

Həyatı

Musiqili Komediya Teatrının kiassik peşəkar aktyorlarından biri də Əlihüseyin Qafarlı olub. Yüksək aktyorluq texnikasına malik idi. Milli xalq oyun estetikasına əsaslanan zəngin və son dərəcə əlvan, parlaq, mənalı ifadə vasitələri vardı. Kəskin qroteskii obrazların ifasında məsxərə və məzhəkə teatr poetikasının elementlərindən istifadə edərdi. Qroteskdə də, sarkazında da, açıq satirada da, karnavalvari yumorda da heç vaxt ölçü əndazəsini itirməz, oyunu özünəməxsus emosional cazibəsində, saf gülüş təravətində qalardı. Oynadığı rolun daxili mənəviyyatını, insani xüsusiyyətlərinin mahiyyətini tipik hərəkət vasitələrində tamaşaçılara çatdırardı. Sadə, ilk baxışda nəzərə çarpmayan, daha doğrusu maraq doğurmayan ştrixlərdən, detallardan elə yerli-yerində, elə məharətlə istifadə edirdi ki, onsuz həmin rolu təsəvvürə gətirmək mümkün olmurdu. Sözün tam mənasında realist aktyor məktəbinə mənsub sənətkar idi. Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı 15 mart 1911-ci ildə Bakıda dənizçi ailəsində anadan olub. Yeddiillik təhsil alıb. On altı yaşında Bakı Dənizçilər Evinin nəzdindəki dram dərnəyinə üzv olub. 1929-cu ilin payız teatr mövsümündə Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Yeni forma və üslub, məzmun və ifadə vasitələri sorağı ilə eksperimentlər aparan, həm uğur qazanan, həm müvəffəqiyyətsizliyin acısını dadan teatr bütün təzadlara baxmayaraq formalaşmaya doğru inamla addımlayırdı. Teatrın repertuar simasını müəyyənləşdirən tamaşalarda Əlihüseyn Qafarlı da oynayırdı. Bu kollektiv 1933-cü ildə Gəncə şəhərinə köçürülüb. Əlihüseyn Qafarlı on ilə yaxın Gəncə Dövlət Dram Teatrında çalışıb. 1942-ci ildən ömrünün sonuna qədər (az fasilə ilə) Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və kollektivin ansambl kimi fəaliyyət göstərdiyi truppada aktyor işləyib. Əlihüseyn Qafarlının bu teatrda əsas aktyor nailiyyətləri Quluş bəy ("Ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət Əmirov), Muradxan bəy ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov), Mərcan bəy, Soltan bəy, Məşədi İbad ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Nadir ("Qızılgül", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Dursun ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Filipo ("Bayadera", İmre Kalman. Tərcümə edəni Sabit Rəhman), Əlimərdan ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Gülümsərov "Ulduz" (Sabit Rəhman və Süleyman Ələsgərov), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında işləyəni Şəmsi Bədəlbəyli. Bəstəkarlar Vasif Adıgözəlov və Ramiz Mustafayev), Dilavərzadə ("Rəisin arvadı", Məhərrəm Əlizadə və Səid Rüstəmov), Mətləb Talıbov ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Kərbəlayı Hüseynəli ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qasiyana ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava. Tərcümə edəni Adil Babayev) rollarında olub. Bu səhnə surətləri içərisində Məşədi İbad rolu xüsusi yer tutur. Əlihüseyn Qafarlı 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. Aktyor 5 oktyabr 1961-ci ildə Bakıda vəfat edib.

Filmoqrafiya
Qəribə əhvalat (film, 1960)


Tarix: 06.02.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 464 Bölmə: Aktyorlar
loading...