beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fazil Salayev

Aktyor. Film səsləndirən. Arxiv kadrlar. "Azərbaycanfilm"də çəkilən bir neçə filmdə yaddaqalan obrazlar yaradıb.

Həyatı

Kiçik rolların böyük ifaçısı. Əslində Fazilin arzuları böyük idi, o, səhnədə də, ekranda da oynamadığı, arzusunda olduğu çox rollar qoyub getdi. Fazili görənlər, onunla yaxınlıq edənlər yaxşı bilirlər ki, o, həqiqətən, çox istedadlı, sənətə ürəkdən bağlı bir aktyor idi. Deyillər ki, Fazil Salayev heç özü də baş rollar istəmirdi. Deyirdi ki, mənə kiçik rollar verin, mən onları böyük rollar səviyyəsinə qaldıra bilərəm. Doğrudan da, elə filmlər var ki, Fazillə yadda qalır, onun rolları tamaşaçıda əsl mənada filmə maraq oyadır.

Fazil Salayevin rolları kiçik olsa da, bütövdür. Onun "kiçik" qəhrəmanlarında bir böyüklük duyulur. Çox vaxt rejissorlar bunu qiymətləndirə bilmirdilər. Yoxsa, bu illər ərzində onu bu qədər az filmə çəkməzdilər. Rejissorlar həqiqətən "xəsislik" göstərirdilər. O, hər gün kinostudiyada idi. Hətta işi olmayanda belə studiyanı gəzib dolaşır, sənət dostları ilə söhbətləşərdi.

Fazil studiyanın həyətinə ayaq basanda burada əsl mənada bayram olardı. Nədənsə, ona elə rollar həvalə edilirdi ki, hamısı onun öz taleyinə bənzəyirdi. "Şərikli çörək" filmində qırçı Məhəmmədin rolunu rejissor Şamil Mahmudbəyov ona həvalə edəndə bir az sevinc, bir az da tərəddüd keçirmişdi. Qırçı Məhəmmədlə bağlı bu filmin səhnələri əslində ayrıca bir kino mövzusudur. Mən həmişə bu fikirdəyəm ki, Şamil müəllim kino içərisində kino yarada bilirdi. Fazil bu rolu o qədər səmimi, o qədər istedadla yarada bilmişdi ki, onu filmin baş qəhrəmanlarından biri kimi də xarakterizə etmək olar.

Fazil Salayevin Məhəmmədi bizim hər gün Bakı küçələrində qarşılaşdığımız qırçılardan biridir. Amma aktyor onu o qədər səmimi yaradıb ki, biz onu təkcə qırçı kimi təsəvvür etmirik. O, həm də vətənpərvər bir insandır. Heç onun gözlərinə fikir vermisinizmi? Cəbhədə kontuziya alıb, sonra bacardığı bir işin qulpundan yapışmaqla öz vətəndaşlıq borcunu yerinə yetirir. Onun gözlərində həmişə çox kədərli bir düşüncə duyursan. Tamaşaçı onun qəhrəmanını sevir, hətta onun sözlərini uzun müddət yaddaşında saxlayır.

Həyatda da onun gözlərində çox qəribə bir kədər olardı. danışanda da, güləndə də heç vaxt gözlərində sevinc hiss olunmazdı.

"Ömrün səhifələri" kinoalmanaxındakı "Rəqiblər" novellasında elə Fazili oynayır. Fazil də özüdür ki, durub. Yenə öz zarafatlarından qalmır, ətrafındakılar Fazili sevdiyi kimi tamaşaçı da onu sevir. Fazil Salayev Azərbaycan kinosunun unikal istedada malik aktyorlarından idi. O, kiçik bir süjetdə o qədər güclü mətləbləri aça bilirdi ki, tamaşaçı həqiqətən onun istedadına heyran olurdu. "Mozalan"ın süjetlərini xatırlayın. Bu satirik kinojurnalın bədii süjetlərində onun 5-6 dəqiqəlik epizodları bəzən bir filmdən belə güclü təsir bağışlayırdı. Yəqin ki, metro səhnəsini xatırlayırsınız. Necə ustalıqla qurulmuş və ifa olunmuş səhnədir. Bu filmdə o, mərhum aktyor Bahadur Əliyevlə tərəf müqabildir. Onun içki düşgünü olan qəhrəmanı metroya hələ də düşməyib. Polis ona deyəndə ki, heç metroya minməmisən? Cavabı çox konkret olur: "Qoyursunuz ki..." Belə süjetlər çoxdur. Məhlədəki səs-küydən cana doymuş Fazil Salayevin qəhrəmanı axırda dəli olur, dəlixanaya düşür.

Elə "Axırıncı aşırım" filmində də Fazilə kiçik bir rol tapşırılıb. Ancaq burada da o dilini dinc qoymur. Kərbəlayı İsmayıl "dilini boğazından çıxardaram" deyəndə onun sifətinə diqqətlə baxsanız hansı hala düşdüyünün və bu anları aktyorun necə məharətlə ifa etdiyinin şahidi olarsınız. Bizim klassik aktyor məktəbi ənənələrindən çox məharətlə bəhrələnən aktyor, öz ifa tərzində bunu çox aydın büruzə verirdi. Onun obrazın daxili dünyasına çox asanlıqla sirayət etmək bacarığı bir daha təsdiq edirdi ki, Fazil professional sənətkardır.

Fazili tamaşaçıya sevdirən bir cəhət də onun özünəməxsus komizmi idi. O, tamaşaçını güldürmək üçün dəridən-qabıqdan çıxmazdı. Üzünün mimikası və yaxud ifşaedici nəzərləri ilə həmişə tamaşaçıya şən əhval-ruhiyyə bağışlayardı. Bir vaxtlar televiziya ekranlarında gedən "Komediyalar aləminə səyahət" verilişində tez-tez səhnəciklərdə oynayardı. Burada da əsasən komik rolları məharətlə yaradardı.

Fazil Salayev "Ürək...Ürək...", "Alma almaya bənzər", "Var olun, qızlar", "Ulduz" və s. filmlərdə də epizodik rollar oynayıb. "Ulduz"da fotoqraf onun kinoda ilk rolu idi. Çox kiçik bir epizodda oynayır. Ancaq tamaşaçı onu unutmur.

O, ömrünü çox vaxtsız başa vurdu. Həmişə sağlamlığından şikayət edərdi. Doğrudan da xəstə idi. Amansız ölüm onu aramızdan çox tez apardı. Deyirdi: "O qədər oynamalı rollarım qaldı ki"...

Fazil Salayevin sənəti bizim kinoda əvəzi olmayan ifaçılıq nümunəsidir. O, öz qəhrəmanlarını sevirdi. Xalq da onun qəhrəmanlarını. Əslində elə bu xalq Fazilin özünü, sənətini sevirdi. Və bu gün də onu böyük məmnunluqla xatırlayır və ruhuna dualar oxuyur.

Filmoqrafiya
777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
Axırıncı aşırım (film, 1971)
Alma almaya bənzər (film, 1975)
Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
Arzu (film, 1972)
Azərbaycan naminə (film, 2005)
Baldızoğlu (film, 1977)
Bir cənub şəhərində (film, 1969)
Bizim Cəbiş müəllim (film, 1969)
Dərviş Parisi partladır (film, 1976)
Fəallıq (film, 1975)
Gecəniz xeyrə qalsın (film, 1977)
Günlərin bir günü (kinoalmanax, 1976)
Heyif siqnalından (film, 1978)
İcazə (film, 1972)
İki dəfə iki (film, 1973)
İyirmialtılar (film, 1966)
Kimdir Məmməd Məmmədov? (film, 1973)
Qanun naminə (film, 1968)
Molla İbrahimxəlil kimyagərin nəvələri (film, 1974)
Möcüzələr adası (film, 1963)
Ögey ana (film, 1958)
Ömrün səhifələri (film, 1974)
Poliqlotlar (film, 1974)
Rənglərdə yaşayan kino (veriliş, 2009)
Səhər (veriliş, 1995)
Sən niyə susursan? (film, 1966)
Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
Sürpriz (film, 1977)
Şərikli çörək (film, 1969)
Şir evdən getdi (film, 1977)
Toya dəvətnamə (film, 1973)
Ulduz (film, 1964)
Ulduzlar sönmür (film, 1971)
Ürək... Ürək... (film, 1976)
Var olun, qızlar... (film, 1972)
Vulkana doğru (film, 1977)
Yanğın (film, 1975)
Yeddi oğul istərəm... (film, 1970)
Yoxlanılmış, inanılmış... (film, 1971)


Tarix: 01.02.2013 / 19:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 619 Bölmə: Aktyorlar