beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sidqi Ruhulla

Ruhulla Fətulla oğlu Axundov (Sidqi Ruhulla) (28 mart, 1886, Bakı-????) – Azərbaycanın xalq artisti.

Hüseyn Ərəblinski bu səsi çox sevər və həmişə deyərdi: "Bu səs sənin səsin deyil, elin səsidir. Sən danışanda, elə bil bir nəfər yox, min nəfər danışır. Belə də olmalıdır. Aktyorun səsi gərək tamaşaçılara ürək versin, könüllərə arxa dursun..."Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Adlar və mükafatlar
4 Mənbə
5 Xarici keçidlər
6 Həmçinin bax


Həyatı

Sidqi Ruhulla 1886-cı ildə Bakının Buzovna kəndində müəllim ailəsində anadan olmuş, ibtidai təhsilini bir kənd müəllimindən almışdır. Onun adı Ruhulla, familiyası Axundovdur. Gəncliyində "Vətən" dramında Sidqi rolunu məharətlə ifa etdiyindən yoldaşlarının məsləhətilə Sidqi ləqəbini qəbul etmişdir.

Sidqinin mənəvi inkişafında atası Molla Fətullahın da təsiri olmuşdur. Qışda şəhərdə-Bakıda, yayda isə Buzovnada müəllimlik edən Molla Fətullah özü də elmə, şer və sənətə çox həvəskar idi. Füzuli və Nəsimi kimi şairləri xüsusilə çox sevər və uzun qış gecələrində bu şairlərin əsərlərini oxuyub, oğluna-Ruhullaya izah edərdi. Sidqi uşaqlıq və gənclik illərini kənddə-Buzovnada keçirmişdir. 1903-cü ildə 17 yaşında ikən atası onu Bakıda varlı bir tacirin dükanına şagird verir. Qoca müəllimin məqsədi oğlunu ticarətə alışdırmaq idi. Lakin atanın xəbəri yox idi ki, onun öz oğluna təlim etdiyi kitablar, elm, şer və sənət onun mənəviyyatını tamamilə başqa bir istiqamətdə tərbiyə etmişdir. Onun fikri-zikri təhsilini davam etdirmək idi. Buna görə də onu "ipə-sapa yatmayan şagird" adlandırırdılar. Sidqi vaxtında dükana gəlməz, günlərinin çoxunu elm sahəsində özündən qüvvətli olan gənc ziyalı yoldaşları ilə birlikdə keçirərdi. Sidqinin gənclik yoldaşlarının çoxu maarifpərvər və inqilabçı gənclər idi.

1904-cü ildə Sidqinin atası ölür. Sidqi ağıllı dostlarının və yoldaşlarının təşviqi ilə atasından qalan ev şeylərini satıb Moskvaya oxumağa gedir. Moskvada Sidqi qohumlarının köməyilə təhsilini davam etdirə biləcəyinə ümid edirdi. Lakin bu ümid boşa çıxır. Sidqi Moskvada qala bilməyib, Bakıya qayıdır.

1906-cı ildə birinci dəfə Azərbaycan səhnəsində böyük tragik Ərəblinskini Axundovun "Vəziri Xan Lənkərani" komediyasında Teymur Ağa rolunda gördü. Bu andan Sidqinin gələcək taleyi həll olundu. Sidqi sanki çoxdan axtardığı bir fəaliyyət sahəsini tapmış oldu. Onda hələ uşaqlıqdan aktyor sənətinə böyük həvəs var idi. Hələ kənddə-Buzovnada yaşadığı illərdə şəbehlərdə iştirak etdiyi üçün onu artist adlandırmışdılar. Həqiqi teatrı görəndən sonra bu həvəs daha da qüvvətləndi. O, coşğun, alovlu bir hisslə səhnəyə bağlandı. Xalqa xidmət etməyin vasitəsini tapdı. Ərəblinski ilə dost oldu. Səhnəyə olan həvəsini ona bildirdi. Böyük tragik, Sidqinin səsində, qamətində, mimikasında, jestlərində böyük gələcəyi olan aktyoru əvvəlcədən görə bildi, Sidqini səhnəyə cəlb etdi.

1906-cı ildə Sidqi birinci dəfə Vəzirovun "Adı var, Özü yox" komediyasında Telli rolunda səhnəyə çıxdı (o vaxt səhnəmizdə Azərbaycan qızları olmadığından qadın rollarını kişilər ifa edirdi). Bu zamandan gənc həvəskarın həyatının əsl məqsədi və mənası müəyyən edilmiş oldu. Sidqi Bakının müxtəlif fəhlə rayonlarında çıxış edir, arabir şəhərdə də tamaşa verirdi. Sidqinin hələ ilk kiçik rolları onun fövqəladə bir istedada malik olduğunu aydın göstərirdi. Xususilə Ərəblinski Sidqinin istedadına çox böyük qiymət verirdi. Ərəblinski Haqverdiyevin "Dağılan Tifaq" faciəsinin bir əlyazmasını Sidqiyə bağışlayıb üzərində yazmışdır: "Şagirdim Sidqi Ruhullaya".

1908-ci ildə Bakıda "Morskoe Sobranie" zalında Nəcəf bəyin "Müsibəti Fəxrəddin" faciəsi tamaşaya qoyulur. Ərəblinski Rüstəm bəy kimi çətin bir rolu Sidqiyə tapşırır. Bu, gənc aktyor üçün böyük bir səadət, eyni zamanda ciddi bir imtahan idi. Sidqi öz ustaları qarşısında parlaq bir imtahan verir. Ərəblinski ona: "İndi sən sənətkarsan, indi sən yarada bilərsən" deyir. Bakının qabaqcıl ziyalıları, yazıçıları, müəllimləri səhnə arxasına gəlib, gənc sənətkarı təbrik edirlər, onun sənətinə pərəstiş etdiklərini bildirirlər. Rüstəm bəy rolunda Sidqi hər şeydən əvvəl öz ifasının təbiiliyi, rolu dərindən hiss edib yaşaması ilə diqqəti cəlb etmişdi. Son səhnələrdə Sidqi – Rüstəm bəy daha təsirli, daha inandırıcı idi. Gənc sənətkar Rüstəm bəy rolunda Ərəblinskinin ləyaqətli şagirdi olduğunu sübut edirdi. O, hər cür yersiz, süni deklamatorluqdan uzaq idi. Hər bir hərəkətində, tələffüz və ifadəsində son dərəcə təbii və inandırıcı idi. Bu tamaşadan sonra Sidqi hər şeyi buraxıb peşəkar aktyor olmağı qərara alır. Ərəblinski ilə birlikdə bir neçə ay İrəvan, Naxçıvan, Tiflis, Batumi və Vladiqafqazı gəzib tamaşalar verir.

Bir neçə il sonra Sidqi Ruhulla yenə səyyar aktyor sifətilə İrana və Cənubi Azərbaycana gedir. Sidqini bu qastrola göndərən və həvəsləndirən Ərəblinski idi. Sidqi Ruhulla bu hadisəni belə xatırlayır:

"Birinci İrəvan, Naxçıvan, Tbilisi, Batumi və Vladiqafqaz qastrolundan qayıtdıqdan sonra bir gün Ərəblinski mənimlə xüsusi görüşmək istədiyini söylədi. Yanına getdim. O vaxta qədər Ərəblinski mənimlə ancaq səhnə, aktyor sənəti haqqında danışar, rollarımı təhlil edər, istiqamət verər, səhnə fəaliyyətim haqqında öz fikirlərini və arzularını bildirərdi. Bu dəfə o tamamilə başqa bir məsələdən – mənim ürəyimdən xəbər verən bir məsələdən söhbət açdı. Böyük ustad öz söhbətinə bu sözlə başladı ki, biz öz sənətimizə gərək sadəcə bir yaşamaq vasitəsi kimi baxmayaq, biz gərək həmişə nəzərdə tutaq ki, camaatımıza xidmət edirik, vətənimizə xidmət edirik.

50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla həmişə zəngin həyat təcrübəsi, müşahidə, bilik, məharət və bacarıq, gərgin əmək tələb edən 300-ə yaxın müxtəlif surətlər silsiləsi yaratmışdır. O, Azərbaycan yazıçılarından Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Mirzə İbrahimov, Məmməd Səid Ordubadi, Sabit Rəhman, Süleyman Rüstəm, Rəsul Rza, İlyas Əfəndiyevlə yanaşı rus klassiklərinin, qərb dramaturqlarının da əsərlərində müxtəlif rollar ifa etmişdir.

Sidqinin səhnə fəaliyyəti ilə yanaşı öz sənəti ilə əlaqədar olan ictimai fəaliyyətini də qeyd etmək lazımdır. Aktyor və aktrisalarımızın yeni nəslinin tərbiyəsində, başqa görkəmli səhnə ustalarımız kimi, Sidqinin də müəyyən xidməti olmuşdur. Onun arxivində əksəriyyəti gənclər tərəfindən yazılmış yüzdən artıq məktub var ki, bu məktub və şerlərin çoxunda Azərbaycan teatrının yeni qüvvələri onlara xüsusi qayğı göstərdiyi üçün böyük sənətkara öz təşəkkürlərini bildirirlər.

O zaman sovet dövləti görkəmli səhnə xadimi Sidqi Ruhullanın xidmətinə böyük qiymət vermişdir. 1931-ci ildə Sidqi Ruhulla Azərbaycan SSR-nin əməkdar artisti, 1938-ci ildə Azərbaycan SSR xalq artisti, 1949-cu ildə SSRİ xalq artisti adını almışdır. Sidqi Ruhulla 1945-1946-cı illərdə "Qırmızı Əmək Bayrağı" ordeni ilə, "Əmək igidliyinə görə" və "Qafqazın müdafiəsi üçün" medalları ilə təltif olunmuşdur.

1956-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Sidqi Ruhullanı anadan olmasının 70 illiyi və səhnə fəaliyyətinin 50 illiyi münasibətilə "Lenin ordeni" ilə təltif etmişdir.

Sidqi Ruhulla yaradıcılığı bu gün də teatr sənəti sahəsində çalışan gənclərimiz üçün böyük bir məktəbdir.

Filmoqrafiya
Abbas Mirzə Şərifzadə (film)(qısametrajlı sənədli film)(Aztv)(arxiv kadrlar)("Gilan qızı" filminin çəkiliş kadrlarında)
Bismillah (film, 1925)(Tammetrajlı Bədii Film)
Gilan qızı (film, 1928)-Hacı Zəkidər (Tammetrajlı Bədii Film)
Hacı Qara (film, 1929)-Əliyar Bəy (Tammetrajlı Bədii Film)
Qızıl kol (film, 1930)(Tammetrajlı Bədii Film)
Kəndlilər (film, 1939)
Fətəli xan (film, 1947)
Mənim atam Əliövsət Sadıqov (film, 2007)

Adlar və mükafatlar
Azərbaycanın əməkdar artisti (1931)
Azərbaycanın xalq artisti (1938)
"Qırmızı Əmək Bayrağı" ordeni (1945-1946)
SSRİ Dövlət mükafatı laureatı (1948)
SSRİ xalq artisti (1949)
"Lenin" ordeni (1956)
"Əmək igidliyinə görə" medalı
"Qafqazın müdafiəsi üçün" medalı


Tarix: 04.02.2013 / 21:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 710 Bölmə: Aktyorlar