beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zeynal Cabbarzadə

Cabbarov Zeynal Əliabbas oğlu — şair, publisist, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1970).

Həyatı

Zeynal Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakıda dənizçi ailəsində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra fəhlə fakültəsində təhsil almışdır (1934-1937). APİ-nin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1937-1941). Eyni zamanda "Balıq cəbhəsi" qəzeti redaksiyasında işləmiş (1938-1939), "Krasnı kurinets" ("Qırmızı kürçaylı") qəzeti redaksiyasına dəyişilmişdir (1939-1940). 1940-cı ilin yanvar-iyun aylarında Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur.

İkinci Dünya müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə alınmış, piyada məktəbində kursant olmuş (1941-1942), kiçik leytenant rütbəsi ilə 416-cı atıcı diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi əməliyyatda ağır zədələndiyindən eşitmə və görmə qabiliyyətini itirmişdir. 1943-cü ildə hərbi xəstəxanadan ehtiyat baş leytenantı kimi tərxis olunmuşdur.

Yaradıcılığı

Kiçik yaşlarından yaradıcılığa başlamışdır. Onun "Puşkin" adlı ilk mətbu şeri 1937-ci ildə dərc edilmişdir. İkinci Dünya müharibəsi illərində və sonra coşğun yaradıcılıq fəaliyyəti göstərmişdir. 1943-cü ilin aprelindən 1948-ci ilin oktyabr ayınadək Azərbaycan Yazıçılar İttifaqında "Natəvan" adına klubun müdiri, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi və məsul katib vəzifələrində işləmişdir. "Pioner" jurnalında məsul katib, 1950-ci ildən ömrünün sonunadək məsul redaktor olmuşdur. Bu müddətdə dəfələrlə Azərbaycan LKGİ MK-nın rəhbər orqanlarına seçilmişdir. Onun ilk kitabı "Xanıman"da cəbhə şeirləri toplanmışdır (1946). Xidmətlərinə görə bir sıra medal və Fəxri fərmanlarla təltif edilmişdir.

1977-ci il yanvarın 20-də Bakıda vəfat etmişdir.

Əsərləri
1. Xanıman. Bakı: Azərnəşr, 1946, 56 səh.
2. Əfzələddin və şah. Bakı: Uşaqgəncnəşr, 1947, 16 səh.
3. Şerlər. Bakı: Uşaqgəncnəşr, 1950, 20 səh.
4. Çinar. Bakı: Uşaqgəncnəşr, 1952, 86 səh.
5. Bahar gəlir. Bakı: Uşaqgəncnəşr, 1954, 76 səh.
6. Dnepr sahillərində. Bakı: Uşaqgəncnəşr, 1956, 58 səh.
7. Arzular. Bakı: Azərnəşr, 1958, 120 səh.
8. Yaylaqda. Bakı: Azərnəşr, 1960, 100 səh.
9. Sizin səsiniz. Bakı: Azərnəşr, 1963, 86 səh.
10.Məni bağışlayın. Bakı: Azərnəşr, 1965, 124 səh.
11.Dostum, gəl sözə bax. Bakı: Azərnəşr, 1966, 382 səh.
12.Bizim metro. Bakı: Gənclik, 1968, 24 səh.
13.Güllər (şeirlər, nəğmələr, poemalar). Bakı: Azərnəşr, 1974, 224 səh.
14.Uca dağ başında. Bakı: Gənclik, 1980, 222 səh.
15.Bizim dünya. Bakə: Yazıçı, 1985, 160 səh.
16.Atasının oğlu (şeirlər və poemalar). Bakə: Gənclik, 1986, 72 səh.
Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun İkinci kitabına (Bakı, 2009) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).


Tarix: 20.01.2013 / 15:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 620 Bölmə: Şairlər və Yazıçılar