beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pənahi Makulu

Abbas Hacı Ələkbər oğlu Pənahi Makulu (1900-1972) - Azərbaycan yazıçısı.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 İstinadlar
4 Həmçinin bax


Həyatı

Abbas Hacı Ələkbər oğlu Pənahi Makuli 1900-cü ildə Maku şəhərində ziyalı ailəsində doğulmuşdur. İlk təhsilini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli "Xeyriyyə" məktəbində almışdır. Atası Hacı Ələkbər dövrünün mütərəqqi adamlarından biri olmuş, bədii ədəbiyyat və tarix sahəsində olan əsərləri mütaliə edən şəxs kimi tanınmış, 1905-1911-ci illərdə İranda baş verən Səttarxan hərəkatında öncüllərdən olmaqla Qərbi Azərbaycanın Xoy, Salmas, Maku şəhərlərindəki demokratik hərəkatda yaxından iştirak etmişdir.

Atasının zəngin dünyagörüşü, mütərəqqi ziyalı olması, ədəbiyyata, şeirə rəğbət bəsləməsi təbiidir ki, Abbasa təsirsiz ötüşməmiş, onu ədəbiyyat yolunda çalışmağa sövq etmişdir. Hələ məktəbdə oxuyarkən – on beş yaşından ana dilində bir sıra satirik şeirlər yazmağa başlayır. 1923-cü ildə Tiflisdə ərəb əlifbasından latın əlifbasına keçid problemi müzakirə edilən məclisdə o özünün "Yeni türk əlifbası" adlı şeirini oxuyur. Onun şeiri iştirakçıların, xüsusilə də Məclisin sədri Böyükağa Talıblının xoşuna gəlir.

Tiflisdə nəşr olunan "Yeni fikir" qəzetinin redaktoru Rzaqulu Nəcəfovun təklifi ilə öz istedadını nəsr sahəsində də yoxlayan Abbasın ilk qələm təcrübəsi uğurlu olur. Onun "Pərişan" adlanan, sonralar "Sirli çoban" adı altında 1948, 1950-ci illərdə çap olunan ilk nəsr əsəri "Yeni fikir" qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutur. Bundan sonra Abbasın bədii yaradıcılığa həvəsi daha da artır. Bir-birinin ardınca İrandakı ictimai-siyasi prosesləri açıqlayan çoxlu hekayələr, povestlər, romanlar, felyetonlar yazır. 1950-ci ildə onun Bakıda müxtəlif illərdə yazdığı "Təbriz gecələri" adlı hekayələr kitabı çapdan çıxır.

Kitabdakı yer alan "Sirli çoban" hekayəsində müəllif demokratik-inqilabi hərəkatdan öncə Maku mahalında baş verən bir hadisəni qələmə almış, kəndlilərin əzablı həyatını, qəbilə başçıları arasındakı şəxsi ədavətlərin nəsillərə keçməklə böyük bədbəxtliklərə səbəb olduğunu yüksək ustalıqla təsvir etmişdir.

Kitabda yer alan, sonralar genişləndirilərək roman şəklinə salınan "Gizli zindan" povestində yazıçı böyük müstəbid Rza şah və onun nəslinin zülmkarlığını və hiyləgər sifətlərini ifşa etmiş, istibdada qarşı mübarizə aparan Kazım ağa, Tələt xala, Məlihə kimi bədii obrazlar yaratmışdır.

Kitabdakı hekayələrdə ("İntiqam dəstəsi", "Təbriz gecələri", "Qırmızı aşıqlar") yazıçı ingilis-amerikan silahı zoruna İran səltənəti sahiblərinin Azərbaycan xalqının milli azadlıq hərəkatına divan tutmalarını, İranın hakim dairələrinə qarşı demokratların apardığı mübarizəni yüksək bədii boyalarla verməyə çalışmışdır.

1928-ci ildə atası Hacı Ələkbərin ağır xəstəliyi ilə əlaqədar İrana qayıdan Abbas müəyyən həyati çətinliklərlə üz-üzə qalır, bu səbəbdən də onun ədəbi yaradıcılığında bir müddət fasilə yaranır. Bu dövrdə o, siyasi fəaliyyətlə məşğul olur. 1936-cı ildə məhz siyasi görüşlərinə görə həbs olunur və Zəncana sürgün edilir. 1941-ci ildən etibarən isə yazıçının ədəbi fəaliyyətində yeni mərhələ başlanır. "Azərbaycan" qəzetinin fəal əməkdaşlarından biri kimi yazıçı o dövrün hadisələrini əks etdirən çoxlu felyetonlar, tənqidi məqalələr yazır. 1945-ci ildə yaranan, lideri Seyid Cəfər Pişəvəri olan Azərbaycan Demokratik firqəsinə üzv olur. Abbas Pənahi firqənin 1945-1946-cı illərdə keçirilən hər iki qurultayında iştirak edir, partiyanın rəhbər orqanlarına seçilir. Milli hökumətdə Siyasi İdarənin rəisi olan Abbas bu dövrdə daha çox ictimai-siyasi xadim kimi fəaliyyət göstərmişdir. 1946-cı ilin dekabrında Milli Hökumət devrildikdən sonra Bakıya gələn yazıçı bundan sonra bütün ömrünü Şimali Azərbaycanla bağlayır. 1950-ci illərdən başlayaraq Pənahi yaradıcılığının ən parlaq dövrləri başlanır və o, bir-birinin ardınca gözəl sənət nümunələri yaradır.

Yaradıcılığı

Cənubi Azərbaycan yazıçıları arasında tarixi romanların müəllifi kimi məşhur olan yazıçı bir-birinin ardınca "Mübarizlər", "Səttarxan", "Gizli zindan", "Xiyabani", "Heydər əmioğlu", "Xacələr" kimi tarixi romanlarını yazır. "Səttarxan" romanı yazıçının ilk irihəcmli əsəri olmaqla, Azərbaycan xalqının mübariz oğlu, böyük tarixi şəxsiyyət, bacarıqlı sərkərdə, təcrübəli diplomat olan Səttarxanın həyat və qəhrəmanlığına həsr olunmuşdur. Romanda Səttarxanın yaxın silahdaşları, Azərbaycan məfkurəsi uğrunda alovlu mübariz olan Bağırxan, Əli Səhlanlı, Hacı Əli Davaçı, Mirzə İbrahim ağa, Mahmud, Qasım, Sabir, bağban Hüseyn kimi obrazlarla yanaşı, Məmmədəli Mirzə, Atabək Eynuddövlə, Şücanizam, Mir Haşım, Hacı Samsam və başqaları kimi mürtəce obrazlar da yaradılmış və onların xarakteri, mahiyyəti ustalıqla təsvir edilmişdir. "Səttarxan" romanının baş qəhrəmanı öz azadlığı uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqıdır. Bu mübarizədə bütöv Azərbaycan iştirak edir. Yazıçı xalqın gücünü onun vəhdətində görür və bu, ana xətt kimi bütün əsər boyu ön plana çəkilir. Abbas Makulunun "Gizli zindan" romanı bir növ "Səttarxan"ın davamıdır. Burada bir çox obrazlar olduğu kimi (məsələn, Mahmud və Sənubər) saxlanılmış, demokratik hərəkatın iştirakçılarının apardıqları mübarizə parlaq bədii boyalarla təsvir edilmişdir. Abbas Pənahinin bütün əsərlərini (istər hekayə olsun, istər povest, istərsə də tarixi roman) həyəcansız oxumaq olmur. Onun əsərləri sanki bir detektivə bənzəyir, başlandısa, nəyin hesabına olursa-olsun, tez başa çatdırmağa çalışırsan. Çünki yaradılan obrazların, təsvirlərin təsiri altından çıxmaq çətin olur, hadisələrə biganə qala bilmir. "Gizli zindan" romanında tarixi hadisələrə sadiq qalan yazıçı bəzən baş vermiş hadisələrin ilini, gününü belə dəqiqliklə göstərir ki, bu da, əlbəttə, belə mövzuda yazan sənətkar yazıçı üçün başlıca məziyyətlərdən biridir.

"Səttarxan", "Xiyabani", "Heydər əmioğlu", "Xacələr" əsərlərində İranda müxtəlif dövrlərdə baş verən milli-azadlıq hərəkatlarına, saray çəkişmələrinə, xalqın mütləqiyyətə qarşı mübarizəsinə həsr olunan çoxlu zəngin tarixi faktlar vardır ki, bunlardan da sonrakı elmi-tədqiqat işlərində və bu mövzuda yazılan tarixi romanlarda istinad mənbəyi kimi istifadə oluna bilər. Pənahi Makulu əksər əsərlərini nikbin notlarla qurtarır, əsas diqqətini Azərbaycanın gələcəyinə, xalqın vəhdətinə yönəldərək vahid Azərbaycan ideyasını təbliğ edir. Təəssüf ki, böyük yazıçı, alovlu vətənpərvər Abbas Pənahi Azərbaycanın bugünkü müstəqilliyini görmədi. Abbas Pənahinin xidmətləri təkcə yazıçılıqla, ictimai-siyasi xadim olması ilə bitmir. O, həm də filoloqlar üçün əvəzsiz vəsait olan sinxronik "Ədəbi məlumat cədvəli" tərtib etmişdir. Həmin cədvəl Azərbaycan Elmlər Akademiyası nəşriyyatı tərəfindən 1962-ci ildə Bakıda nəşr olunmuşdur. Pənahi Makulu Azərbaycan, ərəb və fars əlifbasında yazılan təzkirələrin oxunmasını asanlaşdırmaq üçün on əsas qaynağı bir kiril əlifbasında verməklə ayrı-ayrı alim, ədib, şair, sənətşünaslar üçün əvəzsiz bir mənbə yaratdı. O öz "Ədəbi məlumat cədvəli"ndə Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra" (1486), Lütfəli bəy Azər Bəkdilinin "Təzkireyi-Atəşkədə" (XVII yüzilliyin sonu), Əmir Əhməd Razinin "Təzkireyi-həft iqlim" (1593), Əmir Qulaməlixan Belkraminin "Təzkireyi-xəzaneyi-amirə" (1763), Rzaqulu xan Hidayətin "Məcməül-füsəha", Məhəmmədəli Tərbiyətın "Daneşməndani-Azərbaycan" (1937-ci ildə ilk dəfə çap olunub), eləcə də Şəmsəddin Sami bəyin "Qamysül-elam", Mir Möhsün Nəvvabın "Təzkireyi-nəvvab", Məhəmmədağa Müctəhuzadənin "Riyazül-aşiqin" və Firudin bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" (1925-ci ildə çap olunub) kimi mənbələri götürərək pərakəndə halda adları çəkilən ədib, şair və alimlər haqqında məlumat materiallarını vahid bir prinsipdə, cədvəl şəklində tərtib etmişdir. Hədsiz böyük əhəmiyyətə və əvəzsiz qiymətə malik olan bu cədvəldə şair və nasirin tam adı, atasının adı, əsərlərinin dili, təvəllüdü və vəfat illəri, yaşadığı əsr və bunların hansı mənbələrdən alındığı, hansı əsərləri olduğu barədə məlumatlar olduğundan ona çox qiymətli mənbə kimi baxmaq olar.

Böyük ideyalarla yaşayan, Azərbaycanın müstəqilliyi, vahidliyi uğrunda alovlu mübariz Abbas Pənahi (Makulu) 1971-ci il sentyabrın 29-da vəfat etmişdir. Yazıçının vəfatından sonra – 1972-ci ildə onun "Səttarxan" romanı Moskvada 100 min tirajla çap olunmuşdur. Bu roman 1983-cü ildə Azərbaycan dilində 2 cilddə ikinci dəfə nəşr olunmuşdur. "Xiyabani", "Heydər əmioğlu", "Xacələr" əsərləri də ayrıca kitab şəklində çap olunmuşdur.


Tarix: 17.01.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1263 Bölmə: Şairlər və Yazıçılar