Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tofiq Mahmud

Mehdiyev Tofiq Mahmud oğlu - şair, nasir,tərcüməçi, publisist, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984).

Həyatı

Tofiq Mahmud 1931-ci il noyabrın 6-da Naxçıvan MR Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir (1949-1954). Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin mədəni-maarif müəssisələri idarəsində metodiki kabinetin metodisti kimi başlamış (1954), sonra "Azərbaycan müəllimi" qəzeti redaksiyasında xüsusi müxbir (1958-1961), "Göyərçin" jurnalı redaksiyasında ədəbi işçi olmuşdur (1961).

İlk şeri "Kəsməsəm də, görməsəm də" 1953-cü ildə "İnqilab və mədəniyyət" jurnalında dərc olunmuşdur. 1976-cı ildən "Göyərçin" jurnalının redaktoru vəzifəsində işləmişdir. Bədii tərcümə ilə də məşğul olmuşdur. Onun tərcüməsində Xuta Berulavanın "Quş südü", İsabəy İshaqovun "Hər şeyi öyrənmək istəyən" kitabları işıq üzü görmüşdür. Əsərləri xarici ölkə xalqlarının dilinə tərcümə olunmuşdur. Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, həm də rəyasət heyətinin üzvü olmuşdur (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi uşaq və gənclər ədəbiyyatı şurasının sədri, keçmiş SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.

Tofiq Mahmud 1997-ci il aprelin 4-də Bakıda vəfat etmişdir.

Şairin adına "Tofiq Mahmud mükafatı" (hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunur) təsis edilmişdir.
Kinorejissor Hüseyn Mehdiyevin qardaşıdır.

Əsərləri
1. Yola çıxıram. Bakı: Uşaqgəncnəşr, 1959, 36 səh.
2. Mənim kürəkənim. Bakı: Xalq yaradıcılıq evi, 1959, 12 səh.
3. Dibçək. Bakı: Uşaqgəncnəşr, 1962, 16 səh.
4. Buzovna qayaları. Bakı: Azərnəşr, 1963, 52 səh.
5. Utancaq oğlan. Bakı: Uşaqgəncnəşr, 1964, 16 səh.
6. Açıqdır pəncərəm. Bakı: Azərnəşr, 1966, 106 səh.
7. Alpinistlər. Bakı: Gənclik, 1967, 62 səh.
8. Meşədə səs. Bakı: Gənclik, 1969, 70 səh.
9. Ana qucağı. Bakı: Gənclik, 1971, 72 səh.
10.Qızımın sualları. Bakı: Gənclik, 19 səh.
11.Dalğalar. Bakı: Gənclik, 1976, 135 səh.
12.Ulduzlar, düşüncələr. Bakı: Azərnəşr, 1977, 111 səh.
13.Pəncərəyə toxunan budaq. Bakı: Gənclik, 1978, 134 səh.
14.Kəpənək gözəlliyi. Bakı: Gənclik, 1980, 178 səh.
15.Məhəbbətim sirr deyil. Bakı: Yazıçı, 1981, 215 səh.
16.Yerə dağılan muncuqlar. Bakı: Gənclik, 1983, 271 səh.
17.Şən şerlər. Bakı: İşıq, 1983,
18.Bu işıqla qalacağam (şerlər, poemalar). Bakı: Yazıçı, 1985, 256 səh.
19.Yağış yağır dənizə. Bakı: Gənclik, 1985, 175 səh.
20.Gecə qapı döyülür. Bakı: Gənclik, 1988, 366 səh.
21.Uzaqda ucalan dağlar. Bakı: Yazıçı, 1991, 310 səh.


Tarix: 19.01.2013 / 15:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 556 Bölmə: Şairlər və Yazıçılar
loading...