beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nurəddin Babayev

Nurəddin Həsən oğlu Babayev (1921-1991) görkəmli yazıçı-jurnalist, alim, professor, publisist, Azərbaycanda Jurnalistika fakültəsinin əsas yaradıcılarından biri və ilk dekanı, yaşadığı dövrün incəsənət xadimləri sırasında uca zirvə tutmuş sənətkardır. Nurəddin Babayev Azərbaycan yazıçilar ittifaqının üzvü,oçerk və publisistika şurasının sədri, 1954-cü ildən SSRİ yazıçılar ittifaqının üzvü,oçerk və publisistika şurasının üzvü, Jurnalistlər ittifaqının üzvü və idarə heyyətinin katibi, Əməkdar incəsənət xadimi, Əmək və müharibə veteranı, onlarla mükafatlar laureatıdır.Mündəricat
1 Bioqrafiyası
2 Ədəbi Yaradıcılığı
3 Hekayələri (müxtəsər siyahı)
4 Povestlər
5 Nurəddin Babayevin çap olunmuş kitablarının siyahısı
6 Nurəddin Babayevin publisistikası
7 Elmi-pedaqoji fəaliyyəti
8 Elmi tədqiqatları
9 Publisistika nəzəriyyəsinin tədqiqi üzrə kitablar


Bioqrafiyası

Nurəddin Babayev 1921-ci il mart ayının 23-də Gəncə şəhərində anadan olmuşdur. Ziyalı ailəsində böyümüşdür (Atası-Həsən Babayev,Anası-Zəhra xanım Babayeva). Onun böyük əmisi Çar ordusunun generalı olmuşdur. Nurəddin müəllim uşaq yaşlarından Bakı şəhərinə köçmüş, hələ məktəb vaxtlarından istedadlı, məqsədəyönlü və iradəli gənc kimi həm müəllimlərinin, həm də yaşıdlarının hörmət və diqqətini qazanmış Nurəddin Babayev orta məktəbi yüksək nəticələrlə bitirmişdir. Ailənin yaxın dostu kimi Əhməd Cavadı misal göstərə bilərik. Nurəddin Babayevin ilk yaradıcıllıq fəalyyətində dahi şairimizin rolu böyük olmuşdur.

Dövrünün ən savadlı və gözəl qadınlarından olan Quliyeva Azərtac xanımla ailə həyatı qurmuşdur. Böyük Vətən müharibəsində ön cəbhələrdə vuruşmuş, ağır yaralanmış və baş leytenant rütbəsi ilə Bakıya qayıtmışdır. ADU-nun(indiki BDU-nun)filologiya fakultəsinə daxil olmuşdur. Nurəddin Babayevə o dövrün məşhur ədibləri, mütəfəkkirləri dərs demişdir. Bu dahi pedaqoqlardan Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Muxtar Hüseynzadə, Abbas Zamanov və s-nin Nurəddin müəllimin həyatında rolu olduqca güclü idi. Hətta zaman keçdikcə bu tələbə-müəllim münasibətləri çox dərin, gözəl ailəvi dostluq münasibətlərinə çevrilmişdir. Əlbəttə ki, bütün bunlar Nurəddin Babayevin həyatında fundamental rol oynayırdı.

Nurəddin müəllimin yaxın dost və silahdaşları Mir Cəlal Paşayev, Aslan Aslanov, Nəsir İmanquliyev, Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov, Famil Mehdi və s. dahi yazıçı, pedaqoq, mütəfəkkirlər olmuşdur. Sözsüz ki, bu dostluq Nurəddin Babayevin yaradıcılığında öz güclü əksini tapıb, bu misilsiz, gözəl yaradıcılığı daha da dolğun və mənalı edir. Eyni zamanda Nurəddin Babayevin dostları arasında gürkəmli dövlət xadimləri Tofiq Bağırov, Rafiq Əsgərov, Kamal Bədəlov, Sabir Qasımov və s. olmuşdur.

1943-45-ci illərdə "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan müəllimi" qəzetində redaktor müavini, 1953-cü ildən isə "Uşaqgəncnəşirdə" baş redaktor və eyni zamanda olduqca geniş və məhsuldar müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.

Azərbaycanda jurnalistika fakultetinin olmaması (1928-ci ildən filologiya fakultəsi nəznində jurnalistika şöbəsi fəaliyyət göstərirdi) o dövr yetişən gənc nəsil jurnalistlər üçün çərçivələr yaradırdı. Nəhayət ki, 1969-cu ildə alim,yazıçılarımız və Nurəddin Babayevin səyləri başda olmaqla universitetdə "Jurnalisitika" fakultəsi yaradıldı. Eyni zamanda Jurnalistlər ittifaqının təşkilində Nurəddin müəllimin rolu olduqca böyük və məhsuldar olmuşdur.

Dəfələrlə müxtəlif elmi, mədəni, ictimai işlər və proyektlər ilə əlaqədar Fransa, Kuba, Bolqarıstan, Finladiya, SSRİ respublikalarında və s. ölkələrdə olmuşdur. Eyni zamanda bu ölkələrdə də məqalə və əsərləri çap olunmuşdur. Ömrünün sonuna qədər öz misilsiz pedaqoqik, jurnalistika, yazıçılıq məharəti və təcrübəsi ilə tələbələri ilə bölüşür, onların elmi, mədəni sahədə möhkəmlənməsinə şərait yaratmış və dövrünün əsərləri, məqalələri ən çox çap olunan yazıçısı olmuşdur.

1991-ci il sentyabr ayının 25-i dahi pedaqoq, jurnalist və yazıçı Nurəddin Babayev uzun sürən xəstəlikdən sonra vəfat etdi. Sentyabr ayının 27-si onlarla məşhurlarımız və görkəmli yazıçının ailə və qohumlarının iştirakı ilə BDU-da keçirilən vidalaşma mərasimdən sonra 2 Fəxri Xiyabanda torpağa tapşırıldı.

Ədəbi Yaradıcılığı

Nurəddin Babayevin yaradıcılığı olduqca çoxşaxəli xarakter daşıyır. Nurəddin müəllimin bir sıra əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə olunmuşdur. Ədəbi fəaliyyətə 1939-cu ildə başlamış, bundan sonra məqalə, oçerk və hekayələri tez-tez müxtəlif qəzetlərdə dərc edilirdi."Əbədi qəhrəmanlıq" adlı ilk kitabı 1945-ci ildə çap olunmuşdur. Onun ədəbi yaradıcılığında gənclərin təlim-tərbiyəsinə həsr edilmiş əsərləri xüsusilə diqqətə layiq olub, çox qiymətlidir. Nurəddin Babayevin bu kitabları gənclər üçün stolüstü kitab olmaqla yanaşı hər bir zaman, hər bir gənc üçün tərbiyəvi, əxlaqi nəsihətlərlə, vacib və əvəz olunmaz əsl həyat təcrübəsi ilə zəngin xəzinələrdir. Bu əsərlərdən "Oğluma məktublar", "Qızlar söz istəyir", "Qızlar,sözüm sizədir", "İşıq və məhəbbət", "Ürəklər bir olanda" xüsusi diqqətə layiq olub gənc nəsil üçün çox dəyərlidir. "Oğluma məktublar" ("Qızıl qələm mükafatı") əsərində olduqca səmimi və nümunəvi ata-oğul münasibətlərini görə bilərik. Bu əsər Bolqarıstanda "Ədəbiyyat" dərsliyinə daxil edilmişdir. Nurəddin müəllimin bu qəbildən əsrləri böyük məna ilə dolğun olub və saf milli tərbiyəvi ruhda yazılmışdır. Nurəddin Babayev "Biz Azərbaycandanıq", "Ürəyimdə sözüm var", "İzləri itirmirik" kitablarında isə sadə və səmimi insan həyatlarından bəhs edib insan həyatının keşməkeşlərlə dolu olduğu haqda yazır və bu kitablarda məhz ağır həyat anlarında insanın layiqli qərarlar vermək, başını uca tutmaq, vətənə, ailəyə sadiq olmaq kimi məsələlərə toxunur.

Moskvada böyük tirajla çap olunan "Звезды не гаснут" ("Ulduzlar Sönmür") və "На дорогах жизни" ("Ömür Yollarında") əsərləri geniş oxucu kütləsi tərəfindən alqışla və müəllif şəxsiyyətinə böyük rəğbətlə qarşılandı. Nurəddin müəllimin əsərləri daima xalqımızın sevimli əsərlərindən olub, ictimayətimizə olduqca güclü və müsbət təsir göstərib.

Hekayələri (müxtəsər siyahı)
"Təbrizdə son gecə","Xoş təsadüf","Azərin hekayəsi","Ürək nə deyir","İmtəhan"-1967
"Unuda bilmirəm"-1967
"Onun sevgisi","Məktub yarımçıq qaldı"

Povestlər
"Yanar Ürək" 1964-1965
"Bahar ürəkli insan"
"Qardaşlar"
"Səni unutmuruq"
"Daşkəsən"
"Hər şey hazırdır"-1943-1945
"Qardaş dastanı", "Böyük arzular"-1943
"Ölməz qəhrəman"-1945
"Xəzərin sahilində"
"Böyük kədər"
"Bir gəncin romantikası"-1948-1949
"Bir gecənin faciəsi"
"Həyat yollarda"
"Odlu günlərin qəhrəmanı"
"Müəllimin xatirələri"
"Məhəbbət körpüsü"

Nurəddin Babayevin çap olunmuş kitablarının siyahısı
Əbədi qəhrəmanlıq-Uşaqgəncnəşr,1945
Bacılar-Uşaqgəncnəşr,1949
Bahar övladları-Uşaqgəncnəşr,1959
Ürəklər bir olanda-Uşaqgəncnəşr,1961
Zərif duyğular-Azərnəşr,1963
Biz Azərbaycandanıq-Azərnəşr,1965
Manolis Qlezos-Maarif,1966
Oğluma məktublar-Azərnəşr,1966
Qəhrəmanların izi ilə-Gənclik,1968
Səni unutmuruq-Azərnəşr,1970
Qızlar,sözüm sizədir-Gənclik,1972
Ulduzlar sönmür-Gənclik,1975
Qızlar söz istəyir-Gənclik,1977
Ürəyimdə sözüm var-Gənclik,1980
Açıq söhbət-Gənclik,1982
Elə yaz ki-Yazıçı,1985
Gəlin kişilikdən danışaq-Gənclik,1986
Babam-nənəm,atam-anam və biz-Azərnəşr,1988
Adamın özü və sözü-Yazıçı,1992
Звезды не гаснут – Москва, Советский Писатель,1969
На дорогах жизни – Москва, Советский писатель,1984

Nurəddin Babayevin publisistikası

Ömrünün yalnız son 25 ili ərzində Nurəddin Babayevin Azərbaycanın ən qabaqcıl qəzet və jurnallarında 1500-ə qədər oçerk və publisistik məqalələri çap olunmuşdur.
"Uşaq və pul","Gərək ailə dağılmasın"
"Gənclik və bahar","Əməllər,arzular,düşüncələr"-1959
"Söz valideynlərindir"
"Paxıl və paxıllıq haqqında"
"Bəstəkar Fikrət Əmirova açıq məktub","sevinc məktubu"
"Nankorluq nədən doğur"-1975
"Bu da adətdir","Təəssüf"
"Ac qalardı yaltaqlar"-1985
"Gənc bəstəkar","Sənətkar ürəyi"-1953
"Baş qəhrəman","Azərbaycan gəncləri","Ədəbiyyat və İncəsənət"-1960
"Həqiqət yollarında"-1962
"Tamaşaçıya lazım olan tamaşa"-1962
"Səhnəyə komediya gəlir","Müasirlərimizdən yazarkən"-1962
"Müasirlərimizin portreti"
"Разведчик нашей литературы"

Elmi-pedaqoji fəaliyyəti

ADU-nu(BDU)bitirdikdən sonra yaradıcılıqla eyni zamnda elmi-pedaqoji fəliyyətə başlamışdır.1953-cü ildən jurnalistika kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. O, 1958-ci ildə "Azərbaycanda bədii oçerkin inkişafı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi,daha sonra filologiya elmləri doktoru alimlik drəcəsini almışdır.1962-ci ildə "jurnalistika" kafedrası üzrə dossent,1981-ci ildə isə professor elmi rütbəsində təstiqlənmişdir. Nurəddin Babayev 50 illik elmi-pedaqoji və ədəbi-jurnalistik fəaliyyəti dövründə indiki Bakı Dövlət Universitetində jurnalistika kafedrası müdiri,jurnalistika şöbəsinin müdiri,jurnalistika fakultəsinin dekanı kimi vəzifələrdə çalışmış,onlarla yüksək ixtisaslı jurnalist yetişdirmiş və elmi cəhətdən mükəməlləşməsi üçün heç nəyi əsirgəməmişdir.Elmi əsərlərin "Jurnalistika" seriyasının və "Jurnalist" tədris qəzetinin təşkilatçısıdır.Eyni zamanda onun Moskva Dövlət universitetinin jurnalistika fakultəsinin dekanı Zasurskiy Yasen Nikolayeviç ilə dostluq münasibərləri olmuş,orada dəfələrlə müxtəlif məzmunlu leksiyalarla çıxış etmişdir.O, Azərbaycan ədəbiyyatında oçerk üslubunun nəzəri əsaslarını yaratmış və bu yolda navator kimi çıxış etmişdi.Azərbaycan qəhrəmanları,ictimai,siyasi,elmi və mədəni şəxsiyyətlərimiz haqda olan bu oçerklər məzmun və məna baxımından daima gözəl və əvəzolunmaz olub,öz aktuallığını itirmirlər. Azərbaycanda Ədəbiyyat və İncəsənət arxivinin təşkilində çox böyük rol oynamış,öz növbəsində arxiv xəzinəsinə qiymətli materiallar vermişdir.Alim Maarif Teymurovun direktor olduğu İncəsənət və Ədəbiyyat arxivində Nurəddin müəllmin 31 saylı fondu ilk və ən zəngin fondlarından olub xalqımızın qorunulan sərvətidir.

Elmi tədqiqatları
"Azərbaycanda bədii oçerkin inkişafı"
"1930-cu illərdə Azərbaycan bədii oçerki"
"Böyük vətən müharibəsindən sonra Azərbaycan oçerk sənətinin inkişaf meylləri"
"Maksim Qorkinin oçerk haqqında"
"Azərbaycan bədii oçerkinin nəzəri məsələləri və sənətkarlıq problemləri"

Publisistika nəzəriyyəsinin tədqiqi üzrə kitablar
"Mübariz janr"-Azərnəşr,1958
"Oçerk sənətkarlığı"-BDU,1978

Nurəddin Babayev Azərbaycan jurnalistikası tarixində ilk stabil dərs vəsaiti olan iki cildli "Jurnalistika məsələləri" kitabının elmi redaktoru və əsas müəlliflərindən biridir."Jurnalistika məsələləri" kitabına görə 1966-cı ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.

Müəyyən dövr ərzində Nurəddin Babayev C.Cəbbarlı adına Bakı kinostudiyasında baş redaktor işləmiş,xüsusən sənədli-xronikal filmlərin,kino-oçerklərin,kino-jurnalların məzmunlu,yüksək professional səviyyədə ekranlara buraxılmasına xüsusi səy göstərmişdir. "Azərbaycan elmi"(1969), "Bacarıqlı əllər"(1963), "Nizami yurdu"(1968), "Həyatın mənası"(1979), "Axtaran tapar" və s. elmi-sənədli filmlərin ssenari müəllifi olmuşdur.


Tarix: 17.01.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1075 Bölmə: Şairlər və Yazıçılar