Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn Razi

Rzayev Hüseyn Məmməd oğlu (Hüseyn Razi) – şair, dramaturq, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1984).

Həyatı

1924-cü il oktyabrın 17-də Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Ordubad Pedaqoji Məktəbini bitirdikdən sonra Culfa rayonunun Ərəzin kəndində orta məktəbdə müəllim işləmişdir (1941-1943).

İkinci dünya müharibəsində Sovet ordusu sıralarında Oryol, Kursk, Bryansk istiqamətində gedən döyüşlərdə iştirak etmiş, yaralanmış, sağaldıqdan sonra kiçik təyyarə mütəxəssisləri məktəbini bitirmiş, ikinci Pribaltika cəbhəsində əlahiddə uzaq kəşfiyyat alayında xidmət etmiş, ordudan tərxis olunmuşdur (1943-1945).

Ordubadda səkkizillik məktəbdə müəllim, Dəstə kənd klubunda müdir, Naxçıvan Radio Verilişləri Redaksiyasında redaktor, "Şərq qapısı" qəzetində ədəbi işçi, Azərbaycan Teleqraf Agentliyinin Naxçıvan MR üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. "Şərq qapısı" qəzetində Ədəbiyyat və İncəsənət şöbəsinin müdiri olmuş (1962-1989), sonra təqaüdə çıxmışdır (1989). S.M.Kirov adına ADU-nun filologiya fakültəsini bitirmişdir (1959). 1947-ci ildə ilk şeirləri "Şərq qapısı" qəzeti və "İnqilab və mədəniyyət" jurnalında çap olunmuş, bundan sonra dövri mətbuatda müntəzəm olaraq çıxış etmişdir. O, poetik yaradıcılıqla bərabər tərcümə ilə də məşğul olmuşdur. M.İsakovski, L.Martınov, S.Mixalkov, S.Şipaçev, O.Şestinski, R.Həmzatov, R.Babacan, A.Bartonun şeirlərini dilimizə tərcümə etmişdir. Şeirləri türk, tatar, fars, fransız və rus dillərinə tərcümə olunmuşdur. Dramaturq kimi onun "Odlu diyar" (1963), "Tarla gözəli" (1964), "Günəş" (1968), "Arxalı dağlar" (1974), "Haray səsi" (1978), "Şirinliyin acısı" (1981) pyesləri teatrlarda tamaşaya qoyulmuşdur. "Buludlar arasında", "Həyəcanlı gecə" nəsr əsərlərinin, yüzlərlə publisistik məqalə və oçerklərin, teatr resenziyalarının, "İrəvan ədəbi mühiti" adlı irihəcmli tədqiqat işinin müəllifidir. Çexiya, Macarıstan, Slovakiya, Polşa, İran, İraq və başqa xarici ölkələrə səfər etmişdir.

Xidmətlərinə görə bir neçə medalla, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin və Naxçıvan MR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanlarına layiq görülmüşdür.

1998-ci ildə fevral ayının 27-də vəfat etmiş və doğulduğu Dəstə kəndində dəfn edilmişdir.

Əsərləri
1. Kəndimizin səhəri (şeirlər). Naxçıvan, 1958, 36 səh.
2. Buludlar arasında (povest). Bakı: Uşaqgəncnəşr, 1961, 92 səh.
3. Ana məhəbbəti (şeirlər). Bakı: Azərnəşr, 1960, 55 səh.
4. Tarla gözəli (bir pərdəli pyes). Bakı: Xalq Yaradıcılığı evi, 1963, 25 səh.
5. Ömür yolları (şeirlər). Bakı: Azərnəşr, 1964, 76 səh.
6. Həyəcanlı gecə (povest). Bakı: Azərnəşr, 1966, 123 səh.
7. Səsləşən dağlar (şeirlər). Bakı: Azərnəşr, 1970, 147 səh.
8. Həmişəbahar (şeirlər). Bakı: Azərnəşr, 1974, 239 səh.
9. Araz sahilində (şeirlər). Bakı: Gənclik, 1974, 14 səh.
10.Canlı tonqal (şeirlər). Bakı: Azərnəşr, 1977, 95 səh.
11.Ayrılmaram (şeirlər). Bakı: Azərnəşr, 1981, 244 səh.
12.Sahil həsrəti (şeirlər). Bakı: Yazıçı, 1985, 295 səh.
13.Gözün aydın (şeirlər). Bakı: Azərbaycan, 1996, 232 səh.


Tarix: 15.01.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 477 Bölmə: Şairlər və Yazıçılar
loading...