beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tənhalıq...

Elm adamları asılılığın yeni növünü aşkarlayıblar – tənhalıqdan asılılıq.
Çoxsaylı əlaqələr (əlaqədə olduğu insanlar) insanı tədricən daha çox ətraf mühitdən izolyasiya olmağa sürükləyir.

Müasir insan – qəribə varlıqdır: eyni zamanda, həm sosial, həm də özünə qapanan. O, özünə bənzərlərə can atır, sonra isə onlardan yorulur. Tək qalıb dincəlmək eşqi ilə yanır, amma az bir müddət sonra bu vəziyyətə görə depressiyaya düşür.
Bizim əcdadlarımızda vəziyyət tamamilə fərqli idi. Onların əksəri öz doğma və yaxın insanlarının əhatəsində həm yaşayır, həm də işləyirdilər. Bir təsəvvür edin, əgər siz gün ərzində bir neçə dəfə öz iş yoldaşlarınızla qucaqlaşıb, hal-əhval tutsanız necə olar?! İndi biz ətrafdakı insanlarla aramızda məsafə saxlamağa çalışırıq. Müasir texnologiyalar isə artıq daha sıx-sıx bizi ətraf mühitdən izolyasiya olmağa sürükləyir: internet bütün dünya ilə əlaqədə olma, televizor isə sanki biz bütün talk-show və xəbərlərin aparıcılarını öz qohum və dostlarımız kimi tanıma illuziyası yaradır.

Tək qalma paradoksu
Bu gün insan ünsiyyətdən və gördüyü insanlardan yorulur. Alimlər hesablayırlar ki, gündə 2 saat ictimai nəqliyyatdan istifadə edən insan ucqar bir yerdə yaşayan kəndlinin bütün ömrü boyunca görə biləcəyindən daha çox insan görür. Ofisdə otura-otura o (yəni insan) dünya ilə 4 kanalla əlaqə qurur: elektron poçt, İCQ, mobil və ofis telefonu. Həftə sonuna qədər o ünsiyyətdən və əlaqədə olduğu insanlardan o qədər yorulur ki, tək qalmaq onun üçün ən böyük mükafata çevrilir: dostlarının evlərinə qonaq getmək istəmir, qohumalarına baş çəkmək istəmir, kafe və teatra getməyə isə tənbəllik edir.
Amma bir az istirahət edib dincələn kimi, artıq insan həyatından şikayətlənməyə başlayır, narahatçılıq keçirir. Və bir halda ki, bütün dərin əlaqələrini itirib (çünki daim rədd cavabı verdiyi halda bir insanı neçə dəfə qonaq çağırmaq olar?) o (insan), Bazar ertəsi yenidən onun varlığına laqeyd olan insanların – kolleqalarının yanına qayıtmalı olur.
O zaman tək qalmaq, tənhalıq və insanlarla ünsiyyət arasındakı uyğun balansı necə tapmaq olar?

Mütləq ünsiyyətsiz insanlar
Elə insanlar var ki, tənhalığa meylli olurlar. Düzdür, onlar bu vəziyyətə ətrafdakılara qarşı olan böyük küsgünlüklərdən sonra gəlirlər.

Ətrafdakılardan fərqlənənlər
Bu fikri bəzi valideynlər övladlarına hələ uşaq yaşlarından təlqin edirlər: «Sən hamıdan ağıllı, hamıdan güclü, hamıdan gözəlsən.» Əlbəttə, öz övladınızı tərifləməkdə pis heç bir şey yoxdur, amma onun hərəkətlərini tənqid etməyi də bacarmaq lazımdır. Əks halda, bu cür uşaqlar böyüdükdə özləri haqqında düşündükləri və əslində malik olduqları potensial arasında olan fərqdən kompleks keçirməyə başlayırlar. İnsanlar onda sizin valideyn olaraq gördüyünüz ağlı görməyəcəklər və bu onu (övladınızı) özünə qapanmağa, ətraf mühitdən təcrid olunmağa sürükləyəcək.

«Təhqiredici söz və hərəkətlərdən bezənlər»
Bu cür uşaqlar əsasən hansısa fiziki qüsuru olan uşaqlardır – başqa uşaqlar onlarla oynamaq və ya ünsiyyətdə olmaq istəmirlər. Məktəbdə isə bu cür uşaqlar başqa uşaqların «sataşma obyekti»nə çevrilir. Gənclikdə isə qarşı cinsin marağına səbəb ola bilmirlər. Bütün bu amillər insanlara qarşı inamsızlıq yaratmaqla bərabər, onlardan təcridolunma istəyi yaradır.

İntroverlər
Bu cür insanlar xarici aləmdən daha çox öz daxili aləmlərinə yönəlik olurlar. Özlərini insanlar əhatəsindən daha çox tək qalanda rahat hiss eləyirlər. Amma zaman-zaman hətta bu insanların belə ünsiyyətə ehtiyacı var.

Ünsiyyət qurmağı bacarmayan insanlar
Bu insanlar, əsasən, vaxtı daim böyük insanlarla ünsiyyətdə olub vaxtından əvvəl böyüyən uşaqlardır. Çünki uşaq öz uşaqlığını yaşamasa o, müəyyən yaş dövründə ətrafdakı insanlarla ünsiyyətə girməyi öyrənmə mərhələsini də yaşamamış atlayıb keçir. Nəticədə, böyük yaşlarda bu cür insanlar ətrafdakılarla hər hansı ünsiyyətə girməyə çox böyük çətinliklər çəkirlər. Bu çətinlikdən yorularaq sonra tamamilə ünsiyyəti minimuma endirirlər.

Çıxış yolu var!
Bu cür insanların özünü ətraf mühitdən izolyasiya etməyə olan meyli sosiofobiyaya – ətrafdakılarla kontakta girmə qorxusuna səbəb olur.

Sizin ətrafdakılarla ünsiyyətdən qorxmağınızın səbəbi hər nə olursa olsun, çalışın bu qorxunun öhdəsindən gələsiniz. Bütün iradənizi cəmləşdirərək xoşunuz gələn insana doğru ilk addımı atın. Sizin köməyinizə ehtiyacı olan insana yardım edin. Sizdə dərin təəssürat yaratmış filmi və ya kitabı iş yoldaşlarınıza da tövsiyə edin. Ətrafdakı insanlara qiymət verməyi öyrəndikdən sonra görəcəksiniz ki, artıq siz onların diqqətini cəlb edirsiniz, sizinlə maraqlanırlar.


Özünə qapanıb bir daha bu vəziyyətdən çıxmamaq
Özünün özünə yetərli olması – yetginliyin işarəsidir. Tənhalıq – bu insanı nəinki yormur, hətta ləzzət verir insana. Amma bu cür fikirlər bir tələdir. Bu cür insan bütün fikirlərini yalnız öz üzərində cəmləyir: dəfələrlə öz hisslərini analiz edir, öz üzərində işləyir. Amma unutmayın ki, vakuumda şəxsiyyət yetişə bilməz. Daxili inkişaf üçün digər insanlarla ünsiyyətdə olmaq lazımdır.

Çıxış yolu var!
Siz kontakt seçimində yetərincə cəsarətli ola bilərsiniz. Yeni insanlarla görüşün, daha öncə heç olmadığınız yerlərə gedin, incəsənətin yeni növləri ilə tanış olun. Elektron poçt, SMS və ya mobil telefonla olan ünsiyyəti yalnız informasiya mübadiləsi üçün istifadə edin. Əgər bir insan onun üçün vacib olan bir şeyi sizinlə bölüşmək istəyirsə, onunla şəxsən görüşün. Özünə inamı daha az olan insanlara kömək edin, geniş ürəkli olun. Cəmiyyət içində, mərasimlərdə kənarda qalmayın, öz əsl duyğularınızı göstərin, zarafat edin, öz radikal ideyalarınızı paylaşın. Hər gün ən azı bir yeni insanla tanış olun.


İkilikdə, amma birlikdə yox
Nə qədər paradoksal olsa da, hətta çox mükəmməl bir ailəyə sahib olan insanlar da bəzən tək qalmağa meylli olurlar. Ən əziz insanından bu cür uzaqlaşmaq istəyini onlar çox zaman sevginin sonu kimi qəbul edirlər. Amma bir şeyi anlamaq lazımdır ki, sevgini hər zaman təzə tutmaq olmur. Bizim hamımızda bəzən tək qalmağa ehtiyac olur ki, bu hisslər yenidən canlansın.

Çıxış yolu var!
Hətta ailəli ola-ola tək qalmağın bir çox yolları var.Bunlardan ən sadəsi – parkda və ya şəhərin sakit küçələrində gəzintidir. Bazar günü həyat yoldaşınızı və uşaqlarınızı bir yerə göndərib özünüz evdə istirahət edə və ya hər hansı hobbinizlə məşğul ola bilərsiniz. Və həyat yoldaşınız periodik olaraq dostları ilə futbola və ya balıq tutmağa gedəndə də əsəbləşməyin – axı ona da «batareykalarını gücləndirmək, enerji toplamaq» lazımdır. Nigahın uğurluluğu tərəflərin bir-birinə uyğunlaşma bacarığından, şəxsi komfortunuz isə özünüz kimi ola bilməyinizdən asılıdır. Tənhalıq və ünsiyyət arasında «qızıl orta»nı tapdıqdan sonra siz uzun və xoşbəxt ömür yaşaya bilərsiniz.

Unutmayın ki, insan bəzən tək-tənha qalıb düşünmək istəsə də, bu bəzən faydalı olsa da, çox zaman daha da pis vəziyyətə gətirib çıxarır – siz, çıxa bilmədiyiniz depressiyalara düşürsünüz. Ona görə də çalışın, nə sevinciniz, nə kədəriniz olsa onu ətrafdakılarla paylaşın. Çünki sevinc paylaşdıqca çoxalar, dərdlər paylaşdıqca azalar.


Tarix: 27.11.2014 / 12:30 Müəllif: Aziza Baxılıb: 188 Bölmə: Ümumi Psixologiya