beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hisslər haqqında

İnsan ətraf aləmdə baş verən hadisələri yalnız duyub qavramaqla, yadda saxlamaqla kifayətlənmir. O, həm də dərk etdiklərinə müəyyən münasibət göstərir. Ona görə də insan idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini bildirir. Deməli, hisslər insanın münasibəti ilə bağlıdır. Münasibət isə şüurla bağlı olan psixi faktdır. Cisim və hadisələrə bəslənilən münasibətlərin beyində əks etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss və emosiya adı ilə ifadə edilir.
Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.
İnsanın hissləri idrak obyektinə bəslənən subyektiv münasibətlə bağlıdır. Deməli, hisslər subyektiv xarakter daşıyır və o, şəxsin bilik və təcrübəsindən, cins, yaş, fərdi xüsusiyyətlərindən, eləcə də düşdüyü konkret vəziyyətdən asılı olur. Hisslərin obyekti ətrafdakı cisim və hadisələr, başqa adamlar, onun subyekti isə şəxsiyyətin özüdür. Başqa sözlə, insanın praktik və nəzəri fəaliyyətinin yönəldiyi və onda müvafiq şəkildə ifadə olunmuş emosional təəssürat əmələ gətirən cisim və hadisələr hisslərin obyekti hesab olunur.
Dilimizdə «hiss» termini müxtəlif mənalarda işlədilir. Adətən, «hiss» dedikdə, duyma, qavramaq, hiss etmək, dərk etmək anlamı başa düşülür. Cəmiyyət və təbiət hadisələrinə münasibət bildirmək istədikdə də bir elmi termin kimi «hiss» terminindən istifadə edirik. Ona görə də adi həyatda dərk etmə mənasında istifadə etdiyimiz «hiss» anlayışı ilə münasibətləri ifadə edən «hiss» anlayışını bir-birindən fərqləndirmək lazımdır.
«Hiss» termini ilə «emosiya» termini arasında da həm oxşar, həm də fərqli cəhətlər var.
Emosiya (latınca «emoverre» həyəcan keçirmək deməkdir) insanın üzvü tələbatının təmin olub-olunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək təlabatı ilə bağlıdır. Hiss və emosiyalar həm də insan davranışını tənzim edən psixi fəaliyyət formasıdır. Emosiyalar tələbatların təzahürünün subyektiv forması kimi çıxış edir. Emosiya həm insana, həm də heyvana xasdır. Hisslər isə yalnız insana xas olan psixi keyfiyyətdir. Hisslər insan cəmiyyətinin inkişafı prosesində formalaşmışdır. Ona görə də hisslər ictimai səciyyə daşıyır. Hisslər insanın cisim və hadisələrə, insanlara bəslədiyi münasibətin mahiyyətini, emosiyalar isə bu münasibətlərin təzahür formalarını ifadə edir. Ona görə də emosiyaları, hisslərin təzahür formaları kimi başa düşmək lazımdır. Emosiyaların inkişafının ali səviyyəsi davamlı hissləridir. İnsanlar öz hisslərini emosiyalar formasında yaşayırlar.
Emosiyalar – insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir və xatirələrə dinamiklik verir. İnsan hiss və emosiyaların köməyilə gündəlik həyatında rastlaşdığı bioloji, psixoloji, sosial gərginliklərdən azad olur. Bu psixoterapevtik funksiya kimi orqanizmin relaksasiyasına kömək edir.
Təsəvvür edin ki, siz yalnız düşünən, hərəkət edən, lakin hiss etməyən varlıq olsaydınız nə baş verərdi?
Hiss və emosiya əslində bədənlə şüurun birgə fəaliyyətinin son məhsulu və ya təzahür formasıdır. Hiss və emosiya diqqət, hafizə, duyğu, qavrayış, təfəkkür, təxəyyül və orqanizmin mürəkkəb kombinasiyasıdır.
İnsanın idrak fəaliyyətində hisslərin rolu.İnsanın psixi həyatı çoxcəhətli, rəngarəng olsa da o vəhdətdədir. İdrak prosesləri (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, təxəyyül, nitq) emosiya və hisslərlə dialektik vəhdət təşkil edir. Bu köklü qanunauyğunluq müasir təlim nəzəriyyəsi üçün fundamental əhəmiyyətə malikdir. Belə ki, hissələrin qeyri adi qüvvəsindən istifadə etməklə şagirdin və ya tələbənin idrak fəaliyyətini fəallaşdırmaq yolu ilə, təlim prosesinin məhsuldarlığını yüksəltmək olar.
Təlim prosesində öyrəncilərin emosional cəhətdən fəallaşdırılması nəinki elmi, həm də köklü praktik məsələ kimi meydana çıxır.
İnsan hafizəsi adətən seçici xarakter daşıyır. Hafizənin bu önəmli xüsusiyyəti onun hər bir növündə öz təsdiqini tapır. Belə bir önəmli qanunauyğunluq ilk növbədə insanın cisim və hadisələrə münasibəti ilə müəyyən olunur. Başqa sözlə desək insanda müəyyən hiss və emosional hal doğuran qıcıqlandırıcı (söz, hərəkət, hadisə, cism, və s.) yaddaşda daha yaxşı saxlanılır. Psixologiyada hisslərlə hafizənin qovşağında önəmli bir fenomen – emosional hafizə fenomeni əmələ gəlmişdir.
«Kinli adamın yaddaşı uzun olar», «İlan vuran ala çatıdan qorxar» tipli atalar sözləri empirik surətdə hisslərin ha­fizə və qavrayışa göstərdiyi təsiri təsdiq edir.
Qavrayış sahəsində tədqiqat aparan klinist-psixoloqlar psixologiyada təsbit olunan faktı təsdiq edirlər. Sübut olunmuşdur ki, insan onun üçün təhlükə törədən, həyatı üçün qorxulu olan cisim və hadisələri bir qayda olaraq düzgün qavramır. Yaxud da əksinə insan sevinc hissini yaşayanda, sevəndə kiməsə vurulanda ətrafda baş verən hadisələrin, insanların yal­nız yaxşı cəhətini görür, onları dəyişdirmək istəmir, olduğu kimi qavrayır, tənqidi münasibət bəsləyə bilmir. «Sevən adamın gözü kor olar» dedikdə məhz sevgi hissinin qavrayışa göstərdiyi təsir ön plana çəkilir.
Hisslərin idrak fəaliyyətində rolu təkcə qavrayış və hafizə prosesləri ilə məhdudlaşmır. Təfəkkür, təxəyyül və nitq kimi idrak prosesləri də hisslərlə vəhdətdə cərəyan edir.
Təfəkkür və hiss, ət və dırnaq kimi bir-birindən ayrılmazdır (Ə.Ə.Əlizadə). Onların vəhdətdə inkişaf etdirilməsi müasir Azərbaycan məktəbi üçün prioritet olmalıdır. Təhsil müəssisələrində təlim-tərbiyə işlərinin bu istiqamətdə qurulması daha da ahəngdar, kamil şagird şəxsiyyətinin formalaşdırılması deməkdir. Ali psixi funksiya kimi təfəkkürlə hiss arasında funksional – genetik əlaqə mövcuddur. Yeni təhsil konsepsiyası şagirdin, tələbənin təfəkkürünü inkişaf etdirməyi əsas məqsəd kimi qarşıya qoyur. Bu yolda hafizə artıq köməkçi vasitəyə çevrilir. Mütəxəssislərin fikrincə son dövrdə bir çox yerlərdə, təhsil son dərəcədə rasionallaşdırılıb və verballaşdırılıb. Belə olan şəraitdə uşaqların affektiv – emosional duyumu öləziyir. Nəticədə insanlar arasında laqeidlik, etinatsızlıq, biganəlik, soyuqluq əmələ gəlir. Odur ki, şagird təfəkkürünün fəallaşdırılması, onun inkişafı hiss və emosiyalardan təcrid olunmuş halda yox, onunla vəhdətdə, onun köməyi ilə həyata keçirilməlidir. Eksperimental şəkildə sübut olunmuşdur ki, emosional fəallıq olmadan hər hansı mürəkkəb fikri və praktik məsələnin həlli subyektiv surətdə mümkün deyildir. Odur ki, hər hansı mürəkkəb məsələ iki planda həll edilir: 1) emosional, 2) intellektual.
Emosional həll dedikdə, şəxsdə məsələnin həlli prinsipinin tapılmasına olan inam hissinin əmələ gəlməsidir. Bundan sonrakı əməliyyatla əlaqədar olaraq emosional fəallıq da artır. Məsələnin emosional planda həlli, onun intellektual planda həllini surətləndirir. Belə ki, emosiyalar idrak proseslərini nəinki fəallaşdırır, həm də problemlə bağlı qavrayışın, hafizənin, təfəkkürün məzmununa seçici təsir göstərir.
Müasir təlim nəzəriyyəsinin mühüm tələbi - şagirdlərin təfəkkürünün inkişaf etdirilməsi problemini yalnız hiss və emosiyaların fəallaşdırılması zəminində, təfəkkürlə hissin vəhdətinin təmin edilməsi əsasında uğurla həll etmək olar.
Təxəyyül ali psixi funksiya kimi idrak fəaliyyətində mühüm rol oynayır. O, ilk növbədə hissləri fəallaşdırmağın başlıca vasitəsidir. Təxəyyül gücündən itsifadə etməklə gələcək peşəsi qanadında səyahət edən gənc tələbə öz hisslərini daha da rövqləndirir. Bununla da özünün təlim fəaliyyətinə münasibəti dəyişir və tələbə daha səylə oxumağa başlayır. Təxəyyülün aktivləşdirilməsi tələbənin emosional cəhətdən fəallaşdırılmasının önəmli şərtlərindən biridir.
Beləliklə, idrak poseslərinin motivasiya əsası bilavasitə hisslərlə bağlıdır. Hiss və emosiyaların köməyi ilə şagirdlərin idrak fəallığının artırılması müasir dərsə verilən psixoloji tələblərdəndir.


Tarix: 27.11.2014 / 11:53 Müəllif: Aziza Baxılıb: 193 Bölmə: Ümumi Psixologiya