beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Musiqi alətləri | Qaval

Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir.

Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir. Bir çox Şərq ölkələrində, məsələn, Orta Asiya xalqları arasında qavalın müxtəlif ölçülü növləri geniş yayılmışdır.

Qaval barmaqlarla ifa edilir. Onun üzərinə nərə balığının dərisi çəkilir. Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycanərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir.

Qaval Ü.Hacıbəyov tərəfindən xalq çalğı alətləri orkestrinin tərkibinə əsas alət kimi daxil edilmiş , onun ilk not partiyasını da bəstəkar özü yazmışdır. İfaçı qavalı hər iki əllə tutaraq barmaqlarla və şapalaqla ifa edir.

Geniş ifaçılıq imkanlarına malik olan bu alətdə trel, tremola, mordent və başqa çalarlar almaq mümkündür. Rəng, dəraməd, təsnif və zərbi muğamların üçlük tərəfindən ifası zamanı qavalın iştirakı mütləqdir. Qoz ağacından hazırlanmış sağanağın içəri hissəsinə çevrəsi boyu 60-70 ədəd xırda mis halqalar bərkidilir. Üzünə xüsusi üsulla aşılanmış nərə balığının dərisi çəkilir. Balıq dərisi nazik və şəffaf olduğundan onun səs tembri olduqca məlahətlidir. Eni 60-75 mm, diametri 350-450 mm olur.


Tarix: 10.12.2014 / 11:07 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Ümumi Melumat