beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İçərişəhərin arxeoloji abidələrinə səyahət

Hər tərəfdən yarımdairəvi qülləli möhkəm qala divarları ilə əhatələnmiş mülayim iqlimli, xoş mühitli və çox zəngin sərvətli Bakı şəhəri orta əsrlərdə Azərbaycanın inkişaf etmiş ticarət-sənətkarlıq və mədəni mərkəzi olmuşdur. Ölkənin sosial-iqtisadi və siyasi həyatından mühüm rol oynamaqla yanaşı karvan yollarının qovşağında yerləşən Bakı Azərbaycanın və qonşu ölkələrin şəhərləri ilə sıx iqtisadi-ticarət əlaqələri saxlayırdı. Xəzər sahilindəki buxtada yerləşən bu qədim şəhər fırtınalı küləklərdən qorunan yaxşı təchiz edilmiş liman tikililərinə, müvafiq relyef və dərinlikli körpülərə malik idi ki, bu da şəhərin bir sıra ölkələr arasında aparılan tranzit ticarətə cəlb olunmasını təmin edirdi. Ölkədə müxtəlif təsərrüfat sənaye və məişət sahələrinin intensiv inkişafı nəticəsində Bakı kiçik sahil məskənindən Şimali Azərbaycan ərazisində IX-cu əsrdə yaranmış Şirvanşahlar dövlətinin mühüm iqtisadi mədəni və strateji mərkəzlərinə çevrilmişdir.

Bakının İçərişəhər adlanan ərazisinin müxtəlif sahələrində uzun illər ərzində aparılmış arxeoloji tədqiqatlar və qazıntılar prosesində aşkar edilmiş zəngin maddi-mədəniyyət nümunələrinin öyrənilməsi göstərir ki, orta əsrlər Bakısı sıx məskunlaşmış şəhər olmuş, burada ticarət və onunla bağlı pul dövriyyəsi, müxtəlif sənətlər və şəhər təsərrüfatının digər sahələri dövrünə görə yüksək inkişaf dərəcəsinə çatmışdı. Bakı özünün yeraltı və yerüstü təbii sərvətləri ilə xüsusilə şöhrət tapmışdı. Abşeron torpağının dərinliklərindən çıxarılan neft və göllərdən yığılan duz ixracın əsas hissəsini təşkil edirdi; bunları almaq üçün yaxın və uzaq ölkələrdən buraya ticarət karvanları gəlirdi. IX-XIII-cü əsr ərəb alim və səyyahları burada neft istehsalı haqqında məlumat verərək yazırdılar ki, «Bakıda ağ və digər növ neft mənbələri var. Allah yaxşı bilir ki, dünyada, buradan başqa, heç yerdə ağ neft yoxdur, bura isə Şirvan şahlığının sahilidir. Bu neftli yerlədə fasiləsiz olaraq daim özündən Alov verən atəş püskürür».

Orta əsrlərdə Bakı nefti məişətin və təsərrüfatın müxtəlif sahələrində geniş istifadə olunurdu. Neft həm evləri işıqlandırmada, qızdırmada və həm də hərbi işlərdə, araba təkərlərinin yağlanmasında, dəvə və camışın müxtəlif dəri xəstəliklərindən müalicəsində və s. sahələrdə geniş istifadə olunurdu. Abşeron neftinin müalicəvi əhəmiyyəti də vardı və bu məqsədlə də müxtəlif ölkələrdən gəlirdilər. Bundan əlavə, şəhərin özündə və Abşeron kəndlərində ələnmiş qum və xüsusi suvaqdan gil ilə qarışdırılmış qatı mazut (qudron) evlərin yastı damının örtülməsi üçün istifadə olunurdu. Abşeronun təbii sərvətləri sırasına keyfiyyətli gil də aiddir. Belə gilin yataqları Abşeron yarımadasında vardır. Məlum olduğu kimi, gil saxsı məmulatlarının istehsalı üçün əsas xammaldır.

Çoxillik arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanın orta əsr şəhərlərinin hamısında, o cümlədən Bakıda aşkarlanan əşyaların əsas hissəsi dulusçuluq sənəti məmulatlarıdır. Tapılan materialların tədqiqi orta əsrlərdə saxsı qab istehsalının xeyli təkmilləşdiyini sübut edir. Bu saxsı məmulatlarının hazırlanması texnikasının inkişaf etməsi ilə bağlı idi. Bunun nəticəsində yüksək keyfiyyətli məişət və təsərrüfat qabları meydana çıxırdı.

İçərişəhərdə aparılan arxeoloji qazıntılar zamanı zəngin şirsiz boyalı, şirli, çini, fayans, seladon kolleksiyası nümunələri aşkar edilmişdir. Bunların arasında xörək və mətbəx qabları, ərzaq məhsullarının saxlanılması və daşınması üçün qablar, tikinti keramikası, su tüngü, uşaq oyuncaqları və b. əşyalar da vardır. XI-XIII-cü əsrlərin çoxsaylı sadə şirsiz saxsı məmulatları arasında basma qəlib naxışlı əşyalar xüsusi yer tutur.

Bu bardaqların və mehtərələrin (marta-flyaqa) Sarı boyalı qulp hissələri mürəkkəb və müxtəlif həndəsi relyefli və nəbati naxışlı formada düzəldilmiş və sonra qabın qalan gövdəsi ilə birləşdirilmişdir. 1967-ci ildə, orta əsrlərdə sənətkarlıq məhəlləsinin yerləşdiyi Bakı dikinin şərq yamacında aparılan arxeoloji qazıntılar zamanı basma naxış saxsı istehsalı üçün istifadə olunan qəlib aşkar edilmişdir. Bəzi bardaqların, şarkonusvarı qabların və cütqulp mehtərələrin tutacaq hissəsi qəlibin özü ilə deyil, kiçik basma naxışlarla üstdən bərk basılmaqla bəzədilmişdir.

Orta əsr Bakısının saxsı məmulatları üzərində basma naxışlara əsasən xırda, ağzı dar Sarı gil bardaqların, cütqulp mehtərələrin çıxıntılı çevrəsində. Qapaqların üzərində, şarkonusvarı qablarda və qəlyanatlarda rast gəlinir. Naxışların zənginliyinə və müxtəlifliyinə, eləcə də bədii-dekorativ xüsusiyyətinə, kompozisiyasına görə bu növ keramikadan istehsal edilmiş məmulatların çoxu bahalı şirli-minalı qablardan geri qalmır.

Uzaq qədimlərdən Azərbaycan ərazisində boyalı saxsı istehsalı meydana gəlmişdir. O.H.Həbibullayevin fikrincə boyalı saxsı buraya e.ə. IV-cü minillikdə Yaxın Şərq ölkələrindən gətirilmiş və bir çox minilliklər ərzində - ta b.e. XIV-XI-cu əsrlərinədək yerli əhali tərəfindən uzun təkamül keçə-keçə çox bitkin formada istehsal olunmuşdur. Boyalı saxsı, xüsusilə də qırmızı boyalı saxsı orta əsr Bakısının alt və üst mədəni təbəqələrində geniş təmsil olunmuşdur. Bu əsasən enli ağızlı, nazik divarlı, üzəri qırmız boyalı, çox hallarda ətəyi oyma naxışlı və ya qırmızı rəngli, bəzən də qara rənglə uzlaşdırılmış çoxcərgəli şəbəkə və zəncirli şəkilli zərif ərzaq (təsərrüfat) küpləridir. Zərif xörək qabları ilə yanaşı sadə həndəsi naxışlı təsərrüfat küplərinə də rast gəlinir.

Üst mədəni təbəqədən üzərində yerli dulusçu ustanın adını bildirən əməl ifadəli möhürün olduğu qırmızı boyalı qəlyan (müştük, başlıq taxılmış qəlyan) nümunələri də aşkar edilmişdir. Qırmızı boyalı məmulatlardan kürəyi boyalı üzərində üç dəlik açılmış göyərçin formasındakı saxsı musiqi alətini də (üşkürək) göstərmək olar. Üfürülən zaman ondan məlahətli tütək səsinə bənzər səs çıxır.

Bakı qalasının hər iki mədəni təbəqəsindən tapılmış şirli keramika forma müxtəlifliyi və bəzəyinin zənginliyi ilə seçilir. VIII-IX-XIII-cü əsrlərə aid alt təbəqədən əsasən xörək qabları - nəlbəkilər, kasalar, boşqablar və s. aşkar edilir. Bunlar anqob rəsmli, anqob və marqansla işlənmiş şəffaf şirli-minals, polixrom sarı-yaşıl-qəhvəyi boyalı qablardır. Boşqab və kasalar həndəsi və nəbati ornamentlərlə, habelə heyvan, quş, balıq, çox nadir hallarda isə insan təsvirləri ilə bu sayaq texnika ilə qarışıq rəsmlə naxışlanmışdır. XI-XIII-cü əsrlərdə həm monoxrom, həm də polixrom qabların dekorativ bəzədilməsində istifadə edilən yeni texniki üsullar - qazıma və anqob təbəqəni qaşıma meydana çıxır. XI-XIII-cü əsrin əvvəllərinə aid şirli-minalı qabların bəzilərinin oturacaqlarının arxa tərəfinə möhür basılmışdır. Qablardakı möhürlərin yerinin ölçüsünə görə müəyyən etmək olar ki, onlar diametri 4-8 sm olan saxsı basma qəliblərlə basılmışdır. Möhürün diametri qabın oturacağının ölçüsü ilə ciddi surətdə uzlaşdırılmışdır. Bakının möhürlü keramika kolleksiyası həndəsi və nəbati ornamentli naxışlarla, astral işarələrlə, müxtəlif fiqur və təsvirlərlə təmsil olunmuşdur. Bunlar əsasən mərkəzdən şüa şəklində kənarlara yayılan xətlərdən, müxtəlif ölçülü kiçik kvadrat və ya romblar əmələ gətirən torcuqlardan, toxuma ovallardan, çoxləçəkli gül bəzəkləri və palmetlər, qabarıq konsentrik çevrələr və spirallardan və s. ibarətdir. Bakıdan tapılmış çoxsaylı möhürlü keramika arasında quş (göyərçin) təsvirli kasa parçası diqqəti cəlb edir. Quşun qanadları, yelpikvarı quyruğu, başı və iti dimdiyi xüsusilə ifadəli təsvir olunmuşdur. Gözü qara fonda ağ dairəvi nöqtə ilə qeyd edilmişdir. Quşun kürəyi arxasında qabın içərisində yerləşdirilmiş rəsm ornamentinə bənzər qıvrımlı bitki budaqları təsvir edilmişdir. Quş fiqurunun önündə və onun beli arxasında qəfəs təsəvvürü yaradan düz dalğalı xətlər çəkilmişdir. Qabarıq göyərçin təsvirli analoji möhürlər Bəndovan şəhərciyindən də bəllidir.

Məlumdur ki, bir çox xalqlarda, o cümlədən azərbaycanlılarda göyərçin müqəddəs sayılır. Bir sıra Şərq xalqlarının rəvayətlərində müqəddəs ruh və ya allah göyərçin obrazında təqdim olunur. Xarəzm özbəklərində isə pərilər göyərçin obrazında təsvir edilir. Azərbaycan folklorunda da pərilər - mələklər donlu göyərçin obrazında verilir. Özü də tarixən müqəddəs saydan bu süjet çox hallarda su mühiti ilə bağlı olub. 1964-cü ildə Qız qalasının şimal tərəfindəki qazıntılar zamanı aşkar olunmuş tapıntılar arasında böyük ustalıqla hazırlanmış beş göyərçin rəsmi həkk olunmuş orijinal polixrom şirli kasa maraq doğurur. Quşlar saat əqrəbinin hərəkəti istiqamətində bir-birinin ardınca təsvir edilmişdir.

Rəngli anqob və qazıma üsulu ilə düzəldilmiş göyərçin rəsmli digər şirli kasa Bakı yaylasının şərq yamacında aşkar edilmişdir. Əvvəlki kasanın rəsmindən fərqli olaraq burada göyərçinlər saat əqrəbi istiqamətinin əksinə hərəkət edirlər. Polixrom rəsmli minalı xırda kasalardan birinin altında, aralarında ensiz zolaqlar olan konsentrik çevrə şəkli vardır və zolaqların biri dişciklərlə doldurulub. Altlığın ən kiçik çevrəsində bir-birinin ardınca saat əqrəbi hərəkətinin əksinə üzən orijinal üç pullu balıq təsviri verilib. Balıq rəsmləri elə yerləşdirilib ki, onların arasında balıqların başını əks etdirən, ucları qarmaqvarı əyilmiş bərabəryanlı üçbucaq əmələ gəlib. Formalarına görə balıqlar bir növ Xəzər qızıl balığını xatırladır. Kasaya kəsişən xətlər şəklində möhür vurulub. 1964-cü ildə sitayiş yeri ərazisində aparılan qazıntılar zamanı XII-ci əsrə aid mədəni təbəqədən daxili tərəfində balıq təsviri olan şirli kasa nümunəsi də aşkar edilmişdir. Rəsm anqob və marqansla çox zövqlə işlənmişdir. Balığın rəsmində üzgəcləri və qəlsəmələri hər iki tərəfdən iti uclu yarpaqvarı fiqur kimi, pullu bədəni isə bir-biri ilə kəsişən, kvadrat və romb əmələ gətirən ensiz zolaqlarla təmsil və təsvir olunmuşdur. Altına vurulmuş möhür aydın deyil.

Heyvan təsviri ilə bəzədilmiş kasa və boşqablar arasında 1939-cu il qazıntıları zamanı Şirvanşahlar sarayının aşağı həyətində XII-XIII-cü əsrlər təbəqəsində aşkar edilmiş, üzərində bitki budaqları fonunda qaçan zebu təsvir olunmuş polixrom kasa da diqqəti cəlb edir.

Azərbaycan şəhərlərinin çiçəklənən həyatını birdən-birə kəsən monqol yürüşü, habelə bir sıra əlverişsiz təbiət amilləri, keramika istehsalının inkişafına mənfi təsir etmişdir. Monqol axınından sonrakı dövrdə keramikanın bədii və texniki keyfiyyətinin aşağı düşməsini XIII-cü əsrin sonları – XIV-cü əsrin ikinci yarısının materialları təsdiq edir. Sonralar, XV-XVII-ci əsrlərdə bədii ənənənin dəyişilməsi müşahidə olunur. Orta əsrlər Bakısının keramika istehsalında yeni yüksəliş XIV-cü əsrin sonları – XV-ci əsrin əvvəllərində müşahidə olunur. Görünür, XV-ci əsrin sənətkarlıq istehsalının bir çox sahələrində, o cümlədən keramika istehsalında itirilmiş ənənələrin dirçəlişi dövrü hesab etmək olar. Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri kimi Bakı şəhərinin yeni status almasını - Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsini qəbul etmək olar. Şirli-minalı keramikaya gəldikdə isə qeyd etmək lazımdır ki, son orta əsrlər dövründə XIV-XVII-ci əsrlərdə keramikanın bu növünün çeşidi genişlənir. Xörək qabları ilə yanaşı təsərrüfat əşyalarına (küplər, bardaqlar, qapaqlar; məişət əşyaları - çıraqlar) və habelə inşaat keramikasına şir-mina çəkilirdi. Əgər XII-XIII-cü əsrlərdə Azərbaycan ərazisində sənətkarlıq və mədəniyyətin çiçəklənməsi dövrünün bədii keramikası qabların bəzədilməsinin zənginliyi və çeşidinin bolluğu ilə xarakterizə olunursa, XIV-XV-cü əsrlərin keramikasının ən yaxşı nümunələri məmulatın keyfiyyətinin yüksəkliyi ilə seçilir. Xörək qablarının bərk nazik saxsıdan olması, yüksək üzükvarı altlığı, əla bişirilmə keyfiyyəti ilə seçilirdi. Son orta əsrlər keramikası arasındakı yeniliklərdən biri də fayanssayağı qabların olmasıdır. IX-X-cu əsrlər nümunələrindən fərqli olaraq anqob rəsmli qablar da keyfiyyətcə yeni səviyyəyə qalxır.

İstər Azərbaycanın, istərsə də orta əsrlər Bakısının kommunikasiya sistemində keramika məmulatı mühüm yer tutur. Arxeoloji qazıntılarla müəyyənləşdirilmişdir ki, Bakı şəhərinin su təchizatında kəhriz sistemi ilə yanaşı saxsı borulardan - tünglərdən düzəldilmiş su axıdıcılarından da geniş tətbiq olunmuşdur. Saxsı borular bir sıra sənətkarlıq sahələrində və təsərrüfat təyinatlı digər işlərdə geniş istifadə olunurdu. İnşaat keramikasına gəldikdə isə, qeyd etmək lazımdır ki, Şirvan-Abşeron memarlıq məktəbinin əsas inşaat materialı bişmiş kərpic deyil, yerli daş - əhəngdaşı olmuşdur. Burada inşaat keramikası əsasən kaşı ilə - üzlük plitə ilə təmsil olunmuşdur. Müxtəlif formalı mavi, firuzəyi, bəzən də yaşıl rəngli şirli monoxrom kaşı XII-XIII-cü əsrlər təbəqəsindən aşkar edilmişdir. Mavi şirli müxtəlif ölçülü qırmızı gilli böyük kaşılar XIV-XVII-ci əsrlərin üst mədəni təbəqəsində qeydə alınmışdır.

Hər iki təbəqədən olan çini məmulat az saydadır. XIV-XVII-ci əsrlərin üst təbəqəsində kobaltla işlənmiş fayans məmulatı qınqlarına rast gəlinir. Alt təbəqədə qara fonda ağ anqob rəsmli xonça şəkilli fayans kasa qırıqlarına, eləcə də kobalt fonunda çilçıraq rəsmli qabın qırıqlarını da qeyd etmək olar. Şirvanşahlar sarayından şimal-qərbə olan sahənin alt təbəqəsində 1974-cü ildə tapılmış fayans kasa da böyük maraq doğurur. Kiçik ölçülü həmin qab dairəvi altlığa malikdir. O, hər iki tərəfdən zəif parlaq və tünd mavi rəngdə minalanıb. Bayır tərəfdən kasanın karnizindən – dodaq yerindən aşağıda, perimetr boyu, qabın sahibinə ərəb əlifbası ilə xeyir-dua verən relyef zolaqlı yazısı vardır.

Yuxarıda qeyd olunan kasanın yaxınlığında tapılmış başqa bir fayansın kasanın dibində göy rəngli nəbati naxış həkk olunmuşdur. Bitki zoğlarının arasında elə həmin rəngdə çəkilmiş quş rəsmləri vardır. Həmin fayans kasaların tapılması Bakının fayans saxsı istehsal edən mərkəzlər - orta əsrlərin İran şəhərləri olan Rey, Kaşan, Sultanabad və s. ilə ticarət əlaqələri olmasını sübut edir.

Nisbətən daha çox maraq doğuran şüşə məmulatlar qala divarının şimal hissəsinin yaxınlığında aşkar edilmişdir. Alt təbəqədə, xüsusilə də şəhərin bu hissəsindəki çalalarda xeyli miqdarda nazik divarlı şüşə qabların - küp, vaza, qədəh, kiçik dərman və ətir qabların, flakonların fraqmentləri aşkar edilmişdir. Kəsiyində dəyirmi və oval naxışla işlənilmiş rəngli və burmalı müxtəlif şüşə qolbaqlara, eləcə də müxtəlif şüşə muncuqlara daha çox təsadüf edilir.

Bu albomda nümayiş etdirilən materiallar içərisində Qız qalasına şimal-şərq tərəfdən söykənən şəhər divarının bünövrəsindən 1964-cü ildə tapılmış öküz başı təsviri olan böyük daş xüsusilə diqqəti cəlb edir. Daş parçasından, demək olar ki, natural böyüklükdə öküz başı yonulub hazırlanmışdır. Formasına görə həmin təsvir İçərişəhərin Şah Abbas darvazalarındakı təsvirlə demək olar ki, eyniyyət təşkil edir. Bu cür öküz başları təsviri vaxtilə Bakı buxtasında da aşkar edilmişdir.

İçərişəhərin metal əşyaları əsasən dəmir və mis məişət məmulatlarından ibarətdir. Dəmir əşyalar dəyirmi və dördkünc papaqlı mismarlar, bıçaq tiyəsinin qırıqları, çapacaq, hərdən at yəhər-yüyəni hissələri; dırnaqlılar üçün nal, eləcə də ayaqqabı başmaqlar üçün nal şəklində rast gəlinir. Bir sıra sahələrdə ox ucluqları, nizə ucu və s. də aşkar edilmişdir.

İçərişəhərdən 1975-ci ildə tapılmış miniatür formalı dəmir lövbər böyük maraq doğurur. Simvolik bolluq rəmzi məqsədilə hazırlanmış bu lövhənin sahibi çox ehtimal ki, dənizçi olmuşdur.

Şirvanşahlar sarayı həyətindən 1938-1939-cu illərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılmış bədii formalı metal çıraq çox böyük marağa səbəb olmuşdur. Bu tunc zoomorf tipli çırağın həm gövdəsi, həm də lüləsinin üzərində başdan-başa müxtəlif heyvan fiqurları düzəldilmişdir. Səhnədə 14 heyvan başı və 2 insan sifəti təsvir olunmuşdur. Şübhəsiz, həmin dövrdə bu kimi əşyalardan yalnız yüksək təbəqəyə mənsub adamlar istifadə etmişlər.

Maraqlı tapıntılardan biri də Bakıdan təsadüfən aşkar edilmiş süddan formalı gümüş dolçadır. Şirvan sənətkarlığına məxsus bu qabın oxşarı Şamaxıdan tapılmışdır. Müxtəlif texniki üsullarla xalı kimi zəngin naxışlanmış dolçanın üzərində insan, heyvan rəsmləri və ov səhnəsi təsvir olunmuşdur.

Qabın üstündə onun sifarişlə hazırlanması haqda yazı da var. Yazıda bu qabın Məhəmmədbağır adlı usta tərəfindən Cabbar bəy üçün hazırlandığı qeyd olunur. Səthi zövqlə bəzədilmiş süddanın XVI-XVIII-ci əsrlərə aid olduğu güman edilir.

Şirvanşahlar sarayı həyətindəki qazıntılar zamanı 4 m dərinlikdəki quyunun dibindən aşkar olunmuş metal şamdan diqqəti cəlb edir. Şamdan mis təbəqədən döymə üsulu ilə düzəldilmişdir. Xarici görünüşü etibarilə çox gözəl hazırlanmış bu şamdan orijinal quruluşa malik olub əsasən XII-XIII-cü əsrin əvvəllərinə aid edilir.

1964-cü ildə Qız qalasının yanındakı arxeoloji qazıntılar zamanı aşkar olunmuş çaydan formalı metal qab da maraqlıdır. Bu qabın, ehtiyac üzündən, sərpuşdan kəsilərək çaydan düzəldiyi ehtimal edilir. Sərpuşun korpusvarı baş tərəfi kəsilərək çaydanın ağzı üçün yer açılmışdır. Alt hissəsinə isə dairəvi mis təbəqə qaynaq edilərək oturacaq düzəldilmişdir. Sərpuşun səthi simmetrik zolaqlara bölünmüş kəsmə, burma formalı və rombvarı bəzəklərlə zəngin naxışlanmışdır. Sərpuşun üzərindəki iri buta və günəş rəsmləri xalq arasında, incəsənətdə geniş yayılmış qədim bədii naxışlardandır.

Bakıdan tapılan metal əşyalar içərisində çoxlu miqdarda mis və gümüş sikkələr də vardır. Pullar həm arxeoloji qazıntılar, həm də təsadüfü tapıntılar nəticəsində aşkar edilmişdir. Həm tək-tək, həm də dəfinə şəklində tapılan sikkələr arxeoloji qazıntılar zamanı mədəni təbəqələrin və orada əldə edilən materialların dövrünü dəqiq təyin etmək cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Maraqlı burasıdır ki, pulların bir çoxu Bakıda zərb olunmuşdur. Tədqiqatçılar bütün bunlara əsaslanaraq Bakıda orta əsrlərdə zərbxananın olduğunu qeyd edirlər.

Bakıdan tapılan pulların içərisində Şamaxı, Təbriz, Pənababad, Gəncə, Dərbənd, Şərvan, Mahmudabad, İrəvan, Ani, Qızıl Orda, Kaşan, Sarayəlcədid, Buxara, Qəzvin, Sultaniyyə və s. şəhərlərdə zərb olunanları da vardır. Həmin şəhərlərdə zərb edilən çoxlu sikkələrin Bakıdan tapılması isə orta əsrlərdə bu şəhərlərlə Bakı arasında güclü mədəni və ticarət əlaqələrinin olduğunu göstərir.

Bizə elə gəlir ki, Bakı ərazisindən aşkar olunmuş pul dəfinələri və sikkələr, arxeoloji tədqiqatların nəticələri ilə birlikdə şəhərin tarixinin araşdırılması baxımından böyük elmi əhəmiyyət kəsb edir. İçərişəhərin arxeoloji qazıntıları zamanı aşkar edilən əşyaların arasında miniatür tunc balıq fiquru da maraqlıdır. Fiqur Qız qalasının şimal tərəfindəki qala divarının bünövrəsi təmizlənərkən tapılmışdır. Ağzı açıq fantastik balıq fiquru böyük ustalıqla, üst dodağı bir qədər qalxıq şəkildə qəliblənmişdir. Balığın gözü iri yumru başının ortasında verilmişdir; qəlsəmələri bədənindən qismən üstə çıxır; quyruğu yuxarı qalxmış və bir qədər içəriyə bükülmüşdür. Balığın bütün bədəni sıx pulcuq təbəqəsi ilə örtülmüşdür. Ustalıqla düzəldilmiş fiqur arxeologiya elmində “Sasani incəsənəti” deyilən bədii ənənəyə xas olan maraqlı üslubda düzəldilmişdir.

Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar.

“çərişəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlər Bakısında çörək bişirilməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirmənin çox qədim başlanğıcı vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Azərbaycanda və Cənubi Qafqazda çörək bişirmək üçün təndirlər, yəqin ki, Eneolit dövründə meydana gəlmiş və sonralar təkmilləşdirilmişdir. İçərişəhərdə yerdə və yer üstündə tikilmiş təndirlər aşkar edilmişdir.

Bütöv şimal divarlı təndirlərin əksəriyyətinin 2,5 sm-dən 3,5 sm-dək üz qatı ələnmiş narın qum qarışıqlı xüsusi seçilmiş sarı rəngli suvaşıqlı gildən hörülmüşdür. Diametrləri 45-50 sm-dir; bununla yanaşı, iri təndirlərə də rast gəlinir. Məsələn, Şirvanşahlar sarayının şərq tərəfindəki XIV-XV-ci əsrlər təbəqəsində bünövrəsinin diametri 1,5 m olan təndir aşkar edilmişdir. İçərişəhər ərazisində bu ölçüdə təndirə ilk dəfə idi ki, rast gəlinirdi. Təndirin ətrafında daşla döşənmiş böyük düz meydança inşa edilmişdi. Bundan əlavə, təndir badla haşiyələnmişdir. Təndirətrafı bad təndirin divarının bayır tərəfindən daş və ya kərpiclə gil palçıq ilə 20 sm-dək qalınlığında, işin rahatlığı və yanğından qorunmaq məqsədilə inşa edilmişdir.

Bütöv şimal divarlı təndirlərdən əlavə, başqa konstruksiyalı təndirlərə də rast gəlinir. Onlar ayrı-ayrı gil hörmələrdən, demək olar ki, uzununa dəyirmi olan və bir tərəfi azacıq yastılanmış gil dürməklərdən inşa edilmişdir. Belə təndirlər, bir qayda olaraq, hər biri 20-25 sm olan gil dürməklərdən hörülmüş və bir-biri ilə gil palçıqla yapışdırılmışdır. Dürməklərin yastılanmış hissəsi iç tərəfə qoyulmuşdur. İçəri tərəfdən üzlük səliqə ilə hamarlanırdı. “Hələ divarları bişməmiş gil dürməkdən hörülmüş təndirin çiy hörgüsünü uçurmamaq və ya zədələməmək məqsədilə, usta, hündürlüyü 0,6-0,7 m olan belə təndirin aşağı hissəsini onun içərisinə girərək, yuxarı hissəsini isə bayırda olaraq inşa edir”.

İçərişəhər ərazisində, içəri işlək divarına, bişməzdən əvvəl düz paralel və dalğavarı batıq xətlər çəkilən 2 təndir tapılmışdır. Onlardan biri XII-ci əsr təbəqəsində idi. Bu batıq xətlər əsasən çiy çörəyin təndirin dik divarında saxlanılmasına kömək üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı, batıq xətlər çörəyin alt tərəfini bəzəyirdi, üst tərəfi isə əl ilə naxışlanırdı.

Azərbaycan ərazisində bəzən divarları enli lentvarı zolaqlardan qurşaq şəklində, üst-üstə hörülmüş və gil palçıqla yapışdırılmış təndirlərə də rast gəlinir. Bu təndirlərin dibi enli olur və yuxarıya qalxdıqca, kəsilmiş konus kimi, tədricən eni yığışır.

Yanacağın yaxşı yanması və təndirin bütün divarlarını eynilə qızdırması üçün, heç bir istisna olmadan, bütün təndirlərin aşağı tərəfindən kənara, 6-8 sm diametrdə hava gəlməsindən ötrü dəyirmi deşikdən ibarət olan və həmin yerdə əsas küləkli tərəfə istiqamətlənmiş küflə - nəfəslik qoyulmuşdur. Maraqlıdır ki, İçərişəhər təndirlərinin küfləsi cənub-qərbə - dəniz küləklərinin daim əsdiyi tərəfə yönəldilmişdir.

Bəzən xırda bir sahədə 1,5x1,5 m; 2x2 m ölçülü ərazidə müxtəlif dövrlərdə inşa edilmiş 5-6 təndir yığımına rast gəlinir. Onların bu cür yaxın yerləşməsi hamısının eyni vaxtda istifadə olunmasını mümkünsüz edir. Bizə elə gəlir ki, indiki halda biz, görünür, təndirxana ilə rastlaşmışıq; yəqin ki, təndirin xarab olduğu dövrdə onun yerində və ya yaxınlığında yenisini inşa etmişlər. Bu sayaq təndirxanalarda bişirilmiş çörəyi bazarda satarmışlar.

Bu albomda müasir Bakı şəhərinin İçərişəhər adlanan hissəsində uzun illər boyu arxeoloji qazıntılar prosesində aşkar edilmiş elmi və bədii dəyərə malik əşyaların fotoları və rəsmləri toplanılmışdır. Həmin əşyalar E.A.Paxomovun, V.N.Leviatovun, Ö.Ş.İsmizadənin, N.V.Minkeviç-Mustafayevanın və F.Ə.İbrahimovun iştirakı və rəhbərliyi altında uzun illər ərzində aparılmış arxeoloji qazıntılardan əldə edilmişdir.


Tarix: 27.08.2012 / 21:07 Müəllif: [Ram] Baxılıb: 2047 Bölmə: Ümumi Melumat