Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramana kəndi..

Bir nardaranlı xozeyni olan ramanalı Qurbandan ölənə yaxın soruşur ki, bu dünyada nədən doymadın? Hacı Qurban dərindən ah çəkərək “bu dünyada Ramananın üzüm bağlarından və Nardarandakı dəniz sahilindən doymadım” deyib. Bu sözləri bizə deyən Ramana sakini Seyid Zöhrab indiki neft buruqlarının yerində əvvəllər ucu-bucağı görünməyən üzüm bağlarının olduğunu söyləyir.

Beləliklə, “Bakı kəndləri bizim gözümüzlə” rubrikasında sizlərə növbəti bir kəndi- Abşeron yarımadasındakı qədim yaşayış məskənlərindən biri olan Ramananı təqdim edirik.
Bu kənd tarixi ədəbiyyatda ən çox məşhur Ramana qalası ilə tanınır. Lakin Ramanada tarixin bütün dövrlərini özündə əks etdirən bir çox abidələr, məscidlər, qəbiristanlıq, hamam və pirlər də var. Balaxanı ilə qonşu olan Ramana kəndinin mərkəzindən gəzintimizə başlayırıq.

Sağı, solu neft buruqları olan yollarla...
Ramanada da Balaxanıda olduğu kimi kənd yollarının sağ-solu neft buruqlarıdır. Kəndin tarixi ilə bağlı yerli sakin Seyid Zöhrab danışır: “Kəndin əsası eramızın təqribən 84-cü və 96-cı illəri arasında Roma imperiyasının XII İldırımsaçan Legionundan Maksimus Liviusun rəhbərliyi altında bir qrup əsgər tərəfindən qoyulub. Adı isə ”Rahmana", yəni “Allah” sözündən götürülüb. Sovet hakimiyyəti illərində və bundan əvvəl bu kəndin tarixi neftlə bilavasitə bağlı olub. Ramanaya aparan yolun hər iki tərəfində neft buruqları olan sahələr Azərbaycanda neft bumu dövrünün şahidləridir. Xarici və yerli burjuaziyanın izlərini kənd bu gün də yaşadır".

Kənd sakini deyir ki, Nobel qardaşları və fransız sahibkarı Rotşild Bakıya ilk kapitalı Ramana kəndinə yatırmağa başlayıb. Əcnəbi sahibkarların fəhlələr üçün tikdirdiyi evlər isə bu günə kimi qalmaqdadır. Hazırda kənddə Nobellərə məxsus evlərdən uşaq bağçası və yaşayış binası kimi istifadə olunmaqdadır. Nobelin evləri kənd əhalisi arasında “Nobelski” adı ilə tanınır.
Kənd sakinləri məşhur Azərbaycan milyonçusu Şəmsi Əsədullayev haqda da bizə danışırlar. Ramananın neftlə zəngin torpağına kapital qoyan yerli burjuaziyanın ilk nümayəndələrindən olan Ş. Əsədullayevin kənd camaatı arasında “Əsədullayevin evləri”, “Əsədullayevin uşaqlarının evi” adlanan fəhlə yataqxanaları Ramana qalasının arxasında yerləşir. Ramananın mərkəzi isə “Meydan” adlanır. Ramana “şəhərciyi” isə kəndin girişindən bir qədər uzaqda yerləşir. Əlbəttə, əgər buna şəhərcik demək mümkündürsə… Əslində bu şəhərciyin salınması sovet hakimiyyətinin həyata keçməyən arzularından biri olub. Şəhərcik salınmağına salınıb, lakin kənd ağsaqqallarının göstərdiyi inadkarlıq əhalinin orada məskən salmasına mane olub. Kənd ağsaqqalları deyirlər ki, sovet hakimiyyətinin yeni qurulduğu illərdə kənddə neft çıxarmaq məqsədilə əhalini kəndin mərkəzindən kənarda salınmış həmin şəhərciyə köçürmək istəyiblər. Lakin kənd ağsaqqallarının kəskin etirazı sovet hökumətinin bu siyasətinin qarşısını alır və bir neçə ailəni çıxmaq şərti ilə heç kəs şəhərciyə köçmür. Şəhərciyin qalıqları isə həmin dövrün yadigarı kimi qalmaqdadır. Kənd sakinləri məşhur ramaalnıların adlarını həmişə fəxrlə çəkirlər. Onların arasında ən çox tanınanı isə Hindistanın prezidenti olmuş Cəvahirləl Nehru ilə görüşərək ona kiçik tapança hədiyyə verən Baba Babazadədir. Onun adına böyük tanker də varmış. Tanker sıradan çıxdığından onu dənizdə batırıblar.

“Əşi, belə olandan sonra kim deyə bilər ki, hamam pisdir...”
Ramananın ən qədim tikililərinə 1323-cü ilə aid məscid və XIV əsrdə inşa edilmiş dördkünc qala aiddir. Əvvəllər ramanalıların 7 məscidi olsa da, hazırda onun 3-ü qalıb. Bu məscidlərdən ən qədimi Ramana qalasının yanında yerləşir. Birmərtəbəli kiçik məscid XIII-XIV əsrə aiddir. Məscid bu günə kimi fəaliyyət göstərir. İkinci böyük məscid vaxtilə kəndin zəngin sakinlərindən olan Qurban adlı nüfuzlu sahibkar tərəfindən 1903-cü ildə tikilib. Doğrudan da, məscidin sahəsi çox böyükdür. Kənd ağsaqqalı deyir ki, bu məscid memarlıq üslubuna görə Təzəpir məscidinə bərabərdir. Deyilənlərə görə, o zaman sahibkar məscidi Türkiyədə tikilmiş bir məscidin layihəsi əsasında tikdiribmiş.
Ramana qalası

Kənddəki maraqlı tarixi abidələrdən biri də qədim hamamdır. Ramanalılar öz aralarında ona “Məşədi İbad hamamı” deyirlər. Çünki hamam İçərişəhərdəki “Ağa Mikayıl hamamı”na bənzəyir. “O olmasın, bu olsun” filmində hamam kadrları məhz “Ağa Mikayıl hamamı”nda çəkildiyi üçün bu tikilinin adı “Məşədi İbad hamamı” adlanır. Bu hamam bu gün fəaliyyət göstərmir. Çarhovuzu və buxar otağı olan hamamın qapısı qıfıllanıb. Hamamda su sistemi isə bu gün də çoxlarını heyrətə gətirir. Kənd sakini Əbdül kişi deyir ki, hamamda böyük mis qazan olub, onun içindəki su tiyanla yandırılaraq qızdırılırmış: “Hamama gələn insanlar da bu sudan istifadə edirmiş. İstilik sistemi divarların içərisində quraşdırılıbmış. Hamamın istixanası odunla qızdırılırmış. Bu istilik isə yeraltı kanallar və divarın içi ilə bütün hamamı qızdırıb tavana qədər qalxırmış. Sonra isə bu ocağın tüstüsü yuyunma otağı üzərində olan buxarı ilə çölə çıxırmış. Hamamın içində yeraltı kanallar olub, tavanda isə xüsusi bacalar quraşdırılıb. Beləliklə, istilik elə tənzimlənirmiş ki, həm döşəmə, həm də divarlar qızırmış. Beləliklə, quraşdırılmış bu sistem həm hamama sərinlik verir, həm də hamamın havası dəyişirmiş. Elə buğ da bu yolla çıxırmış”.
Kənddəki Mir Dadaş ağa piri isə ramanalıların inam yerlərindən sayılır. Sakinlər bildirir ki, kənd qəbiristanlığında yerləşən bu pirə çox insan pənah gətirir.

“Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin məkanı-Ramana qalası
Kəndin ən yüksək yerini öz əzəməti ilə diqqəti cəlb edən möhtəşəm Ramana qalası tutub. Dörd tərəfdən üzərində bürclər olan və qala divarları ilə əhatəyə alınan bu müdafiə tikilisi XIV əsr abidəsidir. Ağ daşdan tikilən qalanın hündürlüyü 15 metrdir. Güman edilir ki, qala müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub.

Ramana qalasından “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin çəkilişində istifadə olunub. Və elə qala sonuncu dəfə bu filmlərdən birinin, “Koroğlu”nun çəkilişi zamanı, 1956-cı ildə bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.
Qala divarlarına qalxmaq üçün divarın sol tərəfində iki pilləkən var. Onlardan biri ilə, burma daş pilləkən vasitəsilə divarın içərisindən yuxarıya, təxminən yarım metr çölə tərəf tikilən dəhlizə qalxmaq mümkündür. Digər daş pilləkən isə qalanın həyətindən yuxarıya tərəf qalxır. Bu pilləkənlər vasitəsilə qala divarlarına qalxıb kəndi seyr etmək olur.
Qala divarlarından bayırda, sağ tərədə qayaya bənzər iri daş parçası ilk baxışdan diqqəti cəlb etməsə də, özü-özlüyündə mahiyyət etibarilə xoş bir hadisəni yaşadır: Dahi Bülbül Koroğlunun ariyasını məhz bu daşın yanında ifa edib. Kənd sakinləri də kəndi ziyarət edib, tarixi abidələrini seyr edən hər kəsə bu iri daş parçasını məhz bu cür təqdim edirlər. İlan yuvaları ilə əhatələnmiş Ramana qalasının qorunması isə kənd sakinlərinə tapşırılıb.
Bu bazar qədim Bakı kəndlərindən biri olan Ramanada səyahətimizi də beləcə yekunlaşdırdıq. Növbəti həftədə görüşmək ümidi ilə...


Tarix: 10.12.2014 / 11:04 Müəllif: Aziza Baxılıb: 303 Bölmə: Ümumi Melumat
loading...