beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı məscidləri

Qədim Bakının müxtəlif dövrlərə aid çoxsaylı tarixi-memarlıq abidələrindən ən önəmlisi İçərişəhərdir. 22 ha. ərazisi olan bu kiçik və «müstəqil» şəhər içində şəhər keçmişimizlə bu günümüz arasında mənəvi körpü, qala divarları ilə əhatə olunmuş qədim və möhtəşəm abidədir.
Bakını başqa tarixi şəhərlərimizdən fərqləndirən onun ilk çağlarda dini mərkəz , müqəddəs şəhər kimi yaranmasıdır. Bakı toponiminin mənası haqqında müxtəlif mülahizələr söylənsə də, onlar arasında görkəmli tarixçi S.Aşurbəylinin “Allah şəhəri”, “Allah yeri” anlamı bu mənada inandırıcıdır. Özündə və ətrafında çıxan təbii qaz qaynaqları üzərində tikilən çoxlu od məbədləri Bakını yalnız Qafqazın deyil, İran, Orta Asiya və Hindistan atəşpərəstlərinin də nüfuzlu dini mərkəzinə çevirmış, bu şəhərin “Müqəddəs odlar diyarı” kimi tanınmasına səbəb olmuşdur.
VII əsrin birinci yarısında ərəblərin Azərbaycanı işğal etmələri İçərişəhərdə çoxsaylı məscidlərin tikilməsinə səbəb oldu. Bu məscidlər bir ənənə olaraq qədim dini tikililərin bünövrəsi üzərində inşa edilirdi. Qədim məscidlər əsasən Bakının ən qədim yaşayış məskəni sayılan İçərişəhər ərazisində salınırdı. İçərişəhərdə 23 dini abidə vardır. Onlardan 22-si məscid, 1-i isə kilsə qalıqlarıdır. Hazırda 5 məscid (Came, Gileyli, Məhəmməd, Seyid Yəhya Murtuza, Şeyx İbrahim) təyinatı üzrə fəaliyyət göstərir. İçərişəhər məscidləri dörd qrupa bölünür:

1. Came məscidləri
2. Məhəllə məscidləri
3. Mədrəsə- məscidləri
4. Təkyələr.

Məhəmməd məscidi – konservasiyaya qədər Came məscidləri - böyükhəcmli, minarəli məscidlərə deyilir. Bu məscidlərdə təkcə dini ibadətlərlə kifayətlənməyib, həm də xalqı itaətə çağırıblar. Din xadimləri dövlət tərəfindən qəbul edilmiş fərmanları və digər yenilikləri əhaliyə məhz oradan çatdırırdılar . Cümə namazını qılmaq üçün əhali came məscidinə toplaşar, müxtəlif dini mərasimlər də orada keçirilərdi .
Bakı- Abşeron memarlıq məktəbinin incilərindən sayılan Məhəmməd məscidi 1078-79-cu illərdə Məhəmməd əbu-Bəkroğlu tərəfindən tikilmişdir. I Pyotrun Bakıya kəşfiyyat məqsədilə göndərdiyi rus donanmasının admiralı Matyuşkinin göstərişi ilə şəhərin top atəşinə tutulması nəticəsində məscidin minarəsinin bir tərəfi dağıldığına görə o, xalq arasında həm də “Sınıqqala” adlanır.
Məscid ərazisindəki arxeoloji qazıntılardan məlum olmuşdur ki, o daha qədim bir dini kompleksin üzərində inşa olunmuşdur.
MİNARƏLİ CAME (CÜMƏ) MƏSCİDİ. Güman edilir ki, 1378 - 1379 - cu illərdə atəşgah məbədinin yerində tikilmişdir. Binanın inşası haqqında məscidin divarına həkk olunmuş bir yazıda deyilir: “709 - cu ilin ( 1309 - 1310 - cu illər) rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yenilmək əmri vermişdir. Ehtimal olunur ki, bu məscid XIV əsrdə bərpa olunmuşdur. Otaqları çoxbölməli, düzgün olmayan altıbucaq formalı məscidin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş nisbətən iri ibadət zalı binanın daxili məkanının xüsusi gözəlliklə tikilməsinə zəmin yaratmışdır. XV əsrdə möminləri ibadətə çağırmaq üçün eyvan funksiyasını daşıyan stalaktit qurşaqlı, taclı, möhtəşəm minarə tikilmişdir. Arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş minarənin bünövrə daşındakı kitabədə Elxani sultanı Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunmuşdur.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının imkanlı adamlarından Hacı Şıxəli Dadaşov xeyriyyə məqsədilə qədim abidənin yerində tamamilə yeni məscid binası ucaltdı.
BƏYLƏR MƏSCİDİ. 1895-ci ildə tikilmiş bu məscidin inşasında Məhəmməd Haşim Əl-Bakuinin oğulları Hacı Baba və Hacı Cavad, məşhur Bakı milyonçusu Ağa Murtuza Muxtarov, İbrahim Şirvani Mir Əli Ənnağı, Mir Tağı, Seyid Hüseyn də iştirak etmişlər. O daha qədim məscidin yerində tikilmiş və mükəmməl minarə ilə tamamlanan əyri xətt şəkilli küçənin planlaşdırılma xüsusiyyətinə uğurla daxil edilmişdir. Bəylər məscidi elə tikilmişdir ki, burada Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsipləri birləşdirilmişdir.
SARAY MƏSCİDİ. Hündürlüyü 22 metrə çatan bu məscid Şirvanşahlar türbəsi ilə yanaşıdır. Minarədəki yazıda oxuyuruq: «Bu minarənin ucalmasını böyük sultan I Xəlilullah əmr etmişdir. Allah onun şahlığını və hakimiyyət illərini böyütsün. 845-ci il” (1441-1442 illər). Məscidə girməzdən əvvəl yuyunmaq və dəstəmaz almaq üçün həyətin şimal tərəfində quyu və kiçik hovuz vardır.
Memarlıq üslubuna görə məscid çox sadədir. Onun giriş portalı bəzəksizdir, lakin minarə zərifliyi və gözəlliyi ilə diqqəti cəlb edir. Onun eyvanını saxlayan stalaktitlər və aşağıda yerləşən yazı kəməri yüksək sənətkarlıqla işlənmişdir. Minarə dilimli günbəzlə tamamlanır. Eyvanın ətrafı, başqa böyük məscid minarələrində olduğu kimi, oyma üsulu ilə bəzədilmiş, dəmir məhəccərlə əhatə olunmuşdur. Məscidin daxilinə şimal, şərq və qərbdən sadə işlənilmiş qapılar açılır. Şərq tərəfdəki qapıdan şah və onun ailəsi, şimaldakından kişilər, qərbdəkindən isə qadınlar istifadə edirmiş.
Günbəzlə örtülən məscidin ibadət zalı mərkəzi hissədən və 4 tərəfdən birləşən çatma taxçalardan ibarətdir. Dilimli yarımgünbəzlə tamamlanan mehrab zərif stalaktitlərlə bəzədilmişdir.
Mərkəzi zalın yuxarı küncündə divara hörülmüş küplər səsi o qədər gücləndirirdi ki, azan səsi qadınlara məxsus otaqdan da eşidilirdi.
Bu məscid dünya əhəmiyyətli abidədir.
MƏHƏLLƏ MƏSCİDLƏRİ. Qala divarı ilə əhatə olunmuş İçərişəhər çox da böyük olmayan bir necə məhəlləyə bölünmüşdür. Hər bir məhəllənin xüsusi yerlərində mədrəsə, məscid və başqa təyinatlı dini binalar inşa edilmişdir. Sakinlərin rahatlığı üçün məhəllə məscidləri, adətən, məhəllələrin mərkəzində inşa olunmuşdur. İçərişəhərin məhəllə məscidlərindən bəziləri yaşayiş binalarının memarlığını xatırladan birotaqlı şəklində inşa olunmuşdur. Məscidlərin sayı məhəllənin böyuklüyündən asılı idi. Ona görə də bəzən bir məhəllədə bir neçə məscid yerləşirdi. Məhəllə məscidləri oxşar planlı, düzbucaqlı və günbəzli olurdu.
Düzbucaqlı formadan olan AŞUR MƏSCİDİ 1169-cu ildə ustad Nəcəf Aşur İbrahim oğlu tərəfindən inşa edilmişdir. XIX əsrin sonu XX əsrin əvvəlində Dağıstanlı fəhlələr Bakıya - sənaye müəssisələrinə qazanc dalınca axışan zaman İçərişəhərin sakinləri ibadət üçün onlara məhz bu məscidi ayırmışlar. Burada ləzgilərin uzun müddət ibadət etmələri xalq arasında onun “Ləzgi məscidi” adını almasına səbəb olmuşdur.
Plan həlli ilə seçilən günbəzli kompozisiya sisteminə-Gileyli, Keyqubad, Hacı Banu, Seyid Yəhya Murtuza məscidləri aiddir ki, bunlardan birincisi 1309-cu ildə bərpa olunmuş GİLEYLİ məscididir. Ümumi kompazisiya həllində işlədilmiş ulduz və ornamentlər, eləcə də oxvari tacbəndləri haşiyələnən nəbati naxışlar daş üzərində naxışoyma sənətinin gözəl nümunələridir. KEYQUBAD məscidində isə Bakuvinin tədris və ibadət etməsi barədə A.Bakıxanov yazır: “Onun ibadət etdiyi hücrə, işlədiyi məktəb və qəbri orada - məsciddədir”. MINARƏLİ-MƏKTƏB məscidində dini təhsil alır və ibadət edirdilər. TƏKYƏ isə tək insanın ibadət etdiyi yerə deyilir. Əsasən sufilərə və dərvişlərə aiddir.
XIX əsrin əvvəlində rusların Azərbaycanı işğal etməsi pravoslav kilsələrinin tikilməsinə səbəb olmuşdur. 1815-ci ildə inşa olunmuş kilsəyə İsa Məsihin apostollarından olan Varfolomeyin adı verilir. Apostol Varfolomey xristianlığı yaymaq məqsədilə Kiçik Asiyanı gəzmiş, oradan Hindistana getmiş, sonda Bakıya gəlmişdir. Kilsəyə onun adının verilməsi heç də təsadüfi deyildir. Deyilənlərə ğörə, Varfolomey məhz Qız qalasının yaxınlığında bütpərəstlər tərəfindən öldürülmüşdür.
İçərişəhər hələ də özündə çox gizli sirləri saxlayır. Onları aşkar etmək tədqiqatçı borcu, təbliğ etmək və gələcək nəslə çatdırmaq biz muzey işçilərinin öhdəsinə düşür.
Artıq bu sahədə İçərişəhər Tarix Muzeyində müvafiq işlər görülür.


Tarix: 09.12.2014 / 16:50 Müəllif: Aziza Baxılıb: 286 Bölmə: Ümumi Melumat