beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan rabitəsinin inkişaf yolu

Qədim zamanlarda insanlar məlumat ötürücüsü kimi yüksəkliklərdə tonqal yandırmaqla bir-birinə hər hansı bir hadisə barədə xəbər göndərirmişlər. Eyni zamanda hər hansı bir vacib məlumatı əhaliyə çatdırmaq üçün təbil və ya şeypur vasitəsilə insanları bir yerə toplayırmışlar.

Daha sonralar isə qəbilə başçılarının biri tərəfindən digərinə yazılı məlumatların (namə) göndərilməsi bu məqsədlə təyin olunmuş bir neçə şəxs vasitəsi ilə əldən-ələ ötürməklə həyata keçirilmişdir.

poçt qutusuNəhayət, zaman keçdikcə insanlar yeni metodlardan istifadə etməyə başlamış və məlumatların (məktubların) çatdırılması üçün xüsusi öyrədilmiş göyərçinlərdən istifadə etmişlər. Uzun müddət bu metoddan istifadə etdikdən sonra artıq yazışmaların sayının artması daha etibarlı metodlardan istifadə zərurətini yaratmışdır. Belə ki, əvvəlcə poçtun (məktubların) daşınmasında dəvədən, yaxın məsafələrə isə poçtun daşınmasında atdan istifadə etməyə başlamışlar.

Təxminən XVIII əsrin əvvəllərində artıq poçtun (məktubların) daşınmasında karetadan istifadə edilmiş, eyni zamanda həmin dövrlərdə teleqraf rabitəsi də yaradılmağa başlanmışdır.

Həmin dövrlərdə əksər ölkələrdə poçt-teleqraf idarələri yaradılmış və bu xidmətlər onların bölgələrdə tabeçiliklərində olan poçt kontorları vasitəsi ilə həyata keçirilmişdir.

XIX əsrin əvvəllərində poçt-teleqraf kontorlarının fəaliyyəti daha da genişləndirilmiş, ayrı-ayrı yerlərdə poçt departamentləri yaradılmış və onların fəaliyyətinə yeni xidmətlər (poçtla pulların, bağlamaların və sığortalı məktubla göndərişlər) də əlavə olunmuşdur.

Azərbaycan milli rabitəsi özünəməxsus zəngin inkişaf tarixinə malikdir. Hələ 1501-ci ildə Səfəvilər dövlətinin başçısı böyük Şah İsmayıl Xətai tərəfindən poçtun dövlət səviyyəsində təşkil edilməsinin təməli qoyulmuşdur.

Azərbaycanda ilk rabitə müəssisəsinin - poçtun yaranması 19-cu əsrin əvvəlinə aid edilir.

1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yarandıqdan bir neçə ay sonra - oktyabrın 6-da Poçt və Teleqraf Nazirliyi yaranmış, Ağa Aşurov nazir təyin olunmuş və nazirlik cümhuriyyətin süqutuna qədər fəaliyyət göstərmişdir.

1918-ci il mayın 28-də müstəqil Azərbaycan Demokratik Respublikası elan edildi. Cəmi 23 ay yaşayan müstəqil Azərbaycan dövləti qısa müddət ərzində özünün ilk poçt markalarını buraxmağa nail olmuşdur.

1954-cü ildə Azərbaycan Respublikasının Ali Sovetinin Rəyasət Heyəti Rabitə Nazirliyini yenidən yaratmışdır.

İLK TELEFON XƏTTİ

Məlum olduğu kimi dünyada telefon rabitəsinin tarixi 1876-cı ildən başlayır.

Bakıda isə telefon rabitəsi 1881-ci ildə yaradılmış, həmin il dekabrın 6-da ilk telefon xətti çəkilmişdır. 1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti mövcud olmuşdur.

Çar hökuməti dövründə neft sənayesinin inkişafı ilə əlaqədar Avropadan və digər ölkələrdən o dövrün məşhur şirkətləri, kapitalistləri axışıb Bakıya gəlirdilər. Get-gedə inkişaf edərək iri sənaye şəhərinə çevrilən Bakıda telefon şəbəkəsinin yaradılmasına ciddi ehtiyac yaranmışdı.

XX ƏSRDƏ TELEFON RABİTƏSİ

1924-cü ildən başlayaraq əvvəlcə Bakıda, sonra isə ölkənin digər mühüm şəhərlərində telefon rabitəsi inkişaf etdirilməyə başlamışdır. 1928-1929-cu illərdə Bakı - Tiflis, Yerevan, Qroznı, Rostov, Moskva, Leninqrad şəhərləri ilə şəhərlərarası telefon rabitəsi, respublika daxilində isə Hacıqabul, Salyan, Kürdəmir, Ucar, Göyçay, Ləki, Yevlax, Bərdə, Ağdam, Stepanakert, Nuxa, Gəncə, Ağstafa, Qazax, Şamaxı, Xızı və Quba rayonları arasında telefon rabitəsi mövcud idi.

1946-1947-ci illərdə Azərbaycanda yeni iki ATS - Gəncə və Quba, 1948-ci ildə Naxçıvan və Xankəndində tutumu 200 nömrə olan ATS-lər istifadəyə verildi.

1956-cı ildə Bakıda ilk televiziya mərkəzi yaradılır və ilk dəfə televiziya verilişləri yayımına başlanır.

AZƏRBAYCAN RABİTƏSİNİN İNKİŞAFINDA HEYDƏR ƏLİYEV DÖVRÜ

Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-82-ci illərə düşür. Həmin illərdə respublikaya rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində öz əksini tapır. 1970-ci il iyun ayının 24-də ümummilli lider Heydər Əliyev cənablarının təşəbbüsü və rəhbərliyi ilə "Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında" məsələ Mərkəzi Komitənin bürosuna çıxarılmış və tarixi qərar qəbul edilmişdir.

Qərarda Bakı, Sumqayıt, Gəncə şəhərlərində telefon rabitəsinin qeyri-qənaətbəxş olduğu, bir çox rayon mərkəzlərində hələ də əllə qoşulan köhnə telefon stansiyalarının fəaliyyət göstərdiyi, sovxozların yalnız yarısının, kolxozların isə 25 faizinin telefonlaşdırıldığı və digər geriliklər qeyd olunmuş, rabitə vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi Rabitə Nazirliyinin ən vacib vəzifələrindən biri hesab edilmişdir.

Qərarda 1971-75-ci illərdə 16 rabitə qovşağı üçün binaların tikilməsi, şəhərlərin icraiyyə komitələri tərəfindən ATS binalarının inşa edilməsi, o cümlədən Bakıda hər il 1 ATS binasının tikilməsi, Rabitə Nazirliyi tərəfindən ATS avadanlıqlarının alınması və texnoloji avadanlıqların inşası, bütün bunlar üçün lazımi vəsaitin ayrılması və digər mühüm tədbirlərin həyata keçirilməsi öz əksini tapmışdır.

Dahi lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində respublikanın rabitə sistemində böyük nailiyyətlər əldə olundu. 1974-80-ci illərdə təkcə Bakı şəhərində ümumi tutumu 164.400 nömrə olan ATS-lərin tikilib istifadəyə verilməsi planlaşdırıldı və həyata keçirildi.

Ulu öndərimiz Heydər Əliyevin respublikaya rəhbərliyinin 1-ci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra qərarlar qəbul edilmişdir. 1970-80-ci illərdə Elmlər Akademiyasında, universitetlərdə və sahə institutlarında elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirildi, elektron avadanlıq istehsal edən zavodlar tikildi. Kibernetika İnstitutu, Kosmik tədqiqatlar mərkəzi, İnformasiya-Kommunikasiya Elmi mərkəzi, "Neftqazavtomatika" və s. kimi elmi tədqiqat müəssisələri yaradıldı. Heydər Əliyevin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - BESM-6 gətirildi. Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri - RASU - "Azərbaycan", respublika kompyuter şəbəkəsi, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlandı. "AZON", "NORD" elm-istehsalat birlikləri, Radiozavod, elektron hesablama maşınları zavodu, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verildi.

1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdi.

1970-80-ci illərdə rabitənin inkişafı təkcə Bakı şəhəri ilə məhdudlaşmır, respublikanın digər bölgələrini də əhatə edirdi.

1974-cü il avqustun 30-da Azərbaycan SSR KP MK-nın və Nazirlər Sovetinin 304 saylı qərarına əsasən "Telefon rabitəsinin vəziyyəti və inkişafı" məsələlərinə baxılmışdır.

Bu illər ərzində respublikanın digər şəhərlərində və rayon mərkəzlərində telefon şəbəkələri inkişaf etdirilirdi.

1979-cu ildə ulu öndərin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda - köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik Yeni Teleqüllənin layihəsi təsdiq edildi və 1981-ci ildə obyektin tikintisinə başlandı. Buna baxmayaraq bir sıra obyektiv və subyektiv səbəblər üzündən Yeni Teleqüllənin istismara verilməsi, ləngidilsə də ümummilli liderin respublikamıza ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı sayəsində xalqımızın istifadəsinə verildi.

1993-cü ildə ümummilli lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan milli rabitəsi yenidən qurulmaqla inkişaf etməyə başladı.

Ölkə rəhbərinin müdrik siyasəti nəticəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olundu. Rabitə sahəsinin inkişafında əsil dönüş də bundan sonra başlandı.

1993-cü ildən başlayaraq xarici rabitə şirkətləri, ilk növbədə Türkiyənin "Teletaş" və "Netaş" şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulmuş, "Aztelekom" İstehsalat Birliyində 2000 kanallı Beynəlxalq Telefon Stansiyası, 6150 kanallı respublika daxili Şəhərlərarası Telefon Stansiyası, ABŞ-ın "Motorola" şirkətinin investisiyası ilə sellülar rabitə xidməti göstərən "Baksell", Türkiyə rabitəçiləri ilə "Azərsell" və digər birgə müəssisələr yaradılmışdır.

Bütün bunlar ümummilli liderin diqqət və qayğısı sayəsində Azərbaycan milli rabitəsinin parlaq inkişaf yolunun başlanğıc mərhələsi idi.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 1992-ci ildə "Azərmarka", 1997-ci ildə "Azərpoçt" , 1998-ci ildə "Azərekspresspoçt" yaradılmış, 1999-cu ildə "Azərpoçt" İB Dövlət Müəssisəsi statusu almışdır.

Müstəqilliyin ilk illərində obyektiv və subyektiv səbəblərdən poçt rabitəsi sahəsində kəskin geriləmə müşahidə edilmiş və bu geriləmə 1997-ci ilə qədər davam etmişdir. Poçt rabitəsi sahəsində tənəzzülü dayandırmaq və vəziyyəti stabilləşdirmək məqsədi ilə 1997-ci ildə qısa müddətli "Dirçəliş və inkişaf proqramı", həmçinin uzunmüddətli (1998-2003-cü illər) "Poçtun inkişaf konsepsiyası" hazırlanaraq həyata keçirilməyə başlandı.

İKT-nin TƏRƏQQİ DÖVRÜ

Rabitə sahəsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsində genişmiqyaslı beynəlxalq münasibətlər qurulmuşdur, ölkəmizin yüksək texnologiyalar sektorunun imkanları və perspektivləri nəinki regionda, həmçinin dünyanın aparıcı ölkələrində və beynəlxalq təşkilatlarda geniş təbliğ edilir. Bunun nəticəsdir ki, qısa müddət ərzində respublikamızda bir çox tanınmış telekommunikasiya və informasiya texnologiyaları şirkətlərinin nümayəndəlikləri açılmış, milli şirkətlər region bazarında özlərini tanıda bilmişlər. Həmin şirkətlərlə İKT sektorunda həyata keçirilən irimiqyaslı layihələrdə uğurla iştirak edirlər.

Regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür. Bunun nəticəsidir ki, bu gün ölkəmiz İKT sektoru üzrə regionda lider mövqeyini qoruyub saxlamışdır.

Bu yüksək nəticələrin arxasında təkcə İKT sektorunun və informasiya infrastrukturunun inkişafı yox, həmçinin son illər İKT-nin ölkəmizin sosial-iqtisadi inkişafının bütün istiqamətlərində kütləvi tətbiqi və istifadəsi durur. Belə ki, "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"na (Elektron Azərbaycan)" uyğun olaraq, dövlət orqanlarının vətəndaşlara və təşkilatlara təqdim etdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və onların təqdim olunma müddətlərinin azaldılması, dövlət orqanlarının işinin səmərəliliyinin artırılması məqsədilə müxtəlifməzmunlu layihələr həyata keçirilir. Əhalinin dövlət reyestrinin formalaşdırılması, vergi ödəyicilərinə E-xidmətlərin göstərilməsi, sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün "Vahid pəncərə", elektron sağlamlıq kartı xidməti, gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sistemlərinin tətbiqi, daşınmaz əmlakın milli kadastrı və qeydiyyatının şəbəkə informasiya sisteminin, təhsilin idarəolunmasının məlumat sisteminin yaradılması, elektron satınalmalar sisteminin, internet vasitəsilə ali məktəblərə tələbə qəbulu üzrə xidmət sisteminin yaradılması deyilənlərə əyani misal ola bilər.

Bu nəticələr bilavasitə dövlətin mövcud siyasəti və səmərəli hökumət, biznes, ictimai, beynəlxalq tərəfdaşlıq sayəsində əldə olunmuşdur. BMT-nin İnkişaf Proqramı ilə birgə "E-idarəçilik təşəbbüsü" layihəsi çərçivəsində yaradılan "AzDATACOM" şəbəkəsi ölkənin bütün bölgələrini əhatə edərək idarəetmə, təhsil, biznes və digər sahələrdəki tətbiqlərdə məlumatların yüksək sürətlə ötürülməsinə imkan verir. Dünya Bankının dəstəyi ilə həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi poçt sistemində İKT-dən geniş istifadəni, müasir idarəetmə və xidmət üsullarının tətbiqini və vətəndaşlara maliyyə, bank xidmətləri göstərməsini təmin edir.

Ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması, e-imzanın tətbiqi üçün Milli Sertifikat Xidməti Mərkəzinin və Milli Superkompyuter Mərkəzinin yaradılması, e-hökumətin formalaşdırılması üçün müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Həmçinin, Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcək daha bir neçə perspektiv layihə üzrə də hazırda ardıcıl iş gedir. Onların sırasında olan milli süni peyk layihəsinin reallaşdırılması ilə ölkəmiz tərəfindən təklif olunacaq rabitə xidmətləri dünyanın böyük bir hissəsini Şərqi Avropa, Şimali Afrika, MDB, Orta, Mərkəzi və Şərqi Asiyanı əhatə edəcəkdir. Layihə bu ölkələrdə televiziya, radio, internet, beynəlxalq telefon trafiki, informasiya mübadiləsi və bir sıra telemexanika xidmətlərinin verilməsini və ölkəmizin beynəlxalq kosmik bazara çıxışını təmin edəcəkdir.

Azərbaycanın son illərdə reallaşdırdığı irimiqyaslı layihələr ölkəmizlə yanaşı, ümumən bölgənin uzunmüddətli inkişaf strategiyasını müəyyən edir. Regionda enerji və nəqliyyat dəhlizlərinin yaranması məqsədi ilə Azərbaycan hökumətinin təşəbbüsü ilə yaradılması nəzərdə tutulan "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsi üzrə yüksək sürətli Qərb-Şərq informasiya dəhlizinin də yaradılması artıq reallığa çevrilməkdədir. Sevindirci haldır ki, dəfələrlə bu təşəbbüs beynəlxalq səviyyədə dəstəklənmişdir.

İKT-nin inkişafı üzrə görülən işlər sırasında ölkəmizdə bir neçə əhəmiyyətli beynəlxalq konfrans və forumlar keçirilmişdir. Son illər ölkəmizin paytaxtı Bakı şəhərində Möhtərəm Prezidentimiz İlham Əliyevin himayəsi və iştirakı ilə, keçirilən "Bakutel" sərgi-konfransı regionun ən nüfuzlu beynəlxalq tədbirlərindən birinə çevrilmişdir. Ölkəmizin sahə üzrə genişmiqyaslı beynəlxalq münasibətləri qurulmuş, əməkdaşlıq imkanları barədə dünyanın aparıcı ölkələrində və beynəlxalq təşkilatlarda geniş məlumatlar yayılmışdır.

Ölkənin gələcək inkişafına xidmət edəcək innovativ fəaliyyəti təmin etmək məqsədilə RİTN tərəfindən Azərbaycanda yüksək texnologiyalar üzrə Regional İnnovasiya Zonalarının yaradılmasına hazırlıq işləri aparılır. Bu zonalar iqtisadiyyatın müxtəlif sektorlarında yüksək texnologiyaların tətbiqinə, kiçik və orta sahibkarlığın inkişafına, xarici şirkətlərin və potensial investorların ölkənin İKT sektoruna cəlb edilməsinə, insan resurslarının inkişafına, respublikada elektron avadanlıqların və proqram təminatının istehsalına xidmət edə bilər. İKT sektorunun inkişafı və ümumən ölkənin iqtisadi, elmi, texniki potensialı bunu söyləməyə imkan verir. Regional İnnovasiya Zonası layihəsinin tərkib hissəsi kimi Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin yaradılması da Azərbaycanın İKT sektoru üçün yüksəksəviyyəli kadrlar hazırlanması və bu prosesə region ölkələrinin cəlb edilməsi baxımından əhəmiyyətli hesab olunur.

Dövlət siyasətinin tərkib hissəsi kimi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin İKT sahəsinə göstərdiyi diqqət və qayğı, ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir.


Tarix: 09.12.2014 / 16:47 Müəllif: Aziza Baxılıb: 226 Bölmə: Ümumi Melumat