beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı şəhərinin tarixi

Bakının tarixi çox qədimlərə gedib çıxır, amma onun yaranmasının dəqiq vaxtı hələ də məlum deyil. Şəhərin yerləşdiyi Abşeron yarımadasının əlverişli coğrafi mövqeyə, rahat buxtaya, mülayim, quru iqlimə, məhsuldar torpağa, yeraltı sərvətlərə malik olması ta qədimlərdən burada insan məskənlərinin meydana gəlməsinə şərait yaradıb. Müasir Bakının cənub-şərqində, Xəzər dənizinin yaxınlığında Qobustan rayonu yerləşir. Burada geniş bir sahədə çoxsaylı heyvan sürüləri otlayırmış, ətrafdakı dağ qayalarında onların təsvirləri cızılıb. VIII minilliyə aid bu rəsmlərdə həmin ərazidə yaşayan qədim insanların müxtəlif ov səhnələri, mərasimlər və ayinlər əksini tapıb.
Qobustanda, Böyükdaş dağının ətəyində tapılmış, b.e-nın 80-90-cı illərinə aid diqqətəlayiq latın yazısında deyilir: «İmperator Domisian Sezar Avqust Hermanik, Lusi Yuliy Maksim, XII «İldırımsürətli» legionun senturion vaxtıdır».
Ehtimal ki, Bakı ətrafındakı Ramana və ya Romana kəndinin adı da eramızın I əsrində Roma qoşunlarının Abşeronda olmasından xəbər verir. Roma qoşunlarının Qobustanda yerləşməsi yaxınlıqda yaşayış məntəqəsinin və ya şəhərin olduğuna dəlalət edir. Həmin vaxt Roma qoşunlarının istiqamət aldığı bu şəhər Bakı da ola bilərdi.

Bakıda və onun ətrafında aparılan arxeoloji qazıntılar burada bizim eradan əvvvələrədək də yaşayışın olduğunu göstərir. 1888-ci ildə keçmiş Aleksandr Nevski kilsəsinin özülünün altında aparılan qazıntılar zamanı köhnə müsəlman məzarlığından zərdüştiliyə qədəki arxaik qəbirlərin tapılması da şəhərin qədim mənşəyə malik olmasını sübut edir. Özül yerindən tapılan daş qutu qəbirlər biri-birinin üstündə yerləşməklə, bir neçə cərgə təşkil edir. Böyük təndiri xatırladan məzarda aşkar olunan altı-yeddi insan skeleti isə, oturaq vəziyyətdədir. Skeletlər üzərində kiçik, saxsıdan olan əyri-üyrü piyalələr var. Bu, icmanın qohum tayfalardan ibarət olduğu dövrdən bəri əsrlərin dərinliyindən bizə qədər gəlib çatan ailə məzarıdır.



Bakı, onun nefti, «yanan torpaq» hələ qədimdən onun hüdudlarından kənarda da məşhur idi. Orta əsrlər Bakısı ilə bağlı yazılı mənbələrdə daim onun ətrafındakı «yanan atəş»dən danışılır. Bu barədə ilk söz açanlardan biri bizanslı Paniyli Priskdir, V əsrin əvvəllərində Qafqaz Albaniyasının şəhərini təsvir edərkən, o, «sualtı qayadan qalxan od»dan söz açır. Ərəb tarixçisi əl-Balazuri həmçinin 754-cü ildəŞirvanın neftindən və duzundan danışır. IX əsrdən etibarən bölgədə islam dininın yayılması ilə bağlı Bakı ərəb coğrafiyaçılarının və tarixçilərinin yazılı mənbələrində kiçik, amma inkişaf etmiş feodal şəhəri kimi xatırlanır. Hər dəfə də qeyd olunur ki, Bakıda ağ və tünd-boz neft mənbələri var. Neft üçün bütün Yaxın Şərq ölkələrindən bura karvanlar gəlirdi. Bakıya slavyan, xəzər, Bizans, Çin, İraq, Suriya, Keniya, Venesiya, İran və Hindistan tacirləri səfər edirdilər. Ticarət yollarının kəsişməsində yerləşən Bakı daim bölgədəki maraqları uğrunda mübarizə aparan yadelli işğalçıların diqqət mərkəzində idi.

IX əsrin ikinci yarısında Abbasilər xilafətinin zəifləməsi və xilafətə tabe olan ölkələrdə mərkəzi hakimiyyətdən uzaqlaşma meyllərinin güclənməsi bir sıra müstəqil dövlətlərin yaranması ilə nəticələndi. Onlardan biri dəŞirvanşahlar dövləti idi. Orta əsrlər Bakısı, Şamaxı ilə birgəŞirvanın əsas şəhərlərindən birinə çevrildi. X əsrdəŞirvanşahlar dövlətinin tədricən bölgədəki hadisələrin mərkəzinə çevrilməsi ilə şəhər, həqiqətən də, inkişaf etdi. Məhz bu vaxt Bakıda ilk dəfə qala divarların tikintisinə başlanıldı. Bərpa işləri zamanı divarlardan tapılan daş yazı da bunu sübut edir, orada qeyd olunur ki, divarlar II Mənuçöhrün (11201160) zamanında tikilib.

Şirvanşahlar dövlətinin sonrakı inkişafı II Mənuçöhrün oğlu I Axsitanın hakimiyyəti dövrünə təsadüf edir. O, səlcuqların və köçəri qıpçaqların hücumlarını uğurla dəf edirdi. Onun zamanında Bakı limanında qüdrətli donanma yaradılmışdı. Beləliklə, o, 1175-ci ildə 73 gəmiylə Bakı ətrafına hücum edən rusların basqınının qarşısını almışdı. 1191-ci ildəŞirvanşah I Axsitan öz iqamətgahını Şamaxıdan Bakıya köçürdü. İlk dəfə Bakı Şirvanşahlar dövlətinin baş şəhəri oldu.

Şirvanşahların Abşeron yarımadasında güclənməsi böyük tikinti işlərinin həyata keçirilməsi ilə müşayət olunurdu. Bir çox qala və minarələr, mədrəsə və qüllələr, karvansaralar və hamamlar, məscidlər və yaşayış evləri bu dövrdə tikilib. Həmin zamanın günümüzədək gəlib çıxan ən erkən tikili 1078-1079-cu illərdə Bakı qalasında ucaldılmış Məhəmməd məscididir. Həmin dövrün tikililəri arasında qüllələr və qalalar xüsusi yer tutur
- feodallar üçün onlar daxili mübarizədə etibarlı dayaq və hucümlar zamanı sığınacaq yeri idi. Qala divarlarının, Bakı qalasının möhkəmləndirilməsinə xüsusi diqqət ayırılırdı. Bakının dəniz istiqamətindən müdafiəsi üçün 1232-35-ci illərdə Bakı buxtasında qala tikildi - bu hazırda suyun altında qalan Səbail qalasıydı.
XII əsrdə bütün ölkə monqol əsarəti altına düşdü. 1230-cu illərdə uzun sürən mühasirədən sonra Bakı da monqollara təslim oldu. Şəhər müqavimət göstərdiyi üçün «cəzalandırılaraq», amansızcasına dağıdıldı və talan edildi. Neft hasilatı və ticarət tənəzzülə uğradı. Yerli hakimlər şəhər həyatını yenidən canlandırmağa çalışırdılar. Xüsusən də, Sultan Məhəmməd Olcaytunun (1304-16) qədim qaladakı Cümə-məscidinin divarlarına oyulmuş fərmanı buna sübutdur. Fərmana əsasən, ticarəti dirçəltmək və iqtisadiyyatı bərpa etmək üçün bəzi vergilər ləğv olunurdu.

XIV əsrin əvvəlində ticarət, xüsusən də, dəniz ticarəti yenidən canlandı. Bakı limanına Genuyadan və Venesiyadan olan italiyalı tacirlərin gəmiləri yan alırdılar. Bakı Qızıl Orda, Moskva knyazlığı və Avropa ölkələri ilə ticarət aparırdı. Buradan neft, xalça və digər mallar xaricə çıxarılırdı. Eyni zamanda Həştərxana və Mərkəzi Asiyaya da əmtəə aparılırdı. XIV əsrin birinci yarısında Bakının iqtisadi və siyasi rolunun yüksəlməsi ilə bağlı Xəzər dənizini tez-tez Bakı dənizi adlandırırdılar. Məsələn, 1375-ci ilin xəritəsində dənizin adı bu cür qeyd olunur. Bakı qalasında qorunan memarlıq abidələri - Buxara karvansarası (XIV əsr), Multanı karvansarası (XIV əsr) və digərləri - Bakının Orta Asiya və Hindistanla genişəlaqələrindən xəbər verir.
XV əsrdə Bakının iqtisadi və siyasi əhəmiyyətinin artması nəticəsində Şirvanşah Xəlilullah (1417-62) Şirvanşahların iqamətgahını Şamaxıdan Bakıya köçürdü. Şəhərdə böyük tikinti işləri həyata keçirilməyə başladı. Bu zaman Şirvanşahlar sarayı kompleksi - Azərbaycan memarlığının Şirvan-Abşeron qolunun nəhəng abidəsi tikildi. Ticarət, incəsənət, sənətkarlıq inkişaf edirdi. Moskva knyazlığı ilə diplomatik əlaqələr qurulurdu.

1501-ci ildə Səfəvilər sülaləsindən olan Şah İsmayıl Xətai Şirvana hücum etdi və Bakını mühasirəyə aldı. Bu vaxt şəhərin əzəmətli divarları bir tərəfdən dənizlə hüdudlanır, qurudan isə, enli xəndək xətti ilə müdafiə olunurdu. Mühasirədə olan bakılılar istehkamlarının


alınmazlığına inanıb, mətanətlə döyüşürdülər. Şəhərin hakimi Qazi bəy olmayanda onun müdafiəsinə arvadı rəhbərlik edirdi. O, yanına təslim olma təklifi ilə gəlmişŞah İsmayıl elçilərini asmağı əmr etmişdi. İsmayıl mühasirədəkilərin təslim olmaq istəmədiklərini görüb, lağım atmağı və divardakı böyük daşı partlatmağı buyurdu. Şəhər daha üç gün dözdülər, sonra səfəvi qoşunları çoxlu sakinləri öldürərək, istehkamın müdafiəsini yardılar. Bundan sonra müqavimətin faydasızlığını görən 70 nəfər əllərində Quran, boyunlarında qılınqc və çiyinlərində kəfənləİsmayılın yanına gəldilər və ona tabe olduqlarına bildirdilər. İsmayıl dərhal istehkamı aldı. Şirvanşahların xəzinəsindən xeyli qızıl və daş-qaş çıxarıldı. Şah İsmayılın bu səfəri Şirvanşahlar dövlətinə böyük zərbə vursa da, dövlət 1538-ci ilədək mövcudluğuna davam etdi. 1538-ci ildə Səfəvi hökmdarı Şah Təhmasib Şirvanşahların hakimiyyətinə son qoydu və Bakı da daxil olmaqla bütün Şirvanı Səfəvilər dövlətinə birləşdirdi.

XVI əsrin ikinci yarısı və XVII əsrin əvvəli Səfəvilər dövləti ilə Osmanlı Türkiyəsi arasındakı müharibələrlə yadda qaldı. Bu dövrdə Bakı əldən-ələ keçirdi. 1578-ci ildə Osmanlı ordusu şəhəri aldı. 1580-ci ildə Səfəvilər Osmanlı qoşunlarını dağıtdılar, amma 1684-cü ildə osmanlılar yenidən Bakını tutdular.

1590-cı ildə Səfəvi şahı I Abbas türklərlə ağır şərtlərlə sülh bağlamalı oldu. Bu razılaşmaya əsasən, onlar Azərbaycanın şimal və cənub bölgələrini ələ keçirdilər. I Şah Abbas osmanılarla müharibədə yaranan fasilədən istifadə edib, ordunu möhkəmləndirdi və yenidən müharibəyə başladı. 1607-ci ildə Bakı yenə Səfəvilərin hakimiyyətinə keçdi. 1612-ci ildəİstanbulda imzalanan müqaviləyəəsasən, Səfəvilər bütün Azərbaycanı və qonşu bölgələri əldə etdilər.

Mərkəzi hakimiyyətin möhkəmlənməsi, dağıdıcı müharibələrə və feodal dağınıqlığına son qoyulması XVII əsrin 40-cı illərində şəhər həyatının tərəqqisinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı, xalçaçılıq, eyni zamanda neft hasilatı, neft və duz ticarəti inkişaf edirdi. XVII-XVIII əsrlərdə şəhərdə tikilən binalar memarlığın və daş üzərində oyma sənətinin yüksəlişindən xəbər verirdi. Bu zaman Bakı ikinci dəfə qala divarları yla yeniləndi.

XVII əsrdə Abşerona Don və Volqa kazaklarının basqınları müşahidə olunur. 1660-cı ildə Stepan Razinin kazakları Xəzərin Bakı sahillərinə hücum etdilər və Maştağa kəndini dağıtdılar. Rəvayətə görə, o özü Sabunçu qəsəbəsi yaxınlığında mağarada yaşayır və quldur hücumlarını da oradan təşkil edirdi.

XVII əsrdən etibarən, zəngin təbii ehtiyatlar və şəhərin mühüm strateji əhəmiyyəti Rusiyanın diqqətini özünə çəkdi. I Pyotr Xəzərin qərb və cənub sərhədlərini tutmağa və türklərlə iranlıları oradan sıxışdıraraq Xəzərə sahiblənməyə çalışırdı. Xəzəryanı ərazilərin ələ keçirilməsi üçün o, xüsusi hərbi-dəniz ekspediyası yaratdı. 1723-cü ilin iyun ayının sonunda Həştərxandan yeddi gəmidən ibarət eskadra general-mayor Matyuşkinin rəhbərliyi ilə şəhərə göndərildi. 1723-cü ilin iyunun 26-da uzunsürən mühasirəyə alınan və top atəşinə tutulan Bakı ruslara təslim oldu. Pyotrun fərmanı ilə şəhər komendantı knyaz Baryatyanskinin rəhbərliyi altında Bakı qarnizonunda iki əsgər alayı (2382 nəfər) saxlanıldı.
Bölgədə möhkəmlənmək arzusunda olan I Pyotr Bakıya xristianların, xüsusən də ermənilərin yerləşdirilməsi üçün fəal siyasət yürüdürdü. Ölümündən bir qədər əvvəl, 1724-cü ilin noyabrın 10-da I Pyotr erməni xalqının dörd deputatını qəbul etdi, onlar «ermənilərə yardım göstərilməsini və onların Xəzəryanı əyalətlərdə məskunlaşmalarına imkan verilməsini» xahiş edirdilər. Elə həmin gün I Pyotr erməni patriarxı İsayanın və bütün erməni xalqının Gilanda, Mazandaranda və Bakıda yerləşmələrinə imkan verən fəxri fərman imzaladı. General Matyuşkinə və briqadir Levaşevə «hər yolla ermənilərin Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə və digər bölgələrdə yerləşdirməyə, farsların (azərbaycanlıların) isə, fürsət düşən kimi sıxışdırmağa çalışmaq» (Butkovun məlumatı) tapşırılırdı. Beləliklə, Bakıda ermənilərin yerləşdirilməsi əsasən həmin dövrə təsadüf edir. 1724-cü ildə Bakıda gəmiçilik işlərində çalışmağa göndərilən 5 min nəfər Kazan tatarları, çeremisin, çuvaşın da Bakıda yerləşdirilməsinə başlandı.

1725-ci ildə Pyotrun ölümündən sonra Xəzəryanı torpaqlar ruslara ağır yük olmağa başladı. İşğal olunmuş torpaqların saxlanması üçün böyük orduya ehtiyac vardı, məsrəflər isə, gəlirlərdən çox idi. 1730-cı ildə bu vəziyyət bir qədər də pisləşdi, İranda istedadlı sərkərdə Nadir şah güclənməyə başlayırdı. Nadir şahın Şirvandakı uğurları 1735-ci ilin martın 10-da rusları Gəncəətrafında saziş bağlamağa vadar etdi, bu sazişə əsasən, rus qoşunları Bakıdan çıxarılmalı idi. Bakı yenidən İranın hakimiyyəti altına keçdi.

Nadir şah 1747-ci ildə saray çevrilişi nəticəsində öldürüldükdən sonra onun imperiyası dağıldı. Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar yarandı, Bakı xanlığı onların ən mühümləri arasında yer alırdı. Hakimiyyəti ələ alan Mirzə Məhəmməd xan (1747-1768) bu xanlığın başına keçdi. İyirmi illik hakimiyyəti dövründə Mirzə Məhəmməd xan iqtisadiyyatın bərpasına və ticarətin inkişafına yardım göstərdi. O, admiral idi, yük nəqli və hərbi məqsədlər üçün gəmiçiliyə rəhbərlik edirdi.
Ondan sonra oğlu Məlik Məhəmməd xan Bakı xanlığının başına keçdi. Ayrı-ayrı xanlar arasında feodal müharibələri dayanmırdı. Bakı xanı da bu mübarizəyə qoşulmuşdu və qohumu, tabe olduğu Quba xanı Fətəli xanın tərəfində döyüşürdü. 1784-cü ildə Məlik Məhəmməd xan Bakı xanlığının taxt-tacını oğlu II Mirzə Məhəmməd xana (gələcəkdə məşhur Azərbaycan tarixçisi olacaq Abbasqulu ağa Bakıxanovun atasına) ötürərək öldü. Sonrakı illər də xanlar arasında daxili müharibələrlə keçirdi. Bakı xanlığında daxili müharibələr əsasən böyük gəlirlər gətirən neft mədənləri uğrunda aparılırdı.
Bu mərhələdə iqtisadiyyat müəyyən qədər canlansa da, XVIII əsrin sonlarında İran hökmdarı, ölkəsinin bütün əyalətlərini və Azərbaycanın cənubunu özünə tabe dən Ağa Məhəmməd xan Qacarın dağıdıcı hücumları nəticəsində Azərbaycana böyük ziyan dəydi. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Bakını ələ keçirib, viran qoydu, amma tezliklə onun ordusu Şirvanı tərk etdi.

Ağa Məhəmməd xan Qacarın gücləndiyini görən çar hökuməti Azərbaycanın Rusiyaya tabe olunması üçün siyasət yürütməyə başladı. 1796-cı ilin yazında II Yekaterinanın əmri ilə general Zubovun rəhbərliyi altında çar qoşunlarının Qafqaza yürüşü başladı. Şəhərin ələ keçirilməsi üçün 6 min nəfərlik qoşun göndərən Zubovun ilk tələbindən sonra Bakı təslim oldu. 1796-cı ilin iyunun 13-də Xəzər donanması Bakı buxtasına daxil oldu və rus qoşunları qarnizonu Bakıda yerləşdirildi. P.D.Sisyanov şəhərin komendantı təyin olundu. Amma II Yekaterinanın ölümündən sonra onun oğlu I Pavel rus qoşunlarının yürüşünü dayandırmağı və onları Rusiyaya geri qaytarmağı əmr etdi. 1797-ci ilin martında çar qoşunları Bakını tərk etdilər. 1801-ci ildə I Pavelin ölümündən sonra onun hakimiyyətə gələn oğlu I Aleksandr yenidən Xəzəryanı ərazilərin, xüsusilə də işğalına xüsusi maraq nümayiş etdirdi. Rus-İran müharibələri (1804-1813) onun planlarını daha da tezləşdirdi. Knyaz Sisyanov Qafqazdakı qoşunların baş komandanı təyin olundu.

1803-cü ildə Sisyanov Bakı xanı ilə şəhərin güzəştə gedilməsi barədə razılaşma əldə etdi. Xan hətta Rusiyanın təbəəliyini qəbul etdi, amma tezliklə razılaşma pozuldu. 1806-cı ilin əvvəllərində böyük ordu ilə gələn Sisyanov Bakının iki verstliyində general Zavalişinin donanması ilə birləşdi. Yenidən Bakı xanı ilə şəhərin təslim olunması ilə bağlı danışıqlara başladı. Təslim olmaqdan imtina edən şəhər dəniz donanmasının atəşlərinə məruz qaldı, bundan sonra Bakı xanı Hüseynqulu xan şəhəri təslim etməyə razılaşdı. 1806-cı ilin fevralın 10-da Bakı xanı Hüseynqulu xanı əyanlarının müşayiəti ilə şəhərin açarlarını Sisyanova vermək üçün şəhərdən çıxdı. Açarları qəbul edərkən Sisyanovla knyaz Elizbar Erstov şahın əyanları tərəfindən qəfil öldürüldülər. Sisyanovun meyiti yerindəcə istehkamdan çıxan bakılılar tərəfindən doğranıldı. Bundan sonra onun başı İran şahı Fətəli şaha göndərildi, meyiti isə, qətlin baş verdiyi Şamaxı darvazaları önündə basdırıldı. Sisyanovun ölümündən xəbər tutan rus qoşunları geri çəkildilər. Amma bu qətl şəhərin işğalını yalnız tezləşdirdi. 1806-cı il oktyabrın 3-də general Bulqakovun qoşunları Bakını döyüşsüz ələ keçirdilər və Bakı xanlığı Rusiyaya birləşdirildi. Bakı xanı Hüseynqulu xan İrana qaçdı.

Rusiya və İran arasında 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsi həm də Bakı xanlığının Rusiyaya birləşdirilməsini rəsmiləşdirdi. Amma razılaşma bütün Rusiya-İran narazılıqlarını həll etmədi. Bakının keçmiş xanı da şəhərə qayıtmaq ümidlərini üzməmişdi. 1826-cı ilin iyulunda İran ordusu Şimali Azərbaycana daxil olanda Hüseynqulu xanın rəhbərliyi altında dəstə də Bakıya doğru istiqamət aldı və şəhərin mühasirəsində iştirak etdi. Bakının vəətraf kəndlərin sakinləri ruslar əleyhinə üsyan qaldıraraq, ona fəal şəkildə yardım edirdilər. Amma İran ordusunun məğlubiyyəti, eyni zamanda rus ordusunun Bakı xanının əleyhinə atdıqları addımlar onu 1826-cı ildəİrana dönməyə məcbur etdi. Sonuncu Rusiya-İran müharibəsinin bitməsi ilə 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandı, bu sənədəəsasən, Azərbaycan Araz çayı vasitəsilə Rusiya iləİran arasında bölündü. Müqavilə rəsmən torpaqların, o cümlədən Bakının Rusiya tərəfindən işğalını təsdiqlədi. Bu, milli faciə idi, amma müqavilə bölgədə müharibələrin bitməsinə və onun gələcək inkişafına yardım göstərdi.

Bu zaman Bakının sərhədləri qala divarları iləəhatə olunmuş İçəri Şəhərlə məhdudlaşırdı, burada üç yüz ev və üç min sakin vardı. Yalnız Rusiya-İran müharibəsindən sonra şəhər tədricən böyüməyə başladı.
Rusiya Bakı xanlığını ələ keçirildikdən sonra Bakı xanının əmlakı və onun mülkü müsadirə olundu. Azərbaycanda hərbi-inzibati idarəetmə tətbiq edildi: xanlıqlar əyalət və mahallara bölündü. Onlara çar zabitləri olan komendantlar rəhbərlik edirdilər. 1841-ci il yanvarın 1-dən qüvvəyə minən qanuna görə, komendant üsulidarəsi ləğv olundu və ümumilikdə Zaqafqaziyada Ümumrusiyadakına bənzər idarəetmə sistemi tətbiq edirdi. Bakı şəhəri Kaspi vilayətinin Bakı uyezdinin mərkəzi oldu. 1846-cı ildə Qafqazda canişinliyin təsdiq olunması ilə ölkə yeni inzibati-ərazilərə bölündü. Bu bölgüyəəsasən, Bakı uyezdi yeni yaranmış Şamaxı quberniyasının tərkibinə daxil edildi.

Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra, 1859cu ildə mərkəz Bakıya köçürüldü və quberniya Bakı quberniyası adlanmağa başladı. Şəhərdə dövlət müəssisələri yarandı. Nəticədə, Bakı inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu və XIX əsrin ikinci yarısında öz sosial-iqtisadi göstəricilərinə görə Azərbaycanın digər şəhərləri arasında birinci yerə keçdi.

Şəhərin inkişafında neft hasilatı mühüm əhəmiyyət kəsb edirdi. Rusiyanın iqtisadiyyatının neftə ehtiyacı artmışdı. Bakı Rusiya sənayesinin inkişafına cəlb olunmuşdu. Neft quyularına nəzarət edən çar hökuməti ilkin dövrlərdə onları müəyyən müddətə ayrı-ayrı şəxslərə icarəyə verirdi. Amma artıq 60-cı illərdə məlum oldu ki, neft yataqlarının icarə sistemi keçmişin yarasız qalıqlarından biridir və bu sənaye sahəsinin inkişafı üçün neft işinin təşkilinə ehtiyac var. 1872-ci ildə yeni qaydalar təsdiq olundu. Bu qaydalara əsasən, dövlətin icarə hesabında olan neft mənbələri hərracdan fərdi şəxslərə ötürüldü. İcarə sisteminin ləğvi bütün neft işində həlledici dönüş yaratdı. Bu neft ehtirası yalnız Klondaikdəki qızıl ehtirası ilə müqayisə edilə bilər. Bakıdakı neft yataqlarının qızğın istismarı başladı vəəcnəbi neft şirkətlərinin kapital axını təmin olundu. Qısa müddət ərzində Bakıda İsveç, İngiltərə, Fransa, Belçika, Almaniya və Amerika firmalarının nümayəndəlikləri yaradıldı. Onlardan ən məşhurları - Nobel və Rotşild qardaşlarının firmaları idi. 1873-ci ildən etibarən Bakının «Qara Şəhər» adı ilə məşhurlaşan «neft kəməri» formalaşmağa başladı. Bundan bir qədər sonra Bakının «neft kəndlərini» - Suraxanı, Bibiheybət, Balaxanı və Sabunçunu əhatə edən Bakı sənaye rayonu yarandı. 1848-ci ildə dünyada ilk neft quyusu burada qazılmışdı, nefti nəql etmək üçün ilk tankerlər burada tikilmişdi (1880-1885), Bakı-Batumi neft kəməri çəkilmişdi (1897-1907). Neftə və onun hasilatına həsr edilmiş ilk dövri nəşr - «Neftyanoye delo» jurnalı da (1899

1920) məhz Bakıda işıq üzü görmüşdü. XX əsrin əvvəllərində dünyada çıxarılan bütün neftin, demək olar ki, yarısı Bakıda hasil edilirdi. Neft sənayesi ilə yanaşı təsərrüfatın digər sahələri də inkişaf etməyə başladı. Sement, mexanika və pivə zavodları, elektrik stansiyaları, tökmə karxana, tekstil və tütün fabrikləri, buxarla işləyən dəyirmanlar, banklar açıldı. Ticarət və gəmiçilik firmalarının nümayəndəlikləri yaradıldı. Onlar arasında «Qafqaz və Merkuri» də vardı.
Həmin vaxt Rusiyanın dəniz nəqliyyatı vasitəsi ilə həyata keçirilən daşımaların 40%-i Xəzər dənizi ilə aparılırdı. 1883-cü ildə Bakını Tiflislə birləşdirən dəmiryolu açıldı, 1892-ci ildə şəhərdə ilk konka işə düşdü, 1900-cü ildə isə Rusiyanın mərkəzi quberniyalarına və daha sonra Avropaya çıxışı olan Bakı-Petrovsk (indiki Mahaçqala) dəmiryolu çəkildi. 1868-1879-cu illərdə Bakı, Tiflis və Krasnovodsk arasında ilk teleqraf xətləri çəkildi, 1886-cı ildə isə Bakıda ilk telefon stansiyası tikildi. 1917-ci ildə şəhər bu gün də fasiləsiz işləyən Şollar kəməri vasitəsilə su ilə təmin olundu.

Bakı həm də mədəni sahədə inkişaf edirdi. 1873-cü ildə Azərbaycanın ilk milli teatrı yaradıldı. 1875-ci ildə ilk qəzet nəşr olundu. 1894-cü ildə Nəriman Nərimanov ilk milli kitabxananın əsasını qoydu. 1908-ci ildə Şərqdə ilk opera "Leyli və Məcnun" tamaşaya qoyuldu. Nəşriyyat işi inkişaf etdi, mətbəələr açıldı, Azərbaycan və rus dillərində qəzetlər («Bakı», «Kaspi», «Bakinski raboçiy», «Hümmət», «Yoldaş»), o cümlədən broşuralar, kitablar və jurnallar nəşr olunmağa başladı.
Abşeron yarımadasındakı bu şəhər Rusiyada və ümumiyyətlə Avropada görünməmiş sürətlə inkişaf edirdi. Rusiyanın bütün guşələrindən, xarici ölkələrdən müxtəlif millətlərin iş və səadət axtaran nümayəndələri Bakıya axışırdı. Artıq 1883-cü ildə Bakı əhalisinin sayı 45 min nəfəri keçmişdi, 1913-cü ildə isə bu rəqəm 200 minə çatırdı. Şəhərin ətrafı abadlaşdırılır, qeyri-adi möhtəşəmliyi ilə seçilən memarlıq abidələrinin sayı artırdı. Onların arasında dəmiryolu vağzalı; Bakı şəhər duması; «realnı» məktəb (İqtisadiyyat Universitetinin binası); «İsmailiyyə» (Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti) və s. Eyni zamanda şəhər yaşıllaşdırılırdı, şəhər hamamı kompleksi ilə birgə Dənizkənarı bulvar, bağlar: Mixaylovski (indiki «İçərişəhər» metro stansiyası), Mariyinski (Molokan bağı), Nobel bağı (Nizami parkı) salınırdı.

Beləliklə, XIX əsrin axırlarında müşahidə olunan iqtisadi yüksəliş Bakını Rusiyanın ən iri mərkəzlərindən birinə, Qafqazda ən böyük vəəhəmiyyətli şəhərə çevirdi. XX əsrin əvvəllərində Bakı davamlı inkişaf edirdi, amma zaman-zaman böhranlar bu inkişafı ləngidirdi. Neftin qiymətinin düşməsi istər-istəməz maaşların azalması, əmək şəraitinin pisləşməsi və işsizliyin artması ilə nəticələndi. Ağır iqtisadi vəziyyət 1901-ci ildə bir sıra fəhlə tətillərinə səbəb oldu. Bunlardan ən böyüyü Bakı fəhlələrinin 1903-cü ilin iyulundakı ümumi xarakter alan tətilidir.

1904-cü ilin dekabrın 12-də "Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" bütün sənaye işçilərini ümumi tətilə çağırdı. Nobel, Rotşild, Mantaşev və Mirzəyevin mədənlərində iş dayandı, Bibiheybət, Qara və Ağ şəhərin, Balaxanı-Sabunçu sənaye rayonunun fəhlələri də tətilə qoşuldular. İlk gündən bu böyük etiraz 40-a yaxın firmanın fəhlə və qulluqçunu öz sıralarında birləşdirdi. Dekabrın 30-da «Elektrik qüvvəsi» zavodunda fəhlələrin böyük kütləsinin əhatəsində Rusiya fəhlə hərəkatının tarixində «Mazut konstitusiyası» adı ilə məşhurlaşan ilk kollektiv müqavilə imzalandı. Bakı fəhlələrinin böyük uğuru olan bu müqavilə onların maddi vəziyyətlərini yaxşılaşdırdı. 1905-ci il xalq kütlələrinin sosial və milli əsarətə qarşı istibdadla mübarizəsində kulminasiya mərhələsi oldu. Bakı fəhlələrinin yanvar ayındakı etirazları dekabrdakı ümumi tətilin davamı idi. İstibdadın xalq hərəkatı ilə mübarizə formalarından biri millərarası qarşıdurmaya təhrik etmək idi. Bunlardan biri 1905-ci ilin fevralında Bakıda təşkil olundu. Ehtirasları qızışdırmaq üçün çar hökuməti azərbaycanlı və erməni burjuaziyası arasındakı müəyyən ziddiyyətlərdən istifadə edirdi. Polis və qoşunlar yüzlərlə insanın ölümünə səbəb olan qanlı mübarizəyə müdaxilə etmirdi. 1905-ci ilin fevralında Bakıda və Bakı quberniyasında hərbi vəziyyət tətbiq olundu. Amma bir il sonra, yayda inqilabi fəallığın yeni mərhələsi başlandı. Fəhlə etirazlarının qarşısını almaq üçün avqustun 22-də mühasirə vəziyyəti elan olundu. Çar hökuməti tətilçilərə qarşı qoşun yeritdi, təqiblər başladı. Şəhərdə polis terroru tüğyan edirdi. Eyni zamanda hökumət neft sənayeçiləri ilə fəhlələr arasında münasibətləri nizama salmağa çalışırdı. Bakının və ona bitişik neft sənayesi rayonlarının idarəsi üçün 1906-cı il 28 oktyabr fərmanı ilə Bakı qradonaçalnikliyi yaradıldı. Buraya birbaşa imperatorun təyin etdiyi qradonaçalnik rəhbərlik edirdi və o, qubernator səlahiyyətlərinə malik idi. 1906-cı ilin dekabrında Bakıda və Bakı quberniyasında hərbi vəziyyət fövqəladə vəziyyətləəvəzləndi və müvəqqəti general-qubernator vəzifəsi ləğv olundu.

1914-cü ildə başlayan Birinci dünya müharibəsi Bakı neft rayonunun da iş üsulunu pozdu. İşsizlik kəskin şəkildə artdı, zəhmətkeşlərin vəziyyəti pisləşdi. Ölkədə inqilabi hərəkat genişlənirdi. 1917-ci ilin fevralında Rusiyada çar hökuməti devrildi. Yeni şəraitdə Azərbaycanda hakim vəziyyətə «Müsavat» partiyası nəzarət etməyə başladı. Yarandığı 1911-ci ildən bu təşkilat millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin müdafiəçisi idi. 1917-ci il oktyabrın sonunda Bakıda "Müsavat" partiyasının birinci qurultayı işə başladı, burada qurumun qarşıdakı mübarizə taktika və strategiyası müəyyən olundu. Partiyanın lideri M.Ə.Rəsulzadə idi.

Müvəqqəti hökumətin devrilməsindən və Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsindən sonra, 1917-ci ilin noyabrın 2-də Bakıda Bakı Sovetinin genişlənmiş konfransı keçirildi. Burada bolşeviklər bu orqanı şəhərdə ali hakimiyyət adlandırmağa və Sovet hakimiyyətinin qurulduğunu elan etməyə nail oldular. Amma Bakı Sovetinin hakimiyyəti Bakı kəndlərinin hüdudlarını aşmırdı. Zaqafqaziyanın qalan hissəsini Zaqafqaziya komissarlığı idarə edirdi. Sonradan bu qurum Zaqafqaziya federasiyası şəklini alacaqdı.

1918-ci ilin martında Bakı Soveti Bakıda türk məhəllələrinin silahsız dinc əhalisinə qarşı soyqırım törətdi, bu qırğın zamanı on min nəfərə yaxın şəhər sakini öldürüldü. Müsavatçılara qarşı mübarizə adı altında bolşevik və erməni dəstələri dinc azərbaycanlı əhalinin məhvinə başladı. Azərbaycan məhəllələri havadan və sudan atəşə tutulurdu. Şəhərin müsəlman əhalisinə divan tutulmasına Bakının İnqilabi Müdafiə Komitəsinin rəhbəri S.Şaumyan başçılıq edirdi. Qırmızı Ordunun Bakıdakı qərargahının rəhbəri çar ordusunun polkovniki, daşnak partiyasının üzvü Z.Avetisyan idi. Martın 30-dan aprelin 2-dək Bakıda, sonra isə uyezdlərdə davam edən qarışıqlıq Azərbaycan xalqına qarşı törədilmiş soyqırımdan başqa bir şey deyildi. Bu səbəbdən də Bakıda sovet hakimiyyəti uzun sürmədi və elə 1918-ci ildə də rüsvayçılıqla səhnədən getdi.

Zaqafqaziya Federasiyasının dağılmasından sonra, 1918-ci il mayın 28-də Müsavat Partiyası başda olmaqla Azərbaycan Demokratik Respublikası elan edildi. Bu, bütün müsəlman Şərqində ilk respublika idi. Yaranan vəziyyət üzündən Azərbaycanın ilk hökuməti iclaslarını Bakıda deyil, Tiflisdə keçirirdi. Sonra hökumət Gəncəyə köçdü. Bu vaxt Bakı əvvəlcə Bakı kommunasının, sonra isə daşnaklardan və menşeviklərdən ibarət Sentrokaspi Diktaturasının əlində idi. Türkiyə gənc Azərbaycan Respublikasının köməyinə gəldi. Onun 15 minlik Qafqaz İslam Ordusunun tərkibində türklərlə yanaşı general Şıxlinskinin rəhbərliyi ilə yeni yaranmış azərbaycanlı hissələri də döyüşürdülər. Qafqaz İslam Ordusu döyüşə-döyüşə bütün Azərbaycan ərazisindən keçərək, 1918-ci il sentyabrın 15-də ona qarşı duran çoxminlik ordunun müqavimətini qıraraq, Bakıya daxil oldu.

Bakı Azərbaycan Demokratik Respublikasının paytaxtı elan edildi və 1918-ci il sentyabrın 17-də F.Xoyskinin rəhbərliyi ilə hökumət Bakıya köçdü. Dövlət hakimiyyətinin yeni orqanları yaranmağa başladı. 1918-ci il dekabrın 7-də Azərbaycan Respublikasının parlamenti iclasını keçirdi.

Birinci dünya müharibəsində məğlubiyyətə uğrayan Türkiyə Mudros barışığının şərtlərinə görə, noyabrın ortalarında qoşunlarını Azərbaycan sərhədlərindən çıxarmaq məcburiyyətində qalmışdı. Həmin razılığın şərtlərinə görə, ingilis qoşunları buraya çağırıldı. 1918-ci il noyabrın 17-də özünü Bakının hərbi qubernatoru elan etmiş general V.Tomsonun başçılığı ilə 5 min əsgər Bakıya girdi. Tomsonun əmri ilə «hərbi vəziyyət o vaxtadək davam edəcəkdi ki, vətəndaş hakimiyyəti qoşunları ictimai asayişin mühafizəsindən azad edəcək qədər güclü olsun».

Gənc respublika sınaqlardan uğurla çıxırdı və onun qarşısında mədəni, ictimai və iqtisadi tərəqqiyə geniş yol açılmışdı. 1919-cu ilin aprelində Tomson məhdudiyyətləri götürüldü, bu məhdudiyyətlərəəsasən, hərbi nazirlik Gəncədə yerləşirdi. Azərbaycan qoşunları təntənə ilə Bakıya daxil oldular. 1919-cu il avqustun sonunda ingilis qoşunlarının Bakıdan kütləvi çıxarılmasına başlandı. Beləliklə, dövlət aparatının istisnasız olaraq bütün qurumları tamamən Azərbaycan hökumətinin tabeliyinə keçdi.

Azərbaycan Demokratik Respublikası cəmi iki il mövcud oldu və Rusiya tərəfindən devrildi. 1920-ci il aprelin 27-də XI Qırmızı Ordu Azərbaycan sərhədlərini keçərək, Bakıya doğru istiqamət aldı. Eyni vaxtda Sovet Rusiyası Azərbaycan Respublikasına hakimiyyətin təslim olunması ilə bağlı ultimatum təqdim etdi. Aprelin 28də XI Qırmızı Ordu Azərbaycanın paytaxtına daxil oldu. Xain müdaxilə və dövlət çevrilişi «fəhlə kəndli sosialist inqilabı» elan edildi. Qırmızı Ordunun ilk işi neftin qapılarını Rusiyanın üzünə açmaq oldu. Yalnız 1920-ci il aprelin 30-dan mayın 2-dək, başqa sözlə, Bakıda Sovet hakimiyyətinin qurulmasından dərhal sonra 12 gəmi ilə 1,3 mln. pud neft Rusiyaya göndərildi. Artıq həmin ilin mayında nəql olunan neftin və neft məhsullarının miqdarı 15 mln. puda, iyunda - 21,2 mln. puda qədər artırıldı.

Gürcüstanda və Ermənistanda Sovet hakimiyyətinin qurulmasından sonra, 1922-ci ilin martında Zaqafqaziya Respublikalarının Federativ İttifaqı imzalandı və tezliklə bu ittifaq Zaqavqaziya Federativ Respublikasına çevrildi. Həmin ilin dekabrında Zaqafqaziya Respublikası Ukrayna, Belorusiya və Rusiya Federasiya ilə birliklə SSRİ-ni yaratdılar. Azərbaycanın yeni, 1936-cı ildə qəbul olunan Konstitusiyasına əsasən, Azərbaycan, Gürcüstan və Ermənistan SSRİ tərkibində müstəqil respublikalara çevrildilər.

Sovet hakimiyyəti qurulandan sonra da Bakının inkişafı davam etdi. Rusiya Bakı neft rayonunu özünə daha sıx bağlamaq üçün Azərbaycana «müsəlman Şərqində nümunəvi sovet respublikası» statusunun verilməsi istiqamətində tədbirlər həyata keçirirdi. Bu sırada Bakı fəhlələrinin, xüsusilə də neft sahəsində çalışanların həyat-məişət şəraitinin yaxşılaşdırılması və eyni zamanda paytaxt şəhərsalma problemlərinin həlli də daxil idi. 1924-1937-ci illərdə Bakının baş planının üç variantı işlənib hazırlanmışdı. Bu ərəfədə şəhərin mərkəzi-tarixi hissəsində və onun ətrafında geniş quruculuq işləri aparılırdı, yeni yaşayış massivləri: M.Məmmədyarovun, P.Montinin, S.Razinin və s. adını daşıyan qəsəbələr tikilirdi. 1926-cı ildə Bakını şəhəryanı fəhlə qəsəbələri ilə birləşdirən SSRİ-də ilk elektrik dəmiryolu tikildi. Həmin illərdə Bakının yaşıllaşdırılması işləri də həyata keçirilirdi. Minlərlə bakılının iştirak etdiyi çoxsaylı məcburi iməciliklərdə həm şəhərin tarixi hissələrində, həm də yeni rayonlarda bağlar və parklar salınırdı.
Sadə bakılıların fədakar ruh yüksəkliyi və əməyi nəticəsindəəldə olunan bu nailiyyətlərlə yanaşı, Stalin repressiyasının günahsız qurbanlarını xatırlamaq da vacibdir. Azərbaycanın yeni yaranan ziyalı təbəqəsi içərisində itkilər xüsusən böyük idi, onların bir hissəsi sürgün edilmiş, digər qismi güllələnmişdi.

İkinci dünya müharibəsinin başlanması ilə Bakı yenidən beynəlxalq aləmin diqqət mərkəzinə çevrildi. 1939cu ildə biri-birinə hücum etməmək barədə sovet-alman paktının bağlanmasından sonra SSRİ Almaniyanı neftlə təchiz etməyə başladı. Fransa vəİngiltərə 1930-40-cı illərdə Bakını bombalamağı və Bakı neft sənayesi rayonunu ələ keçirməyi planlaşdırırdılar. Fransız generallarının fikrincə, beləəməliyyat Sovet İttifaqının iqtisadi qüdrətini zəiflədər və sovet quruluşunun iflasına səbəb ola bilərdi. İngiltərənin də analoji planları vardı. Britaniya Kral Hərbi Hava Qüvvələrinin qərargahı ehtimal edirdi ki, «üç bombardmançı eskadrilya 6 həftədən 3 ay müddətinədək fəaliyyət göstərməklə neft mədənlərini sıradan çıxara bilər». Amma almanların qərbdən güclü hücumu müttəfiqləri Bakı ilə bağlı planları təxirə salmağa vadar etdi.

Faşizmin uğurla darmadağın edilməsində Bakının böyük əməyi vardı. Müharibə zamanı Bakının neft ehtiyatları ölkənin neft ehtiyatlarının 75 faizini təşkil edirdi. Təyyarə yanacağının 90 faizi Bakı neftindən ibarət idi. Neftə artan ehtiyacları nəzərə alan şəhər neftçiləri 1941-ci ildə neft hasilatını rekord səviyyəyə - 23.482 milyon tona çatdırdılar. Əvvəllər heç vaxt Bakıda bu qədər neft çıxarılmamışdı və hələ də bu rekord keçilməyib.

Alman qoşunları Qafqaza hücum edəndə Hitler Bakının ələ keçirilməsi tarixini 1942-ci il sentyabrın 25-nə təyin etmişdi. Bakı üzərində alman kəşfiyyatçı təyyarəçiləri görünməyə başladılar, onlardan biri şəhər yaxınlığında vuruldu. 1942-ci ilin payızında, şəhərin düşmən əlinə keçmə təhlükəsi olduğundan, Bakı neft mədənlərində 764 quyu qapadılmışdı, onlar məhvə hazır vəziyyətdə idi. 81 qazma qurğusu komplekti işçi heyətlə birlikdə Türkmənistana göndərilmişdi. Eyni zamanda Bakıda quyuların bərpası və istismarı işləri davam edirdi, şəhər cəbhənin neftlə təmin etmək vəzifəsini üzərinə götürmüşdü. Minlərlə neftçi cəbhəyə vuruşmağa gedirdi, mədənlərdə onların yerlərini qadınlar tuturdular. Hərbi texnikanın, döyüş sursatlarının böyük bir hissəsi Bakıda istehsal olunurdu. İran vasitəsilə SSRİ-nin müttəfiqlər tərəfindən hərbi və humanitar yardımla təmini üçün Bakı mühüm nəqliyyat qovşağı idi. Müharibə illəri ərzində arxa cəbhə şəhəri kimi, Bakı 440 min yaralını qəbul etmişdi.

Şəhərdə müharibədən sonra da inkişaf gedirdi. 1949-cu ildə Neft Daşları tikilməyə başladı. Bu, dünyada açıq dənizdə yataqların mənimsənilməsi sahəsində ilk təcrübə idi. Müharibədən sonrakı mərhələnin ilk illərindən yaşayış evlərinin və ictimai binaların tikintisi davam etdirildi. Azərbaycanın klassik memarları M.Hüseynovun, S.Dadaşovun, H.Məcidovun, E.Qasımzadənin, Q.Əlizadənin, Q.Ələsgərovun və başqalarının istedadı və ustalığı sayəsində Bakının mərkəzi və onun gənc rayonları yeni memarlıq tikililəri ilə zənginləşirdi.

Bakı keçmiş ittifaqın böyük, əhəmiyyətli sənaye mərkəzlərindən birinə çevrilirdi. Neft hasilatı, neft emalı və neft maşınqayırması ilə yanaşı, intensiv şəkildə elektronika, cihazqayırma, yüngül sənaye və yeyinti sənayesi inkişaf edirdi. Qısa müddət ərzində Bakıda məişət kondisionerləri zavodu, cihazqayırma zavodu, EHM zavodu, şampan şərabı zavodu, dərin özüllər zavodu və s. kimi böyük müəssisələr tikilirdi. Bu müəssisələrin rəqabətədözümlü məhsulları təkcə Sovet İttifaqının daxili bazarını deyil, həm də bir sıra əcnəbi bazarları da fəth etmişdi.

Bakı keçmiş SSRİ-nin mühüm nəqliyyat qovşağı idi. Həmin illər yük dövriyyəsinin həcminə görə o, bütün ittifaq respublikalarının şəhərləri arasında üçüncü yeri tuturdu. Bakı dəniz ticarət limanı mühüm əhəmiyyət daşıyırdı. Bu liman tək Xəzər dənizinin deyil, ittifaqın bir çox digər limanlarının arasında da ən nəhəngi idi. Mühüm hadisələrdən biri də Bakıda 1967-ci ildə Yaxın Şərqdə ilk metropolitenin açılması idi.

Bakı iri təhsil və mədəniyyət mərkəzinə çevrilirdi. Azərbaycanın bütün böyük ali təhsil müəssisələri paytaxtda yerləşirdi. Onlarla teatr, mədəniyyət evləri burada fəaliyyət göstərirdi, dünya və ittifaq əhəmiyyətli ictimai, elmi, peşəkar forumlar bu şəhərdə keçirilirdi.

80-ci illərin ortalarında başlanan yenidənqurma hərəkatı bütün ölkəni, o cümlədən Bakını uzunmüddətli xaosa və qeyri-stabilliyə bürüdü. SSRİ ərazisində çoxlu sayda qanlı beynəlxalq münaqişə ocaqları yarandı. Onlardan biri də hələ də həll olunmayan Qarabağ münaqişəsi idi. Münaqişə erməni millətçilərinin ərazi iddiaları nəticəsində yarandı. 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana birləşdirilməsi tələbləri ortaya çıxdı. Eyni zamanda bütün azərbaycanlı əhali - 200 min nəfərdən çox insan Ermənistandan çıxarıldı və onların böyük bir hissəsi Bakıda məskunlaşdı. Azərbaycanda ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə bağlı hərəkat başladı. SSRİ rəhbərliyinin erməni millətçilərinin iddialarının qarşısını almaq istəməməsi bu mübarizəni milli azadlıq hərəkatına çevrildi. Sovet hökumətinin yürütdüyü siyasətə etiraz olaraq, 1988-ci il noyabrın 17-də Bakıda Lenin adına mərkəzi meydanda (hazırkı Azadlıq meydanında) milli müstəqillik naminə fasiləsiz mitinqlər başladı. Bu tarix bu gün Milli Dirçəliş günü kimi qeyd olunur. Noyabrın 25-də Bakıda xüsusi vəziyyətin elan olunmasına baxmayaraq, mitinqlər dekabrın 5-dək davam etdi. Həmin gün qoşunlar meydanı aksiya iştirakçılarından təmizlədilər. Amma Azərbaycanda milli hərəkat davam edirdi.

Müstəqillik meyllərinin qarşısını almaq və SSRİ-nin dağılmasına yol verməmək üçün sovet rəhbərliyi 1990cı il yanvarın 20-də Bakıda görünməmiş amansızlıqla və həyasızlıqla cəza aksiyası həyata keçirdi, şəhərin silahsız əhalisinə dəhşətli divan tutuldu. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridildi. Hərbi hissələrin və birləşmələrin şəhərə yeridilməsi atışma ilə müşayiət olundu, nəticədə Bakının dinc, silahsız sakinləri - gənclər, qocalar, uşaqlar qurban getdilər. Onlardan bəziləri çağırılmamış ordunun şəhərə girməsinə etiraz edirdisə, digərləri təsadüfən qoşunların yolunun üstünə çıxmışdılar. Tanklar yaxınlıqdan keçən «Təcili yardım» maşınlarını, yolun kənarında dayanan avtomobilləri əzirdilər, yaralılara aman vermirdilər, yerindəcə təxirəsalınmaz yardım göstərən tibb işçilərinə güllə atırdılar. Ölüm insanları öz mənzillərində, evlərin həyətində, avtobuslarda və iş yerlərində haqlayırdı. Nəticədə, 131 nəfər şəhid oldu, 744 nəfər yaralandı. 1990-cı ilin Yanvar faciəsi Azərbaycan xalqının milli şüurunda əbədi olaraq hüznlü xatirə kimi yaşayacaq. Amma bu faciə eyni zamanda Azərbaycanın XX əsr tarixində, onun milli müstəqillik uğrunda mübarizəsində dönüş yaratdı.

SSRİ dağıldıqdan sonra Azərbaycanın Ali Şurası «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası barədə» bəyannamə qəbul etdi. Bəyannaməyə əsasən, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyi elan edildi. Bakı XX tarixdə ikinci dəfə müstəqil dövlətin paytaxtı oldu.
1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanın bütün bölgələri kimi, Bakı da plan iqtisadiyyatının dağılması və keçid dövrü ilə bağlı bir sıra mürəkkəb problemlərlə üzləşdi. Qonşu Ermənistanın müstəqil Azərbaycanın ərazisinin beşdə birini işğal etməsi bir sıra ağır çətinliklər yaratmışdı. Ən mürəkkəb məsələlər eveşiyini tərk etməli olmuş milyon nəfərdən çox qaçqının məişət və mənzil problemlərinin həlli ilə bağlı idi. Erməni təcavüzünün Azərbaycan iqtisadiyyatına vurduğu ciddi zərbə islahatların həyata keçirilməsini ləngidir, makroiqtisadi göstəricilərə təsir göstərir və ölkənin gələcək iqtisadiyyatının qurulmasına əngəl törədir.

1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı respublikada daxili siyasi vəziyyəti stabilləşdirməyə və dövlətin gələcək inkişafı üçün iri beynəlxalq neft şirkətlərinin sərmayələrinin cəlb etməyə imkan verdi. Bu qəbildən olan ən mühüm hadisələrdən biri 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adı altında məşhur olan nəhəng neft müqaviləsinin imzalanması idi. Bu, respublikanın müstəqilliyinin möhkəmləndirilməsi, şəhər təsərrüfatının və Bakıda quruculuğun inkişafı və s. ilə bağlı bir sıra konkret vəzifələrin realizəsinə yardım etdi.
Fəal inkişaf edən Azərbaycanın paytaxtı, bölgənin ən böyük siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilməklə artıq bu gün mühüm əhəmiyyət kəsb etməkdədir.
Bakılılar həmişə, ən çətin anlarda belə gələcəyə inamları və böyük nikbinlikləri ilə fərqləniblər. Bu gün, bizim gənc respublikamız müstəqil inkişaf yoluna qədəm qoyarkən, biz inanırıq ki, Bakı gücü-gündən ucalaraq, dünyanın məşhur paytaxt şəhərləri arasında öz keçmişinə, bu gününə və gələcəyinə layiq yer tutacaq.


Tarix: 09.12.2014 / 16:54 Müəllif: Aziza Baxılıb: 354 Bölmə: Ümumi Melumat