beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Respublikasının Dövlət Himni

28 may 1918-ci il tarixdə Azərbaycan istiqlaliyyəti elan olunduqdan sonra ADR-in Dövlət bayrağı və Dövlət gerbi ilə bərabər Dövlət himninin də yaradılması və qəbul edilməsi məsələsi qarşıya çıxdı.
"Himn" yunanca "təntənəli nəğmə" deməkdir. O, siyasi təbliğatda mühüm vasitə olmaqla müəyyən mütəşəkkillik və səfərbərlik rolu da oynayır. Himnin ifası əsasən bayram şən­likləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda nəzərdə tutulur.
Dövlət himninin mətni və melodiyası xalqın bütün sosial təbəqələrinə asan anlaşılmalıdır.
ADR dövründə dahi bəstəkarımız Ü.Hacıbəyov iki marş yazmışdır. Onların hər ikisi 1966-cı ildə türk musiqişünası Etem Üngörükün Ankarada nəşr etdirdiyi "Türk marşları" kitabında çap olunmuşdur.
Dövlət himnimizin qəbulu məsələsi ortaya çıxanda əksəriyyət Ü.Hacıbəyovun həmin marşlarından birini oranjiman etməklə himn kimi qəbul edilməsi fikrini müdafiə etdi. Beləliklə, yeni dövlət himnimizin musiqisi yenə Ü.Hacıbəyovun oldu. Mətnin isə görkəmli şairimiz Əhməd Cavada məxsus olduğu qeyd edilir. Lakin son zamanlar Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun alimləri himnin mətninin müəllifliyi barədə apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1919-cu ildə Bakıda nəşr olunmuş "Milli nəğmələr" məcmuəsində himnin sözləri "Cəmo bəy" imzası ilə çap olunmuşdur. Bu imza isə ADR dövründə həm parlament, həm də hökümət üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Cəmo bəy Hacınskiyə məxsusdur.
Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Dövlət himni haqqında
ƏSASNAMƏ

l.Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur.
2.Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda ifa olunur:
a) dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
b) Hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında;
v) Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı;
q) Dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;
ğ) Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən-müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra.
3. Azərbaycan Respublikasının Dövlət himni orkestr, xor,orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və alətlər vasitəsilə ifa olunur. Bunun üçün səsyazma vasitələrindən də istifadə edilə bilər.Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur.
4. Azərbaycan Respublikasının Dövlət himni "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli Qanunu ilə təsdiq edilmiş mətnə və musiqi redaksiyasına tam müvafiq surətdə ifa olunmalıdır.
5. Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlar.
6. Hərbi hissələrdə, hərbi gəmilərdə, daxili işlər və milli təhlükəsizlik orqanlarında Azərbaycan Respublikasının dövlət himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri rəsmi təzim etməsi hərbi nizamnamələrlə və
Azərbaycan Respublikasının müdafiə naziri, daxili işlər naziri və milli təhlükəsizlik naziri tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir.
7. Azərbaycan Respublikasının Dövlət himninin musiqisi və mətni əlifba kitabının birinci səhifəsində dərc olunur.
Ümumtəhsil məktəblərində, texniki-peşə, orta ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət himninin öyrənilməsinə və ifasına həsr edilir.
8. Respublika və beynəlxalq idman yarışları keçirilərkən Azərbaycan Respublikasının Dövlət himninin ifa olunması qaydası respublika və beynəlxalq idman təşkilatlarının mövcud praktikası nəzərə alınmaqla müəyyən edilir.
9. Respublika idarələri və təşkilatları xarici dövlətlərin ərazisində təntənəli tədbirlər keçirərkən Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müəyyən etdiyi qaydalara müvafiq surətdə, onların olduqları ölkənin praktikası və yerli adətləri nəzərə alınmaqla ifa edilir.
10. Azərbaycan Respublikasının Dövlət himninin daxili işlər və milli təhlükəsizlik orqanlarında, tədris müəssisələrində, idman yarışları zamanı, habelə Azərbaycan Respublikasının idarələri və təşkilatları tərəfindən xarici dövlətlərin ərazisində tədbirlər keçirilərkən ifa olunması qaydaları bu Əsasnamənin tələbləri əsas götürülməklə müəyyən edilir.
11. Bu Əsasnamənin dəqiq yerinə yetirilməsinə nəzarət etmək dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqlarının və digər ictimai qurumların rəhbərlərinə həvalə olunur.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİNİN SÖZLƏRİ
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



Keçən əsrin sonunda milli dövlətçiliyimiz dirçəlmiş, müstəqil Azərbaycan Respublikası dünya dövlətləri sırasında layiqli yer tutmuşdur. Bayrağımız, gerbimiz, himnimiz ictimai-siyasi və mədəni həyatımızın bütün sahələrində geniş yayılmış, Konstitusiya qanununun tələblərinə uyğun respublikamızın bütün ərazisində və beynəlxalq miqyasda bərqərar olmuşdur.
Azərbaycan Respublikası dövlət rəmzlərinin statusu 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında müəyyənləşdirilmişdir:
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri.
l. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzununa nisbəti l:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
Maddə 75. Dövlət rəmzlərinə hörmət.
Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə-bayrağına, gerbinə və himninə hörmət etməlidir.


Tarix: 09.12.2014 / 15:55 Müəllif: Aziza Baxılıb: 122 Bölmə: Ümumi Melumat