Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhkəmə hakimiyyəti

Azərbaycan Respublikasının Məhkəmə sistemi Azərbaycan konstitusiyasına uyğun olaraq, Respublikada fəaliyyət göstərən, məhkəmə hakimiyyətinin vahid vəzifələri, təşkilati və fəaliyyət prinsipləri altında birləşmiş bütün məhkəmələrin məcmusundan ibarətdir. Azərbaycan Respublikası məhkəmə sisteminin quruluşu "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il 10 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmişdir.

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.


Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Prezidentin təqdimatına əsasən Milli Məclis tərəfindən təyin edilən 9 hakimdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Milli Məclisin qərarlarının, İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunu müəyyən etmək səlahiyyətlidir.

Konstitusiya Məhkəməsi qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisəli məsələləri həll edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Ali Məhkəmə mülki, cinayət və digər işlər üzrə, İqtisad Məhkəməsi isə iqtisadi mübahisələrlə baxılması üzrə məhkəmə icraatını həyata keçirirlər.


Tarix: 27.08.2012 / 21:56 Müəllif: [Ram] Baxılıb: 656 Bölmə: Ümumi Melumat
loading...