Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naftalan...

Bakıdan 338 km qərbdə, Gəncədən cənubda, Goran stansiyasından 18 km aralıda, dağətəyi düzənlikdə yerləşir. Mülayim iqlimə malik ərazi şam ağaclarından ibarət meşə ilə əhatələndiyindən, buranın havası çox təmizdir. Söhbət cəmi 8 min əhalisi olan Naftalandan gedir. 1926-cı ildə xüsusi kurort zonası elan edilən Naftalanda ilk müalicəxana 1928-ci ildə yaradılıb. 1957-ci ilədək mövsümi işləsə də, 1957-ci ildən etibarən kurort ilboyu fəaliyyət göstərməyə başlayıb. 1982-ci ildə isə "Naftalan Sanatoriya Birliyi" yaradılıb. 2005-ci ildə Naftalan kurortunda ilk özəl sanatoriya olan "Naftalan" açıldı. Hazırda kurortda sümük-əzələ, periferik sinir, periferik damar xəstəlikləri, dəri xəstəlikləri, ginekoloji və s. xəstəliklər müvəffəqiyyətlə müalicə olunur.

Dünyada yeganə olan neft

Müalicəvi xassəsinə görə dünyada yeganə olan Naftalan nefti fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir. Bu neft üçün əsas xarakterik cəhət tərkibində yüngül fraksiyanın və bərk parafin karbohidrogenlərin olmamasıdır. Başlanğıo qaynama temperaturu yüksək olduğundan (190-220 C), bu neftdə benzin fraksiyası da olmur.

Tərkibində kifayət miqdarda qətran (14% ) olması və su ilə möhkəm emulsiya əmələ gətirməsi Naftalan neftini başqa neftlərdən fərqləndirir.

Hələ 1946-cı ildə akademik Y.Məmmədəliyev Naftalan neftinin öyrənilməsi sahəsində apardığı nəticələri ümumiləşdirərək qeyd etmişdir ki, müxtəlif laylardan və horizontlardan çıxarılan neftlər bir-birindən kəskin fərqlənir; hətta eyni quyudan müxtəlif vaxtlarda çıxarılan neftlərin biri digərindən qismən də olsa fərqlənir.

Naftalan nefti ilə müalicə
Dərdlərə dərman

Hələ qədimdən indiyə kimi saysız-hesabsız xəstə bu neftin şəfaverici keyfiyyətindən bəhrələnmişdir. 70-dən çox xəstəliyə dərman olan bu neft vannalara doldurulur. Xəstələr neft vannası qəbul edərək müalicə olunurlar. Elə buna görə respublikamızın şəhər və rayonlarından hər il çoxlu sayda xəstə bura pənah gətirir. Sümük-oynaq, sinir-əzələ, dəri, ginekoloji, uroloji xəstəliklərə tutulanlar Naftalan müalicəsini qəbul edirlər. Bu xəstəliklərin siyahını uzatmaq da olar. Bütün bu müalicəvi xüsusiyyətlərinə baxmayaraq, Naftalan neftindən düzgün istifadə etmədikdə zərər görmək olar. Çünki bəzi ciddi xəstəliyi olanlar üçün bu vannaların qəbulu əks göstəricidir. Odur ki, tam, dəqiq həkim müayinəsindən keçmədən, Naftalan vannası qəbul etmək məsləhət görülmür.

Neft alanlar

Naftalan sakinləri buradakı sanatoriyaların hesabına dolanırlar desək, yəqin ki, yanılmarıq. Naftalan şəhəri eyniadlı kiçik kəndin yerində salınmışdır. Bu adın əsasını təşkil edən "Nafta" sözü isə Azərbaycan ərazisindəki qədim dövlət qurumlarından biri olmuş Midiya dilində "axan, süzülən" deməkdir. Etimologiyaya əsasən bu ərazinin adının "neft alan" sözündən götürüldüyünü bildirənlər də var, həmçinin, toponimi "müqəddəs çeşmədən şəfa tapmaq" kimi də yozanlar da.

Müalicəvi yağ

Naftalan neftindən yaraların müalicəsi üçün istifadə edən təkcə yerli sakinlər olmamışlar, eyni zamanda o, həm də ixrac məhsulu kimi satılmışdır. Mənbələrə görə, vaxtilə Azərbaycana hücum etmiş Makedoniyalı İsgəndərin əsgərləri, Roma legionerləri və vikinqlər, xəzərlər və digər tayfaların nümayəndələri Naftalan neftindən yaraların müalicəsi və qanaxmanın dayandırılması məqsədilə istifadə etmişlər. Nizami Gəncəvi də öz məşhur "Xəmsə"sində bunun müalicə xassələrindən bəhs edib. Hələ əsrlər öncə Naftalan neftini karvan yolları ilə başqa ölkələrə Kiyev-Rus dövlətinə, Mərkəzi Asiyaya, Əfqanıstana, Hindistana, İran körfəzi ölkələrinə daşıyırdılar. XIII əsrin məşhur səyyahı Marko Polo Naftalan neftini " Dəri xəstəliklərinin çarəsi olan sehrli məlhəm" kimi təsvir edirdi. O özünün yol qeydlərində Naftalan haqqında yazıb:

"Gürcüstanla sərhəddə yağ mənbəyi var. O qədər çoxdur ki, yüzlərlə gəmini yükləmək olar. Yemək üçün yaramır. Onu yandırmaq və qotur dəvələrə sürtmək olar. Bundan nəinki heyvanların, həm də bir çox xəstəliklərin müalicəsində istifadə edirlər".

Sürtkü yağı, yoxsa məlhəm?

Azərbaycanda neft istehsalının sürətlə inkişafı dövründə, yəni XIX əsrin sonunda xarici ölkə işgüzarları Naftalan neftini dünyanın bir çox ölkəsinə daşımağa başlayırlar. Onun dünya miqyasında yayılması və şöhrətlənməsində alman geoloqu E.i. Yeqerin böyük rolu olub. Tərkibini araşdırmaq üçün dəmir qutuda 800 qram Naftalan neftini Almaniyaya yollayıb. Orada bunu araşdıran 600 həkim neftin əhəmiyyəti haqqında rəy yazıb. Yeqer 1890-cı ildə ilk quyunu qazmış və onu emal etmək üçün kiçik zavod tikdirmiş və bu müəssisədə Naftalanın hazırlanma texnologiyasını gizli saxlayaraq, sürtkü yağı adı ilə istehsal etmişdir. Bu məhsui qısa zamanda dünyada çox geniş yayılmış və şöhrət qazanmışdır. O vaxtlar Naftalana aid heç bir ədəbiyyat və oxu məlumatı yox idi. İlk yazılı ədəbiyyat Yeqerin reklam nəşri oldu. Bu məcmuəyə Naftalan neftinin reklam xarakterli təbliği materialından başqa, görkəmli həkimlərin 600-dən artıq müsbət mülahizəsi və fikirləri də daxil edilmişdi. Birinci Dünya müharibəsi başlandıqdan sonra, Yeqer öz işlərini dayandırmış, onun kiçik zavodu dağılmış, "Naftalan" mazının istehsal resepti isə yoxa çıxmışdır.

"Naftalan mazı" Uzaq Şərqdə

Bu məlhəmdən təkcə Avropa ölkələrində istifadə etmirdilər. 1904-cü ildə rus-yapon müharibəsi zamanı yapon əsgərlərinin aptek dəstinə içərisində "Naftalan mazı" olan bankalar da daxil idi. Bu maz ilk tibbi yardım vasitəsi kimi istifadə edilirdi. Həmin bankaların üzərində belə yazılmışdı: "Kimin əlində bu məlhəm varsa, o, heç bir yaradan qorxmasın". Hələ Böyük Vətən müharibəsi illərində Naftalan neftindən yaralı xəstələrin müalicəsində geniş istifadə edilmişdir.

"Qoltuqağacı" muzeyi

Naftalanda qeyri-adiliyi ilə seçilən bir muzey var. Xatırladaq ki, bu muzey dünyada yeganə sayıla bilər. Muzeyin eksponatları qəribə də olsa, atılmış qoltuq ağaclarıdır. Burada müxtəlif növ və ölçüdə qoltuq ağacları var. Səbəbi ondadır ki, buraya gələn pasiyentlər müalicədən əvvəl qoltuqağacları ilə bu müalicə müəssisəsinə gəlirdilərsə, artıq sanatoriyada müalicə prosedurlarını başa çatdırdıqdan sonra, bu qoltuqağacları onlara lazım olmur. Məhz bu səbəbdən onlar həmin qoltuqağaclarını Naftalanda qoyub gedirdilər.


Tarix: 09.12.2014 / 16:14 Müəllif: Aziza Baxılıb: 300 Bölmə: Ümumi Melumat
loading...