beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fatmayı

Qədim və zəngin tarixi ilə seçilən Bakı kəndlərindən biri də Fatmayıdır. Kənd qəbiristanlığındakı türbə və qəbirdaşı yazıları bu yaşayış məskəninin ən azı 600 illik tarixi olduğunu deməyə əsas verir. Fatmayı kəndi Məhəmmədi, Digah, Pirşağı və Görədil kəndləri ilə qonşudur.

Kəndin yaxınlığında “Aşağı şor” deyilən qurumuş duz gölü və adı əfsanəyə çevrilmiş “Qızıl nohur” gölü yerləşir. Əfsanəyə görə, al-qırmızı paltarlı gəlin bu göldə batdığı üçün bütün göl qırmızı rəngə boyanıb. Elə o vaxtdan gölün adı “Qızıl nohur” adlanır. Əvvəllər kənddə yaşıllıq hədsiz dərəcədə az olub. Əhali əsasən əkinçilik və maldarlıqla məşğul olar, dəmyə taxıl və bostan bitkiləri yetişdirərdilər. İsti yay aylarında isə dənizə yaxın yerdə salınmış üzüm bağları əhalinin dadına çatırdı. Küp və bardaqlar dolusu doşab, kisələrlə qurudulmuş əncir, üzüm qurusu, zəncilfərəc (əncirdən hazırlanmış ədviyyatlı şirni) və başqa azuqələr hazırlanardı.

Məşhur dəyirman
Fatmayılılar yayda topladıqları buğda və arpanı üyütmək üçün uzağa getməzdilər, kəndin öz dəyirmanı var idi. Buğda çuvalları ilə dolu arabalar yan-yana düzülərdi. Axşamüstü dəyirmanın qarşısı kənd qocalarının söz-söhbət yeri olardı. Yaşları 90-a çatmış qocalar tənbəki çubuqlarını sümürərək çırthaçırtla közərən tənbəkinin tüstüsünü havaya üfüləyər, keçmiş günləri yada salar, gələcəkdən danışıb söhbət edərdilər. Belə söhbətlərdən biri Firudin Bünyadzadənin “Biz fatimilərik” kitabında da yer alıb. İki qoca dəyirman qarşısında taxılın az məhsul verdiyindən şikayət edir:
- A Rəhman əmioğlu, bəs indi nöşün ruzi çəkilib göyə?
- Çəkilər də. Çəkilməsin bəs neyləsin? Deyirlər şəhərdə çörək satılan dükanlarda kömbə urus çörəkləri satılır. Müsəlmanlar da o çörəkdən alıb bıçaqla doğrayıb yeyirlər. Çörəyə bıçaq göstərəndə qurbanı olduğum Allah öz bəndəsinə ruzi verər?
- Ay Rəhman əmioğlu, çörək hələ çörəkdir də. Onun nə urusu, nə müsəlmanı?..
- Sən də söz danışdın da. A kişi küfr söyləmə! Bu da o döyül ki, dünən camaata demisən ki, vaxt olacaq kəndimizə özü-özünə yeriyən bir şey gələcək. Daha ata, uzunqulağa minməyəcəyik.
Sonra Məşədi Rəhman əlindəki əsanı hirslə yerə atıb deyir:
- Yeri hasa! Ay hasa, get görüm necə gedirsən? A kişi, ağlın-kamalın olsun. Atsız, uzunqulaqsız da araba gedər?

Tarixi abidələr
Kəndi gəzdikcə müxtəlif tarixi abidələrlə rastlaşıram. Fatmayıda qədim tikililərdən daha çox məscidlər diqqəti cəlb edir. Burada beş məscid var. “Hacı Heybət” məscidi (XV əsr), “Əlvətdin” məscidi (XVI əsr), “Poladlılar” məscidi (XVIII əsr), “Xanımcan” və “Pirəsərvan” piri (XV əsr), köhnə qəbiristanlıq (XV əsr) kəndin zəngin keçmişindən xəbər verir. Məscidlərin içində ən son inşa ediləni (1897) xeyriyyəçi Hacı Hüseyn tərəfindən tikilən “İmam Hüseyn” məscididir. Hər məhəllənin öz məscidi var. Bütün məscidlərin də həyətində buz kimi sərin suyu olan quyular.
Fatmayıdakı “Pirəsərvan” piri bu ərazidə məşhur dini ocaqlardandır. Qocaların dediyinə görə, pirdə Allahdan dilədiyin hər bir arzun həyata keçir. Pirin adının maraqlı tarixçəsi var. Bir dəfə bu ərazidən ərəb köklü fatimilərin karvanı keçirmiş. Karvanın qocaman sarvanı şeyx Übeydullahın halı pisləşir. Canını tapşıran sarvanı elə orada da dəfn edirlər. O vaxtdan bu ərazi “Pirəsərvan” adlanır. Kənd sakini Gülfirə nənənin (kənddə hamı ona “Hacı xanım” deyə müraciət edir) dediklərinə görə, il quraqlıq keçəndə qadınlar həmin yerə toplaşıb iri qazanlarda aş bişirər, sonra aşdan kasıblara paylayıb Allahdan yağış diləyərlərdilər.
Bu ərazi həm də Kiçik Qafqaz dağlarının bitdiyi yerdir. Ən maraqlısı isə isti havalarda bu ərazinin daima sərin olmasıdır. Hündür təpədə Bakı kəndlərinin heç birində bu qədər hiss olunmayan sərin mehi hiss etmək mümkündür. Kəndin adında da meh sözü var: ərəb-fars mənşəli “Fatmehi” sözü zəif səhər küləyi deməkdir. Bəzi yerlərdə kəndin adı Fatma adı ilə və ya hər hansı bir təriqətlə bağlı olduğu qeyd edilsə də, bunun konkret sübutu yoxdur.

Türk qəhrəmanlarımız
Fatmayıya gəlib türk şəhidlərinin məzarlığını ziyarət etməmək günah olar. Hacı xanımın dediklərinə görə, 1918-ci ildə erməni dəstələri kəndə dəniz tərəfdən hücum edərkən türk əsgərləri köməyə gəlib. Kəndi erməni daşnaklarından qəhrəmancasına xilas edən türk əsgərləri burada şəhid olublar. Qəbiristanlığa öz doğmalarını ziyarətə gələn kənd camaatı şəhidlərə hörmət əlaməti olaraq birinci onların məzarlarını ziyarət edib ruhlarına dua oxuyur.


Tarix: 09.12.2014 / 16:15 Müəllif: Aziza Baxılıb: 304 Bölmə: Ümumi Melumat