beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan almanları

Cənubi Qafqazda ilk alman koloniyası bu günkü Gürcüstan ərazisində salınıb. 1818-ci ilin sentyabrında rus çarı I Aleksandrın himayəsilə Gürcüstana köçən alman kəndlilər Tiflis yaxınlığında Marienbaum adında şəhərcik salıblar. Bir il sonra Avropadan köçüb gələn almanların Gürcüstanda daha 5 koloniyası yaranıb.
Almanların Azərbaycana ilk kütləvi köçü 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Səmkir) yaxınlığında Helenendorf (indiki Xanlar rayonu) və Annenfeld adlı iki koloniya saldılar. Yaşayış məntəqəsi plan üzrə salınırdı. Həmin kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evləri tikilirdi.
Sonralar Gəncə və Qazax qəzalarında almanların yeni koloniyaları- Georqsfeld (indi Şəmkirin Çinarlı qəsəbəsidi), Alekseyevka, Qrünfeld (indi Ağstafanın Həsənsu kəndidi), Ayxenfeld (indi Şəmkirin İrmaşlı kəndidi), Traubenfeld (indi Tovuz şəhəri), Yelizavetinka ( indi Agstafa şəhəri) və Marksovka yarandı.
XIX əsrin sonu-XX əsrin əvvəlində Azərbaycanda yaşayan almanlarının əksəriyyəti protestantlığa etiqad edirdilər. Ölkəmizdə protestant kilsəsi 1857-ci ildə məhz Helenendorfda (Xanlar ərazisində) tikilib. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verildi.
Almanların Azərbaycana yerləşdirilməsindən sonra-əlli il ərzində Gəncə ətrafında iki, Şəmkirdə üç, Tovuzda bir, Ağstafada üç alman yaşayış məntəqəsi salındı və alman ailələrinin sayı 3400-ü ötdü. Tarixi qaynaqların da məlumat verdiyi kimi, almanların Azərbaycanın Qərb bölgələrinə gəlişi ilə doğrudan da o yerlərin kənd həyatında böyük mədəni dəyişikliklər baş verdi. Onların məskunlaşmasından sonra qərb bölgəsində yaşayan yerli azərbaycanlı kəndlilər də almanlar kimi altı zirzəmili, üstü çardaqlı, damı kirəmitli evlər tikməyə başladılar. O dövrədək həmin bölgələrdə zirzəmili və çardaqlı evlər olmayıb. Bəzi məlumatlara görə, kənd təsərrüfatında işlədilən dördçarxlı at arabalarının düzəldilməsi də almanların gəlişindən sonraya təsadüf edir.
Cins inəkləri də ilk dəfə Azərbaycana almanlar gətiriblər. Sənaye üsulu ilə pendir və yağ istehsalı da məhz onlara məxsusdur. Azərbaycanda ilk yağ-pendir zavodu Ziqanter adlı alman tərəfindən Yelenendorfda (Şəmkirdə) tikilib.
Almanlar kənd yerlərində elektrik enerjisindən istifadənin, elektrik dəmir yolunun, indiki Şəmkirin Dəllər qəsəbəsindən Gədəbəyədək uzanan neft kəmərinin ilk yaradıcıları olublar.
Gədəbəy misəritmə zavodlarının əsasını da Azərbaycanda yaşamış Simens qardaşları qoyub. Xanlar Şampan Şərabı Müəssisəsinin əsasını da onlar qoyub. Sonralar Bakendorfun rəhbərlik etdiyi alman firmaları isə Bakıda - Balaxanıda, Suraxanıda, Ramanada, Sabunçuda sənaye üsulu ilə ilk neft çıxaran firmalardan olub.Yelenendorf (Еленендорф) alman ailəsi

Rəfibəyov qardaşları almanlara zamin durublar
Azərbaycandakı alman kaloniyaları azərbaycanlılarla çox mehriban və səmimi yaşayıblar. Bir hadisəni qeyd etmək yerinə düşər: 1914-cü ildə - I Dünya müharibəsi başlayanda rus çarı I Nikolay Krım, Moldova, Şimali Qafqaz və Volqaboyunda yaşayan almanların Sibirə köçürülməsini əmr edib. Bu zaman yalnız Gəncə quberniyasındakı almanlar köçürülməyib. O zaman Gəncə ictimaiyyəti, xüsusən də Rəfibəyov qardaşları Qafqaz canişininin yanına gedərək almanlara zamin durub və onların köçürülməsinə imkan verməyiblər. 1918- ci ildə bütün Azərbaycandakı koloniyalarda yaşayan almanların sayı 6 min nəfərə yaxın olub. O zaman onların əsas peşəsi əkinçilik və şərabçılıq idi. Məlumatlara görə, həmin dövrdə helenendorflu Forer və Hummel qardaşlarının istehsal etdiyi çaxır bütün Qafqaz bölgəsində hazırlanan çaxırın 58 faizini təşkil edirdi.
Azərbaycan Demokratik Respublikası dövründə (1918-1920-c illər) almanlar ilk koloniyanın salınmasının 100 illiyini təntənə ilə qeyd ediblər.
alman uşaqlar idmanla məşğul olur

Stalinin əmri, Mikoyanın təşəbbüsü
1941-ci ilin sentyabrında Stalinin əmri və Mikoyanın təşəbbüsü ilə təqribən 20 mindən çox Azərbaycan vətəndaşı olan almanlar heç bir tutarlı dəlil olmadan Sibirə və Qazaxıstana sürgün ediliblər. Onların abad evlərinin çoxuna Mikoyanın havadarlığı ilə isə ermənilər yerləşdirilib. Tarixdən də məlumdur ki, 1941-ci ildə almanları Xanlardan sürgün edilənədək rayon ərazisində bir nəfər də erməni yaşamayıb. Almanlar sürgün olunduqdan sonra azərbaycanlılar onların evlərində yaşamağı özlərinə sığışdırmayıblar. Ermənilər isə bütün evləri zəbt ediblər. Ölkəmizdə alman arxitektorlarin layihələri əsasında inşa olunan tikililər çoxdur. Xanlar, Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarında xeyli yaşayış məntəqəsi onlar tərəfindən salınıb.

Hərbi əsir almanların Azərbaycandakı əl işləri
alman kirxası (alman kilsəsi)II Dünya Müharibəsində ruslara əsir düşən almanların bir hissəsi Azərbaycana gətirilərək tikinti sahəsində işlədilib. Dövlət İncəsənət Muzeyi, Hökumət Evi, Səhiyyə Nazirliyinin binası məhz almanlar tərəfindən tikilib. 1940-cı ildə Mingəçevir Su Elektrik Stansiyasının əsası qoyulub. 1941-ci ildə stansiyanın tikintisinə 10 minə yaxın alman hərbi əsir cəlb edilib. Gəncədəki məşhur alman kilsəsi XIX əsrdə tikilib. Tikintidə əsasən tuf daşından istifadə edilib. 1915-ci ildə almanlar Gəncə şəhərindən köçən zaman bina Pravoslav kilsəsinin istifadəsinə verilib. Hazırda burada Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir. Məlumatlara görə, Almaniyadan Azərbaycana gətirilmiş əsirlərin ölkəmizdə dəfn olunduğu beş qəbiristanlıq var.

Erməni millətçiləri almanlara da dağ çəkiblər
Erməni millətçilərinin uzun illər azəri türklərinə qarşı apardığı terror və soyqırımı siyasətindən Azərbaycanda yaşayan almanlar da zərər çəkiblər. 1905-ci ildən 1907-ci ilin avqustunadək «Daşnaksütyun» partiyasının Gəncədə yerli təşkilatının rəhbəri Koryun partiya silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf (Xanlar) almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər, o cümlədən şərab istehsalçıları olan Forer və Qurrdan hərəyə 30 min rubl pul tələb ediblər. Qurr bu məbləği ödəyə bilmədiyi üçün qətlə yetirilib. Sovetləşmədən sonra ermənilər Azərbaycan almanlara «antisovetçi» damğası vuraraq onların bir hissəsinin güllələnməsinə nail olublar.

Xanların sonuncu almanı
Xanlarda yaşamış və 2007-ci il martın 29-da vəfat etmiş sonuncu alman Viktor Klayn sovetləşmədən sonra «antisovetçi» damğası vurularaq güllələnməyə məhkum edilənlərin qətlinin canlı şahidlərindən olub. Yeri gəlmişkən, Almaniyanın Azərbaycandakı səfirliyi Viktor Klaynın Xanlardakı evini muzeyə çevirib. Qeyd etdiymiz kimi, Azərbaycan almanlarının inşa etdikləri məşhur tiklilərin bəziləri Bakıda yerləşir. Bakıda-28 may küçəsində yerləşən alman kilsəsi-kirxa onlardan biridir. Azərbaycanda yaşayan alman icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir və söhbət aparırlar. Kirxanın yanında daha bir bina var. Kapelhauz adlanan bu bina Alman mədəniyyət mərkəzidir. Bu bina Almaniya hökuməti tərəfindən 99 illiyə icarəyə götürülüb.. Hazırda Azərbaycanda çox az alman yaşayır. Onların böyük əksəriyyəti yaşlıdır və demək olar ki, alman dilini bilmirlər.


Tarix: 09.12.2014 / 15:50 Müəllif: Aziza Baxılıb: 202 Bölmə: Ümumi Melumat