beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İcra hakimiyyəti

Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq icra hakimiyyətinin vahid sistemini yuxarı, mərkəzi və yerli icra hakimiyyəti orqanları təşkil edir. Bu sistem dövlət orqanlarının və qulluqçularının əsas çoxluğunu əhatə edir və geniş hüquqlara malikdir. Qanunların icrası icra hakimiyyətinin əsas funksiyasıdır.

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçkilər əsasında 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının siyasi sisteminə görə Prezident dövlətin başçısıdır.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Prezidentə geniş səlahiyyətlər verilmişdir. O, Milli Məclisin razılığı ilə Baş Naziri təyin və azad edir, Nazirlər Kabinetini istefaya göndərir, Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir. Prezident Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir. Azərbaycan Respublikasının Prezidenti Hökümətin fəaliyyətinə birbaşa nəzarət edir.

Prezident Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. Bütün bunlarla yanaşı Prezident Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququna malikdir. Prezident ona təqdim olununmuş qanunları 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.


Prezident hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır


Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasını yaradır və ona rəhbərlik edir. Dövlət başçısı fövqaladə və hərbi vəziyyət elan olunması barədə fərman verərək 24 saat ərzində Milli Məclisin təsdiqinə verir. Azərbaycan Respublikasının Prezidenti Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.


Azərbaycan Respublikasının siyasi sistemində Prezidentin xarici siyasət fəaliyyətndə səlahiyyətləri genişdir. Prezident rəsmi səfərlərdə, beynəlxalq danışıqlarda ölkənin ən səlahiyyətli təmsilçisi kimi çıxış edir. Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamələrini qəbul edir, dövlətin xarici ölkələrdə, beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin edir və geri çağırır.


Tarix: 27.08.2012 / 20:55 Müəllif: [Ram] Baxılıb: 677 Bölmə: Ümumi Melumat