Xalq arasında uşağın saçını keçəl kəsdirməyin saçı gurlaşdırdığına və qalınlaşdırdığına dair inanc mövcuddur. Bəs bu, nə dərəcədə doğrudur? Bu barədə həkimlər nə qənaətdədirlər?
Türkiyənin məşhur estetik plastik və rekonstruktiv cərrahiyyə uzmanı Naci Çelik bu suala ətraflı cavab verir.
Saçlar hələ ana bətnində inkişaf etməyə başlayır. Körpənin saçlı və ya saçsız doğulmağında onun ana bətnində başının yerləşməyindən asılıdır. Doğulandan sonra uşaqların saçları dərhal uzanmaya bilər, çünki saç folekulları hələ oyanmayıb. Saçların dibindən kəsilməsi bu "oyanış”ı tezləşdirə bilər və saçların sürətli uzanmasına səbəb olar. Amma saçlar kəsilməsə belə, müəyyən zamandan sonra uşağın anadangəlmə saçı tökülür və yerinə daha sürətlə uzanan yeni saçlar çıxır.
Uşaqların saçları 4-cü ay ərəfəsində tökülməyə başlayır. Xüsusilə başın arxa qisminin keçəlləşməsi yorğana sürtünmə ilə əlaqədar deyil. Bu, tamamilə uşağın ana bətnində yüksələn hormonlarının doğuşdan sonra düşməsi ilə bağlıdır və özünü bu aylarda göstərir.
Keçəl qırxdırmaq saçları gurlaşdırırmı?
Keçəllikdən əvvəlki saçlar fərqli boylarda olduğundan onların uzanmağının fərqinə varmaq olmur. Dibdən kəsdirdikdə isə saçlar eyni vaxtda uzanmağa başlayır və bu da valideynlərin gözünü aldadır. Göz aldadıcı başqa bir şey də saçların rənginin tündləşməyidir. Məhz bu tündləşməyə görə saçlar daha gur görünüb, çoxlarını çaşdırır.
Bu, sualı hər hansı uzmana, dermatoloqa, plastik cərraha, yaxud saçla bağlı araşdırmalar aparan kiməsə versəniz, yenə eyni cavabı alacaqsınız: "Əlbəttə ki, yox”.
Nəticə isə dəyişməzdir. Uşaqların saçlarını keçəlləşdirmək gurlaşdırmır və heç bir faydası yoxdur.
Tarix: 06.01.2015 / 16:46 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Valideynə məsləhət