Kosmik mühit bakteriyalarda genetik dəyişikliklər yaradır və onlar daha təhlükəli fərdlərə çevrilir. Belə nəticəyə 2006-cı ilin sentyabrında "Atlantis" şattlında yetişdirilmiş salmonellyoz törədicilərinin xüsusiyyətlərini araşdıran beynəlxalq alimlər qrupu gəlmişdir.
Tədqiqatın rəhbəri Şeril Nikerson və kolleqaları bir neçə sutka ərzində sınaq şüşəsində kosmosda və həmin şəraitdə, yalnız qravitasiya qüvvəsi olmadan inkişaf etmiş Yer kürəsi mənşəli Salmonella typhimurium bakteriyalarının patogenliyini (xəstəlik törətmə qabiliyyəti) müqayisə etmişlər.
Aydın olmuşdur ki, kosmosa səyahət Salmonella typhimurium bakteriyalarının patogenliyini 3 dəfə artırmışdır: siçanların sınaq populyasiyasının 50%-ini məhv etmək üçün kosmik bakteriyaların Yer kürəsi mənşəli bakteriyalara nisbətən 3 dəfə az miqdarı kifayət etmişdir. Alimlər həmçinin, kosmosda olduqdan sonra salmonellanın 167 sayda geninin aktivliyinin dəyişdiyini müəyyən etmişlər. Bundan əlavə, hüceyrələrdə 73 müxtəlif zülalın tərkibi dəyişmişdir.
Dəyişikliklərin səbəbi dəqiq məlum deyil. Nikerson ehtimal edir ki, burada səbəb mikroqravitasiya şəraitində bakteriya hüceyrəsinin səthinə düşən maye təzyiqinin azalmasıdır ki, bu da molekulyar dəyişikliklərə gətirib çıxarır.
Alimlər hələlik patogenliyi artmış bakteriyaların kosmonavtların sağlamlığına necə təsir edəcəyi barədə dəqiq fikir söyləyə bilmir. Lakin kosmik turizmin inkişaf etdiyi təqdirdə bakteriyaların nə kimi təhlükələr törədə biləcəyini təsəvvür etmək olar.
Tədqiqatın müəlliflərindən biri olan Yorq Fogelin sözlərindən: "Hal-hazırda insanlar kosmosa çox az hallarda uçur. Ancaq 20 ildən sonra artıq bəzi şirkətlər kosmik turizm planlarını həyata keçirə biləcək. Kosmosa müxtəlif bakteriyaların daşıyıcısı olan bir çox insan uçacaq. Həmin bakteriyaların kosmos şəraitində özlərini necə aparacaqları hələlik bizə məlum deyil."
Tədqiqatın nəticələri Proceedings of the National Academy of Sciences jurnalında dərc olunmuşdur.
Tarix: 07.01.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 245 Bölmə: Umumi Xestelikler