Baş beyindəki həzz və iştaha mərkəzinə ekstazi ilə anoreksiya eyni cür təsir göstərir. Beləliklə, aclıq hissi anoreksiyada narkotik vasitələrdən asılılığa bənzəyən bir asılılıq yaradır. Məlumatı Proceedings
of the National Academy of Science jurnalı vermişdir.
Həm anoreksiya, həm də ekstazidən istifadə iştahanın zəifləməsi ilə müşayiət olunur. Ciddi enerji çatışmazlığının olmasına baxmayaraq, anoreksiyalı xəstələr qida qəbulunu məhdudlaşdırmaqda davam edir.
Fransa Elmi Araşdırmalar Milli Mərkəzinin alimləri baş beyində zolaqlı cisim (corpus striatum) nahiyəsində yerləşmiş bir nüvəni (nucleus accumbens) tədqiq etmişlər. Bu nüvədə yerləşmiş mərkəz, özündəki 5-HT4 serotonin reseptorları ilə "həzz mərkəzi" rolunu oynayır və narkotiklər, seks və digər həzz növlərindən qane olmağa cavabdehdir. Bu mərkəz həmçinin narkotik asılılığın formalaşmasında da iştirak edir.
Tədqiqatın rəhbəri Valeri Kompan və əməkdaşları üç mərhələli araşdırma aparmışlar. Birinci mərhələdə onlar siçanlarda 5-HT4 reseptorlarını qıcıqlandırmışlar. Bu zaman heyvanlarda qidaya tələbat azalmışdır. Bundan əlavə, bu cür stimulyasiya kokain/amfetamin-tənzimləyici transkript (CART) adlı peptidin ifrazına səbəb olmuşdur. Əvvəlki tədqiqatlardan məlumdur ki, bu peptidin qanda səviyyəsi psixostimulyator qəbulundan sonra və anoreksiyalı qadınlarda artır.
Araşdırmaların ikinci mərhələsində alimlər siçanlara CART peptidi yeritmiş və ya bəzi hallarda onun sintezini blokada etmişlər. Bu peptidin miqdarı artdıqda heyvanlar çox yeməyə, azaldıqda isə iştahsızlığa meylli olmuşlar.
Sonuncu mərhələdə alimlər irsi modifikasiya ilə 5-HT4 reseptorlarının miqdarı azaldılmış siçanlara ekstazi vermişlər. Normal fərdlərdən fərqli olaraq belə heyvanlarda narkotik qəbulu iştahanı azaltmamışdır. Bu, ekstazidən istifadə zamanı iştahanın azalmasına 5-HT4 reseptorların cavabdeh olduğu haqqında alimlərin fikirlərini təsdiqləmişdir.
Tədqiqatın nəticələrindən anoreksiyanın müalicəsi üçün yeni preparatların işlənib hazırlanmasında faydalanmaq mümkündür. Valeri Kompanın sözlərindən: "Yeddi il ərzində apardığımız tədqiqatlar anoreksiyanın müalicəsində 5-HT4 reseptorlarının potensial terapevtik hədəf kimi istifadə olunması üçün imkan yaratdı."
Anoreksiya ən yüksək ölüm göstəricilərinə malik psixi pozğunluqlardan biridir. Hal-hazırda bu xəstəliklə mübarizə aparmaq üçün tam effektiv bir üsul praktik olaraq mövcud deyil.
Tarix: 07.01.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 428 Bölmə: Umumi Xestelikler