Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oral qəbul edilə bilən diabet əleyhinə maddə müəyyən olunmuşdur

İsrailin Hayfa Universitetinin elm və elmi təhsil fakültəsinin biologiya kafedrasında aparılan tədqiqatlarda şəkərli diabet və onun ağırlaşmalarının oral müalicəsində tətbiq oluna biləcək maddə kəşf edilmişdir. Maya göbələklərindən əldə edilmiş bu maddə Glükozaya Tolerantlıq Faktoru (GTF) adlandırılmışdır. Tədqiqata rəhbərlik edən doktor Nitsa Mirskinin dediyinə görə, hələlik bu maddə şəkərli diabeti olan siçovullar üzərində sınaqdan keçirilmiş və onların qanında şəkər və lipidlərin miqdarını azaltdığı müəyyən olunmuşdur. Növbəti mərhələdə artıq insanlar üzərində sınaqlar aparılacaq.


Hal-hazırda şəkərli diabet ən böyük qlobal səhiyyə problemlərindən birinə çevrilmişdir. İnkişaf etmiş ölkələrdə əhalinin 5-10 %-nin bu xəstəlikdən əziyyət çəkməsi ilə yanaşı, inkişaf etməkdə olan ölkələrdə artıq bir növ epidemiya şəklini almışdır. Xəstəliyin əsasında insulin çatışmazlığı və ya orqanizmin insulinə cavab vermə qabiliyyətindəki çatışmazlıq durur. Şəkərli diabet birdəfəlik müalicəsi olmayan xronik xəstəlik olub, ürək, böyrək pozğunluqlarına, korluğa və s. problemlərə səbəb ola bilər. Xəstələrin təqribən 50%-i insulin müalicəsi alır ki, bu da inyeksiya yolu ilə icra edilir. Digər xəstələr oral preparatlardan istifadə edir ki, bunların qəbulunun tənzimlənməsi də bir sıra çətinliklər törədir,bəzi hallarda müxtəlif ağırlaşmalara səbəb olur.
Doktor Mirskiyə görə, insulin müalicəsinin bir sıra mənfi cəhətləri vardır. Onlardan biri, insulinə qarşı rezistentliyin inkişaf etməsidir ki, bu da bəzi hallarda müalicənin effektsiz olmasına gətirib çıxarır. Digər bir problem isə insulinin təyinat rejimi ilə bağlıdır. Belə ki, bu rejim xəstənin fiziki aktivliyi və qida qəbulu intervalları ilə həmişə sinxronlaşdırılmır. Nəticədə bir sıra hallarda qida qəbulundan əvvəl ac qarına xəstəyə yüksək dozada insulin verilir ki, bu da qanda şəkəri kəskin şəkildə azaldaraq hipoqlikemik komaya və hətta ölümə səbəb olur. Xəstənin özünün özünə insulini iynə vasitəsilə inyeksiya etməsi də bəzən problemli olur.
Yuxarıda haqqında danışılan tədqiqat iki səviyyədə: həm siçovullar üzərində, həm də hüceyrə-molekulyar səviyyədə aparılmışdır. Müəyyən olunmuşdur ki, GTF insulin kimi qanda qlükozanı və LDL-xolesterolu ("ziyanlı" xolesterol) azaldır, HDL-xolesterolu (“xeyirli” xolesterol) isə artırır. GTF oksidləşmə proseslərini zəiflətməklə insult və ürək tutmalarına səbəb olan aterosklerozun qarşısını alır. Bundan əlavə, xəstəliyin erkən mərhələlərində qəbul olunduqda GTF böyrək ağırlaşmalarının qarşısını ala bilir. Həmçinin müəyyən olunmuşdur ki, GTF özü inyeksiya olunmuş insulinin effektivliyini artırır. Hal-hazırda tədqiqatçılar qrupu GTF və insulinin kombinə olunması ilə şəkərli diabetin potensial müalicə üsulunun araşdırılmasını planlaşdırır.


Tarix: 07.01.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 391 Bölmə: Umumi Xestelikler
loading...