Böyümə hormonunun (somatotrop hormon, somatotropin) sintezi və sekresiyası hipotalamusdan ifraz olunan rilizinq-hormon və somatostatinin idarəsinə tabedir. Böyümə hormonunun sekresiyasını artıran faktorlara aclıq hipoqlisemiyası (qanda şəkər səviyyəsinin aşağı olması), stressin müxtəlix növləri və xüsusilə, intensif fiziki iş misal ola bilər. Hormon həmçinin, dərin yuxuda olarkən ifraz olunur. Bundan əlavə, stimulyasiya olmadıqda belə, hipofiz epizodik olaraq çoxlu miqdarda böyümə hormonu sekresiya edir.
Böyümə hormonu haqqında bəzi bilinməyən cəhətlər olmasına baxmayaraq, onun uşaqların normal fiziki inkişafındakı rolu şübhəsizdir. Fizioloji şəraitdə böyümə hormonunun sekresiyası başqa hormonlarda da olduğu kimi epizodik xarakter daşıyır. Uşaqlarda gündəlik ifraz olunan böyümə hormonu miqdarı yaşlılara nisbətən xeyli çoxdur və yaş artdıqca sekresiya miqdarı azalır.
Orqanizmda Böyümə hormonu çoxsaylı müxtəlif funksiyalar yerinə yetirir. Məlum olmuşdur ki, onun təsiri birbaşa icra olunmur, qaraciyərdə sintez olunan bəzi faktorların köməyi ilə vasitəli olaraq həyata keçirilir. Bu faktorlar somatomedinlərdir ki, onlar böyümə hormonunun qaraciyərə təsiri ilə orada sintez oluunur. Somatomedinlər içərisində ən əhəmiyyətlisi Somatomedin C’dir ki, bu da öz növbəsində bədənin bütün hüceyrələrində zülal sintezini sürətləndirərək bölünmə və böyümə proseslərini stimulə edir.
Uşaqlarda böyümə hormonu çatışmazlığı olduqda onlar cırtdan kimi formalaşır yəni hər hansı bir problemləri olmadan normal insan kimi inkişaf edir, sadəcə boyu həddən artıq qısa qalır. Buna hipofizar cırtdanboyluluq deyilir. Belə hallar 10000 doğuşdan birində rast gəlinir. Bəzi uşaqlar isə anadangəlmə normal olmasına baxmayaraq, kiçik yaşlarda beyin şişi inkişaf edir və bu şiş yayıldıqda cərrahi əməliyyatda şişlə birlikdə hipofiz də çıxarılır. Belə əməliyyat 5-6 yaşlarında icra olunduqda uşaq yenə də cırtdanboylu olur.
Bir çox halda, hipofizdə böyümə hormonu sintez edən hüceyrələrdə dəyişikliklər gedir və onlar xoşxassəli şiş hüceyrələrinə çevrilir. Belə olan halda, hipofizdə böyümə hormonu sintezi artır. Belə xoşxassəli şiş (adenoma) uşaq yaşlarında əmələ gəldikdə, uşaq cinsi yetişkənlik dövrünə qədər sürətlə boy atır. Hipofiz adenomasının səbəb olduğu bu patologiya nəhənglik (giqantizm) adlanır. Cinsi yetişkənlik dövründə isə cinsi hormonların qanda konsentrasiyası artmağa başlayır və bu sümük uclarında epifiz qığırdaqlarının sümükləşmə prosesini sürətləndirərək sümüklərin uzununa böyüməsini dayandırır. Buna görə də, adenoma cinsi yetişkənlik dövründən sonra təsir göstərdikdə yalnız bəzi bədən hissələri qeyri mütənasib böyüyür (iri burun, dodaqlar, çənə, dişlər, barmaqlar və s.) və bu hal akromeqaliya adlanır. Yaranan dəyişikliklər artıq geridönməz xarakter daşıyır.
Akromeqaliya həmçinin yetkin (epifiz qığırdaqlarının sümükləşməsi başa çatmış) cırtdanboylu şəxsdə də inkişaf edə bilər. Bu, onun özünə boy hormonu yeridərək boyunu uzatmaq istəməsi ilə ola bilər.
Məlumat üçün deyək ki, keçən əsrin əvvəllərində kişilərin orta boyu 155-160 sm idi. 1980-ci ildə dünya statistikasına görə bu göstərici kişilər üzrə 173.9 sm, qadınlar üzrə 161.4 sm olmuşdur. 2000-ci ildən sonra bu göstəricinin hələ də artmaqda olduğu müşahidə edilir.
Tarix: 07.01.2013 / 19:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 514 Bölmə: Umumi Xestelikler