D vitamini defisiti təkcə sümüklərin kövrəkləşməsinə səbəb olmur, həm də ürək-damar xəstəlikləri riskini artırır. Belə nəticəyə gəlmiş amerikan alimlərinin tədqiqatları Circulation jurnalında dərc olunmuşdur.
Harvard Tibb Məktəbinin alimləri orta yaşı 59 olan 1739 nəfər insanın qanında D vitamini səviyyəsini araşdırmışlar. Müşahidə prosesi beş il davam etmişdir.
Müəyyən olunmuşdur ki, qanda D vitamininin səviyyəsi aşağı olan (15 nq/ml-dən az) şəxslərdə infarkt, ürək çatışmazlığı və insult riski bu vitaminin səviyyəsi normal olan şəxslərdəkinə nisbətən 62% yüksəkdir. Tədqiqat zamanı ürək xəstəliklərində digər risk faktorları olan şəkərli diabet, qanda yüksək xolesterin, arterial hipertoniya kimi hallar da nəzərə alınmışdır. Ürək xəstəlikləri ən çox D vitamininin qanda azlığının hipertoniya ilə birgə rast gəlindiyi şəxslərdə müşahidə edilmişdir. Tədqiqatın rəhbəri Tomas Vanqın dediyinə görə, belə şəxslərdə infarkt, insult və ürək çatışmazlığı riski 2 dəfə artıq olmuşdur.
Yumurta və balıq yağı D vitamini ilə zəngindir. Həmçinin, bu vitamin günəş şüalarının təsiri altında dəridə əmələ gəlir. D hipovitaminozu osteoporoza və raxitə səbəb olur. Bundan əlavə D vitamini çatışmazlığı revmatoid artrit, dağınıq skleroz və bir sıra şiş xəstəliklərinin inkişafına da gətirib çıxara bilir.
Vanqın dediyinə görə, D vitamini reseptorları həm damarların saya əzələ hüceyrələrində, həm də daxili endotelial örtüyündə mövcuddur ki, bu da onun ürək-damar xəstəliklərinin inkişafında rolunu izah edir. Buna baxmayaraq, alimlər infarktın profilaktikasında hələ ki, D vitaminindən istifadə etməyə hazırlaşmırlar. Bunun üçün Tomas Vanq D vitamini defisitinin korreksiyasının ürək-damar xəstəlikləri riskini azaltdığını sübut edən daha bir geniş tədqiqata ehtiyac olduğunu bildirmişdir.
Tarix: 07.01.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 249 Bölmə: Umumi Xestelikler